adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

YENi LAYiHƏMiZ: ÖMRüMDƏKi iNSANLAR

TOFİQ ABDİN
18183 | 2011-11-05 05:29
8-kilometr, Montin qəsəbəsindəki Tərcümə Mərkəzi və 525-ci qəzet aralarındakı "yetmiş il yubileyi" beləcə başa çatdı. "Böyük bir təntənə ilə" (Tofiq Abdin, daha o təntənələr yoxdu, məyər bu ölkədə yaşamırsan) qeyd olunan bu yetmiş yaş bəzi şeyləri anlatsa da,artıq yaşamağa davam edirəm.70 yaş az yaş deyil.Şükürlür olsun Allahıma, bu yetmiş ilin 69-nu sağlam və ağrısız başa vurduq və indi "incə bir yolun" başlanğıcından həyata davam edirəm.Bu yetmiş ilin ATA-ANA bölümünü hamı kimi yaşamışam. Bakı dünyamda bir çox hadisələr baş vermiş və mənim bu yetmiş yaşa çatmağımda,bu gün bu yazını yazmağımda çox böyük yardımçı insanlar olub. Geriyə bir nəzər salıb həmin insanları bir daha xatırlamaq mənim üçün kədərli və çətin olsa da,deyim ki, həm də maraqlıdı.Bu insanların,bəzilərini itirsəm də, şairlər demişkən onları yenə də canlı görürəm, bəziləri hələ də həyata davam edir və Allah onlara uzun ömür versin.Bu yaradıcı və sıradan insanlar haqqında düşünəndə çox zaman ən xoş məqamlar və anlar canımı isidir və həyata daha çox bağlanmalı oluram.Onların bəziləri haqqında əvvəllər də yazmışam və həmin yazılar da indi ayrı bir dad verir,bəziləri isə bu proyekti düşünəndə yaddaşımın alt qatından bir novruzgülü kimi boy verir.
   
   Bu insanlar kimlərdir?
   
   Başlayıram ANARdan!!!!!!!!!!!!
   
   
   
    MÜXTƏLİF ZAMANLARDA YAZDIĞIM YAZILARDA ANAR
   
   
   
   Heç nəyi şişirtmirəm...Masamın üstündə "525-ci qəzet"in ilk sayısının çıxmasına aid bir qəzet var. Birinci səhifəsində bir şəkil...Redaksiyanın həmən gün orda olan, bəlkə də elə bütün əməkdaşlarının şəkli bir yerdə olan bir foto...Fotodan gənclər baxırlar...Hərəsi bir qələm sahibi...Gözəl bir foto...
   
   O zaman biz belə bir foto da çəkdirə bilmədik... Biz neçə nəfər idik ki... Belə bir foto çəkdirməyi də düşünək: vur-tut, lap əvvəllər başlayanda dörd nəfər: Anar müəllim (baş redaktor), Vidadi Paşayev (məsul katib), Yusif Əliyəv (rəssamlıq, memarlıq, nəzəriyyə şöbəsi müdiri) və mən... (Teatr, kino, musiqi şöbə müdiri)
   
   Beləydi, vallah...
   
   Belə bir "dəstəylə" başladıq işə...
   
   Başladıq 1968-ci ilin son aylarında...
   
   İlk nömrəmiz çıxdı 1969-cu ilin ortalarında...
   
   
   
   USTAD RƏSUL RZANIN BAĞINDA TƏQDİMAT MƏRASİMİ
   
   
   
   İlk nömrəmiz çıxdı və... Böyük şairimiz Rəsul Rza ilk nömrəmizin çıxması münasibətiylə bizə bir qonaqlıq verdi... Ozaman mən bir az tanımırdım oraları. Deyəsən Şüvalandakı bağında... Mərdəkanı keçdik gedəndə...
   
   Vidadi Paşayev, Yusif Əliyev, bizə təzə işə gələn fotoqrafçı Tofiq Xanməmdov və mən...Kimi unutdum, Allahım! Azər Abdulla vardı deyəsən!
   
   Və təbii ki... Anar müəllim...Və bu qonaqlıqda Rəsul Rza Ustadın bağ qonşusu böyük və unudulmaz yazarımız Ənvər Məmədxanlı...
   
   Rəsul Ustad o zaman xəstə idi...Rəsul Ustadın "döyüldüyü" günlər idi o günlər və mənə elə gəlirdi ki, bu qonaqlıq da bir bəhanə idi...Rəsul Ustad heç şübhəsiz bütün ağrılarını unutmaq üçün oğlunun və bizim zəhmətimizlə başa gələn yeni bir toplunun işıq üzü görməsiylə bir təsəlli yaşayırdı...
   
   Hər birimizi ayrı-ayrılıqda bir çox yerlərdə görsə də ( MƏN O ZAMAN ENSİKLOPEDİYADAN GƏLDİM "QOBUSTAN"A VƏ RƏSUL USTAD MƏNİ ORADAN UZAQDAN-UZAĞA TANIYIRDI,ÇÜNKİ MƏN O ZAMAN ENSİKLOPEDİYADA MİNİNCİ DƏRƏCƏLİ BİR İŞÇİ OLSAM DA, ARAMIZDA HEÇ VAXT UNUDULMAYAN İKİ EPİZOD OLMUŞDU.ORA GİRMƏYİM DƏ BİR TARİXDİR RƏSUL USTADLA MƏNİM ARAMDA...BUNU BİR ÇOX DOSTLAR BİLİR) daha yaxından tanış olmaq istəyirdi ki, görüm mənim oğlum kimlərlə çalışır və kimdi bular...
   
   Rəsul Rza son dərəcə incə bir adam idi və otuz yeddinci ilin dəhşətlərini görmüş bir ziyalı idi və oğlunun da elə belə, yoldan keçən kimsələrlə işləyəcəyini istəməzdi məncə.Dediyim kimi bizi uzaqdan tanısa da, daha yaxından kim olduğumuzu görmək də istəmiş bəlkə də...
   
   Haqqı da vardı...
   
   
   
   ETİRAF
   
   
   
   Sonralar, lap sonralar Anar müəllim etiraf edəcək: "Mənim çox az etibarlı dostum oldu...Mən həmişə yaxınlarımdan zərbə gördüm"- deyəcək mənim İstanbulda kirayəçi yaşadığım qürbətdəki evdə...
   
   Deyəcək bunları...
   
   Həyat yoldaşı Zemfira xanım da eşidəcək bu etirafı...
   
   Mənim həyat yoldaşım Gülnaz xanım da...
   
   İndi düşünmək bir az asan gələr. Rəsul Ustadın o zamankı həyəcanını yalnız indi başa düşmək daha asandı, ona görə ki,Anar Azərbaycan mətbuat tarixində yeni bir səhifə açırdı və mətbuat tarixində bu vaxta qədər görünməmiş bir işin altına girmişdi ki,rəngli şəkillər də daxil (buna ruscada vısokiy peçat deyilir) rəngli səhifələr və QURAMA deyilən bir bölüm var idi ki, bunlar həqiqətən mətbuat və çap tariximizdə əvəzsiz şeylər idi. Və ən vacibi belə bir toplunun çap olunma icazəsini almaq və onu Azərbaycan xalqının malı etmək həqiqətən Rəsul Ustad kimi bir ziyalının işi di ki,Van Qoqun "Günəbaxanları" rəsminin adı olan bir şeirinə görə onu topa tuturdular və ya "Barmaqların dil açır, qızım" misrasına görə gecəsini, gündüzünü haram eləyirdilər. Və açıq deyirəm, yalnız belə düşüncənin sahibi bilərdi ki, bu toplu nə qədər lazımdı bizim millətə...
   
   Bu gün Azərbaycan mətbuat tarixində bu jurnalın yeri varsa və bu gün hər hansı bir şəxsi mətbuat bu toplunu xatırlayıb haqqında bir yazı yazılmasını istəyirsə, demək o jurnal bir iş görmüşdür (amma, mən hələ də o fikirədəyəm ki,o jurnal heç zaman həqiqi haqqını almadı və onu çıxaranlar da eləcə.Bunu başa düşmək üçün Azərbaycan jurnalistika tarixinin dünəninə göz atmaq kifayətdi.)
   
   Və bir də düşünürəm ki, Anar müəllimdən başqa kim olursa olsun, o toplusu beləcə əhatəli,beləcə dünya sənətini özündə ehtiva edən bir toplunu çıxarmağa gücü çatmazdı.
   
   Anar müəllim çox zəngin ( düşüncə və tərbiyə anlamında) bir milli Azərbaycan ailəsində böyümüş ki,bunu biz hamımız bilirik.
   
   Sovet sənətinin çikini-bikini bilən elə bir ailədə böyümüşdü ki,mən deyək ki,Səməd Vurğunun şəklini kitablarda görəndə, o Səməd Vurğunla görüşmək imkanına malik olmuşdu və Sovet elitasının bir çox adamları ilə qabaq-qənşər olmuşdu.( Bu fikirdə Vaqif Səmədoğlunun haqqı və təsiri var).
   
   
   
   QOBUSTANLI günlər
   
   
   
   Anar müəllim elə bir ailədə böyümüşdü ki, atası Rəsul Ustad cəmiyyətdən çox irəli getmiş bir adam idi və Van Qoq, Qoqen, Matis,Çarli Çaplin,Meri Pikford,Stakovski nə bilim daha kimlər haqqında ya atasından eşitdiklərindən ya da evlərindəki kitablardan dərs almışdı ki, dünya incəsənətini elə atası kimi, daha sonralar isə atasından daha yaxşı bilirdi və bildiyini verməyi qısqanmırdı.
   
   Bütün bunlar çox böyük şərtlərdi. Bunları deməməyə haqqım yox. Bu şeyləri bilən Rəsul Ustadın və onun oğlu Anarın başı da ağrımaya biməzdi,çünki hər kəs özündən yaxşı şeyləri bilən adamı düşmən bilir və ondan öyrənməklə yox, onu burunlamaqla irəli çıxmaq istəyirdi ki, bunun tam əksinə, Anar müəllim o toplunun o zamankı sahibi və Baş Redaktoru olaraq bütün bildiyini bizə verirdi və "xalqa verin"- deyirdi...
   
   Mənim bildiyim qədəri Anar çox sıxıntı çəkən (maddi baxımdan) bir ailədə böyüməyib.Ən azından heç olmasa yeməyə çörəyi olub,geyməyə paltarı.Bu jurnal yarananda da səhv etmirəmsə, Anar müəllimin çox gözəl bir işi vardı.O zaman Anar müəllim Azərbaycan radiosunda işləyirdi və o günlər üçün bir çox maraqlı verilişlərə imza atırdı ki,onlardan bir çoxu bəlkə indi də yaşamaqdadı.Ən azından adları yaşayır məncə. Buna görə də Anar müəllimin iş sıxıntısı da yox idi. Amma Rəsul Ustad bir ziyalı kimi tarixdə qalmağın ən gözəl nə olduğunu bilirdi və Anar bütün yazıçılığı və bütün əhatəli sənəti xaricində daha bir şeyə imza atırdı.Yeni bir jurnal yaranırdı və bu jurnal Azərbaycan mətbuatı tarixində yeni bir şey olmalıydı.
   
   Oldumu, olmadımı.Bu sual açıqdı hər zaman...
   
    Təkrar edirəm: mənim şəxsən bu jurnalın yaranma prosesindən heç bir xəbərim yoxdur və mən bu jurnala gəlməzdən qabaq Rəsul Ustadın başı bəlalar çəkdiyi və ömründən ömür kəsdiyi Ensiklopediyada kiçik bir vəzifədə çalışırdım (Anar müəllim bizi bağa dəvət edib Rəsul Ustadla tanış eləyəndə Rəsul Ustad gözlərinə inanmadı, çünki o zamana qədər onunla mənim aramda elə qəribə şey olmuşdu ki, bunu anlatmaq bizim yazımızın xaricində olduğu üçün, burada anlatmıram və sanki bir az gülümsənərək, aman Allah, bu cüvəllağı hardan gəlib çıxdı bura deyirdi) və Anar müəlim o zaman radiyoda idi və mən də rəhmətlik,yazı-pozu işində son dərəcə sofu və ifrat dəqiq olan Vidadi Paşayevlə birlikdə bir veriliş hazırlayırdıq,daha doğrusu, mən hazırlayırdım, amma onun da adı gedirdi verilişdə, çünki redaktoru o idi və mən də həmişə olduğu kimi sərbəst yazdığım üçün efirə gedə bilməyəcək şeyləri o baltalamışdı, yəni sahmana salmışdı. Bu veriliş aktyor Sidqi Ruhulla haqqında bir veriliş idi ki, mənim taleyimdə mühüm rol oynayaraq, "QOBUSTANI"LI günləri gətirdi.

TƏQVİM / ARXİV