adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

YENi LAYiHƏMiZ: ÖMRüMDƏKi iNSANLAR

TOFİQ ABDİN
17128 | 2011-10-22 07:07
8-kilometr, Montin qəsəbəsindəki Tərcümə Mərkəzi və 525-ci qəzet aralarındakı "yetmiş il yubileyi" beləcə başa çatdı. "Böyük bir təntənə ilə" (Tofiq Abdin, daha o təntənələr yoxdu, məyər bu ölkədə yaşamırsan) qeyd olunan bu yetmiş yaş bəzi şeyləri anlatsa da,artıq yaşamağa davam edirəm.70 yaş az yaş deyil.Şükürlür olsun Allahıma, bu yetmiş ilin 69-nu sağlam və ağrısız başa vurduq və indi "incə bir yolun" başlanğıcından həyata davam edirəm.Bu yetmiş ilin ATA-ANA bölümünü hamı kimi yaşamışam. Bakı dünyamda bir çox hadisələr baş vermiş və mənim bu yetmiş yaşa çatmağımda,bu gün bu yazını yazmağımda çox böyük yardımçı insanlar olub. Geriyə bir nəzər salıb həmin insanları bir daha xatırlamaq mənim üçün kədərli və çətin olsa da,deyim ki, həm də maraqlıdı.Bu insanların,bəzilərini itirsəm də, şairlər demişkən onları yenə də canlı görürəm, bəziləri hələ də həyata davam edir və Allah onlara uzun ömür versin.Bu yaradıcı və sıradan insanlar haqqında düşünəndə çox zaman ən xoş məqamlar və anlar canımı isidir və həyata daha çox bağlanmalı oluram.Onların bəziləri haqqında əvvəllər də yazmışam və həmin yazılar da indi ayrı bir dad verir,bəziləri isə bu proyekti düşünəndə yaddaşımın alt qatından bir novruzgülü kimi boy verir.
   
   Bu insanlar kimlərdir?
   
   Başlayıram ANARdan!!!!!!!!!!!!
   
   UZAQLARDA ANARI DÜŞÜNMƏK
   
   
   
   İqtisadi böhran içində olan bir ortamda Bakıdan İstanbula və ya İstanbuldan Bakıya telefon açıb danışmağın nə olduğunu,hər dəqiqənin neçəyə başa gəldiyini məncə bir çoxu bilir və belə bir vəziyyətdə bir neçə il öncə yazar Azər Abdulla Bakıdan mənə telefon açıb Anar müəllim haqqında bəlkə bir şey yazasan deyəndə, bütün bu ağırlığı unudub o saat rəhmətlik Vidadi Məmmədovu xatırladım. Çox-çox illər qabaq hələ gənclik illərimizdə ölümü tez-tez xatırlar və deyərdik bir-birimizə: görəsən hansımız hansımız haqqında xatirə və ya bir şeylər yazacaq.
   
   Bunu xatırladım və öz-özümə düşünməyə başladım: insanın ömrünün ən çətin anları və illəri məncə əlli-altmış yaşdan sonra başlayır.Xüsusilə bu ömür o insanlar üçün daha çətin olur ki,onlar bir zamanın az tanınmış və zaman keçdikdən sonra daha çox tanınan və sevilən,hörmət edilən,xatırı tutulan (təbii ki,nisbətdə deyilir bu sözlər,yəni mənim üçün belə ola bilər,başqası üçün olmaya bilər) insanlarla təmasda olub,onlarla birlikdə işləyib onlarla oturub-durub.
   
   Bu anlamda tale belə bir şansı mənə də verib.Amma bu şans yaxşıdımı,pisdimi bunu bilmək o qədər də çətin deyil,çünki mənə görə bu da bir cəzadır ki,çəkməlisən.
   
   Yəni bir çoxları düşünə bilər ki,qardaşım girişmə bu işə, səni zorlayan yoxdu ki... Amma belə deyil. Elə insanlar var ki,onlar sənə müraciət eləyəndə pis- yaxşı sən bu işi görməyə məcbursan.Azər də mənim üçün belə adamlardandı, çünki Azər mənim bir çox tərəfimi bilir və mən onun bu müraciətinə cavab verməsəm özümü günahkar biləcəm.Xüsusilə də elə İNSAN elə SƏNƏTKAR,elə YAZIÇI, elə ziyalı haqqında müraciət eləyirdi ki, özü də bilirdi bunu yazmaq çətindi və sonuna qədər həqiqəti yazmaq daha çətindi.
   
   Diqqət: mənim bu düşüncələrim bundan sonra dostlarım və tanışlarım haqqında yazacağım, təbii ki, mənə müraciət olunanda yazacağım bütün yazılara aiddir.
   
   Anar müəllimlə şəxsi tanışlığımız 1968-ci illərə dayanır. Əvvəlcə Atası BÖYÜK ŞAİRİMİZ VƏ USTADIMIZ RƏSUL RZAYLA birlikdə işləmişəm, lap kiçik bir vəzifədə olsa da nə fərqi var,işləmişəm demək,sonra da özüylə 1969-cu ildən ta ki,1993-cü ilə qədər, yəni İstanbula gedənə qədər birlikdə onun yaratdığı və baş redaktorluğunu elədiyi "Qobustan" sənət dərgisində,toplusunda, necə deyərlər, fasiləsiz işləmişəm.
   
   Yəni mənim başqa bir yerdə işlədiyim olub ki... Fəhləlikdən bir başa mətbuata gəlmişəm və bu da Rəsul Rza nəsliylə bağlıdı.
   
   Bu baxımdan belə bir böyük şansın içərisində bir böyük şanssızlıq da var düşünürəm. Bu şanssızlıq bir çoxları ilə razılaşmayaraq mənim Anar haqqında çox zaman müsbət fikirdə,yəni yüzdə doxsan yaxşı fikirdə olmağımdı ki,hətta İstanbulda da belə bu mənim yaxamdan əl çəkmədi və İstanbulda da çox zaman mən onun haqqında eşitdiyim haqsız fikirlərə qarşı oldum və bunun da haqqını çox zaman əsəblərimlə ödədim.
   
   Təbii, bu acılar tamam başqa bir mövzudur.
   
   Buna görə də düşünürəm ki, mən ən çox hansı Anar haqqında yaza bilərəm?
   
   Bu adam YAZIÇIDIR və mənim şəxsən çox sevdiyim YAZIÇIDIR.Yazı uslubunu və yazdıqlarının hamısını bəyəndiyim SƏNƏTKARDIR.
   
   Anar səhv etmirəmsə Azərbaycan ədəbiyyatında Mirzə Cəlil kimi bir YAZIÇIDI VƏ ZİYALIDI: yazdığı "Molla Nəsrəddin-66" adlı əvəzsiz əsəriylə və yaratdığı, uzun illər baş redaktorluğunu apardığı "Qobustan" sənət dərgisiylə.
   
   Anar mənim ən çox sevdiyim ziyalıdır və bütün gözəl və seçilən ziyalıların ömrünün müəyyən anlarında incitdiyi və küsdürdüyü adamlar olduğu kimi, təbii Anar müəllimin də incitdiyi və küsdürdüyü adamlar olub yəqin...
   
   Əgər düşünsək ki, dünyanın bütün böyük adamları ömrünün müəyyən anlarında ya bilərkədən, ya bilməyərəkdən yanlış işlər görüblərsə və bu yanlış işlər onlara bağışlanırsa mən Anar haqqında da belə düşünürəm...
   
   Anar çox həssas adamdı, yazıçılığından başqa insan kimi həssas adamdı, yəni biraz dəymədüşərdi,tez küsəndi,inciyəndi.
   
   Haqqı da var.
   
   Anar bizim bu çox da böyük olmayan məmləkətimizin sənət dünyasında Üzeyir bəydir.
   
   Anarı adamlar çox sevirlər, amma mənə elə gəlir ki,Anar elə bilib ki,onu sevmirlər, bəlkə də ona görə küsəyəndi.Allaha dua eləyirəm ki, Anar mənim bu fikirlərimi pis bir niyyət kimi qəbul etməsin... Ən azından ona görə ki, mən əvvəlcə onun atasının əlindən, sonra da onun əlindən həyatımı qazanmışam, nəinki həyatımı qazanmışam, hətta ev sahibi olmuşam, maşın sahibi olumşam və ədəbiyyatda bu gün adım çəkilirsə bu da onların hesabınadı. İstedad-mistedad boş şeydi.
   
   Fərqi yoxdur.Mən Anarı çox sevirəm.Bu da bəlkə bir şeyi ifadə eləmir.Onun şöhrətinə bir şey əlavə eləmir. Amma o zaman Bakıya gəlişlərimin birində sevimli Maarif Soltan mənə deyəndə ki, bilirsənmi Tofiq, mən səni çox sevirəm, inanın telefonu asıb ağladım.
   
   İndi bu sətirləri yazanda da eyni vəziyyətdəyəm.Burada qəribliyin də bir az qatqısı vardı. Bir Allah bilir, Anarın bir Allahı və bir mən olan yerdə onun haqqında kimsə ağzıpozuq danışa bilməyib,danışıbsa da cavabını alıb.
   
   Mən atam Məhərrəm kişidən çox sevmişəm və sevirəm onu.(Eşidirəm, kimsə boynumun ardında durub nankor deyir, eşidirəm,qoy desin, "anlamaq dərdi yaman şeydi".)
   
   Atam məni dünyaya gətirib.
   
   Anar mənim dünyadakı yerimi bəlirləyib.
   
   Anar kimi ziyalılar olmasaydı bir Göyçaylının bir Salyanlıyla (və üstəlik də heç bir arxası olmayan) nə işi vardı ki... özü də familyaların meydan oxuduğu bir illərdə...
   
   Bu yazını İstanbulda yazmışdım.Və Anarı ilk gördüyümü xatırlamaq istəyirəm. Və xatırlayıram. Bakıya xəstəxanada yatan atamın yanına gətirmişdilər məni. Kitab pasajının yanından keçəndə bəyaz rəngi yuyulmaqdan solmuş (vallah mənə elə gəldi) plaşda birisi çıxdı qarşıma. Tələsik addımlarla, sanki qaça-qaça keçdi yanımdan və mən o zamana qədər onun şəklini görmüşdüm, o zaman düşündüm ki, bu Anar ola bilər. O zaman Rəsul Rzanın da evinin heç burada olduğunu da bilmirdim.
   
   Bu məncə əllinci illərdən az sonra idi...
   
   O bəyaz rəngi solmuş plaşdakı Anar indi də gözümün önündədir.İşə bax, həmin o bəyaz rəngi bəlkə də yuyulmaqdan solmuş,vallah bilmirəm, plaş sonralar lap sonralar Anar haqqında tamam başqa bir mizahın yaranmasına səbəb olacaq.
   
   "Biz hamımız ( şəxsən mən özümü düşünürəm) o PLAŞDAN çıxmadıqmı?"
   
   İstanbul fevral 1998
   
   
   
   ***
   
   Mövzuya əlavə not: Bu yazı yenidən çapa hazırlandığı günlərdə Anar müəüllim Türk dünyası yazarları arasında İLİN ƏDƏBİYAT ADAMI seçildi.Cani dildən təbrik edir,uzun sağlam ömür və yaradıcılıq uğurları arzu edirəm.

TƏQVİM / ARXİV