adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

O DüYüNDƏ NƏ DANIŞA BiLƏRDiM...

TOFİQ ABDİN
14181 | 2012-04-21 07:49
Keçdiyimiz günlərdə Ata tərəfi Salyana, Ana tərəfi Ağdama bağlı (Ağdam dedikdə indiki məqamda Aqil Abbas və Qulu Ağsəs ilkin olaraq yadıma düşür) gözəl bir ailənin yeganə oğlan övladları olan gəncin ( bəy Murad, gəlin Xalisə) toyunda oldum. Hər iki tərəf mənə əziz, amma mən bura Ana tərəfindən çağırılsam da, Ata artıq dünyasını dəyişdiyindən bunu mən çox doğal qarşıladım və mafi qaydada o düyünə getdim.
   
   Bəyin Ata tərəfi məmləkətimizdə çox tanınmış bir nəsildən və Ata özü isə bir ayrı aləm insanı idi.Orta məktəbdə oxuduğumuzda, hər zaman yaxın olmasaq da, sonradan, yəni hər ikimiz ayrı-ayrı vaxtlarda və ayrı-ayrı institutlarda oxuduqdan sonra daha mehriban olduq və sarsılmaz üçlük kimi tanınan - Ata doktor Sahib İmanov və onun yaxın dostu,mənim dayım oğlu və məktəb yoldaşım baytar həkimi, rəhmətlik Dilavər Mehdiyev Salyanda qalsalar da, mən Bakıda məskunlaşdım və hər dəfə Salyana gedəndə onlarla görüşümüz qaçılmaz idi.
   
   Bəyin dayısı bizim kənddən çıxan ilk alim, respublikamızda çox tanınan pedaqoji elmləri doktoru, Təhsil Şurasının sədri Əjdər Ağayev və əmisi Təhsil Nazirliyində məsul vəzifədə çalışan Ənvər İmanov və ondan yaşca böyük, Salyan Ağsallar Şurasının sədri kimi tanınan Hacı Beydulla və daha bir neçə qardaş və bacı bizim kəndin adlı-sanlı insanlarıdır.
   
   Təbii ki, Ata tərəfi mənə daha yaxın olduğundan mən bu düyünün Ata tərəfini yaxından tanıyıram, amma dediyim kimi, məni bu düyünə, Ana Əminə xanım əfəndi çağırdı.Bu dəvət başqalarından bir az seçilsə də, yəni evimin telefonunu kimdənsə almış və dəvətnamə almağıma baxmayaraq, narahat olmuş və toy qabağı mənə zəng edib: "sizin orda olmağınız maddi tərəfdən yox, mənəvi tərəfdən bizə dayaqdır, üstündən də Sahibin dostlarından az insan qalıb"- deməsi məni tamamilə tərki-silah etdi. Və bir də Əminə xanım mənə dedi ki, bəs mümkünsə bir-iki kəlmə danışarsız.
   
   Açığı mənim toylarda danışmaqdan heç xoşum gəlməz, xoşum gəlməz ifadəsi bir az yumuşaqdı, zəhləm gedir və buna baxmayaraq indiki məqamda, ailə yapısının bərbad olduğu bir vaxtda gözəl bir ailə sahibi olan,doktor Əminə xanım ( artıq doktor Sahib neçə il əvvəl faciəli surətdə dünyasını dəyişmiş və üç uşaq bu gözəl xanımın tərbiyəsi sayəsində ərsəyə çatmışdır və son beşiyi oğluna toy edir) məni dəvət edirdisə mütləq getməliydim.
   
   Ata tərəfi doktor Sahib, mənim orta məktəb yoldaşım, məndən bir yaş kiçik və məndən iki sinif yuxarıda oxuyub.
   
   VƏ TANIŞLIQ.
   
   İLLƏR ÖNCƏSİ
   
   YAZDIQLARIMDAN:
   
   "Fikirləşirəm ki,onun haqqında yazmaq üçün mənə heç nə gərək deyil. Nə ezamiyyət götürüb onun işlədiyi rayona getmək lazımdı, nə haqqında ondan-bundan soruşmaq lazımdı, nə də lap elə onun özüylə söhbət eləmək.
   
   Orta məktəbi bir kənddə bitirmişik. Məndən iki sinif yuxarı oxuyub. Ancaq mən onu səkkizinci sinifdən sonra tanımışam. Onunla oxuyan uşaqların çoxu elə o illərdən yadımdadı, ancaq nə qədər fikirləşirəmsə, onu xatırlaya bilmirəm ki, necə gənc olub. İndinin özündə də bir az soyuqdu, adamayovuşmazdı, sakitdi, zarafatla işi yoxdu, işdə ciddi, yoldaşlıqda, ailədə ondan da betər. O vaxt onunla oxuyan uşaqlardan bəziləri deyir ki, Sahib elə orta məktəbdə də beləydi: tənəffüsdə çəkilərdi bir küncə, kitab əlindən düşməzdi: çalışqan idi, xımı-xımı oxuyardı özüyçün.
   
   Orta məktəbdə oxuyanda çoxumuz bilirdik ki, hansı sənətin ardınca gedəcəyik, hansı işin qulpundan yapışacağıq. Ancaq Sahibin nə sənət sahibi olacağı bizə bəlli deyildi. Ona görə də günlərin birində Sahibin əsgərliyə getdiyini və qayıdıb gəldiyini, gələndən sonra öz biliyi ilə, öz gücü ilə Azərbaycan Dövlət Tibb İstitutuna qəbul olunduğunu və əla qiymətlərlə qurtardığını eşidəndə təəccübləndim. XX əsrin 80-ci illəri olmasına baxmayaraq, Sahib bizim kənddən çıxan ilk ali təhsilli həkimdir, özü də el dili ilə desək, diş həkimidir, elmi dildə desək stomatoloqdur. O yerin ali təhsilli müəllimi də çoxdu, mühəndisi də,texniki də, hətta elmlər namizədi də. Amma stomatoloq bircədir - Sahib.
   
   Sahib qala bilərdi Bakıda. Qalmadı. İnstitutda bir qız sevdi, Ağdamdan, onunla birgə getdi yolları hələ də düzəlməyən, işığı qış aylarında zəifləyən və zəifləyə-zəifləyə keçən, telefonu hələ də başa çatmayan bir kəndə. Xəstəxanada yer olmadı, bir müddət Sahib öz evlərində dövlət aparatlarıyla qulluq elədi kənd camaatına. Tez, lap tez onun haqqında dedilər: "Əli çox yüngüldü. Dişi çəkəndə adamın heç ruhu da incimir".
   
   Az şey deyil diş həkimi- stomatoloq haqqında deyilən bu sözlər. Bu sənətdə elə çətini odur ki, əlin yüngül olsun. Bəlkə də şairlik kimi, idmançı kimi bu da təbii bir vergidir.
   
   Ancaq həqiqətən onun əli yüngüldü. Əlinin yüngüllüyü, xasiyyətinin ciddiliyi, tərpənişinin mədəniliyi dilə-dişə düşdü, rayon təşkilatları eşitdi və onun rayon mərkəzinə gəlməyə dəvət elədilər.
   
   Sahib gəldi rayon mərkəzinə. Bu yaxşıdı. Ancaq ən yaxşısı onda olardı ki,bu poliklinika elə Sahibin doğulduğu kənddə olaydı. Bu kəndə gələydilər, indiki kimi müxtəlif rayonlardan- Astaradan, Əli Bayramlıya qədər. Bu bir dost arzusu idi.
   
   Əvvəllər düşünərdim ki, axı, nədi bu sənət? İndinin özündə də hərdənbir ona deyirəm: "Əcəb iş tapmısan- diş həkimi- stomatoloq". Ancaq,görünür bu sözlərin arxasındakı məsuliyyəti gərək işin içində olasan ki,biləsən. Yadıma unudulmaz şairimiz Rəsul Rzanın bir misrası düşürdü: "Ürəyimdə diş ağrısı var".
   
   AMMA BİRDƏN NƏ BAŞ VERDİ:
   
   (bir başqa yazımdan)
   
   "Bilirsən doktor İmanov, sənin bu vaxtsız ölümündə mən özüm də bir az baxtsızlığımı görürəm və mən bunu ürəkdən deyirəm: Məni Salyanda tanıyan ziyalı və adam çox azdı. Lap deyək ki, adi bir jurnalist kimi. Ancaq sən məni çox sevirdin. Çox hörmət eləyirdin mənə. Bu da mənə yer eləyir ki, niyə mənim bəxtim yoxdu. Bəxtim yoxdu ki, ömrümün ən gözəl çağında ürəkdən ağız aça biləcəyim və məni ürəkdən sevən bir dostumu itirirəm. Mən ona yanıram ki, bizim tərəflərdə məni sevən bir gözəl ziyalı azaldı.
   
