adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

YENi PROYEKTiMiZ: GERiYƏ BAXANDA

TOFİQ ABDİN
25462 | 2012-05-26 07:12
"...BU HANSI
   
   KÜRDÜSTANDIR..."
   
   
   
   (Xalq yazıçısı
   
   ƏLİ VƏLİYEVin " Budağın xatirələri" romanından
   
   
   
   Hər nə qədər unudulmaz dramaturqumuz İlyas Əfəndiyev desə də ki, GERİYƏ BAXMA,QOCA insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının,şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təsəlliverici şeylər yaşanmışdır. Bu məqamları və olanları yada salmaq həm də ibrətamiz bir ovqatın yaranmasına səbəb olur. İstər şəxsi yazarlıq həyatımızda,istərsə də bizdən öncə yaradan sənətkarların yazılarında elə anlar var ki,bu günümüzün içindən çıxan məqamların ta özüdür. Bu proyektimizdə öz yazılarımızla birlikdə zaman-zaman klassiklərin əsərlərindən istifadə edəcəyim yazılarda son dərəcə öyrədici məqamların olduğunu görəcəksiniz.
   
   ***
   
   ...mövhumat və xurafat tərəfdarlarının, cəhalət və nadanlıq dünyasının külünü göyə sovuran istedadlı sənətkarın, maarif bahadırının adını eşitmişdim, əsərlərini oxumuşdum, üzünü görməmişdim. Mən bu nadir istedad, kəskin qələm, dərin kamal sahibi ilə söhbət eləyəcək, onun suallarına cavab verəcəkdim. Bu böyük müəllimin qabağında dodaq tərpədib söz demək üçün fərasətli tələbə lazım idi. Mən özümü onun tələbəliyinə layiq görmürdüm. Ancaq geri qayıtmağı şənimə kəsir sayıb, Mirzə Cəlilin yanına getdim.
   
   Otaq iri idi. Burada divara vurulmuş bir neçə şəkil olmasaydı, mənzildən çox kabinetə oxşardı. Şəkillər o qədər bahalı deyildi. Çoxusu da qadın surətləri idi.
   
   Mirzə Cəlilin şəklini çox gördüyümdən, stol dalında fikirli oturmuş kişiyə gözüm sataşan kimi tanıdım. Sifəti qırışmağa başlayan qalınbığlı yazıçı qapı açılan kimi başını yuxarı qaldırıb baxdı. Məni görcək qələmi yerə qoyub dayandı.
   
   Mən salam verib baş əydim. O, salamımı alıb yanına çağırdı. Gedib əl vermək, görüşmək, yorulmaq bilmədən qələm çalan barmaqlarını ovcumun içində saxlamağa cəsarət eləmirdim. Utana-utana stoluna yaxınlaşıb durdum. Mirzə Cəlil yerindən tərpənməyib, yavaş bir səslə xəbər aldı:
   
   - Hardan gəlmisən, bala?
   
   - Kürdüstandan.
   
   Qaradinməz kişi bığına sığal çəkib, öz-özünə dedi:
   
   Aha... Əsl mən deyəndir. Öz ayağıyla gəlib çıxıb.
   
   Ayağa durdu. Orta stolun yanındakı stullardan birisini yaxına çəkdi.
   
   - Otur, bala.
   
   Oturdum. Mənə elə gəldi ki, onun kefi yoxdur. Astadan soruşdu ki:
   
   - Bu hansı Kürdüstandır?
   
   Cavab verməyə çətinlik çəkdim. "Kürdüstan birdir, mərkəzi də Laçındır. Mirzə Cəlil niyə belə sual verir?".
   
   - İraq Kürdüstanı, İran Kürdüstanı, Ermənistan Kürdüstanı... Təzə bir Kürdüstan də siz düzəltmisiniz. Hə, deyir Laçında təzə bəylər zühur eləyib. Alverçiləri sağ qoltuğuna vurub, seyidləri sol qoltuğuna, düşüblər kürdlərin üstünə...
   
   Mən danışmaq istəyirdim ki, Mirzə Cəlil davam elədi: - Musa, İsa, Ömər, Əbubəkr də yenidən dünyaya gəlib bəylərə kömək eləyirlər, hə...
   
   Bu sözləri deyəndən sonra kağıza nə isə yazıb, başını qaldırmadan xəbər aldı.
   
   - Kürdüstana böyük bir komissiya getmişdi, bir iş gördü, yoxsa o da seyiddən, peyğəmbərdən qorxub yazılanları ütülədi?
   
   Kürdüstana komissiya göndərildiyindən, ora nə vaxt getdiyindən, nə iş gördüyündən xəbərsiz idim. Mirzə üz vurub soruşsa da, bir söz deyə bilməyəcəkdim. Yaxşı ki, Mirzə Cəlil cavab gözləməyib, sualı dalbadal verirdi:
   
   - Eşitdiyimə görə, Kürdüstanda qurd qoyunla gəzir. Qoyun inanıb otlamaqla məşğul olur. Qurd görür ki, qoyunun başı qarışıqdır, başlayıb canavarlığa. Az yox, azacıq yox, hər gecə üç-dördünü boğur.
   
   Mirzə Cəlilin yazılarını nə qədər asan oxuyurdumsa, dediklərini bir o qədər çətin başa düşürdüm. Qəribə idi ki, o həm mənimlə söhbət eləyirdi, həm də yazırdı. Mənə elə gəlirdi ki, burada işləyənlərin hamısında o xasiyyət var. Həm adamla danışırlar, həm də yazırlar.
   
   Mirzə Cəlil yazdığını stolun yeşiyinə atıb, üzümə baxdı:
   
   - Görünür, sən lap uzaq kəndlərdə olursan, heç nədən xəbərin yoxdur.
   
   - Xeyr, mən qəza mərkəzində yaşayıram.
   
   - Nə iş görürsən?
   
   - Siyasi maarif şöbəsinin müdiriyəm.
   
   - Tutulanlardan, işdən çıxarılanlardan, əsgərliyə göndərilənlərdən xəbərin yoxdur? Ömərlə Əbubəkrin əl-ələ verib yenidən xəlifə olmağa çalışdıqlarını eşitməmisən?
   
   Dedim:
   
   - Mirzə, əsgərliyə göndərilən mən özüməm.
   
   Cəlil Məmmədquluzadənin çöhrəsindəki kədər seyrəldi, tamam çəkilmədi. Alnındakı qırışlar aralandı, büsbütün görünməz olmadı. Sol əlinin şəhadət barmağı ilə bığlarının arasını üzüaşağı qaşıya-qaşıya dedi:
   
   - Bəs nə təhər müxbirsən ki, komissiyanın gedib-gəlməsindən xəbərin yoxdur?
   
   Mən əhvalatı söyləyəndən sonra Mirzə Cəlil dayanıb fikrə getdi. Sifətini dəyişdirmədən mənə dedi:
   
   - Kürdüstanın qonşusu erməni kəndlərindən başsağlığı almamışdınız?
   
   - Ölən kimdir ki?
   
   - Bəhlul Behcət Zəngəzurinin üzəngi dostu, Hacı Qara iman ocağının müqəddəs vücudu Hacı Qasım Çələbi.
   
   Mətləbdən halı olduğu üçün bir şey demədim. Mirzə Cəlil yenə nə isə yazıb eşiyə atdı.
   
   - Neçə aydır Laçından çıxmısan?
   
   - Beş aydan artıqdır.
   
   - Üzündə nuri-Məhəmməd var imiş.
   
   Utanıb qızardım. "Üzündə nuri-Məhəmməd var imiş?". Bununla Mirzə Cəlil nəyə işarə vururdu?
   
   - Bakıdan gedən komissiya o qədər biabırçılığın üstünü açdı ki, adam deməyə utanır, yazmağa xəcalət çəkir.
   
   Amma nə eləyəsən? Şairlərdən birisi yaxşı deyib ki:
   
   
   
   Millətin yarısı əlil, yarısı zəlil,
   
   Dərdini yazmaqla qurtaran deyil.
   
   
   
   Mirzə bunu deyib birdən üzümə çox mənalı baxdı.- Bala, harda oxumusan, təhsilin nədir? Biliyin-zadın çatırmı?
   
