adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

YENi PROYEKTiMiZ: GERiYƏ BAXANDA

TOFİQ ABDİN
17769 | 2012-06-15 07:57
Hər nə qədər unudulmaz dramaturqumuz İlyas Əfəndiyev desə də ki, GERİYƏ BAXMA, QOCA insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının, şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təsəlliverici şeylər yaşanmışdır. Bu məqamları və olanları yada salmaq həm də ibrətamiz bir ovqatın yaranmasına səbəb olur. İstər şəxsi yazarlıq həyatımızda, istərsə də bizdən öncə yaradan sənətkarların yazılarında elə anlar var ki, bu günümüzün içindən çıxan məqamların ta özüdür. Bu proyektimizdə öz yazılarımızla birlikdə zaman-zaman klassiklərin əsərlərindən istifadə edəcəyim yazılarda son dərəcə öyrədici məqamların olduğunu görəcəksiniz.
   
   BU MÜHACİRLİYİN NƏYİ GÖZƏLMİŞ...
   
   
   
   "Vaxtı ilə "siyasi məhbus" adlandırılan bir çoxu bu gün Qərbdə özlərinə gözəl şərait yaradıb".
   
   Millət vəkili Bahar Muradova. "525-ci qəzet".7 iyun 2012
   
   
   
   ***
   
   "Dostlarım üçün çox darıxacağam. Mənim üçün darıxacaq olanlara isə demək istəyirəm ki, illər sonrasını düşünün. Buralarda çürüməcək qədər önəmli və dəyərli olduğuma inanıram. Siz də inanırsınızsa məni başa düşərsiniz..."
   
   Yazar Əli Əkbər "ƏDALƏT" qəzeti, 13 iyun 2012
   
   
   
   ***
   
   Bir insan öz vətənini, özbəöz torpaqlarını, isti yuvasını və ən vacibi qohumlarını, bacı və qardaşlarını, ata və anasını, yaxın dostlarını neyçin tərk etməlidir? Neyçin? Gözəl günlər yaşadığındanmı? Yaşadığı ölkədə bir rahat nəfəs alıb, güzəranını yaxşı saxlaya bildiyindənmi? O vətənin torpaqlarında özünü bir torpaq sahibi kimi hiss etdiyindənmi?
   
   Neçə- neçə belə suallar var və səbəblər var ki, saya bilərik.Qurtarmaz ki, bu səbəblər.
   
   O zaman neyçin insanlar mühacirliyi, mülətciliyi seçirlər? Nədən gedib yad ölkələrdə yaşamağı özlərinə rəva bilirlər? Və hətta gedəcəkləri bir yer hələ məlum olmadğı halda belə yola düşürlər və bəzən də özlərinə yaxın və bir doğma olan torpaqları, ölkələri seçirlər.
   
   Yüzillərdir, əsrlərdir İran İslam Respublikasında öz dədə-baba torpaqlarında yaşayan və bir zamanlar Sovet Respublikası ərazisində qalan Azərbaycan torpaqlarında yaşayan azərbaycanlılar və xüsusilə Cənubu Azərbaycanda yaşayan Azərbaycan türkləri ( bu ifadəni mən bir türk qəzetində oxudum və çox sevindim ki, nəhayət heç olmasa bir qəzet yazdı ki, Cənubi Azərbaycanda yaşayanlar da Türklər imiş. Qəzet elə beləcə də yazır: "İranda danışılan rəsmi dil: Farsca (türkcə, ermənicə ərəbcə və...danışırlar) Onlar gizli bir köçə zorlanışlar. Güclü bir asimlə aparılmışdır bu azərbaycanlılara qarşı və bu zorla köçürülmə, bu asimlə qanlarında dədə-baba torpaqlarına son dərəcə bağlı olan bir milləti mühacirlikdə yaşamağa və həyatını davam etdirməyə zorlamışdır".
   
   Azərbaycan türklərinin, belə demək mümkünsə, həqiqətən öz torpaqlarına son dərəcə bağlılığı var, mən bunu öz adımdan da deyə bilərəm. Onlar ermənilər kimi harda gəldi orda yaşamağa hazır olmamışlar heç vaxt. Və həmişə də zorla torpaqlarından didərgin olunmuş və zor şərtlər altında mühacirliyi seçmişlər.
   
