Ürəyimin havası

ƏBÜLFƏT MƏDƏTOĞLU
46196 | 2014-02-28 23:55
Özümə yer tapa bilmirəm. Hara baxıram, nəyə əl uzadıram hər şey səni xatırladır. Və indi dərk edirəm ki, insan çevrəsiylə, doğmasıyla, dostlarıyla güclü, dözümlü olurmuş. Mən get-gedə gücümü də, dözümümü də türk qardaşlarımız demiş, kayp edirəm. Görünür, buna hazır olmaq, bunu gözləmək lazım imiş. Mən isə heç nəyə hazır deyiləm bu dünyada. Bir növ Allahın umuduna yaşayıram. Bu heç də əqidəsizlik, yolsuzluq, laqeydlik, lap kobud desəm, səfillik demək deyilg
Yolum da, inamım da, məramım da, hətta ürəyimdən milyon dəfələrlə böyük sevgim də var. Və mən bütün bunları özüm bildiyim kimi, heç nəyin hesabını sormada, heç kimin qarşısına sual qoymadan eləcə yaşayıram, eləcə daşıyıram, ta bu günə kimi. Bundan sonra da nə qədər yol qalır, nə qədər dolanbaclar var... onu isə bilmirəm. Hətta bilmək istəsəm də, onu mənə kimsə deməz. Axı dünya, insan, varlıq, bir sözlə, sirli olanlar maraqlı olur. Böyük Bəxtiyar Vahabzadə demiş:

İnsan göydə Ay kimidir,
Görünməyən tərəfi var!


Bəli, bütün tərəflər görünsə, onda daha nəyin sorağında olacağıq ki? Hər şey göz qarşısında - bax, gör, bacardığın qiyməti ver və yaxud da baxma, görmə, heç qiymət də vermə. O da öz işində olsun, sən də. Amma bir son var də! Həmin o sonda istəsən də, istəməsən də sən təslim olursan. Böyük Səməd Vurğun demişkən:

Bir də görürsən ki, açılan solur,
Düşünən bir beyin, bir torpaq olur -
Bir yandan boşalır, bir yandan dolur
Sirrini verməyir sirdaşa dünya,
Biz gəldi gedərik, sən yaşa dünya...

Hə, bax, bütün bu dediklərim, bu yazdıqlarım heç də son günlərdə ağlıma gəlməyib, son günlərdə yaşamamışam bunları. Elə bil tarix təkrar olunduğu kimi, hər böyük itkidən, hər əbədi ayrılıqdan sonra mən bu hissləri yenidən yaşayıram. Və söz adamlarının sevimlilərindən biri olan rəhmətlik Vidadi Məmmədovun bir fikri həmin an yadıma düşür. Rəhmətlik Vidadi qəbiristanlığın yanından keçib gedəndə dostuna deyib:
- Xəbərin var, bizi get-gedə qəbiristanlıq daha çox özünə çəkir...
Yanındakı dostu da təəccüblə onun üzünə baxır və Vidadi fikrini tamamlayır:
- Çünki ordakı dostlarımızın sayı get-gedə burdakıları üstələyir...
Hə, bax, deməli, dostlar adamı yavaş-yavaş səsləyir. Axı dost dosta tən olmalıdı. Biz də bu tənin, bu bütövlüyün yolunda addımlayırıq, ta o bütövlüyə qovuşana qədər gedəcəyik...
Özümə yer tapa bilmədiyim bu günlərdə ürəyimin sıxıntısı da artıb... Elə bil ürəyimin havası qurtarıb, tükənib. Sudan çıxmış balıq kimi için-için tövşüyürəm. Sınıtımı, havasızlığımı var-gəl etməklə, başımı hansısa bir işə qatmaqla ovutmağa çalışıram, amma mümkün olmur. Bu da bir qüsurdu və yaxud da xəstəlikdi, onu da deyə bilmərəm. Sadəcə, bir onu tam şəikldə dərk edirəm ki, ürəyimin havası çatmır və mən də bu havasızlıqdan, bu çatışmazlığın içərisində qələmin, kağızın etibarına güvənirəm. Düşündüklərimi, hisslərimi misralara hopdururam. Doğrudur, o misraların hamısı ağrıyla, nisgillə o qədər qol-boyun olublar ki, hərdən misralara da yazığım gəlir. Axı onlar da canlıdılar, onlara da bu qədər qəm yükləmək insafsızlıqdı.

