adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

YETMiŞDƏN SONRAKI HƏYATA ALIŞMAQ

TOFİQ ABDİN
29412 | 2011-10-08 07:35
QISA BİR GİRİŞ
   
   
   
   Yetmişdən sonrakı yazı tərzimi və həyatımı dəyişmək istəyirəm.Bəlkə də istəyirəm demək yanlışdı, mən buna məcburam.Daha saatlarla bilgisayarın qarşısında oturub səkkiz vəya doqquz min işarət yazı yazmaq vərdişi məni sıxır və artıq Danüzü də yuxudan dura bilmirəm və buna görə də düşünürəm ki,bir nəfəsə bir səhifəlik yazılar məsələsinə daha ciddi yanşıb, xırda-xırda, balaca-balaca yarım başlıqla ifadələnən yazılar yazım.Bununla da ömrün qalan hissəsini aldadım. Və üstəlik də həqiqətən, uzun şeylər yazmaq və onu da təzədən oxuyub səhvləri düzəltmək çox vaxt tələb edir, çox vaxt da məndə var, amma hövsələm qalmayıb,hövsələm.
   
   Ən qorxulusu odu ki, artıq dosta-tanışa, yaxına-uzağa gileylənməyə də icazə vermirlər və bu da məni lap sıxır.İnsanın bir yeri ağrıyanda dərdini kiməsə danışmaq istər, amma elə ki,ağzımı açıb bir kəlmə demək istəyirəm, dostlar-tanışlar bilir ki, artıq sərhədi keçmişəm, o saatca da deyirlər : QARDAŞIM, QOCALMISAN DƏ...
   
   
   
   QARDAŞIM,
   
   QOCALMISAN DƏ...
   
   
   
   Məsələnin ən zülüm yeri də bundan başlayır.Bilmirəm neyləyim. Düşünürəmm ki,axı nə deyim, nə yazım? Bütün bunlar həqiqətən olan şeydir, amma yenə də kimə müraciət edim qardaşım, mənə yardım etsin! Ömürümün qalan hissəsini lal kimi yaşayım, daha heç danışmayımmı? Nə sevincdən danışmaq olur, nə də dərddən.Nə imiş ilahi, bu yaşlanmaq, nəymiş!!! Mən həmişə bundan qorxmuşam,bax bu yaşlanmaqdan
   
   Bir dəfə sevimli Rəşad Məcidin çox hörmətli, çox ziyalı və əfəndi atası olan ( Rəşad Məcid bir az ona çəkib hərəkətlərində) Müseyib əfəndi ilə telefonda danışanda mən yaşlanmaqdan gileylənincə çox gözəl və mənə görə çox hikmətli bir söz dedi: Yox,-dedi, Tofiq müəllim, yox! Yaşlanmaq gözəl şeydi, yaşlanmaq o qədər gözəl bir şeydi ki,Allah onu hər kəsə qismət eləmir.
   
   Çox gözəl və alicənab bir fikirdi təbii...
   
   Şükür ilahi, sənin kəramətinə. Hələ də bu dünyada belə gözəl və əfəndi insanlar yaşamaqdadı.Təbii mənə görə.
   
   Odu-budu mən Müseyib əfəndinin bu hikmətamiz sözlərini hər zaman məclislərdə söyləyirəm və təsəlli alıb keyf eləyirəm.
   
   Mən hələ bu arada olan insanların dediklərini qulaq ardına da verə bilərəm, amma ən böyük qorxu və məncə faciə odu ki, ailənin yanında "bir yerim ağrıyır" sözü dilinə gələn kimi,deyələr: a bala, nə istəyirsən qocalmısan də... Sən hələ də elə bilirsən ki, on il-on beş qabaqkı Tofiqsən.
   
   Qınamıram onları, mən həqiqətən on il, on beş il bundan qabaqkı Tofiq deyiləm, amma həm də qınayıram onları ona görə ki,mənim yanımda ola-ola, mənim bir vaxt çap etdirdiyim şeirimdən xəbərsizdilər. Hansı şeirdən?Bax bu şeirdən:
   
   
   
   mən on il əvvəlki
   
   Tofiq deyiləm
   
   heç beş il əvvəlki
   
   Tofiq deyiləm
   
   çıxıb davalardan,
   
   çıxıb savaşdan
   
   qalıb havalara bağlı
   
   bu ömür
   
   onun necəliyi
   
   buluddan gəlir
   
   Allaha, insana
   
   ümiddən gəlir
   
   mən başdan-ayağa
   
   qəmli gileyəm
   
   aldı öz içinə qorxular məni
   
   qorxutdu qorxulu
   
   yuxular məni
   
   bu qorxular
   
   biri dünən vardı axı
   
   bu gün yox
   
   bu qorxular içində
   
   cəsarətim
   
   çilik-çilik qırıq ox
   
   
   
   mən on il əvvəlki
   
   Tofiq deyiləm
   
   heç beş il əvvəlki
   
   Tofiq deyiləm
   
   gəlib dayanmışam
   
   bir ah içində
   
   quş kimi çırpınnam
   
   günah içində
   
   sevmək cəsarəti
   
   sıfırın altda
   
   sevilməksə ondan
   
   bir aşağı
   
   sabah duaları
   
   dilimdə şəkər
   
   axşam duaları
   
   sabahı çəkər
   
   titrək yarpaq kimi
   
   içim əsməkdə
   
   bu yaşda,
   
   bu gündə bu əsarətdə
   
   yenə də olanlar
   
   məni üzməkdə
   
   
   
   mən on il əvvəlki
   
   Tofiq deyiləm
   
   heç beş il əvvəlki
   
   Tofiq deyiləm
   
   bəzən çiçəklər də
   
   incidir məni
   
   yazıq böcəklər də
   
   incidir məni
   
   nəymiş bu dünyanın
   
   bilinməz yeri
   
   bu halla, bu günlə,
   
   bu ağrılarla
   
   yeri tofiq abdin geriyə yeri
   
   yeriyə bilsən
   
   niyə gəlmişdin ki
   
   niyə bezmisən
   
   dünya elə buymuş
   
   dözüb yaşa sən
   
   
   
   AH BU
   
   RƏŞAD MƏCİD...
   
   
   
   Bu Rəşad Məcid ki var ha, son zamanlar onun mənə yaman yaxşlıqları keçir.Təbii ki, əsası o deyil ki,mən onun qəzetinə yazı yazırım və o da mənə çox sayğı ilə yanaşır.Vallah açıqlamağa qorxuram bu sayğının özətini, amma özündən soruşub yazaram sonra.Məsələn onun çox böyük çabası və qayğısı nəticəsində mənə Əməkdar Mədəniyyət işçisi ( bu işçi sözünü bir şeylə dəyişsəydilər daha hörmətli olardı məncə, Əməkdar İncəsənət xadimi varsa,nədən Mədəniyyət xadimi olmasın ) verdilər. (Yazıçlar İttifaqının xəttiylə yox ha... məhz Mətbuat Şurasının təqdimatı ilə. 40 ildi Yazıçılar İttifaqının üzviyəm, mənim ordan heç bir umacağım olmayıb, bu illər ərzində ordan üç otaq verilib,onu da Anar müəllimin təşəbbüsü və çabasıyla,məhz çabasıyla "Qobustan" toplusunda işləyəndə yenə döə məhz həmin evi mənə Anar müəllim alıb.Bu ev məsələsinin gözəl bir tarixcəsi var).
   
   Yazımı buradaca saxlamağa məcburam.Çünki yenə də bir ildi müalicə olunduğum qadasın aldığım nevrzoluq ( xalq dilində əsəb pozuqluğu məncə ) içimi isitməyə başladı.
   
   
   
   YAZININ
   
   SƏHƏRİSİ GÜNÜ
   
   
   
   Əvət, bu dəfə də Rəşad bəy dedi ki, bəlkə Yazarlar Birliyində sənin Yetmiş yaşını qeyd eləyək.Bunu sevimli Rəşad müəllim deyir və üstəlik də əlavə eləyir ki, bəs mən Yazarlar Birliyinin aylıq yubileylər(!!!!!!!!!!!!!!!!!!!, əlvida ey gözəl və təntənəli yubiley gecələri,bundan sonra heç kəs inciməz daha) və yaş mərasimləri siyasına baxdım,gördüm ki, sənin adın sentyabrda doğulanların arasında içində yoxdu.Sonra tənbəllik etməyib ölənlərin siyahisinə baxdım, gördüm ki, ölənlərin içində də sənin adın yoxdu.Sonra vərəqi çevirdim, gördüm ki, bəs sənin adın Oktyabr ayında doğulanların siyahisində gedib, yəni mən sən demə Oktyabr ayının 1-də doğulmuşam.Doğrudur mənim doğum tarixim mənim özümə də bəlli deyil, yəni mən Sentyabr ayının birini də özümdən uydurmuşam.O zaman komsomola keçəndə, bizim rayonun komsomol komtəsinin katibi cənab Sahib Sayılov idi, bəli... bəli... həmin cənab Sayılov ki, sonradan 13 il cəza evində qaldı,çıxdı və indi gözəl kitablar yazır,onun familyadaşı Əlirza Sayılov da bala-bala çap eləyir.Katib Sayılov məndən soruşdu ki, bala, sənin anadan olma tarixində ay yoxdur, bəs neyləyək? Dedim : yazın Sentyabrın biri.Və beləcə mən Sentyabrın birində doğulmuşam.Qırx ildi mənim doğum tarixim Yazarlar Birliyinin bütün sənədlərində Sentyabrın biri ola-ola, birdən Oktyabrın biri hardan çıxıb bunu bir türlü anlaya bilmədim.Bəlkə Rəşad bəy zarafat elədi mənimlə, amma o çox dəqiq ziyalıdı, səhv eləməz,özü də Yazıçılar Birliyinin adı keçən yerdə.
   
   
   
   YUSİF RZAYEV HƏLƏ DƏ YAZIR...
   