   Azərbaycanlılar belə gələn Vətən ayrılığına çətin dözən bir millətdir. İnsanlardır. Nə yazıq ki, öz torpaqlarında bir rahatlıq tapmayan və son dərəcə əzilən bu insanlar vətəndən uzaqlarda yaşamağa məcbur olmuşlar.
   
   Ya ölüm... Ya qalım...
   
   Bəzən şərt belə olmuşdur.
   
   O zaman mühacirlik seçilmişdir.
   
   Baxın, dünyanın hər yerində və bir çox ölkəsində Azərbaycan Türkləri yaşamaqdadır və bu Azərbaycan Türkləri vaxtilə mühacir olunmuş insanlardır və bunların da ən çoxu elə İran Azərbaycanından olan bacı və qardaşlarımızdır.
   
   Türkiyədə yaşadığım illərdə mən bir özəl televiziyada, bir verilişin şahidi oldum. Bu şəxsi kanallardan birində İran İslam Respublikasından Türkiyəyə qaçıb gələn, elə bu sözün əsil mənasında qaçıb gələn bir insanı göstərirdilər. Bu adam Türkiyədə başını soxacaq bir yer axtarırdı.Təbii bir şeyi də açıq etiraf edək:
   
   Türkiyə bütün insanlara qucaq açmaq məcburiyyətində deyil, amma Türkiyə bu insanlara yardım edəcək gücdə deyilsə və əgər belə düşünülürsə, o zaman Türkiyə heç iyirmi birinci əsr türk əsri olacaq deyə bir iddiaya düşməsin gərək.
   
   Bu İran vətəndaşı Ankaranın mərkəzində bir elektrik dirəyinə çıxmış, ən yüksək voltlu bir elektrik məftilindən yapışıb özünü öldürmək məcburiyətindədir.
   
   Daha doğrusu, özünü öldürmək istəmir.Bunu könül xoşluğuyla eləmir təbii, buna məcburdur.
   
   Öz torpağında bir rahatlıq tapmayan bu adamın Türkiyəni seçməsi mənim üçün çox təbii bir şeydir. Amma bu torpaq da ona sahib çıxmır. Yəni, bu torpaq da onu bir mühacir olaraq qəbul eləmir.
   
   Söz burada hər hansı bir adamdan getmir, bu adamın kim olduğundan gedir. Söz bir Türkün bir Türk torpağından qovularaq başqa bir Türk torpağında mühacir olaraq belə sığınacaq tapa bilməməsindən gedir.
   
   Türkiyənin ən adlı-sanlı qəzetlərindən biri "Milliyət" qəzetinin yazarı Şahin Alpay bu hadisəni görmüş və bunun haqqında bir yazı vermişdir. Öz köşəsində Şahin Alpay belə yazır:
   
   "Türkiyə mültəcilərin statusuyla bağlı 1931-ci il Cenevrə müqaviləsini və 1967-ci il protokolunu imzalarkən bir çoğrafi qısıtlama qoyuldu. Bu qısıtlamaya görə, sadəcə Avropa ölkələrindən gələn mültəcilərə ( bərəkallah T.A.) sığınma haqqı tanınır. (Vallahi-billahi bu böyüklükdə haqsızlıq olmaz ki, bir Avropa ölkəsindən bu Türkiyəyə üç-beş kişi ancaq gələ bilər. Bir halda ki, Türkiyənin öz adamları Avropaya qaçırsa, bunun nə demək olduğunu siz indi təsəvvür edirsinizmi? Və burada bir incə mətləbə də fikir verin: Sovetlərdən gələn Türklər üçün bu müqavilə bir zərbə deməkdir.Çünki bu müqaviləyə görə, Sovetlərdən gələn heç bir Türk burada sığınacaq tapa bilməz.T.A.) Əgər belə bir vəziyyət olursa, o zaman BMT mültəcilər yüksək komissarlığı, Ankara təmsilçiliyi aracılığıyla bir ölkəyə, yəni Türkiyədən başqa bir ölkəyə keçmək imkanı bulunana qədər bu ölkədə qalma izni verilir. "
   
   İndi baxın və özünüz düşünün: bütün bunlar heç şübhəsiz bilərəkdən qurulmuş bir şeydir.
   
   Belə olduqda, bizdən olan insanları ölümün qoynunamı atmalı?
   
   Bütün bunlardan sonra düşünmək olar ki, heç bir kəs ağıllı surətdə mühacirliyi seçmir və xüsusilə vətən sevgisi hər şeydən üstün olan azərbaycanlılar da eləcə.
   
   Amma, yalnız İran Azərbaycanını deyil, məhz Sovet Azərbaycanını da, başqa sözlə Şimalı Azərbaycanı da tərk eləyib özünü taleyin qoynuna atan və bu yolda dəhşətli yaşam şərtləriylə üz-üzə qalan nə qədər vətəndaşımız var.
   
   Azərbaycan tarixində bu adamlar elə-belə, gəldi-gedər adamlar olmamışlar.Onların öz yerləri olmuş, öz vəzifələri olmuş, öz ideyaları olmuş və bu ideyalar uğruna VƏTƏNİ tərk eləmək məcburiyyətində qalıb, mühacir olaraq başqa ölkələri seçmişlər.
   
   
   
   MÖVZU İLƏ BAĞLI
   
   BİR ŞEİR
   
   
   
   TOFİQ ABDİN
   
   
   
   mən ki, bu yerlərdə qərib yaşadım
   
   mən ki, bu yerlərdə heç sevilmədim
   
   buradan getməyim kimə toxunar
   
   burada qalmağım kimə toxunar
   
   burda yaşamağın ağrısı çətin
   
   bu yerin içimi yaxan dərdini
   
   mən onun özüylə birgə yaşadım
   
    mən onu içimdən ata bilmədim
   
   qərib ölkələrə alıb daşıdım
   
   qapıdan girənə üzüm gülmədi
   
   üzümü görənlər məni görmədi
   
   içimin ağrısı elə dərindi
   
   nə mənim gözümdən
   
   nə də səsimdən
   
   nə də ki, çürüyən məndən göründü
   
   nə mən tapa bildim axtardığımı
   
   nə də tapıldım
   
   özümə yük oldu bu ömrüm, adım
   
   vətənə sevgimi nifrət bildilər
   
   bu necə ölkədi, necə bir millət
   
   igid insanları, mərd oğulları
   
   bu eldən, torpaqdan uzaq dünyada
   
   vətənsiz öldülər, yurtsuz öldülər
   
   bilirəm, bir zaman biri doğular
   
   məni də axtarar özü bilmədən
   
   tapıb bir məzarı açıb görər ki
   
   vətən məndən keçib,
   
   mən də vətəndən. . .
   
   1993
   
   SÖZ ARDI
   
   BAŞ REDAKTOR ZƏNG ETMİŞDİ
   
   Bu yazı keçən həftə çap etdirdiym UÇURULAN YALNIZ BİNALAR DEYİL yazımın havasından yaranıb və çapını sayın baş redaktorumuz İradə xanım Tuncayın mənə olan qəfil zəngindən sonra ürəklənib gerçəkləşdirməyi düşündüm. İradə xanım Tuncay çox nadir hallarda bir yazının yaxşı və pis olması barədə fikirlərini söylər və üstəlik də indi sovet dövründəki kimi iclaslar-miclaslar da yox ki, həftəlik araşdırmalar aparılsın. Sovet dövründə letuçua deyilən bir məqam vardı. Bu letuçkada bəzi yazılar haqqında söhbətlər gedərdi. Vallah bilmirəm bəlkə indi də var bu məsələ. Mən bu qəzetə kənardan yazdığım üçün belə şeylərin olub-olmadığından xəbərsizəm. Amma necə oldusa İradə xanım mənim keçən həftə çap olunan UÇURULAN YALNIZ BİNALAR DEYİL yazımı oxuyuyb zəhmət çəkib zəng də etmişdi və dedi: YAZIN MƏNİ ÇOX KƏDƏRLƏNDİRDİ. Baş redaktor baş redaktordu, mən də onun yazarı. Sevinməmək olmazdı. Və üstəlik də ürəklənib həmin havada bu yazını da yazdım.

TƏQVİM / ARXİV