adalet.az header logo
  • Bakı 19°C

XOCALIDA BiR GECƏ...

TOFİQ ABDİN
22153 | 2012-02-25 08:29
Türkiyədə ən nüfuzlu qəzetlərdən biri olan "YENİASYA",(internet saytı www.yeniasya.com.tr bizdə bir çox məqamlarda NURÇULAR adıyla tənqid olunan bir ortamın üstünlük verdiyi,amma heç də qaraguruhçu olmayan bir qəzet) nufuzlu qəzetlərdən biri hesab olunur.Türkiyədə yaşadığım illərdə bu qəzetdə uzun zaman yazılarım çap olundu və bu qəzetin əməkdaşlarını hələ də sayqıyla yad edirəm.Və onların da bizim məmləkətə simpatiyasını bilirdim.Həmən zamanlarda mən HOCALI hadisəsi ilə bağlı bir səhifə çap etdirmişdim.Sonra daha bir yazı yayınlatdım.Bunu xüsusi olaraq vurğulamaq istəyirəm: Mən bilən "XOCALI SOYQIRIMI" İFADƏSİ 1993-CÜ İLDƏ İLK DƏFƏ MƏNİM YAZIMDA TÜRK MƏTBUATINDA GÖRÜNMÜŞDÜR.
   
   Tarixin dərsləri unudulursa tarix həmən dərsləri yenidən yaşamağa məhkumdur. İnsanlarıyla birgə. Tarix dərs və ibrət alınaraq yaşanmalıdır məncə. Amma bəzən elə olur ki, tarixin dərsləri və ibrət alınacaq şeylər unutulmadan belə,bəzi şeyləri təkrar yaşamağa məcbur olunur. Bunun ən dəhşətli nümunəsi:
   
   XOCALI FACİƏSİ VƏ SOYQIRIMI
   
   
   
   Sabah Güneş öyle parlak doğacak ki
   
   Sanki gecə hiçbir felaket yaşanmamış gibi
   
   Ketlin Ferrier
   
   İngilis müğənnisi.
   
   Oxuduğu mahnıdan
   
   
   
   Dünyanı lərzəyə gətirən və ermənilərin iç üzünü dünyaya göstərən Xocalı faciəsi Azərbaycan torpağının bu ağılsız müharibədə aldığı ən unudulmaz yaralardan biridir.
   
   Xocalı soyqırımı unudulmaz hələm-hələm...
   
   Unudulmaz, qan yaddaşı olan millət tərəfindən...
   
   Tarix belə şeyləri yaşamışdır və insanlar da tarixlə birgə yaşamışdır belə şeyləri. Amma insanlar dərs almamışlar belə şeylərdən, belə faciələrdən ki, onu yenidən təkrar edirlər.
   
   Bu faciənin ağırlığını və acılığını bəzi türk qəzetləri dünyaya çatdıra bildilər o zaman.
   
   ... Mən bu sətirləri yazan zaman bu faciədən artıq bir xeyli vaxt keçirdi. Amma bu faciəni əks ətdirən bir foto var ki, hər gecə mənim yuxuma girir və hər gecə olmasa da, zaman-zaman onun acısını yenidən yaşayıram.
   
   Bu bir şair sözü deyil. Bu bir poetik cümlə də deyil. Bu acı bir həqiqətdir.
   
   Bu yaşanılmaz bir həqiqətdir.
   
   O fotoda əks olunan hadisə və onun altında yazılan sözlər bir millətin acizliyini və gücsüzlüyünü bir sənəd kimi əks etdirir.
   
   Mən o fotonu hər dəfə xatırlayanda arvadımın və uşaqlarımın üzünə dik baxa bilmirəm. Başım köksümə əyilir.
   
   Uşaqlarımın və arvadımın bu fotodan heç xəbəri də yoxdur bəlkə. Amma neyləyim ki, bu foto başımın üstündən bir Demoklis qılıncı kimi asılmışdır.
   
   
   
   TARİXÇƏSİ BELƏDİR BU FOTONUN:
   
   
   
   Moskvada çap olunan "Moskovski novosti" qəzetindəydi. Sanki jurnalist də, bu şəkli çəkən də qabaqcadan hazırlanmış bu soyqırımı bilirmiş.
   
   Bu rus jurnalist və bu fotonu çəkən fotomüxbir ermənilərlə birlikdə bir tanka minərək Xocalıya gəlmişlər.
   
   Jurnalist öz gözləriylə görmüş bu qırğını və anlatmış bu olanları :
   
   "4-5 nəfər əlləri arxadan bağlı olaraq torpağa çökdürülmüş. 4-5 əsgər də əllərində avtomatla onların başının üstünü kəsdirmişlər. Bu əsgərlər, əlləri bağlı adamların önündə xoruzlanan əsgərlər ermənilərdir. Namərdcəsinə gülürlər. Bu soyqırım, bu faciə gecə gec saatlarda olsa da,foto çox təmiz çəkilmiş və sanki bunu qəsdən belə montaj etmişlər və sanki bunu azəri türklərinə olan nifrətlərini ifadə eləməyin bir yolu olaraq düşünmüşlər, dünyaya duyurmaq üçün, dünyaya meydan oxumaq üçün.
   
   Fotoqrafın altında dəhşətli sözlər yazılmış. Eynən budur o sözlər:
   
   "BU ADAMLAR MƏHSƏTİ TÜRKLƏRİDİR. İNDİ BUNLAR KİMDİR? BU ADAMLAR ÜÇÜN BİR QAB BENZİN İSTƏDİK AZƏRİLƏRDƏN. AZƏRİLƏR VERMƏDİLƏR. BUNLAR BİR QAB BENZİN QƏDƏR DƏ QİYMƏTLİ DEYİL. "
   
   Bəli, beləcə yazılmışdı fotonun altında...
   
   Bu nifrət hardandır bu ermənilərdə?
   
   Əslində,kim tərəfindən deyilirsə deyilsin və söylənilirsə söylənilsin, bu sözlər insanlıq adına bir ləkədir.
   
   Yuxuma girər o foto...
   
   Qulaqlarımda səslənər o sözlər...
   
   Uşaqlarımın gözlərinin içinə baxa bilmirəm.
   
   Həmən o xoruzlanan ermənilər, rusların xəyanətinə sığınıb xoruzlanan erməni əsgərlər,bir az sonra əsir düşəndə dillərini bir qarış çıxarıb yalvaracaqlar və biri-birilərini satacaqlar.
   
   Bunları da biz televiziyalarda çox gördük. Bu müharibədə onlara kömək eləyən rusları da, satmağa qalxan ermənilər sadəcə kim olduqlarını göstərdilər dünyaya...
   
   Onlar insan deyil, bəlkə də bir "manqurtdurlar"...
   
   Ya elə,ya belə. XX yüz ilin sonlarında törədilən bu vəhşi faciənin iştirakçıları olan ermənilər bu azərilərə və bu türklərə nədən belə nifrət edirlər hələ də...
   
   Bu vəhşilik hardandır?
   
   ... Bir zamanlar çox böyük bir demokrat olaraq tanınan erməni yazıçısı Qrant Matevosyanın bir hekayəsi var. Bu hekayədə belə yazır, Qrant Matevosyan":bizim kənd bir türk kəndi ilə qonşu idi. Türk insanları bizim kəndə bal satmağa gələrdilər. Dədələrimiz türklərdən bal alardılar. Türk insanları getdikdən sonra dədələrimiz həmən balı əvvəlcə itə yedirirdilər, sonra biz yenə də qorxa-qorxa yeyirdik o balı. Əgər it ölməsəydi yeyərdik o balı... "
   
   Bu bir erməni yazarının fikridir. Bizim günlərin yazarının fikri.
   
   Bunu oxuyan erməni uşağı necə ola bilər, əcaba?
   
   Bir atalar sözünü xatırladım: "Gedər xəncər yarası, getməz söz yarası"...
   
   İzahata bir ehtiyac varmı?
   
   ... Yuxuma girər hər gecə o foto...
   
   Türkcəsi: "YeniAsya" qəzeti, 27 sentyabr, 1993.
   
   
   
   XOCALIYA GEDƏN YOL
   
   "QARA YANVAR"dan KEÇDİ
   
   
   
   1
   
   
   
   Bütün ömrümüzə dağıldı Yanvar
   
   Bütün ilimizə dağıldı Yanvar
   
   Yanvarın soyuğu əriyəmədi
   
   yayın istisində
   
   qızmarında da
   
   bütün qapıları bağladı Yanvar
   
   işə bax
   
   ağlaya bilməyən belə ağladı
   
   adam-adam gülüş əksildi dodaqlardan
   
   içindən ağlayan oldu
   
   özü göz yaşında boğulan oldu
   
   güllədən diksinib ölənlər oldu
   
   güllədən diksinib doğulan oldu
   
   azğın adamların gözündən çıxan
   
   azğın güllələr
   
   Yanvarın yağışı, qarı yerinə
   
   Yağdı, nə yağdı
   
   biçdi adamları
   
   güllələr daraq-daraqdı
   
   gecə yaralandı, il yaralandı
   
   Vətən yara aldı,el yara aldı.
   
