Qarınotaranlar

FAİQ QİSMƏTOĞLU
43283 | 2014-03-01 00:46
... Yavaş-yavaş stolun arxasına keçib yerini rahatladı. Yanındakı dostunun qulağına pıçıldadı ki, səs salıb eləmə, başlayaq işimizi görməyə. İşləri də bundan ibarət idi ki, yas məclisində qarınlarını doldursunlar və doyunca yeyib-içsinlər. Hərdənbir sakit-sakit ətrafa boylanır, kənar şəxslərin onlara diqqət yetirib-yetirmədiklərini bilmək istəyirdilər. Təbii ki, ətrafdakılar da heç nəyə nəzər yetirmirdilər. Çünki onların başı mollanın yas məclisində oxuduğu "Quran"ı dinləməyə qarışmışdı...
Molla "Fatihə" verdikcə hər üç dost heç bir şey olmayıbmış kimi stolun üstündəki şirniyyatları, mer-meyvən elə yeyirdilər ki, sanki aclıqdan çıxmışdılar. Bir müddətdən sonra stola plov və qarası gətirildi. Heç kim birinci olaraq bu yeməyə əl uzatmaq istəmirdi. Çünki hələ də çoxları mollanın oxuduğu "Quran"ın təsiri altında idi. Hələ də çoxları rəhmətə getmiş tanınmış ziyalının dərd dünyasının içindəydi...
...özünə qara eynək taxmış orta yaşlı bir kişi yenə birinci əlini plova sarı uzatdı. İri qaşığı götürüb buludun içində olan plovdan qabağındakı boşqaba çəkdi. Sonra içərisi plov dolu buludu özündən yaşca balaca oğlana tərəf ötürdü. O da iri qaşığı buludun içindəki plovun içinə saldı. Nə az-nə çox, 6-7 qaşıq plovdan öz boşqabına çəkdi. Deyəsən, onların yanında əyləşmiş üçüncü adam da bu yoldaşlardan biri idi. İçərisi plov dolu buludu cavan oğlan enlikürək, kök kişiyə tərəf ötürdü. O da plovu qaşıqlayıb öz boşqabına tökdü. Sonra da hər üçü aş qarasından o ki var boşqablarına çəkdilər.
... Heç kəs hələ plova əl uzatmırdı. Heç kəs çörək də kəsmək istəmirdi. Amma bu üç nəfər yeməyə elə daraşmışdılar ki, sanki aclıqdan çıxmışdılar. Onlara diqqətlə baxan orta yaşlı bir ziyalı əsəbini gizlədə bilməyib dedi:
- Mən bilmirəm, bu insanlar kiminsə dərdinə şərik olmağa gəliblər, yoxsa qarınlarını doydurmağa...
Amma üç nəfərin heç biri bu deyilən sözə məhəl qoymadı, əksinə, bir az da qaşığın şaqqıltısı ucadan gəlməyə başladı...
... Yeməyin ortalığa gəlməyindən beş-on dəqiqə keçirdi. Yas məclisində iştirak edən digər insanlar da stolun üstündəki təamlardan istifadə etməyə başladılar. Onlardan da bir çoxu buludun içərisindəki plovdan bir neçə qaşıq boşqablarına çəkdilər. Heç kəs nəyəsə məhəl qoymurdu. Adamların çoxu bir-iki qaşıq plov yeyəndən sonra geri çəkildi və tay yemək yemədi.
... O üç dost isə buludun birini boşaldandan sonra gözləri yenidən axtarmağa başladı. Xidmətçi uşaqlar gördülər ki, bulud boşalıb həmin yerə yenidən plov dolu bir bulud və qara qoydular. Artıq çoxu əlini yemək yeməkdən çəkərək geri durmuşdu. Daha doğrusu, məclisdə iştirak edən insanlardan heç kim yemək yemirdi. Bu üç nəfər isə yenidən gözlərini plov dolu buluda zillədilər. Qara eynəkli yaşlı kişi plov dolu buludu əlinə götürdü və qaşıqla yenidən boşqabını plovla doldurdu. Digər iki nəfər də onun etdiyi hərəkəti təkrarladı. Artıq molla yenidən "Fatihə" verdi. Ancaq bu üç nəfərin başı yeməyə necə qarışmışdısa, hələ də ondan ayrılmaq istəmirdilər.
Yeyib-doyandan sonra hər üçü ayağa qalxdı və "Süfrə duası"nın verilməsini də gözləmədən məclisi tərk elədi. Həmin səhnəni görən çoxlu sayda məclis iştirakçıları başlarını bulayaraq narazılıqlar eləyirdilər. Onlar deyirdilər ki, bilmirik bu qarınotaranlar yas məclislərinə kiminsə dərdinə şərik olmağa gəlirlər, yoxsa qarın doyurmağa?..

