adalet.az header logo
  • Bakı 20°C

YENi PROYEKTiMiZ: GERiYƏ BAXANDA

TOFİQ ABDİN
23411 | 2012-06-02 08:15
Hər nə qədər unudulmaz dramaturqumuz İlyas Əfəndiyev desə də ki, GERİYƏ BAXMA, QOCA insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının, şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təsəlliverici şeylər yaşanmışdır. Bu məqamları və olanları yada salmaq həm də ibrətamiz bir ovqatın yaranmasına səbəb olur. İstər şəxsi yazarlıq həyatımızda, istərsə də bizdən öncə yaradan sənətkarların yazılarında elə anlar var ki, bu günümüzün içindən çıxan məqamların ta özüdür. Bu proyektimizdə öz yazılarımızla birlikdə zaman-zaman klassiklərin əsərlərindən istifadə edəcəyim yazılarda son dərəcə öyrədici məqamların olduğunu görəcəksiniz.
   
   ***
   
   ... bir neçə il öncə keyfli bir gecədən sonra, o gecə də olsun gözəl bir türk xanımının konserti, o xanım da olsun dünyaca ünlü fleyta çalan Şefika Kutlu, onun filormaniyadakı konsertindən çıxıb üzüaşağı Sahil metrosuna doğru Bakı gecəsinin dadını çıxara-çıxara irəliləyirəm və yolum bir zamanlar oxuduğum keçmiş İncəsənət institutu yerləşən küçədən keçir. (Burada bir parantez açım: məqsədim o gözəl konserti yazmaq deyil, həqiqətən çox gözəl konsert idi və gözəllik ondaydı ki, mən şəxsən 10, bəlkə də 15 ildən sorna yenidən qapıları açılan filarmoniyadaydım və məni bura çox hörmət etdiyim, gözəl musiqiçi, gözəl skripkaçı Zəhra xanım Quliyeva dəvət etmişdi və ailəmi də bu konsertə götürmüşdüm. Həqiqətən çox keyfli bir gecə. Şefika xanımın ifası danılmaz və konsertin ikinci hissəsində böyük və unudulmaz bəstəkarımız Qara Qarayevin, dirijor Rauf Abdullayevin idarəsində ifa olunan Arnavut rapsodiyası və Don Kixot simfonik qravyürləri şəxsən mənə gözyaşardıcı dərəcədə doğma gəldi. Çünki mən bu zalda vaxtilə elə Qara Qarayevin şəxsən özünün də iştirak etdiyi Üçüncü Simfoniyasını dinləmişdim. Təbii ki, mənim bu kövrəkliyimin səbəbini uşaqlarım bilməzdi) Neysə... yenə də deyirəm, konsert unudulmaz bir konsert, amma mən başqa şey haqqında yazıram bu kərə və qayıdıram yazıya...
   
   Sahil metrosuna doğru gəldiyimdə, başımı qaldırıb baxanda nə görsəm yaxşıdı, gördüm ki, bəs keçmiş DÖVLƏT İNCƏSƏNƏT İNSTİTUNUN binası yoxdur. Bina yerlə bir olmuş, yeri bir xarabalıqdır və bura binaların arasında olduğundan uçurulmuş binanın yeri çıxarılmış bir göz kimi görünür...
   
   Durub baxdım... baxdım... və nə zaman içimdən bir "ah" keçibsə, küçədən keçən bir adamın mənə heyrətlə baxdığını görəndə özümə gəldim. Və düşünün: bu bina mənim atamın binası deyildi, heç bir qohumumun da binası deyildi,çünki mən bir kəndə doğulmuşdum və o kənddən baş götürüb bu şəhərə gəlmişdim və bu şəhərdə o yerlər üçün qeyri-adi olan bir instituta, əvvəlki adıyla TEATR, sonrakı adıyla İNCƏSƏNƏT, son adıyla İNCƏSƏNƏT UNİVERSİTETİ olan bir məktəbə girmişdim ki, burada kimlər oxumamışdı... lap əvvəldən, mənim yaşım çatana qədər akademik İnqilab Kərimov, gözəl və unudulmaz şairimiz Əli Kərim, üzü bəri unudulmaz diktorumuz Aydın Qaradağlı (məndən bir kurs yuxarı), üzü bəri Qulu Əskərov (onunla bir sinifdəydik) üzü bəri unudulmaz diktor Səbutay Quliyev... canım daha kimləri sayım... daha kimləri sayaq və düşünün bu binaya kimlər girib çıxıb... epitetsiz deyək: Rza Təhmasib, Adil İskəndərov, Mehdi Məmmədov və neçə-neçə belə tarixi və unudulmaz ŞƏXSİYYƏTLƏR.
   