   Haçansa, haçansa bitmişdi bu Ay
   
   yetmiş il illərin aralarında
   
   itmişdi bu Ay
   
   Bu Ayı görürdük
   
   oxşatmayırdıq
   
   onu bəxtimizdə aramayırdıq
   
   Yanvara ayların Hirsi dağıldı
   
   Ürəklərdə yara qaldı Yanvar adlı.
   
   Oğlum,qızım -
   
   bu dünyanın üzü belə getsə əyər
   
   biz də qalsaq yata-yata
   
   qorxuram ki,
   
   bu Yanvarın
   
   qan qoxulu isti ucu
   
   sizdən sonra gələnlərə gedib çata.
   
   
   
   2
   
   
   
   Bakıda Yanvar qırğınında
   
   Beynəlxalq aləmdə qadağan olunmuş
   
   5.45 kalibirli güllələrdən istifadə olunub.
   
   "Komsomolskaya Pravda" qəzetindən.
   
   
   
   
   
   neçə ildi yol gəlirmiş bu Güllə
   
   neçə dildə yol gəlirmiş bu Güllə.
   
   gündüzdən keçə-keçə
   
   gecədən keçə-keçə.
   
   cavandan keçə-keçə
   
   qocadan keçə-keçə
   
   sağalmayan yaraları tanış Güllə
   
   sağalmayan yaraları tanış lülə
   
   tuşlayan da tanışdı
   
   tuşlanan da tanışdı.
   
   bu Güllənin yarasıyla
   
   kimlər necə barışdı.
   
   Allahım,
   
   neçə ildi yol gəlirmiş bu Güllə
   
   atan qorxusundan sapsarı olub
   
   bu Güllə Allaha sarı olub.
   
   Allahından düşüb güllə
   
   bu Güllə cavan da deyil
   
   bu Güllə necə qarıyıb
   
   ürəklərdə batır səsi
   
   axı bizə tanış idi
   
   bu Güllə də, atan da
   
   Bir Allahım
   
   sənə görə inandıq
   
   bəs sən demə Allahsızmış atan da.
   
   bu Güllənin qara rəngi al qan oldu
   
   itdi azadlığın içində Güllə
   
   batdı azadlığın içində Güllə
   
   axtarsaq, axtarsaq tapmarıq onu
   
   gərək ki tapaq
   
   yoxsa inanıram nəvəm yazacaq
   
   neçə ildi yol gəlirmiş bu Güllə
   
   bu güllə də tanışdı
   
   o lülə də.
   
   bir milləti al qanına boyayan
   
   işıq donlu qara rəngli o Güllə də.
   
   tuşlayan da tanışdı.
   
   tuşlanan da.
   
   
   
   3
   
   
   
   qaranlıq gecə də bitən zəmiydik
   
   güllərlə biçilərək əyildik
   
   indi bənövşəyə oxşarımız var
   
   biz belə deyildik ,belə deyildik
   
   bu Yanvardan o yanası yoxdu kig
   
   
   
   isti - isti tökülən qan donmadı
   
   biz görmüşdük nə vaxt isə bu anı
   
   demişdilər,inanmışdıq anam hey
   
   bu inamla çöllər qana boyandı
   
   bu Yanvardan o yanası yoxdu kig
   
   
   
   unutmağı peşə bilən el varmı
   
   bayrağımla sarıdılar yaramı
   
   gizli-gizli saxlanılmış qatlarla
   
   gətirdilər bu günümü, varammı
   
   bu Yanvardan o yanası yoxdu kig
   
   
   
   mənim balam, nə düşmən ol,nə unut
   
   bu ağrını nə car elə, nə də ud.
   
   harda isə bu gün durub yenə də
   
   aldanma ki, sən Nəbisən,ya Qorqud
   
   bu Yanvardan o yanası yoxdu kig
   
   
   
   azadlığa gedən yolda təkcəsən
   
   hap-gop ilə tovlanma gəl təkcə sən
   
   ölmək üçün hələ vaxt var,zaman var
   
   ölmək asan AZAD olsa bu vətən
   
   bu Yanvardan o yanası yoxdu kig
   
   
   
   Tofiq Abdin
   
   18.01.1991

TƏQVİM / ARXİV