adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

YENi PROYEKTiMiZ: GERiYƏ BAXANDA

TOFİQ ABDİN
23445 | 2012-06-30 09:18
Hər nə qədər unudulmaz dramaturqumuz İlyas Əfəndiyev desə də ki, GERİYƏ BAXMA, QOCA insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının, şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təsəlliverici şeylər yaşanmışdır. Bu məqamları və olanları yada salmaq həm də ibrətamiz bir ovqatın yaranmasına səbəb olur. İstər şəxsi yazarlıq həyatımızda, istərsə də bizdən öncə yaradan sənətkarların yazılarında elə anlar var ki, bu günümüzün içindən çıxan məqamların ta özüdür. Bu proyektimizdə öz yazılarımızla birlikdə zaman-zaman klassiklərin əsərlərindən istifadə edəcəyim yazılarda son dərəcə öyrədici məqamların olduğunu görəcəksiniz.
   
   Salam Tofiq bəy!
   
   Sizə bir yazı göndərirəm. Bu yazı barədə çoxdandı sizə danışmaq istəyirdim, amma nədənsə hər dəfəsində unudulurdu.
   
   Bu yazı Dr.Riza Nurun 2000 səhifəlik üç cildlik bir kitabındandır. Dr.Riza Nur Atatürkün ən yaxın dostlarından biri olub. Cümhuriyyət qurulduqdan sonra Avropaya gedib Atatürkə müxaliflik etmişdir. Kitabın adı "HƏYAT VƏ XATİRƏLƏRİM"dir.
   
   Kitabı yazmış və çap etdirmiş. Avropanın ən önəmli kitabxanalarına göndərmiş və Atatürk öldükdən sonra açılsın deyə şərt qoymuş. İlk dəfə 1960-cı illərdə açılmış. Bir türk alimi görmüş və o kitablardan parçalar çap etdirmiş. Sonra Türkiyədə bu çox mübahisələrə səbəb olmuş. Mübahisələrə baxmayaraq Türkiyədə hissə-hissə çap olunsa da, bütünlüklə nəşr edilməsi qadağan olunmuşdur. Çünki Atatürklə və İnönüylə bağlı bir çox dedi-qodular var.
   
   Bizi maraqlandıran təbii ki, bu dedi-qodular deyil. Bizi maraqlandıran bu adamın 1920-ci ildə Azərbaycana diplomat olaraq göndərilməsi, orda Nəriman Nərimanovla və o dönəmin önəmli şəxsiyyətləri ilə görüşməsidir. Hətta Tağıyevin xanımını da ziyarət etmişdir.
   
   Azərbaycandakı qardaşlarımız bilməz, amma Türkiyədə yaşayan bizlər üçün ən maraqlı dönəm Azərbaycanın 27 aprel 1920-ci ildən sonrakı vəziyyətidir.
   
   1920-ci ilin aprel ayına qədər olan hadisələri, Türkiyədə yaşayan o dönəmin Məmməd Əmin Rəsulzadə kimi məsul şəxslərin qələmindən bilirdik. Azərbaycandakı xanlıqlar dövrü, sonra gələn milli hərakatlardan hamımızın xəbəri var.
   
   27 aprel 1927-ci ildən sonra Azərbaycanda nələr olmuşdur? Ruslar və yerli kommunistlər xalqla necə davranmışlar? Üsyanlar, etirazlar olmuşdurmu? Çox insan öldürülmüşdürmü? Bu sualları biz özümüz-özümüzə versək də, əlimizdə o dövrə aid qaynaq, mənbə çatışmazlığından heç cür cavab tapa bilmirdik.
   
   İllər sonrası Almaniyaya getdikdən sonra əlimə yuxarıda adını çəkdiyim üç çildlik bir kitab keçdi. Kitab əslində bir bioqrafik və yazdığım kimi Türkiyədə çap olunması qadağan olunmuş bir kitab. Onun çap olunduğu yer Almaniyada bir şəhər və nəşr edən adam da alman familyalı birisi. Kitabın yazarı bir zamanlar Türkiyədə haqqında çox danışılan Dr. Riza Nur idi.
   
   Dr.Riza Nur Osmanlının son dövrlərində Millət Vəkilli olmuş, adı bir sıra hadisələrə qarışdıqdan sonra xaricə qaçmış, sonra da Ankarada başlayan milli hərakata qoşulmuş, Atatürkün yaxın adamlarından biri olmuş, daha sonra yazdığımız kimi Atatürkə müxaliflik etmiş, yenə də xaricə qaçmış bir şəxsiyyətdir. Həyatı enişlər və yoxuşlarla dolu bir şəxsiyyət olaraq, Riza Nur Atatürklə yola getməsə də, kitabın bir çox fəsillərində Azərbaycanı da anlatmışdır.
   
   O kitabadan bir bölümü sizə göndərirəm. Əgər xoşunuza gəlsə "ƏDALƏT" qəzetində çap edərsiniz.
   
   Kitab məndə var.
   
   Salam və məhəbbətlə
   
   ORXAN ARAS. ALMANİYA
   
   
   
   ***
   
   ... Azərbaycan hökuməti müsavirpərvər insanlar. Bizə yaxşı dərilər və hər birimizə iki dənə gözəl xalça hədiyyə edirlər. Mən götürmədim. Hətta Moskvaya gedərkən hədiyyələri (qırx ədəd xalçayla birlikdə) qatara gətirmişdilər. Vaqona verib getmişdilər. Qayıtdıqda komissarlardan Behbupsah Tahtenskiye (Behbud bəy Şahtaxtinski) geri verdim. Xalılar da səfirlikdə qaldı.
   
   Darülmüəllimi (unversiteti) gəzdim. Bizlərdən müəllimlər gətirmişlər. Yaxşı işlər də görülmüş. Fəqət, ruslar gəlincə məktəbə hücum etməyə başlamışlar. Türk millətini istəmirlər. Məktəblərdə isə millətpərvərliyi başa salmağa başlamışlar. Əhməd Cavad adında birisi bizdən, nə səbəbdən isə buraya qaçmış, bolşevik olmuş, Bakıda dolaşıb durur. İndi də Türkiyədə Mustafa Kamalın yaxınlarından biriymiş və türk qrammatikası və lüğəti yaradırmış. Giritlidir.
   
   Bir gözəl teatr var. Azərilər çox çalışırlar. Gənc türk qızlarından artist yetişdirirlər. "Leyla ilə Məcnun" kimi güclü opera yaratmışlar. Və bunu bir türk bəstələmiş. Oynayırlar. Rolları çox xoşuma gəldi. Fəqət hər şey ibtidai bir vəziyyətdə. Get-gedə inkişaf edər. Zənn edirəm ki, sonralar gözəl türk teatrı məhz burada olacaq. "Leyla ilə Məcnun", "Arsin Mal Satan"( "Arşın Mal alan" olmalı) və daha bir neçə tamaşaya baxdım. Bu əsərlərdən toplaya bildiyim qədər topladım. Aparıb verdim Sinopda kitabxanaya.
   
   Azəri hökuməti kommunist bir Cümhuriyyət. Bu mürəkkəb hökumətin başında Dr. N.Nərimanov var. Bu zat ağlı başında bir adam. Məlumatlıdır, müharirdir, (yazıçıdır) "Şah İsmayıl" adlı (güman ki, "Nadir şah" demək istəyir T.A.) və digər roman, teatr, pyeslər yazan bir bir zatdır. Onunla çox tez-tez və sıxı görüşlərimiz oldu. Baxdım ki, yaxşı bir adam. Ona da etibarımı göstərdim. Açıldı və dedi ki, "Bolşviklər nə? Bu rəzalət bizə yaramaz. Biz türklərik və millətlə yaşarıq."
   
   Çox xoşum gəldi. Və onu sevdim. Amma hiss etdim ki, ruslardan yaman qorxur. Haqqı da var. Zarafat yox onlarla. Dərhal insanı öldürürlər. Təssüf ki, bu zavallını da, bir müddət sonra həbs etdilər. Biçarə də öldü. Nəriman Nərimanov Moskva haqqında mənə çox gözəl bilgilər verdi. Bu sözləri Stalinin hakim və təkbaşına idarəçiliyinə işarət idi.
   
   Bir gün Nərimanov türkcə üçün latın hərflərini qəbul və tətbiq edəcəyini söylədi. Buna çox tərəfdardı. Ona "Gəl sən bu işdən vaz keç deyə bir şey dedim. Və nəhayət türk yalnız siz deyilsiniz, bu səbəbdən eləyə bilməzsiniz. Bu ümumi bir mərkəzlə olur. Bir az təfriqə qoxusu gəlir bu işdən" -dedim.
   