   İndi BU ADLARI saymaq belə mümkün deyil və bugünkü bütün öncül aktyorlar və sənət insanlarının həyat yolu bu binadan başladı sənət dünyasına və düşündüm ki, nə zamansa bu binanın heç olmasa qarşısında da olmasa içərisində teatrşünaslıq, sonradan sənətşünaslıq (indi isə bilmirəm nə...) adlı fakültə otaqlarının birində belə bir lövhə də asıla bilər, bəs burada, bu fakülətədə TOFİQ ABDİN də oxumuşdur.
   
   Vallah, burada qeyri-təvazökar bir şey yoxdur, insanam də, düşünürdüm və heç özümü də düşünməsəm bax, o korifeyləri düşünürdüm və elə bu anda xatırladım ki,bir zamanlar, bu Parapet bağı restavirsaya olunanda Anar müəllim də başda olmaqla bir çox ziyalılarımız çox narahat oldular, belə eləmək olmaz, TARİXİ GÖRÜMÜ VƏ DƏYƏRİ OLAN BİR YERİ bu cür yenidən qurmaq olmaz və üstəlik də Anar məllimin və bir çox başqa yazarların uşaqlıq illəri o bağda keçmişdi, gənclik illəri o bağda keçmişdi və neçə-neçə xatirələri vardı şübhəsiz.
   
   (təbii yoldaşlar torpaqlar itirmişik və xarabaya dönüb yerlərimiz bunu başa düşürük, amma hər məqamın öz dərdi var...)
   
   ...Bakı şəhəri sökülüb, yenidən tikilir və bunu da bir çoxlarımız görürük və təbii ki, susmaqdan başqa bir çarə tapmayıb içimizi ovan şeyləri yalnız yazmaqla və bir-birimizə danışmaqla ovunub, üstündən keçirik və dəhşəti budur ki, tarixdə bir qəriblik var: insanlar o yerlərə göz tikirlər ki, ordan bir tarixilik qoxusu gəlir və mən heç də demirəm ki, bunu bilə-bilə eləyirlər, (niyə də eləməsinlər) amma, bu gün görünən odur ki, bir çox tarixi binaların yerləşdiyi yerlər bu ölkəyə gələn bir çox yabançı şirkətlərin və bizim öz insanlarımızın qurbanı olmaqdadır.
   
   Xatırlayıram: altmışıncı illərdə belə bir proyekt vardı: indiki Dəmiryolu Vağzalının binasından ta Dram Teatrının binası arası bir xiyaban olmalıydı və bu xiyabnın o başından baxanda bu baş görünməliydi. Araya bir Lenin sarayı atdılar və sonra bir Bank gəlib orda boy verdi və o gözəl düşüncə bizim soyuq qanlarımızın qurbanı oldu.
   
   Yox, qardaşlar, mənim bəxtim gətirmir ki, gətirmir...
   