    Sən mənim tanıdığım adamlar arasında ən gözəl və ən ehtiyatlı maşın sürən bir adam idin. Bəs necə oldu ki, doktor İmanov, məhz elə sən bu zəhrimar maşının qurbanı oldun?
   
   Bilirsən həkim Sahib! Doktor İmanov! Səndən öyrənməli şeylər çox idi. Çox idi deyirəm, ona görə ki,səndən öyrənə biləcəyimiz şeyləri özünlə apardın. Və açığını deyim ki, səndən mən ən çox öz balalarını sevməyi və öz həyat yoldaşına ən az hörmət eləməyi öyrənmişdim. Onlarsız sən heç yerə getmirdin, doktor İmanov. Və tale elə gətirdi ki, öz həyat yoldaşınla və qohumlarınla birgə qəzaya uğradın. Bu qəzanın ən dəhşətli anı səndən yan keçmədi, doktor İmanov!
   
   ANA TƏRƏFİ:
   
   Ana Əminə xanım: mənim uzaqdan müşahidələrimə əsasən bir xanım əfəndi, Atanın başındakı bu faciədən sonra üç uşaq ilə necə deyərlər ortalıqda qalan ( amma, insafən hər iki tərəfdən qohumların əməyini danmayaq) bu insan özü də həmin faciə günlərində o maşında olsa, ALLAH ONU DOKTOR SAHİBİN GƏNC YAŞINDA ELƏDİYİ YAXŞILIQLARA BAĞIŞLAYARAQ AYAQDA SAXLADI və Əminə xanım Salyandan heç yerə getmədi, Sahibin tikib-qurduğu evdən həmişə işıq- səs ucalsın deyə, qalan ömrünü da məhz bu evdə yaşamağa davam etdi və davam edərək tez itirdiyi həyat yoldaşının nəfəsini də buralardan əksik eləmədi.
   
   Mən bu yazını yazıramsa, demək toyda danışmamışam və dediyim kimi, çox böyük hörmət etdiyim insanları bu toyda gördüyümdən, həqiqətən sevinsəm də, bir az da sıxılırdım: sıxılırdım ona görə ki, Əminə xanım demişkən,Sahibin dostlarından çoxu qalmayıb. Mən hələ vardım, Allaha şükür və bu yazını da yazmaq üçün Allah mənə hələlik imkan da verir və ( bu yazını çap eləyəcək qəzetin yaradıcılarına da minnətdaram) bütün bunlara baxmayaraq, bu gözəl toyda məni sevindirən maraqlı məqamların da olduğunu dana bilmərəm.
   
   Əmisi Hacı Beydulanın xeyir-duası , nəslin ağsaqqallarından biri Əjdər Ağayevin çox gözəl nitqi, Sahibin doktor yoldaşı Qarayevin təbriki və bir çox başqa məqamlar insanı sevindirirdi.
   
   Daha iki məqamı deməyi borc bilirəm: birincisi gəlin və bəyin gəlişindən sonra doktor Sahibin vaxtilə çəkilmiş bir rulonunun və ömrünün müxtəlif mərhələlərindən çəkilmiş fotoların göstərilişi toydakı insanları qəmləndirir və sevinc içində bir kədərin gücünü hiss etməmək mümkün deyildi.
   
   İkinci mənim yaddaşıma həkk olunan məqam isə, ATV-nin tanınmış tele- aparıcısı və sənətşünaslıq doktoru ELÇİN ƏLİBƏYLİ məni monitorda gördükdən sonra stolumuza yaxınlaşıb xüsusi olaraq görüşməsi həqiqətən gecənin unudulmaz məqamlarından biri oldu və onun dediyi sözlərin səmimiliyi içimə otururdu, ona görə ki,çox isti sözlər deyirdi və deyəsən heç içməmişdi də.
   
   Lap, içmiş olsun, nə olar...
   
   Və beləcə sevinclə kədərin mayasından yaranan bir yazının-çıxışın sonuna gəldik.
   
   Allah kimlərəsə gözəl natiqliq( amma vallah,hər halda o düyündə danışa bilərdim,saat doqquzda stolumuzda məndən başqa kimsə olmadığını görüb, təkləndiyim üçün çıxmalı oldum), kimlərəsə yazı yazmaq. Hansı daha mühümdü bilmək zordur.
   
   ***
   
   Not: Əziz oxucular, bu gözəl məqam araya girdiyindən "SARI GƏLİN" mahnısı haqqında yazımız önümüzdəki həftədən davam edəcək.

TƏQVİM / ARXİV