   Razı oldu. Vaz keçdi. Bu sürətlə hərf təbdili (dəyişimi) üç-dörd il geri qalmış oldu.
   
   Mən "ONA TÜRKİYƏ VƏ AZƏRBAYCAN ARASINDA BİR MÜBADİLƏ, ANLAŞMA YARADAQ" -dedim. BUNDA MƏQSƏDİMİZ AZƏRBAYCANI MÜSTƏQİL BİR DÖVLƏT OLARAQ TANITMAQDIR."
   
   Can atdı. Haralara getdi-gəldi və bir şey alınmayacağını söylədi.
   
   Bir çox məclislərdə olduq. Azərilərin həyatını da öyrənirdik.Yeyirlər, içirlər və süfrədən qalxıb kişili, qaldınlı rəqs edirlər. Rəqsləri və mahnıları eynən bizimkilər kimi. Bir dəfə də bizi Nərimanov dəvət elədi. Yedik-içdik, oynadılar çaldılar. Burada birisi diqqətimi çəkdi. Uzun, incə bir adam. Çox içmişdi deyəsən, möhkəm sərxoş idi. Yanında bir qadın da vardı. Ona da göbək atdırırdı. Ha fikirləşdim ki, bu adamı harda görmüşəm: Yadıma düşdü. Bu adam yolda qatarımıza minmişdi. Bakıya qədər bizimlə gəlmişdi. Bizdən bəzi şeyləri soruşurdu. Nərimandan soruşdum. "Rus cəsusudur?". Həmin adam İbrahim Əbilov idi.
   
   Ankaraya dönüşümüzdə Azərbaycanın səfiri, Mustafa Kamalın ən baş və mərhəm dostu olaraq tanıdım.
   
   Azərbaycanda da hökumət var. Hökumət rəsmi yazışmaları Türkcələşdirmək, hər şeyi milliləşdirmək istəyir. Fəqət, hökumətin əlində heç bir ixtiyar yox. İdarəçilər moskvalılar və Bakıdakı ruslardır. Bəlkə də mütəxəssis, məmur tapa bilmirlər. Faciə... Yetişməmiş bir xalq. Buraya topal İlvafov adında, digəri gürcü olan Urqenidze və bir başqa gürcü təyin etmişlər. Hər şey bunların əlində. Doğrudan doğruya Stalinin adamları. İkisi də qara cahil. İlk görüşdə əlimi necə sıxdılarsa, sanki əlim qopacaqdı. Əlləri əl deyildi. Məngənə kimi bir şey və ziyillərlə dolu bir əl...
   
   
   
   ***
   
   
   
   RİZA NURun çox qısa bioqrafiyası
   
   
   
   Riza Nur 1879-cu ildə Sinopda doğuldu. Orta məktəbin ilk siniflərinə Sinopda getdikdən sonra, İstanbula gələrək Soyuqçeşme Əsgəri Rüştiyesinə girdi. Sonra Tibb məktəbi İdadisini (Tibb Liseyini) və Məktəbi Tibbi Şahanəni (Əsgəri Tibb Məktəbi) təbib kapitan olaraq bitirdi. 1901-ci ildə Gülhanə xəstəxanasında (Əsgəri Tibb Akademiyası) çalışqanlığı ilə Alman müəllimlərin diqqətini çəkdi və orada assistent oldu.
   
   Əvvəl Prof. Dr. Deike Paşanın yanında çalışdı, sonra cərrahı qisminə keçdi. Prof. Dr. Vietin Paşanın yanında çalışaraq operator oldu. Bu vaxt tibbə aid xüsusi bir kitab yazdı. Əvvəl padşaha təqdim edilən kitab, sonra nümayiş olundu və Prof. Vieting tərəfindən bir qismi Almancaya çevrildi. 1903-cü ildə Rumeli Zibefçe gömrük qapısına bakterioloji yoxlama işinə təyin edilən Dr. Riza Nur 1905-ci ildə Gülhanəyə köməkçi müəllim, 1907-ci ildə Əsgəri Tibb məktəbiyə cərrahiyyə müəllimi oldu. Hökumətin elanından sonra edilən seçkilərdə Sinopdan millət vəkili seçilərək Məclisə girdi. 1908-ci ildə Birinci İcra Vəkilləri Heyətində Maarif vəkili oldu.

TƏQVİM / ARXİV