adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

General olmaq istəyirdi...

ELŞAD HACIZADƏ
58383 | 2014-03-01 00:50
Bilmirəm niyə, amma uşaqlığımda mənə elə gəlirdi ki, Elçin çox böyük adam olacaq. İllər keçdikcə fikirlərim qətiləşirdi. Müharibənin ən şiddətli dövrləri bütün ağırlıqları ilə Elçini bir vətəndaş kimi böyütməyə başlamışdı. Yadımdadır, o illərdə elə fəxr edirdi ki, atası düşmənlə döyüşür. Atasının dilindən eşitdiyi cəbhə xəbərlərini elə obrazlı danışırdı ki. Atası Tağı Nəzərov qanlı döyüşlərdə komandirlik edəndə təkcə sevinən Elçin idi. Qürur duyurdu. Həmişə özünü bizdən - yaşıdlarından bir pillə irəlidə hesab edirdi. O bizim görməyə alışdığımız qəlblərə sığmırdı. O başqa idi. O hər yerdə bu qürurun həyacanını ətrafındakılara elə diktə etdirdi ki. Vətən - Azərbaycan, Azərbaycan - Vətən... Özünü dərk edəndən əqidəsi bununla yoğrulmuşdu. Hər bir nəsildə, ailədə inandığın, iman gətirə biləcəyin, üzündə işıq gördüyün kimlərsə olur. Onu da çoxlarından bu cəhət fərqləndirirdi.
İllər keçdi o qürur, o tərbiyə, o əqidə Elçini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin müdaviminə çevirdi. Ailənin və doğmalarının israrlı istəklərinə baxmayaraq, o bütün varlığıynan ixtisaslı və peşəkar hərbçi olmaq arzusundan dönmədi. Qəribədir o nə istəyirdisə onu da edirdi, nə arzulayırdısa, ona da nail olurdu. Ən böyük arzususu idi general olmaq. Hamımızı buna inandırmışdı, hamımız ona ona hazır idik ki, Elçin genaral olacaq.
Böyük hərb tarixi, böyük dövlətçilik tarixi olan millətlərə, xalqlara qibtə hissi ilə baxırdı. Ayrı-ayrı qalaların içinə sığınıb bir-birini qıran balaca xanlarımızı məişət səviyyəsində görürdü. Elə deyirdi ki, onlar bizim məişət tariximizdi. "Vətən - Azərbaycan, Azərbaycan - Vətən" və "Bu torpaqsız harda, nə vaxt, nə dərdim - Xəzanımdır, xəzanımdır, xəzanım" -deyə-deyə bir Vətənin daşına çevrilmişdi Elçin. Torpaqları işğal olunmuş ölkənin vətəndaşı olmaq istəmirdi. Evsiz-eşiksiz, yurdsuz-yuvasız qalmış bir milyondan söhbət gedəndə əynindəki mundirin yaxasından yapışırdı. Özünü gunahkar bilirdi. Yaxınlarını, əzizlərini itirmiş insanlardan söhbət gedədə "qan yerdə qalmaz " deyirdi. Hərbçi ailəsində doğulduğundan müharibənin şiddət və ağrıları içində böyümüşdü.
Komandanlıq onu son dərəcə intizamlı, diqqətli, qayğıkeş və hazırlıqlı hərbçi kimi xarakterzə edirdi. Görünür 26 illik ömür hədərə getməmişdi. Özündən sonra onu tanıyanlar üçün o qədər xatrirələr saxladı ki...
Tələsirdi həmişə, amma heç vaxt saata da baxmazdı.
O dəhşətli səhər, 26 fevral Xocalı faciəsi qurbanlarının anım günü idi. Səhər saatlarında ölkənin çaplı informasiya kartelləri bir xəbər yayırdı. Hamısı dəhşətli faciədən yazırdı. Milli Ordunun zabiti, baş leytinant 28 yaşlı Elçin Tağı oğlu Nəzərov və 31 yaşlı əsgər Seymur Zakir oğlu Zeynalov ağır yol nəqliyyat hadisəsində dünyasını dəyişmişlər. Bir an içində ağlıma gələn o oldu ki, Elçin, Elçin, Elçin, yenə hara tələsirdin, hara?! Sürət onun üçün adrenalin idi, sürət onun üçün zövq idi, sürət onun həyəcan idi. Ancaq ölümünə bais oldu...
Sürət!!!
İnanmadım, yenə də inanmıram. Əslində bizim hamımızın dəqiq bildiyimiz bir həqiqət var ki, nə qədər öyrənməyə çalışsaq da, elmi ixtiralardan bəhrələnsək də, Aya uçsaq da, okeanların dibinə enməyə cəhd eləsək də, biz həyatın yaranması, insan övladının bu günə qədər keçdiyi yol, dünyanın sirləri haqqında dəqiq heç nə bilmirik. Bilmirik. Nə qədər oxusaq da, axtardığımız çox suallara cavabsızdır. Elçinin ölümü o cavab tap bilməyəcəyim suallardan birdir. Deyirlər ki, əslində, adam yox, insan kateqoriyasına daxil olanlar zəmanəyə, dövrə işıq salırlar. Ancaq zamanın işığı onların üzərinə düşmür. Dünyadan vaxtsız köçənlərə zamanın borcu qalır - onlar isə zamana borclu olmurlar.
İnsanlar hamısı dünyaya eyni gəlir, ancaq müxtəlif yaşlarda dünyadan köçürlər. Qoca yaşda da, gənc yaşda da, lap yeni doğulanda da dünyadan köçənlər var. Elə isə "vaxtından əvvəl öldü" demək doğrudurmu? Biri deyir ki, doğrudur, başqa biri isə bunu inkar edir. Kim nə qədər yaşayırsa demək ki, bu dünyadakı ömrü elə o qədərdir. Quranda da vurğulanır ki, Allahdan icazəsiz bir yarpaq belə budağından qopa bilməz. Demək ki, hər şey Allahın icazəsi, iradəsi altındadır. Təsəlli axtarıram, yaddaşımı sirkəliyib, bir nəticəyə gələ bilmirəm ki, axı, Elçin niyə vaxtsız köçdü həyatdan? Bilirəm, bircə təssəliyə də ümid yoxdur.
O, məşhur adamların son sözləri olan kitabı oxumaq istəyirdi. Gülürdüm. Deyirdim ki, deyəsən, məşhur olmaq istəyirsən? Susurdu, təbəssümlə cavab verirdi. Məşhur olmaq istəyirdi. Bu arzusuna da çatdı. Bircə adını axtarış sisteminə daxil etmək kifayətdir ki, həyatının bütün anlarını əks etdirən fotolarına baxsan, haqqında oxuyasan. Ancaq sənin belə məşhur olmağını istəmirdim. Bir də başqa sual məni qovur. O dəhşətli qəza anında başındakı hərbi furaşkanı çölə atmağa necə məqam tapdın? - deyə düşünürəm...
Bu sənin son sözün idi? Amma nə dedin, Elçin?
...
Ruhun şad olsun, general olmağa vaxtı çatmayan qardaşım!

P. S. Hardasa elmi mübahisələr olanda, hardasa kiməsə, nəyisə izah etməyə çalışanda, tutarlı cavab vermək üçün zəng edirdi. Nəsə soruşurdu. Cavab verirdim. Hər dəfə də deyirdi ki, mən sənə bilməyəcəyin sual vermirəm, dostum. Bu dəfə verdin, Elçin. Mən bu sualın cavabın bilmirəm!!!


Elşad HACIZADƏ

TƏQVİM / ARXİV