Qəmdən dəmkeş olmuşam,
Dəmdən incimə, gülüm...
Məni qəm aparacaq -
Qəmdən incimə, gülüm!

Həyat öz axarını
İlkini, axırını
İsladıb fağırını -
Nəmdən incimə, gülüm!

Gün saraldıb ülfətin
Artırıb dərd külfətin...
Hamısı Əbülfətin -
Cəmdən incimə, gülüm!



***
Elə yazılar, elə mövzular var ki, onları yazanda ömür payına əl qatmalısan. Cibindəki bıçağı götürüb "uf" demədən həmin hissəni, o payı kəsib qoymalısan bir kənara, artıq o sənin olmayacaq. Sən billə-bilə, dərk edə-edə könüllü şəkildə həmin o yazıya, o mövzuya görə o paydan, o hisslərdən imtina edirsən. Bunu özünlə ürəyin, bir də Allahın bildiyi, şahidlik etdiyi və notariat qaydaya ehtiyac olmadan həyata keçirirsən. Çünki ən böyük şahid, ən böyük yaradan özü içinə, ürəyinə bu mövzunu, bu yazını toxum kimi səpir. Və sən də o cücərən hər nədisə onu cümləyə, misraya çevirirsən. Bir növ əkinçilik edirsən... Ürəyini şümlayırsan, içinə axan göz yaşlarınla suvarırsan, gözünün işığında böyüdürsən və barmaqlarının ucunda söz, cümlə, misra edirsən...
Bax, belə bir durumda bəzən öz-özümə sual verirəm. Özü də bir dəfə yox, hər itkidən. Hər ayrılıqdan sonra bu sualı özümə ünvanlayıb cavabını eşitmək istəyirəm:
- Gedənin qayıtmayacağını, ayrılığın əbədi olduğunu bilə-bilə nədən bu qədər üzülür, bu qədər sarsıntılar keçiririk. Axı baş verən ayrılıq bütün insanlığın həyat normasının son səhifəsidi. Kimi üçün o səhifələr qalın trilogiya kitablarına, kimin üçünsə on-on beş şeirin çap olunduğu məktəblinin sinif dəftəri kimi nəzərdə tutulub. On-on beş səhifə - ömür bitir... Cild-cild üst-üstə kitablar - ömür bitir...
Budur əvvəl və sonun məsafəsi. Amma bu məsafənin nə uzunluğu, nə səhifənin sayı sonda həcmə, çəkiyə, lap elə saya görə öz qiymətini almır. Qiymət yaşanan, yaşadılan və yaşanacaq səhifələrə görədi. Bilmirəm hardasa oxumuşam və yaxud müdrik adamlardan eşitmişəm...
Əgər səhv edirəmsə, oxuculardan üzr diləyirəm. Həmin o təqdim etmək istədiyim hikmətli deyimdə vurğulanır ki, bir baş daşının üstündə doğum, ölüm tarixi arasındakı fərq cəmi bir neçə gün olduğu göstərilir. Və məzar gözətçisindən soruşanda da şərh veirir ki, həmin o rəqəm yalnız yavşanan günlərdi, mövcud olduğu günlər deyil... Nə isə...
Bəli, dərindən düşünəndə adam anlayır ki, mövcud olan o qədər canlı, cansız varlıqlar mövcuddur ki. Amma ya ayağına ilişəndə, ya gözünə sataşanda hiss edirsən ki, belə bir varlıq var. Deməli, yaşamaq tamam başqa bir şeydi. Əgər məndən soruşsalar, mən birmənalı şəkildə kimlərin (təbii ki, söhbət mənə doğma, mənə yaxın, mənim çevrəmdə olan adamlardan gedir - Ə.M) mövcud, kimlərin yaşayan qrupda olduğunu müəyyən qədər təxmin edib cavablandıra bilərəm. Bunun üçün sadəcə həyat sevgisini, insanlıq parametrlərini və bir də cəmiyyətə bəxş etdiyi yüksək xidmət əmsalını bilmək kifayət edər. Onda məlum olar ki, təkcə qışqırmaqla, hay-küy salmaqla və yaxud da insanların əsəbi ilə oynayıb faydalı bir işin qulpundan tutmadan, üstəlik də zəhər tuluğu kimi hər yerdə qan qaraldıb üfunət yaymaqla yaşamaq mümkün deyil. Gərək dilinə görə dilçəyin də olsun, yaşamına görə xidmətin də olsun. Ən vacibi, gərək insanlığın, adamlığın bütün parametrləri sənin yaşadığını təsdiq etsin. Özü də sualsız və şərhsiz. Yoxsa indii elə bir şərait yaranıb ki... çox şeylər baş-ayaqdı. Odur ki:

Çək yaxanı, dur qırağa,
Gir araya, vur qırağa.
Sən çaldığın sur, qırağa -
Kamanın səsi bərk çıxır.

At özünü oda, közə
At da dözə, od da dözə.
Uyma adda-budda sözə-
Zamanın səsi bərk çıxır.

Harda namərd möhür vurur
Sınır ürək, itir qürur.
Yaxşıları susub durur -
Yamanın səsi bərk çıxır.

Birdi iman, mindi güman
Ötüb gedir hər cür duman.
Vədə gəlib çatan zaman -
Samanın səsi bərk çıxır!



***
Yazının əvvəlində vurğuladım ki, ürəyimin havası çatmır. Bunu elə-belə deməmişəm. Əslində həm gerçəyi ifadə eləmişdim, həm də həmin o gerçəkliyin ifadə olunduğu cümlələrin fikir yükünü özündə yaşadan, özündə daşıyan və faktiki olaraq yazı masamın dolabında saxlayan bir qovluğu da gözümün önünə gətirmişdim. Həmin qovluğun üstündə iri hərflərlə yazmışam:
- Ürəyimin havası!
Bu mənim nə vaxtdan bəri çapa hazırladığım, amma maddi sıxıntı üzündən (heç kimə sirr olmayan sıxıntı - Ə.M.) çap etdirə bilmədiyim, amma çapını gözləyən yeni kitabımın adıdı. Az qala bir ilə yaxındı ki, yol gözləyir, özü də səbirlə, dözümlə. Çünki ordakı misralar təkcə sevgi, kədər yükü ilə yüklənməyib, onlar həm də dözümlə yüklənib. Və mən də hər dəfə o qovluğu siyirmədən çıxarıb üzünün tozunu əlimlə silib təkrar yerinə qaytarıb qoyanda elə bilirəm ki, o misralara hava bəxş edirəm. Çünki mən onları havaya çıxarıram - təmiz havaya...
Təəssüf ki, bu gün ürəyimi havaya çıxara bilmirəm. Sözün bütün mənalarında havasızlığın zərbələrini dadıb o zərbələrin ağrısına dişlərini bir-birinə sıxa-sıxa dözən, döyünən ürəyin mənə etiraz etməyə də bir növ nə bəhanə tapa bilir, nə də əlavə bir güc. Yalnız gücü özünə çatır. Özünə gücü çatan ürəyim havasızlığa da dözür! Amma hara qədər?.. Bax, onu konkret deməsə də, döyüntüsündən nələrisə hiss edirəm. Düşünürəm ki, təxminimdə yəqin ki, yanılmaram...
Bütün bunlara baxmayaraq, mən həmin o "Ürəyimin havası"ndən bir vərəqi çıxarıb bu yazıya əlavə edirəm:

Son günlər
ürəyimin havası
tez-tez qarışır -
qeyri sabitlik at oynadır...

Son günlər
sinoptiklər
bir az
baş-ayaq danışır
hava proqnozu
həssas adamları aldadır...

Son günlər
üst-üstə düşən
hər iki havanın
gücü birləşib
asta-asta
yerdən üzür
ömrümün dabanını!..

Son günlər
gülümsəyir
və təbəssümlə
mənə,
deyəsən elə bu
son günlərdi - deyir!


Bilmirəm, bütün bunların yazılmağa, deyilməyə ehtiyacı var idi, yoxsa yox. Amma hərdən havası tükənən, bitməkdə olan ürəyin heç olmasa hava proqnozunu dinləmək məncə, pis olmaz...

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV