adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

YENi LAYiHƏMiZ: ÖMRüMDƏKi iNSANLAR

TOFİQ ABDİN
17575 | 2011-11-12 07:42
Yola saldığım yetmiş yaş bəzi şeyləri anlatsa da,artıq yaşamağa davam edirəm.70 yaş az yaş deyil.Şükürlür olsun Allahıma, bu yetmiş ilin 69-nu sağlam və ağrısız başa vurduq və indi "incə bir yolun" başlanğıcından həyata davam edirəm.Bu yetmiş ilin ATA-ANA bölümünü hamı kimi yaşamışam. Bakı dünyamda bir çox hadisələr baş vermiş və mənim bu yetmiş yaşa çatmağımda,bu gün bu yazını yazmağımda çox böyük yardımçı insanlar olub. Geriyə baxandahəmin insanları bir daha xatırlamaq mənim üçün kədərli və çətin olsa da,deyim ki, həm də maraqlıdı.Bu insanların,bəzilərini itirsəm də, şairlər demişkən, onları yenə də canlı görürəm, bəziləri hələ də həyata davam edir və Allah onlara uzun ömür versin.BU YARADICI VƏ SIRADAN İNSANLAR haqqında düşünəndə çox zaman ən xoş məqamlar və anlar canımı isidir və həyata daha çox bağlanmalı oluram.Onların bəziləri mənim bədii yazılarımın adsız insanlarıdı,bəziləri haqqında əvvəllər də yazmışam və həmin yazılar da indi ayrı bir dad verir, bəziləri isə bu proyekti düşünəndə yaddaşımın alt qatından bir novruzgülü kimi boy verir.
   
   Bu insanlar kimlərdi?
   
    Not : Bu bədii təqdimatdakı OTAQ YOLDAŞIM obrazıyala təsvir olunan və təbii ki, mənim həyatımda çox böyük yaxşılığı olan, adını yuxarıda açıqladığım ŞƏMİSTAN ƏLİYEV 60-cı illərin əvvəlində Bakı Kamvol Kombinatında mühəndis işləyən, sonralar Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda Dekan vəzifəsinə qədər yüksələn, Gürcüstan Respublikasının Dmanisi rayonundan olan bir ziyalı.
   
   Tanıyanlar mənimlə əlaqə saxlasın.
   
   Ayılanda otaq yoldaşımdan başqa bir nəfərin də çarpayıda oturduğunu gördüm. Səliqəli geyinmişdi. Başının tükü azca tökülmüşdü. Nə haqdasa söhbət eləyirdilər. Ara get-gedə qızışdı. Dost idilər. Bu oğlan ədəbiyyatçı idi. Müdafiə eləməyə hazırlaşırdı. Sonra mənimlə maraqlanmağa başladılar. Mən onların suallarına çox səliqəli cavab verirdim: dedim ki, şəhərdə heç kəsim yoxdur, oxumağa gəlmişəm, jurnalistika fakültəsinə. Əgər daxil ola bilməsəm, şəhərdə qalıb işləmək fikrindəyəm.
   
   Otaq yoldaşım sir-sifətindən mehriban adama oxşayırdı. Tərpənişindən və hərəkətlərindən qaş-qabaqlı görünən bu oğlan hansı fabrikdəsə işləyirdi. Həm də söhbətdən elə məlum oldu ki, hardasa qiyabi oxuyur. Söz verdi ki, işə düzəldə bilər. Mən onun bu mehribanlığı və yaxşılığı qarşısında nə eləyəcəyimi bilmədim. Düşündüm ki, yəqin hələ də başında rayon ab-havası var. Yoxsa nə işinə vardı, tanımadığı bir adamın qabağına düşsün, onu işə düzəltsin.
   
   Otaq yoldaşımın dostu jurnalist fakültəsinə girməyin çətin olduğunu dedi. Bunu bilirdim. Ancaq özümə çox güvənirdim. Orta məktəbi yaxşı bitirmişdim. Həm də qəzetlərdə kiçik yazılarım çap olunurdu. Ona görə də bir az arxayın idim. Qəbul qaydasına görə məqaləsi çap olunanlara üstünlük verilirdi. Ancaq sən demə, bu yazılı şərtlər boş şeymiş. Əsas məsələ yazılmayanlar imiş.
   
   Otaq yoldaşım ürək-dirək verirdi:
   
   - Nə olsun, bu il girə bilməsən, gələn il bəxtini sınayarsan. O qədər belə olur ki... Ancaq elə et ki, şəhərə uçota düşə biləsən. Əgər bir evdə uçota düşə bilsən, səni işə düzəltmək mənim boynuma. Elə buna görə də günü sabahdan elə ev axtar ki, orada səni uçota ala bilsinlər.
   
   İnstituta girə bilməsəm, mütləq işləməli idim. Çünki atamın mənə köməyi dəyməyəcəkdi. Məndən başqa evdə yeddi uşaq qalmışdı. Onları ancaq dolandıracaqdı.
   
   Otaq yoldaşımın belə mehriban danışmasından sevinsəm də, ev axtarmaq təklifi heç ürəyimdən olmadı. Bəlkə də o bunu mənim xatirimə deyirdi. Ancaq mənə elə gəldi ki, o tək qalmaq istəyir. Hər halda neçə il idi ki, şəhərdə idi. Ona görə də az-çox şəhərlilərin xasiyyətini götürmüşdü. Yəqin ki, yanına da gedib-gələn olacaqdı. Və şübhəsiz onlara mane ola bilərdim.
   
   
   
   5
   
   
   
   Evə gələn kimi otaq yoldaşımın ilk sualı bu oldu ki, yer tapa bildin?
   
   - Və düşündüm ki, bu adam məni başdan eləmək istəyir. İş-zad bəhanədir. Bir təhər, bir bəhanəylə məni özündən uzaqlaşdırır...
   
   Əgər bu oğlan məni işə düzəltməyə söz verməsəydi, ona bir neçə kəlmə söz deyərdim. Ancaq qorxurdum ki, xətrinə dəyər. Əlim hər yerdən üzülər. Eşitdiyimə görə şəhərdə iş tapmaq çətin idi.
   
   - Xətrinə dəyməsin. Elə başa düşmə ki, səninlə birgə qalmaq istəmirəm. Yox. Mən sənin üçün deyirəm. Onsuz da şəhərdə qalmaq fikrindəsən. Buna görə də mütləq işləməlisən.
   
   Mən sakitcə dedim ki, otaq tapa bildim. Ancaq bilmirəm, doğrudanmı uçota alacaq, ya yox. Söz verməyinə, söz verdi.
   
   "Otaq tapa bildim" kəlmələrini eşidəndə oğlanın sifəti avazıdı. Mən bu adamla qaldığım bir neçə gün ərzində onu belə görməmişdim. Həmişə qaş-qabaqlı olurdu. Çox az danışardı. Elə mən də evdə az-az tapılırdım. Səhər gedirdim. Axşam gəlirdim.
   
   - Hə, söz verirsə, deməli, imkanı var. Sən ürəyini sıxma. Nə vaxt istəsən gələrsən yanıma. Bax, utanma ha, işdir imtahan verə bilməsən, yanıma gəlməyi unutma.
   
   O harda işlədiyini dedi. Telefon nömrəsini də yazdı. Nə vaxt köçəcəyim barədə soruşmadı. Geyinib çıxanda:
   
   - Mən bu gün köçürəm. Evə gecmi qayıdacaqsınız?
   
   - Belə tez?
   
   - Neyləyim gəlib tutarlar. (Ancaq yarımzirzəmi, qaranlıq evdə məndən başqa heç kəs qalmazdı) Bir də ki, kişiyə söz vermişdim. Söz vermişdim ki, bu gün mütləq gələcəyəm. Yaxşı deyil.
   
   O mənim belə tez gedəcəyimi gözləmirdi. Özünü itirdi.
   
   - Yolunuzdan olmayın. O qədər də uzaq deyil. Qonşuyuq.
   
   - Hə, hə. Çox yaxşı. Onda tez-tez gələrsən. Nə qiymət alsan, mənə də xəbər verərsən.
   
   - Mütləq, gələcəyəm.
   
   
   
   6
   
   
   
   Mən kitabları çamadana yığıb, ev sahibi ilə görüşdüm. Otaq yoldaşımla birgə çıxdım. Heç kəs məndən heç nə soruşmadı. Nə üçün belə tez gedirəm? Hara gedirəm?
   
   Küçə boyu şəhərlilər, şəhərdə şəhərləşən rayonlular haqqında fikirləşdim. Onları günahlandırdım. Bəlkə də buna heç bir haqqım yox idi. Ancaq mənə elə gəldi ki, burada - şəhərdə adamların arasında yer tapmaq, iş tapmaq, ümumiyyətlə, adam olmaq çox çətindi. İllah da ki, heç kimin olmaya. İllah da ki, tək olasan.
   
   
   
   ***
   
   Şəhərə gəldiyim gün və bir həftə də sonra məni işə düzəltməyə söz verən oğlanın yanına getmədim. Əslinə qalsa onun yanına getmək istəmirdim.
   
   Ancaq sən demə, uçot olandan sonra belə işə düzəlmək müşkül məsələ imiş. Bir həftədə dəymədiyim zavod qalmadı. Hara getdimsə dedilər: yerimiz yoxdur. Ya da deyirdilər: bizdə sokkreşeniya gedir. Səni boynumuza niyə yük eləyək. Peşiman-peşiman evə qayıdırdım.
   
   Deməli, onun yanına getməliydim. Başqa əlacım yox idi.
   
   ... Məni bir o qədər də pis qarşılamadı. Kəsilib-kəsilməməyim barədə soruşmadı. Bunların hamısını mən bircə-bircə danışdım. Qəribəydi ki, o məni çox sakit dinlədi. Elə bil ki, elə hər şey beləcə olmalı imiş. Hər şeyi qabaqcadan bilirmiş. İnstituta girə bilməyəcəyimi də. Onun yanına gələcəyimi də. Ona görə də çox soyuqqanlı dinlədi və dedi:
   
   - Sabah zavoda gələrsən. Saat 9-da.
   
   Mən istədim deyəm ki, dünən orada olmuşam. Dedilər ki, yerimiz yoxdur. Ancaq gizlədim.
   
   Söhbətimiz bununla da bitdi. Daha heç bir şey soruşmadı. Mən də heç bir şey danışmaq həvəsində deyildim.
   
   Ondan ayrıldım. Və birdən məni vahimə götürdü. Bir neçə il bundan qabaq kəndimizdə qoca bir kişinin atama dediyi sözlər yadıma düşdü: a kişi, sənin bu oğlundan heç nə çıxmayacaq. Mən bilmirəm ki, o başqa yerdə necə işləyəcək?
   
   Canımı üşütmə aldı, bəlkə doğrudan da səhər işə düzəldim. Necə işləyəcəyəm? Barı heç olmasa yüngül iş olaydı. İşləyə bilməsəm, biabır olacağam. Onsuz da işə düzəlmək çox çətindir. Mütləq işləməliyəm. Lap ölsəm də işləməliyəm.
   
   Özümü direktorun otağında gördüm.
   
   -Oğul, sənin qohumun gör nə yaxşı adamdır, bizdən xahiş etdi. Xahiş etdi ki, səni işə götürək. Biz də onun xahişini nəzərə alıb, səni işə götürdük. Ancaq sex rəhbəri hər gün səndən şikayət edir.
   
   Mən heç nə deməyib, yazıq-yazıq direktorun otağından çıxıram. Qarşıdan həmin oğlanın gəldiyini görürəm. Məndən irəlidə gedən yekəpər bir qadının arxasında gizlənməyə çalışıram. Ancaq hiss edirəm ki, məni görür. Özünü görməməzliyə vurur. Üzünü yana çevirib kiminləsə söhbət edir. Mən də utandığımdan onların yanından sivişib keçirəm. Heç salam da vermirəm. Arxamca onun baxışlarını hiss edib addımlarımı yeyinləşdirirəm. Mən bütün bunlara, bütün bu hadisələrə dözürəm. Dözürəm ona görə ki, inanıram bunların sonu olacaq. Sonu olmalıdır.
   
   
   
   12
   
   
   
   Səhər bir saat da tez onun iş yerinə gəldim. Qapının ağzında durub gözləyirdim. Kimsə gəlir, balaca bir vərəqəni göstərir və keçirdi. Bəziləri arada bir dönüb mənə baxırlar. Bu baxışlardan qəribə bir rəhmdillik oxuyuram. Deyəsən görkəmimdə bir balaca qorxaqlıq nədənsə bir balaca çəkinmə var. Mən özümü o yerə qoymayıb aradabir gəzişir və oğlanın gələcəyini gözləyirəm. Vaxtından qabaq gəlmişəm. Baxıram, bu həmin dünənki kişidir. Mənə acıqlı-acıqlı dedi ki, u nas mesto net. Sonralar öyrəndim ki, həmin adam ermənidir.
   
   Dedi: net mesto. Elə acıqlı da dedi ki, mən təəccüb etdim. Mən ona qarşı heç bir kobudluq etməmişdim, ona heç bir şey deməmişdim. Bəs nə üçün o mənimlə belə danışırdı. Heç soruşmadı da nə iş istəyirəm, nə sənətin sahibiyəm. Elə: net mesto, - deyib qapını bağladı. Vəssalam. Bu gün onu bir daha görən kimi düşündüm, nə olaydı burada işə düzələydim.
   
   - Gəlmisən ki...
   
   Bu həmin oğlan idi.
   
   - Gedək içəri. Bax, hansı sex xoşuna gəlsə orada sənin üçün iş düzəldəcəyəm.
   
   Məndən soruşmadılar hara gedirəm? Niyə gedirəm? Onu burada hamı tanıyırdı. Yəqin ona görə də etibar edirdilər.
   
   Uzun dəhlizdə irəliləyə-irəliləyə böyük bir sexə girdik. Maşınların səsindən qulaq tutulurdu. Burada astadan danışmaq mümkün deyildi. Ona görə də qızlar da, oğlanlar da biri-birilərinə nəsə deyəndə elə qışqırırdılar ki, elə bil karla danışırdılar. Biz bütün sexləri dolandıq. Uzun-uzun maşınların arası ilə o biri sexə keçdik. Burada işləyənlərin çoxu qadınlar idi. Hərdən bir kişilər də gözə dəyirdi. Onlar heç bir işlə məşğul olmurdular. Əllərində açar özlərini divarın dibinə verib kimisi papiros çəkir, kimisi məzəli bir şey danışırdı. Bunu onların sir-sifətlərindən açıq-aydın hiss etmək olurdu. Qadınların çoxu da cavan qızlardır. Bu qızların çoxu buralı deyillər. Hardansa gəliblər. Adama elə gəlirdi bu böyük maşınlar da, bu adamlar da səs-küyün içərisində itib-batırlar. Düşündüm ki, bu səs-küy adamı kobudlaşdırar, yorar, adamın canını boğazına yığar. Bəlkə də burada işləyənlərin hamısı bu səs-küyə, bu taqqatuka çoxdan alışmışdılar. Heç hiss də eləmirdilər. Ancaq mənim qulaqlarım batırdı.
   
   Bütün sexləri gəzəndən sonra bir otağa girdik. Qapının üstündəki: "naçalnik" sözü gözümə dəydi. Bizim tərəflərdə də naçalnik vəzifələrdən ən başıdır. Onlar üçün "naçalnik" var, vəssalam.
   
   Otaq sex rəisinin idi. Ucaboy, qıvrım saç, əynində yaşıl nazik yay pencəyi olan bir oğlan bizi görən kimi - bizi yəni onu görən kimi ayağa qalxdı və canla-başla salamlaşdı. Sonra yerini həmin mənim gələn oğlana göstərdi. O, oturmadı. Elə ayaq üstə, tələsik:
   
   - Bu uşaq mənim qohumumdu. Xahiş edirəm sexində onu yüngül bir işə götürəsən.
   
   - Xahiş eləmək niyə, o da mənim gözüm üstə.
   
   - Elə özün onu işlə tanış et.
   
   Və getdi.

TƏQVİM / ARXİV