   Əvvəlcə Bakıya ilk gəlişimizdən uzun illər kirayə qaldığım və ya qaldığımız-bir kiçik ev itirildi. (Keçiş 3-cü Sverdlovsk, indiki M.B.Qasımov küçəsi 24). Kimlər yaşamadı ki, o kiçik daxmada, kimlər yoxdu ki: Abbas Abdulla yaşadı bu kiçik daxmada, İsa İsmayılzadə yaşadı, sonra Mövlud Süleymanlı yaşadı bu balaca erməni komasında... daha əvvəllər mən yaşadım və oradan tutulub KQB-yə götürüldüm, altmışıncı illərin ortalarında, indiki demokratik qüvvələr hələ aralarda yoxkən... daha sonra kimlər gəlib keçmədi ki, o kiçik daxmadan ƏKRƏM ƏYLİSLİ, MƏMMƏD İSMAYIL, SEYRAN SƏXAVƏT, SONRALARIN PROFESSORU BƏHLUL ABDULLAYEV, AZƏR ABDULLA, ƏLİ HƏSƏNLİ, TANRIQULU ƏLİYEV, VİDADİLƏR MƏMMƏDOV VƏ PAŞAYEV, YAZIÇI ŞAHMAR HÜSEYNOV... eh... daha kimlər, gəlmədi ki, o "tarixi binaya", orada sevdalandıq və orda altmışların ilk unudulmaz şeirləri yarandı...
   
    İsa İsmayılzadə məşhur "Göbələk" şeirini yazdı... Ələkbər Salahzadə "Boy" şerini... Mövlud Süleymanlı kinostudiyada işə girmək üçün, kinosenarilər yazmaq sevdasına düşmüşdü və məndən kinosenarilər kitablarını istəyirdi, Abbas Abdulla telli bir oğlan, həsrət dolu şeirlər yazırdı...
   
   Amma o koma da uçulub getdi, uçulub getdi...qərib taleyimiz kimi, daşlara toxunan şansımız kimi...
   
   Nələr düşünürdük o romantik və unudulmaz illərdə...
   
   Tamam, qardaşım, bunlar yaşandı və indi mən bu çıxarılmış göz yerini xatırladan keçmiş İncəsənət institunun binasının yoxa çıxmış yerinə baxıram və düşünürəm...
   
   Not: məqalənin adına baxın...
   
   ***
   
   MÖVZUYA AİD
   
   BİR XƏBƏR
   
   
   
   NAZİM HİKMƏTİN
   
   SELVLERİ QURUYUR
   
   
   
   Nazim Hikmətin 1933-cü ildə yazdığı "Üç selvi" şeirinə mövzu olan İstanbulun Erenköy səmtindəki Üç səlvidən biri qurumağa başlamışdır.Nazim Hikmətin 1932-ci idə tanış olduğu Erenköydəki Mithatpaşa Köşkünün qarşısında boy verən, mənəvi oğlu Mehmet Fuatın dədəsinə aid Mehmet Ali paşa Köşkünün önündəki bağçada olan səlvilər bu gün eyni yerdə açılan Ədhəm əfəndi-36 yeməkxanasının bağçasında qalıb.
   
   Səlvilərin orada olmasını üzə çıxaran 58 yaşındakı təqaüddə ( əməkli) olan mühəndis Doğan Gökər " Hər il gəlib baş çəkdiyimiz və baxımını elədiyimiz səlvilərdən birinin qurumağa başlaması bizləri son dərəcə üzür. Bunlar bizə Nazimdən qalan birər xatirədir. Bunların qorunması gərəkdir." demiş.
   
   
   
   Birisi qurumaqda olan ÜÇ SELVİ haqqında Nazim Hikmətin şeri :
   
   
   
   Kapımın önündə üç selvi vardı
   
   Üç selvi.
   
   Kökləri yerdə,başları yıldızlarda
   
   Üç selvi.
   
   Selviler sallanırdı rüzgarlarda
   
   Üç selvi.
   
   Bir gecə düşman bastı evi.
   
   Üç selvi.
   
   Yatağımda öldürüldüm ben
   
   Üç selvi.
   
   Kesildi selviler köklerinden
   
   Üç selvi.
   
   Artıq nə kökleri yerde,başları yıldızlarda
   
   Üç selvi.
   
   Selviler sallanmıyor rüzgarlarda
   
   Üç selvi.
   
   Mermer bir oçakta parçalanmış yatıyor
   
   Üç selvi
   
   Kanlı bir baltayı aydınlatıyor
   
   Üç selvi
   
   1932

TƏQVİM / ARXİV