***
Yas məclislərimiz lap yaman günə qalıb. İndi çoxlarımız kiminsə dərdinə şərik olmaqdan çox orda plov yeməyə gedirik. Fikirləşirik ki, filankəsin yas məclisində plov olacaq. Çox qəribə məntiqdir. Adam düşünəndə tükləri biz-biz olur. Dədə-babadan beləydik ki, kiminsə yas məclisinə gedərdin, onun dərdinə şərik olardın və imkanın daxilində də həmin adama maddi köməklik göstərərdin. İndi deyəsən belə adətlər yavaş-yavaş yaddan çıxır.
Yada düşən o olur ki, filan yerdə yas məclisi var və orda da rəhmətə gedənin qohumları məclis düzəldiblər. Ən qəribəsi isə odur ki, bəzən yas məclisinə gedib bir manat pul yazdırmayan bəzi adamlar ağızlarını büzüb deyirlər ki, filankəsin yasında yaxşı yeyib-içmək verilmədi. Bax, bunu başa düşmək olmur. Kimlərsə o yas məclisinə rəhmətə gedənin qohumlarının dərdinə şərik çıxmağa gedir, yoxsa bayaq dediyimiz kimi, qarın otarmağa?..
... Qırx gün də məclis olarmı? Kiminsə əzizi rəhmətə gedəndə bilmir ki, ölüsünün dərdini çəksin, yoxsa çadır tədarükündə olsun, yemək-içmək hazırlatdırsın, ya da kiminsə qabağına çıxsın. Bu yas məclisi elə bil hadisədir ki, kimliyindən asılı olmayaraq, hamının başına gələcək. Təəssüf ki, biz bunun barəsində dərindən düşünmək istəmirik. Düşünmürük ki, bu bəd hadisə sabah-birigün hər birimizin qapısını döyə bilər. Çünki dünyaya gəlmişiksə, elə bir gün də bizim bu dünyadan köçəcəyimiz an var...
... Şəxsən mən ehsan məclislərində dəbdəbəli yeyib-içməyin əleyhinəyəm. Heç bunu dinimiz də məsləhət bilmir. Çünki çay da, halva da elə ehsan deməkdir. Kiminsə yas məclisində bir stəkan çay içib dərdinə şərik olursansa, "Allah rəhmət eləsin" deyirsənsə bundan böyük savab və yaxşılıq yoxdur. Rəhmətə gedən insanın qohumlarına maddi cəhətdən kömək edə bilmiriksə, heç olmasa ona ziyan vurmamaq da olar. Dədə-babadan belə olub ki, yas məclisində çay veriblər, stolun üstünə halva qoyublar və gəlib-gedənlər də bu təamdan dadaraq həmin insanın dərdinə şərik olub.
... Hələ biz onu demirik ki, yasa gələn bəzi insanlar çox şeyi unudur, sanki özlərini toyda hiss edirlər. Yas məclisində lətifə deyən kim, bir-biriylə zarafat edən kim və hətta "burdan durub qonaqlığa gedərik" deyən kim. Bax, bu bizim ağrıyan yerimizdi! Bax, bu rəhmətə gedənin ruhuna və qohum-əqrəbasına hörmətsizlikdi! Bax, bu bizim cılızlığımız, savadsızlığımız və ən nəhayət, mənəvi yoxsulluğumuzdu!..

Faiq QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV