adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

"SARI GƏLiN"Ə TüRKiYƏDƏN BAXIŞ - 4

TOFİQ ABDİN
17398 | 2012-05-12 07:31
"SARI GƏLİN"
   
   HAQQINDA BİZLƏRDƏ NƏ DÜŞÜNÜRLƏR
   
   
   
   Araşdırıcı alim Məmməd ELLİ suallarımıza cavab verdi
   
   
   
   -Məmməd bəy, Sovetlər dövründən siz də bu mahnının tarixini araşdıranlardan birisiniz və hələ o zamanlar mən sizin yazılarınızı dövrü mətbuatda oxumuşdum və "Qobustan" toplusunda da bir yazınız çap olunmuşdu. Nədir bu mahnının taleyində baş verənlər ?
   
   -Azərbaycan xalqının zəngin mahnı yaradıcılığı vardır. Xalq mahnıları həmişə xalqın həyat və məişət dolanışığı, inamı və dünyagörüşü ilə sıx bağlı olmuşdur. Zaman keçdikcə bu mahnıların yarandığı mühit və şərait dəyişir, buna uyğun olaraq mahnıların daşıdığı ilkin vəzifələr unudulur. Beləliklə, xalq mahnılarının keçmiş dünyası anlaşılmazlıq dumanlarına bürünərək çox-çox uzaqlarda qalır. Bu baxımdan "Sarı gəlin" mahnısının taleyi maraqlı olduğu qədər də mənalıdır.
   
   
   
   Saçın ucun hörməzlər,
   
   Aman, Sarı gəlin!..
   
   Səni mənə verməzlər,
   
   Aman, Sarı, gəlin!..
   
   
   
   Qədim türklər, eləcə də Azərbaycan türkləri Venera planetinin təcəssümü sayılan sevgi və gözəllik, bolluq və məhsuldarlıq, döyüş və qələbə ilahəsini Çolpon (Solbon), Sarı Ulduz, Dan Ulduzu adlarıyla tanınmış və ona böyük inam bəsləmişlər.
   
   Səhərin gözü açılan kimi Dan Ulduzu gündoğandan Göy üzündə öz parlaq gözəlliyini göstərir, çevikliyi, həyatsevərliyi və cəsarətiylə aləmə meydan oxuyur.
   
   Qədim şumer-türklər Dan Ulduzu ilahəsini İnanna, İştar (İstək, İstəkli) adlarıyla tanımışlar. Dan Ulduzu - Venera mifologiya tarixində Göy Tanrısının qızı sayılmışdır. O - gözəl, ağıllı, hazırcavab, diribaş, igid bir qız kimi təsəvvür olunmuşdur. Yunanlar bu gözəl ilahəni Afrodita adıyla şöhrətləndirmişlər.
   
   Dan Ulduzu - Sarı Ulduz inamı Qədim Azərbaycanda geniş yayılmışdır. Erkən orta əsrlərin tanınmış tarixçilərindən olan Musa Kalankatlının "Alban tarixi"ndə bu barədə dəyərli bilgilər vardır. Araşdırma göstərir ki, həzin, təranəli, şirin melodiyalı "Sarı gəlin" mahnısı Tanrı qızının - Göylər gəlini gözəl İştarın şəninə qoşulmuşdur: insanlara sevgi səadəti bağışlayan Sarı Ulduz Sarı gəlin!..
   
   -Bu manının dünya arenasındakı yeri nədi?
   
   -Dünyanın bir çox qədim xalqları sevgi-nikah, doğum-törəmə, bolluq-məhsuldarlıq, su-yaşıllıq, gözəllik, eşq-məhəbbət ilahələrinə tapınmış, onlarına şəninə nəğmələr qoşmuşlar. Könüllərin sevgi yoluna əngəl daşları töküləndə xalq Sarı gəlini köməyə çağırmışdır: "Aman, Sarı gəlin!.."Sarı gəlin sevilən gözəl, məşuqə deyil, sevgi ilahəsidir. Gəlinə eşqdən dəm vurmazlar. Xalq ədəb-ərkanı, xalq etikası yetkinliyi buna yol verməz!.. Bilindiyi kimi, "sarı" sözü çoxsaylı rənglərdən birinin adıdır: sarı rəng. Deməliyəm ki, "sarı" sözü qədim dilimizdə "saf", "pak", "müqəddəs" mənalarını da bildirmişdir. Altay türklərinin dilində "saf" sözü "ay" mənasını bildirir. "Sarınq" sözü "ay təkin" deməkdir. Ay (sar) paklığın, təmizliyin rəmzi sayılmışdır. "Aydan arı, sudan duru!" deyimi bəllidir. Sonralar "sarınq" sözünün sonundakı "sarınq" sözünün sonundakı "nq" hissəciyi düşmüşdür: sarınq-sarı. "Arı" (təmiz) sözünun ilk forması "arınq" şəklində olmuşdur. Hunlar V əsrdə yaşamış Atillanın arvadını "Arıq qan" deyə çağırmışlar. "Arıq" - "arınq" sözünün sadələşmiş şəklidir.
   
   Buna uyğun olaraq " Sarı gəlin" əslində "Pak gəlin", "Müqəddəs gəlin" deməkdir. Qədim azərbaycanlılar Torpaq ilahəsini Sarı Nənən adlandırmışlar: Sarı Nənə - Müqəddəs Nənə!
   
   Xalqımız Sarı Aşığı haqq aşığı kimi tanımışdır. Sarı Aşıq - Müqəddəs Aşıq, Pak Aşıq deməkdir. Xalqımızın qədim mifik-dini dünyagörüşlərinə "sarı" sözü rəng mənası deyil, paklıq-müqəddəslik mənası daşımışdır .
   
   Qədim azərbaycanlılar Sarı Ulduz ilahəsini Telo adıyla da tanımışlar. Xalqımız onun şəninə gözəl bir mahnı qoşmuşdur:
   
   
   
   Aman, Tello, Tello can, Tello!..
   
   Canım Tello, Tello can, Tello!..
   
   
   
   Müraciət formasındakı doğmalığa diqqət yetirin: "Aman, Tello!.." "Aman, Sarı gəlin!.. Alqış, alqış, yüz min alqış!!!
   
   Sevindirici faktdır ki, qədim şumer-türk şəhərlərindən biri Tello adlanmışdır."Tello" sözü qədim türkcə "igid", "cəsur" mənası bildirən "telu" sözüylə bağlıdır. Yada salaq ki, Sarı Ulduz - Tello həm də döyüş qələbə ilahəsi sayılmışdır.Tam cəsarətlə deyə bilərəm ki, "Sarı tel" adlı aşıq saz havası Sarı Tellonun şəninə qoşulmuşdur. Əzizləmə anlarında xalq "Sarı Tello" deyimini sadələşdirərək "Sarı tel" şəklinə salmışdır.Sadələşdirmək meylinin təsiri altınla "Tello" sözü "tilo" (dilo) şəklinə düşmüşdür. El oxuyur:
   
   
   
   Dilo yarım, gələydi!
   
   Dilo, yarım, gələydi!
   
   
   
   "Ay Dilo-Dilo!" mahnısı sonralar "Ay dili-dili!" ortaya çıxmışdır.
   
   Füzuli rayonundakı Dilağarda kəndi Dilonun-Tellonun adıyla bağlıdır."Sarı-Torpaq" saz havasında isə Yaxşılıq Tanrısı Ülgenin yaşadığı məskən tərənnüm olunur.Bilgilərimizin dairəsini bir az da genişləndirək. Çuvaş dilində ulduz mənası bildirən "çəltər" sözünün Azərbaycan dilində uyğun variantı var: çaldır (çaltır). Dilimizdə "çaldır çuldur adam" deyimi işlədilir. Burada "çaldır" (çuldur) sözü "oynaq" (oynağan), "şıltaq", "coşğun" mənaları daşıyır ki, bunlar da ulduzun göyə çarpan əsas təbii əlamətləridir. "Çuldur" variantı fonetik təkamülün müəyyən mərhələsində "ulduz" şəklinə düşmüşdür: çuldur- çulduz - yulduz - ulduz. "Çaldır" variantı isə "yıldız" (ıldız) şəklinə düşür.Yeri gəlmişkən, Cənubi Azərbaycanın Maku şəhəri yaxınlığındakı məşhur Çaldıran düzünün adı "çaldır" (ulduz) sözü ilə bağlıdır.Çədərovtala, Solban (Balakən rayonu), Çıldıran (Mardakert rayonu) kənd adları da Dan ulduzu (Çəltər, Solbon) inamıyla bağlıdır.
   
