adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

YENi LAYiHƏMiZ: ÖMRüMDƏKi iNSANLAR

TOFİQ ABDİN
17328 | 2011-12-31 07:06
Yola saldığım yetmiş yaş bəzi şeyləri anlatsa da,artıq yaşamağa davam edirəm.70 yaş az yaş deyil.Şükürlür olsun Allahıma, bu yetmiş ilin 69-nu sağlam və ağrısız başa vurduq və indi "incə bir yolun" başlanğıcından həyata davam edirəm.Bu yetmiş ilin ATA-ANA bölümünü hamı kimi yaşamışam. Bakı dünyamda bir çox hadisələr baş vermiş və mənim bu yetmiş yaşa çatmağımda,bu gün bu yazını yazmağımda çox böyük yardımçı insanlar olub. Geriyə baxandahəmin insanları bir daha xatırlamaq mənim üçün kədərli və çətin olsa da,deyim ki, həm də maraqlıdı.Bu insanların,bəzilərini itirsəm də, şairlər demişkən, onları yenə də canlı görürəm, bəziləri hələ də həyata davam edir və Allah onlara uzun ömür versin.BU YARADICI VƏ SIRADAN İNSANLAR haqqında düşünəndə çox zaman ən xoş məqamlar və anlar canımı isidir və həyata daha çox bağlanmalı oluram.Onların bəziləri mənim bədii yazılarımın adsız insanlarıdı,bəziləri haqqında əvvəllər də yazmışam və həmin yazılar da indi ayrı bir dad verir, bəziləri isə bu proyekti düşünəndə yaddaşımın alt qatından bir novruzgülü kimi boy verir.
   
   Bu insanlar kimlərdi?
   
   ƏN BÖYÜK KİTABIMIN SPONSORU
   
   
   
   Kitabım çıxıb,birini dostum Maarif Rəhimiyə verirəm. O da bir şirinlik verir. Keyfi sazdır axı. Soruşur: Bu kitab neçəyə başa gəlib? Deyirəm: Mən bu kitabın çapı üçün pul verməmişəm. Sağ olsun Vektor Beynəlxalq Elmi mərkəzi və onun şefi gözəl şair Elçin İskəndərzadə. O çap eləyib. Yenə də dirənir: Yox, məsələn, neçəyə başa gəlir bu kitab? Deyirəm: Məsələn filan manata. Deyir dostum Maarif: ƏŞİ, BUNU DEYƏYDİN ELƏ İSTANBULDAN QAYIDAN KİMİ ÇAP ELƏYƏYDİK DƏ...
   
   
   
   ***
   
   Son illərdə ədəbiyyatımız üçün çox maraqlı bir kitab yazan, görkəmli yazıçı Əkrəm Əylisli, "ƏYLİSDƏN ƏYLİSƏCƏN" əsərində içlər acısı ifadə edən yazılar boldu və o yazılardan birində yazar daha acı bir nöqtəyə toxunur və yazır: "Ömrümün azı 40 ilini yazı-pozuya həsr eləmişəm. Və söz yox istərdim ki, yazdıqlarımın hamısı haçansa kitab halında çap olunaydı: pyeslərim, ssenarilərim, tərcümələrim.
   
   Ancaq bu istəyin tezlikdə baş tuta biləcəyinə inanmıram.
   
   Mən bu kitabı- sağlığımda- son kitabım sayıram.
   
   Gələcək kitablarımın taleyini naşirlərinə,bir də övladlarıma həvalə edirəm. Və bu kitabın işıq üzü görməsinin iki baiskarı -xeyrxah iş adamı ƏLİBƏY EVSENƏ və dostum, profesor RİZVAN PAŞAYEVƏ dərin minnətdarlığımı bildirirəm".
   
   
   
   ***
   
   İçlər acısı ilə dolu olan bu sətirləri oxuduqda və bu sətirlərin acısının içindən çıxmadan bu kitabda daha başqa kədərli fikirlərlə birgə elə düşüncələr var ki,bu fikirlərlə tam təzad təşkil edir (haqlı düşüncələrdir o düşüncələr də). Və mən indi bu kitab haqqında yazı yazmaq niyyətində deyiləm. Kitab gözəl bir kitab və doğrusunu deyim ki, Əkrəm Əylislinin bədii əsərlərindən heç də geri qalmayan və bu günün ritmini və dəyərlərini içində yaşadan bir kitab.
   
   Bu ayrı bir tema.
   
   Mən bu yazını ÖMRÜMDƏKİ İNSANLARDAN BİRİ dostum QARA MAARİFƏ həsr eləmək düşüncəsindəyəm. ( Mənim Maarif adında İKİ DOSTUM var, şərti belə deyək -çünki "dostuq" deyə düşünsək də heç zaman bir-birimizə ərk eləyəcək dərəcədə yaxınlığımız yox-yəni məsələn: mən heç zaman bu Qarayanız Maarifə ərk eləyib deyə bilmərəm ki, maşınını ver bir Salyana baş çəkim və yaxud o biri Maarifə - Ağ Maarifə, deyə bilmərəm) Və mən bu Maarifləri ayıra bilmək üçün telefon kitabçamda və ağlımda bu bölgünü tapmışam.Və bu yazı ƏDƏBİYYATSEVƏR VƏ İŞ ADAMI, elə Ağ Maarifin də yəni şair Maarif Soltanın və mənim tanışım olan bir çox ədəbiyyat insanlarının da tanıdığı Qara Maarifə həsr eləmək niyyətindəyəm. Və bu ittihaf yazısının alt qatında bir UMU olduğunu da bəri başdan yazım ki, yazım daha rahat oxunsun. Amma bu umu baş tutan sevda deyil. Bunu da bəri başdan deyim. Çünki bir iki dəfə zarımışam yanında. (Bu yazıdan sonra Maarif yuxarıda yazdığım kimi böyük bir kitabıma sponsorluq edəcək).
   
   Və sakit vicdanla əlimi ürəyimin başına qoyub deyim ki,mən heç zaman insafdan qırağa şeylər istəməmişəm, istəyəndə də və hətta bu yazının içində və başlığında oxusanız da ki, burada bir umu var, bunu da mən içimin səsinə qulaq asaraq çox ciddi istəklə demirəm və ona görə ciddi istəklə demirəm ki, dostum Qara Maarif, yəni İŞ ADAMI Maarif (vallah, hələ bu yazını yazdığım anlarda belə onun familyasını bilmirəm, amma bəlkə də iyirmi-iyirmi beş ilin dostuyuq, tanışıyıq) mənim ürəyimdən keçən bir addımı atsa da, yəni günün birində mənim bir kitabıma sponsorluq etmək arzusunda (arzuya bax sevgilim) olsa belə bu kitabdan onun nə qazanacağını mən qətiyyən kəsdirə bilmirəm və mən də elə adamam ki, ona zərər vermək niyətindən çox uzağam və düşünürəmgvə düşünürəm: tamam, qardaşım bu adam mənim bu kitabıma sponsorluq etdi və bunun burda qazancı nə: çox məşhur adam da deyiləm ki, yazım: məsələn, bu kitaba sponsorluq eləyən iş adamı filankəsə minnətdaram və yaxud bu kitabda ona həsr etdiyim bir misra belə yox. O zaman nədən mən ondan bir şeylər umum, hə, siz necə düşünürsünüz?
   
   Təbii, bu geniş dünyamızda bunu da eləyənlər var, necə ki, indicə siz böyük yazıçı Əkrəm Əylislinin yazısını oxudunuz.
   
   Amma o Əkrəm Əylislidir, yoldaşlar!!!!!!!!
   
    Təbii, mən Əkrəm Əylisli ola bilmərəm və ədəbiyyat tarixində Əkrəm Əylisli olmaq və hətta onun qələminə ad kimi rastlamaq belə hər kişinin işi deyil. Amma bunu yazım ki, bu böyük yazar mənə verdiyi kitabda avtoqraf olaraq yazıb: istedadlı və iradəli gözəl-göycək Tofiq Abdin bəy əfəndilərinə. Əkrəm Əylisli (o məşhur imzası. 6.05.2003.)
   
   Təbii ki, bu sözlərin böyük bir yazar tərəfindən iki insan arasında yazıldığı məlum, amma nə dərəcədə doğru və səmimidir bunu bir Allah bilir, bir də onun özü. Amma yazı belədir.
   
   Mən isə çox-çox əvvəllər onun haqqında yazdığım bir yazını ele beləcə də başlamışdım : Əkrəm Əylisli məni heç zaman sevmədi, yəni bir ədəbiyyat adamı kimi sevmədi...
   
   İndi də bu fikirdəyəm və mənim onun şəxsini deyil (bu da var) onun yazılarını sevdiyimi, onun imzasını bir zamanlar rus mətbuatında göründüyü günlərdə onunla necə fəxr etdiyimi və (eyni zamanda Anar, Fikrət Qoca, Elçin, Rüstəm, Maqsud və sairələri kimi) bir fakt olaraq danmıram.
   
   Mənim dostum Qara Maarif (küsməsin məndən bu yazının sonunda familyasını soruşub yazaram, təbii olsun deyə belə yazaq) bu günə qədər əlinə qələm alıb heç bir redaksiyaya bir məktub da yazmayıb mən bilən, amma ədəbiyyat adamlarının yaradıcılığından xəbəri var və gözəl-göyçək uşaqları da ədəbiyyat meylli olmasa da, ədəbiyyata və sənətə hər kəs qədər meyillidirlər, elə Maarifin özü (bundan sonra Qara Maarif düşünün) də ədəbiyyat insanı olmaq istəmiş, şeir və roman yazarı kimi yox,məhz ədəbiyyatı sevən və onun savadlı oxucusu olmaq kimi bir şey çəkib aparmış və bunu mən dəqiq deyə bilmərəm ki, bu işdə mənim bir təsirim olub ya olmayıb, yoxsa Maarifin özünün bu ədəbiyyat adamlarına bir ekzotik tip kimi baxması öncül rol oynayıb, bir çoxlarında bu da var təbii. Amma ədəbiyyat adamlarıyla oturub-duranda, mübahisələrdə və söhbətlərdə heç də yad adam kimi danışmayıb, ədəbiyyat və bizim yazarlar haqqında ədalətsiz şeylər danışsa da ədalətli atmacaları da olub. Və bəzən bir az da irəli gedərək ədəbiyyatı araşdırmaq kimi bir niyyətini də gizlətməyib, bir oxucu kimi hər zaman onun tamını duymuş kimi danışıb və mən ona həmişə də diqqətlə qulaq asmağa çalışmışam... Baxmayaraq ki özünün mənim haqqımda bir sevimli olayını həmişə xatırlar və dostlara da şirin-şirin danışar...
   
   
   
   Olay bu...
   
   
   
   Şeirlərim bir jurnalada çap olunmuş illər öncəsi və mən böyük bir fəxrlə, vallah, gərək ki, belə olub, indi belə olmaz təbii, böyük bir fəxrlə bu jurnalı ona vermişəm ki, bəs bax, mən də şeir yazıram. Maarif də o zaman bir yataqxanada yaşayırdı, bir otaq içində dörd-beş nəfər və bir gün mən onlara ad gününə gedəndə əlimi yumaq üçün tualetə girdim (rəsmən adıyla yazaq ki,dadı-duzu qaçmasın) və gördüm ki, mənim şeirlərim çıxan o jurnal tualetdə.
   
   Sakitcə bir otaqlı o qonaq və yataq otağına keçdim, oturdum, amma düzünü deyim heç keyfimə də dəymədi. Bu imkansızlıqda daha nə ola bilərdi ki...
   
   Sonralar Maarif özü də bunu aparıb o imkansızlıqla bağlayacaq və deyəcək: amma oxumuşdum, vallah o yazıları və əlavə edəcək: orada başqa kitablar da vardı, özün gördün.
   
   Mən belə şeylərə məhəl qoyan birisi deyiləm.
   
   Heç şübhəsiz Maarifin də heç bir bəd fikri yox idi mənim "yaradıcılığım" haqqında.
   
   Hərdənbir görüşəndə bir az siyasətə baş vurmağı da var onun. Heç onsuz olarmı canım. Maarif indiki tutduğu vəzifəyə və işinə görə təbii ki, iqtidara daha çox meyilli və bir də onun gözü o, 90 hadisələrindən necə qorxubsa hələ də özünə gələ bilmir onların haqqında danışanda. Bu onun öz fikirləri və onun özünün haqqı. Sərbəst bir inşaat mühəndisi, müştərilərini tapır, binasını ucaldır, satırlar və yenidən başqa bir binanı başlayırlar.
   
   Həyat beləcə davam edir.
   
   Həyat beləcə davam edir, etməyinə, amma bu Maarif bunca dost və tanış olmağımıza baxmayaraq mənim çap olunduğum "525-ci" və "Ədalət" qəzetlərini oxumur. Demək mənim nə iş gördüyümdən də xəbərsizdir. Hələ "Qobustan" toplusunu demirəm.
   
   Amma, vallah, mən incimirəm. Oxusa nə dəyişəcək ki... Adamın vaxtı yox.
   
   Amma idman qəzetlərini oxuyur Maarif Rəhimi, mənim dostum Qara Maarif!!!!!!! Mənim ən böyük AH İSTANBUL. İSTANBUL... kitabımın sponsoru.

TƏQVİM / ARXİV