   
   
   Bir çox xüsusiyyətləriylə,bizlərdə deyirlər bir suyu rəhmətlik Vidadi Məmmədova çəkən "525-ci qəzet"in baş redaktor müavini Yusif Rzayevi tanıdığım gündən, hər dəfə bir yerdə oturanda,yəni beş il, ya on il olar bilmirəm, həmişə deyirdi ki, bax abi, vallah sənin yetmişində bir yazı yazacam.Şedevr olacaq.
   
   Bu "şedevr olacaq" sözünü mən bir az şişirdilmiş hesab edirdim.Çünki mənim həyat və necə deyərlər yaradıcılığım bu şedevr şey yazmağa imkan yaratmır.Bu mənim şəxsi fikrim,bəlkə Yusif üçün mən bir kiməmsə, o zaman o haqlıdı. Bunlar hamısı bir yana Yusif müəllim bəlkə yüz dəfə dedi, bax abi yenə də deyirəm: sənin yetmiş yaşın olanda bir yazı yazacam...
   
   Bunu deyəsən altmış beşdən başladı deməyə.
   
   Və bir gün yavaş-yavaş yetmişə doğru yol aldım və Yusif yenə də dediyini dedi. Mən sakitcə qulaq asırdım və onun həqiqətən gücülü qələmi oluduğunu bilirdim və olmasaydı onun haqqında vaxtilə yazmazdım : "Yusif Rzayev bizim qəzetçilikdə imzası olan bir yaradıcı olub və var. Olub ona görə deyirəm ki,mən bu işlərdən xəbər tutmamışam, çünki o elə bir zaman kəsiyidir ki, hətda dövlət qəzetlərində yaxşı bir vəzifədə çalışa-çalışa mənim onun gördüyü işlərdən xəbərim olmayıb.Bu bir əksiklik olmaya da bilər mənim üçün : o zamanlarda mən bu dövlətin heç sevmədiyi bir insan idim və buna görə də onun qəzetlərini də oxumurdum, həm də az-maz mənə qarşı olan sevgidən içimdə bir ağayanılıq,bir dirəniş vardı ki, mən Yusif kimi çox gözəl bir publisisti və çox gözəl bir qəzetçini tanımamışam.Baxın, mənim çox sevdiyim, qələm dostum,Yusifin həmkarı Qalib Toğrul, onun haqqında bəzən o qədər gözəl sözlər deyir ki, mən bu sözlərin çox səmimi olduğuna da inanırdım və inandığım üçün də Yusifi qətiyyən qısqanmıram.Qalib bəy sözə ekonomik yanaşan,dəyər verən yazar, çünki özü ekonomist fakültəni bitirib ki, mənim bu insanlara böyük bir hörmətim var.Türkiyənin bir çox böyük yazar və şairi məhz bu fakülətədən məzun olublar ki,bu da onlara daha çox fikir və daha az söz işlətməkdə və xüsusiylə SÖZ OYUNU ETMƏMƏKDƏ yardımçı olub.Və bu anlamda Qalib Toğrulun da Yusif bəy haqqında dediklərini çox ciddi qəbul edirəm və Qalib bəy deyir ki, Yusif bizim çağdaş, demokratik, azadlığa çıxan qəzetçiliyimizin Zərdabisidir.
   
   Mən bunu ürəkdən qəbul edirəm.Ona görə ki, bunun ardınca o bir çox şeyləri sadalayır və həqiqətən dövlət qəzətlərində işləyəsən, islahatlar aparasan, bunu da qəbul etdirəsən, bu az iş deyil".
   
   Baxın belə bir qəzetçinin mənim haqqımda yazmasına mən pis baxa bilərdimmi?
   
   Bəli, yenə də yetmişə lap yaxınlaşan bir zamanda sevimli Rəşad Məcid bir çay süfrəsi ərəfəsində üzünü yoldaş Rzayevə tutdu : bəlkə sən də bir şey yazasan.
   
   O da çox nadir qımışmasıyla nə hə dedi, nə yox, amma bir neçə gün sonra yenə də dedi: vallah, bir yazı yazacam, kimsə sənin haqqında o yazını yazmayacaq.
   
   Mən bu fikrin "kimsə yazmayacaq" hissəsinə inansam da, onun bu işi eləcəyinə inanmırdım. Mən dedim axı, o bütün komponentlərylə eynən rəhmətlik Vidadi Məmmədov kimiydi və Allah bizim Yusifə uzun ömrün versin.
   
   Və nəhayət bir gün yenə də dedi: bax, yazı üçün ad da tapmışam.BUZ HEYKƏL.
   
   Yenə də düşündüm: yazı olmayacaq təbii,amma neyçin BUZ HEYKƏL?!
   
   Bunu Yusif bəy özü bilir.Deyəsən Yusif məni unudulmaz yazıçımız Ənvər Məmmədxanlı ilə dəyişik salır.
   
   Buna inanmıram.
   
   Amma ona inanıram ki,Yusif Rzayev o yazını yazacaq.
   
   Mütləq yazacaq.

TƏQVİM / ARXİV