adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Kitayski qayıqla ...

SAMİRƏ ƏŞRƏF
50155 | 2014-03-01 00:59
On beş dəqiqəlik yolu yoldakı çala-çuxurların, quyuların üstündən atlana-atlana yarım saata bir təhər gəlib evə çıxıram. Dəhlizdəki güzgünün qarşısından keçəndə gözüm özümə sataşır. Gələndə yağışdan qorunmaq üçün açıb başıma bağladığım şərf və səliqəsiz saç düzümü ilə doxsanıncı illərin modabaz qadınlarına bənzəyirəm. Lap yadıma "Yaşıl eynəkli adam" tamaşasındakı qorxaq kişinin qadını rolunu canlandıran aktrisa düşür. Sonra yollarda hoppanmağıma səbəb olan yağışın yaratdığı gölməçələrdən islanan ayaqqabıma, üst-başıma baxıb doxsanıncı illəri də, onun qadınlarını da unuduram.
Köşə haqqında fikirləşərək otağa keçib televizoru açıram. Bugünkü mövzunu həşəmətli kanallarımızın səhər verilişlərinə və onun yaraşıqlı aparıcılarına həsr etmək istəyirəm. Amma onların xoşbəxtlik yağan baxışları ilə mənim islanmış corablarım əks mütənasiblik yaratdığından bu dəfə onlardan vaz keçirəm. İstəyirəm özümü, sözümü hər dəfə yağanda bizi iliklərimizə qədər isladan yağışlara kökləyim.
Ola bilər ki, səhər siz bu yazını oxuyanda gün çıxacaq, quşlar cəh-cəh vurub yazın gəlişindən xəbər verəcək. Yəni bugünkü günün ab-havasını sizə çatdıra bilməyəcək. Amma olsun. Üzü iyula qədər hələ çox yağışlar yağacaq, küçələrimizdə çoxlu gölməçələr əmələ gələcək. Hətta yaz yağışları bu qədər çox yağmağa davam etsə, həmin gölməçələr o qədər böyüyəcək ki, bir də görəcəyik yolun bu tərəfindən o tərəfinə keçmək üçün Kitaydan xüsusi qayıqlar gətirdiblər. Tutaq ki, bir nəfər üçün gediş haqqı az yağışlı havalarda iyirmi qəpik, leysanlı günlərdə əlli qəpik. Bəli, bizim igid insanlarımız kitayski qayıqlardan da pul qazanmağı yaxşı bacararlar.
Zatən bizim millətin qazancı elə Kitaydan çıxır. Bir dəfə bir qonşu qadınla ucuz geyimlər haqqında mübahisə edirim. Mən özümü çoxbilmiş kimi göstərib ordan gətirilən ayaqqabıların, geyimlərin, bəzək əşyalarının sağlamlığa vurduğu fəsadlardan danışırdım. Qadın mənə qulaq asıb axırda dedi: Hamısı boş söhbətdi. Kitayski paltarlar olmasa, millət çılpaq qalar. Yarım saatlıq sağlamlıq haqqında humanistcəsinə apardığım mühazirəmi qadın bircə cümlə ilə məhv etmişdi.
O gündən sonra avtobusda, metroda, toyxanada, heyvanxada insanların geyiminə diqqət etməyə başladım. Gördüm qonşu qadın yerdən göyə qədər haqlı imiş.
Bəli, zəif keyfiyyətli, ucuz Kitay geyimləri, ayaqqabıları ilə nəinki müharibə aparmaq, heç bir saatlıq yağışlı havada hindiski rəqs etmək də olmaz.
Əgər çox yox cəmi iki saat yağış yağdısa, vəssalam. Deməli, sənin həmin günün zəqquna dönəcək. Paltarların islanacaq, ucuz kleylənmiş ayaqqabılarının ucları yağış suyuna susayacaq, əldəqayırma çətirin yüngül əsən küləkdən sınmış ağac budağını xatırladacaq. Çünki ölkənin yolları bərbad və faciəvi gündədi. Üzü Hövsandan gəzə-gəzə gəlsəniz görəcəksiniz ki, ta Müşfiqabada, Sənqəçala kimi yağışlı havada hər tərəfdən palçıq axır.
Bu yaxınlarda yaşadığım ərazidə dib-dəhnəli qazıntı işləri aparılırdı. Birlik olub düz bir ay qazılmış quyuların, çala-çuxurların ətrafından fırlanıb keçdik. Sonra məlum oldu ki, bütün bu qazma işləri yeni istilik sistemlərinin yeraltı çəkilişi üçündü. Əhali bir xeyli sevindi. Yaşlılar sovet dövrünün nostalgiyasına qapıldı. Həm də işıq pulu, qaz pulunun göz bərəldən çeklərindən qurtaracağı günün yaxınlaşmasına sevindilər. Buna görə hamı canını dişinə tutub qazılmış nəhəng çuxurların başına fırlanmağa davam edərək on dəqiqəlik yolu bir saatlıq edib mənzil başına çatdılar.
Borular çəkildikdən sonra üstləri torpaqla örtüldü. Elə ertəsi günü leysan yağışlar başladı. Yollara çıxanda bir də baxdım ki, hərə bir gölməçənin, bir bataqlığın içərisində özü üçün vurnuxur. Sizdən nə gizlədim. Öz tuflimin topuğu da qopub qaldı elə həmin bataqlıqlardan ən qatısının içərisində. İndi də həmin yolu keçəndə gözüm tuflimin topuğunu axtarır.
Bu işi görənlər isə nədənsə anlamaq istəmirlər ki, istilik sistemini çəkərkən dağıdıb tökdükləri asfaltı sonradan bərpa etmək lazımdı, nəinki allahın ümidinə qoymaq.
İldə bir dəfə qar yağanda bir ölüm zülümlə gətirib yollara səpələdikləri sarı torpaq vallah elə sonradan da kley kimi sarı palçığa çevrilib camaatı pərişan edir. Bu işə səlahiyyətli olan şəxslər başa düşmürlər ki, qarlı yollara palçıq yox, duz səpmək lazımdı. Çünki, duz əriyib yoxa yalana çıxır. Amma torpaq yox.
Bunun üçün də əziz oxucu qeyri-sabit hava şəraitində yaxşı olar ki, evdən bayıra çıxma. Ya iş yerinizə zəng vurub nənədən, babadan kiminsə o dünyaya səfər etdiyini deyin, ya da ki, oturub kitayski qayıqların gətirilməsini gözləyin. Məncə, ikinci variant daha ağlabatandır. Çünki, gec-tez bu baş verəcək. Səbirli olun.

Samirə Mirəşrəf

TƏQVİM / ARXİV