   -Başqa araşdırıcılar olubmu bu barədə?
   
   -Sərraf Kərimovun "Şınıx toponimləri dil açırg"adlı məqaləsindəki mühüm bir faktı qeyd etməliyik: "Şınıxın dərələrindən biri Çolpan adlanır. Türk dünyasında bu adın əlaqələri çox-çox uzaqlara uzanır:
   
   Türkiyədə Çolpanek kəndi, Başqırdıstanda Çulpan adlı doqquz kənd, Qırğızıstanda Çolpan ata şəhəri, Rumıniyada Çolpanul kəndi, Azov dənizinə tökülən Kalmius çayının bir qolu Çolpanova Qobusu və s. habelə bucaq-tatar tayfalarından biri Şulpen adlanır, qarakalpaqların muyton tayfasının hərbi ləqəbi belədir: "Ağ Şolpan" (Gənclik j.1991, N1 , səh. 53).Dan Ulduzu - Sarı Ulduz (Çolpon, Solbon) inamının qədim Azərbaycanda dərin kök salmasının maddi-mədəni abidələrimiz də təsdiq edir. "Kürdmahmudlu kəndində su kanalı çəkərkən qəribə bir möcüzə baş verdi. Yerqazanlardan biri külüngü torpağa vuran kimi qəfil gurultu eşidildi. Külüngün zərbələri yerin altında əks-səda verirdi. Adamlar həmin yerə toplaşdılar.
   
   Təxminən bir metr qazdıqdan sonra yeraltı türbənin üstü açıldı. Əks-səda da həmin türbədən gəlirdi. O, kərpiclə tikilmişdi. Yerli sakinlər türbənin bir tərəfini çətinliklə deşib, içərisinə daxil oldular. Həqiqə möcüzə də bundan sonra baş verdi. Baxıb gördülər ki, yeraltı türbənin tavanında kərpiclərin düzümü ilə ulduz təsvir olunmuşdur.
   
   O gündən yeraltı türbə tüqəddəsləşdi. Mövhumata inananlar da, inanmayanlar da buranın tarixi baxımdan bir məbəd olduğuna şübhə etmədilər". (Telman Haqverdiyev. Daşların hekayəti. Bakı, "Gənclik" nəşriyyatı, 1989, səh.56).
   
   Beləliklə, Sarı gəlinin - Sarı Tellonun - Sarı Ulduzun müqəddəs ruhu zaman boyu xalqımızın mənəvi aləmində yaşayaraq, mahnı-mahnı qanadlanmışdır. Bu müqəddəs rh bu gün də bizimlədir!..
   
   Yeri gəlmişkən, "Sarı gəlin" mahnısını erməni xalqı da çox sevir, açılan səhərləri bu gözəl mahnının zərif-kövrək melodiyasıyla qarşılayırlar. Ermənilərin "Deyəsən, elə mahnı da bizimdir!" deyə düşünməsi isə gerçəklikdən çox-çox uzaqdır. "Sarı gəlin" Azərbaycan xalq mahnısıdır".
   
   Aman, Sarı gəlin!..
   
   Düşünürəm ki, sevgi bütün yamanlıqlara üstün gələcəkdir. Ürəyimdən bir səs gəlir: "Allahı sevə-sevə Allaha sığınıram!.."
  • Aprel:
  • 5

TƏQVİM / ARXİV