   Mən başımı aşağı salıb cavab vermədim. Mirzə utandığımı yəqin eləyib, özü danışdı:
   
   - İnqilabdan qabaq bir çox hallarda dözmək olardı. İndi isə dözmək olmaz. - Yenə də gözümü üzümə dikdi .- Atalar yaxşı deyib ki, qurddan qorxan qoyun saxlamaz. Köhnə dünyanın qalıqları bəzən güclü olsa da, qorxmaq gərək deyil, çünki dünyada həqiqətdən güclü qüvvə yoxdur. Həqiqət isə bizim ölkədə bərqərar olub. - Sonra məndən soruşdu: - Bura gəlməkdə məramın nə idi, oğul?
   
   Mən utandığımdan pul barədə kəlmə kəsməyib dedim:
   
   - Sizinlə görüşməyə, jurnalın əməkdaşları ilə tanış olmağa gəlmişəm.
   
   Əli Nəzmi içəri girdi. Mirzə Cəlil üzünü ona tutdu.
   
   - Yaxşı deyiblər ki, söhbətin şirin yerində moltanı gəldi ki, "Allah saxlasın".
   
   Əli Nəzmi pərt olmadı.
   
   - Mirzə! Budaq yoldaş jurnalımızın fəal müxbirlərindəndir. Bizdən qonorar almayıb. Xəstəxanadan çıxdığı üçün bəlkə...
   
   Mirzə Cəlil onun sözünü ağzında qoyub, mənə dedi:
   
   - Məsləhət görürəm, hər yerdə vəkilsiz danış.
   
   Yanağım od tutub yanır, tər dabanımdan axır, utandığımdan gözlərim ətrafı görmürdü. İki qoca dost zarafatlaşır, ortada məni xəcalət təri basırdı. Birinci dəfə Mirzə Cəlillə görüş, onda da pul söhbəti!
   
   Əli Nəzmi mənə göz vurub işarə eləyirdi ki, danış. Mən isə ofsunlanmış kimi dayanıb baxır, Mirzə Cəlilin axırıncı sözünü gözləyirdim. Yazdığı kağızı mənə uzadıb dedi:
   
   - Verərsən Marusyaya, ağzını şirin edər.
   
   Mən yaxınlaşıb onun əllərini sıxdım. Əllər yumşaq, pilə kimi idi. Mən onun əllərini buraxmaq istəmirdim. O, üzümə baxa-baxa dedi:
   
   - Bala, zorunu sınamaq istəyirsənsə kifayətdir. Xəstəxanadan təzə çıxmış bir adamın gücü bu qədər olanda, beş-altı ay qabaq nə cür qüvvə sahibi olduğu məlumdur.
   
   Mən aralanıb getmək istəyəndə o dedi:
   
   - Arabir səni əsgərliyə göndərib xəstəxanada yatırtsalar, əsl quş həddinə düşərsən.
   
   Mən baş əyib gedəndə Mirzə könlümü aldı.
   
   - Müxbir gərək qorxmaya. Müxbirin birinci düşməni qorxaqlıqdır.
   
   Dönə-dönə razılıq eləyib çıxdım. O qədər tutulmuşdum ki, kağızı Marusyaya verməyib pilləkənlərlə aşağı düşdüm. Küçədə xeyli dayanıb toxtadım. Nəfəsimi dərdim, yadıma düşdü ki, Marusyadan pul almalıyam. Yuxarı qalxıb Əli Nəzminin yanına girəndə otağı boş gördüm, bir az durub gözlədim. Mirzə Cəlil oturan otaqdan qəhqəhə səsləri eşidilirdi. Mirzə Cəlil təzə yazdığı hekayənin mövzusunu danışır, Əli Nəzmi ilə Marusya gülürdülər. Çox gözləməyib, "Kommunist" qəzeti idarəsinə qayıtdım. İdarədə az adam qalmışdı. İş qurtardığı üçün işçilər getmişdilər.
   
   "Şərq" mehmanxanasına qayıtdım. Sabah yox, biri gün Şuşaya getməyi qət eləyib, dəmiryol vağzalına yollandım.

TƏQVİM / ARXİV