adalet.az header logo
  • Bakı 19°C

Marsa da uçsaq

VƏSİLƏ USUBOVA
41158 | 2014-03-01 00:45
İnsan oğlu yarandığı gündən Tanrının ona verdikləriynən kifayətlənməyib. Özününkülər bəs eləməyib ona. Quşdan qanad, ceyrandan ayaq, pələngdən güc, aslandan ürək istəyib. Zaman-zaman istədiklərinə yetib də. Bəzən arzuladıqlarından da irəli gedib, daha ucalara çatıb əli. Ancaq gözü doymayıb. Bilmirsən bu nədi: tamah, yoxsa hər şeyi bilmək ehtirası, Kainatın sirlərinə vaqif olmaq həvəsi, yoxsa əllaməlik?!
Bir şey də var hələ: Ginnesin rekordlar kitabı... Əgər bu kitaba adı düşənlərin əməlləri incələnsə, bunlardan bəşəriyyətə çox az fayda dəydiyi anlaşılar.
Hər kəs bir yolla tarixə adını yazmaq istəyir.
Məncə, tarix bu deyil...
İlk insanın kosmosa uçduğu günü, onun qarşılanmasının həyəcanlı anlarını indi də yaxşı xatırlayıram. Yer sakininin ayağı Aya dəyəndə isə artıq məktəbi bitirmişdim və instituta girmək məndən ötrü elə gecələr gözəlini fəth eləmək kimi bir şeydi...
O zaman kosmosa uçanların həyatı ilə dərindən maraqlanırdım. Kosmonavtlar haqqında kitabları oxuyur, qəzet və jurnallardan şəkillərini götürüb saxlayırdım. Kosmosa uçanların sayı çoxaldıqca, həvəsim azalmağa başladı. Hər şey gözümdə adiləşdi. Hər dəfə göyə raket göndəriləndə havalar pozulurdu. "Yenə yuxarıları qarışdırdılar" deyirdi böyüklər...
Avam görünmək istəməzdim, amma bu uçuşların xeyirlimi, zərərlimi olduğunu bu gün də düz-əməlli anlamıram...

***
Adamlar cürbəcürdü. Kimi ömürboyu yaşadığı məkandan nəinki uzağa getmir, heç bunu arzulamır da. Kimi də... yaşadığı Yer kürəsinə belə sığmır. Bu boyda dünyamız ona dar gəlir. Səbəbi nədi, anlamaq olmur...
Danimarkada Marsa birtərəfli uçuş layihəsi hazırlanması barədə süjeti izləyəndən bəri xəyalım çaşıb. Doğrudanmı, planetimizdə həyat bu qədər bezdiricidi?! Yoxsa, bir qism adamlar daha bizləri bəyənmirlər?! Adam bir az özünü atılmış da hiss edir. Həm də köhnəlmiş.
Gedəcəklər... və bir də geri dönməyəcəklər...
Kamikadzelər yada düşür. Amma aralarında fərq çoxdu. Onlar ölümə getdiklərini bilirdilər. Bunlarsa yaşamağa gedirlər. Həm də Yerdəkilərdən daha yaxşı yaşamaq ümidiynən gedirlər. Yaponiyada kamikadze təyyarəçilərin idarə etdikləri təyyarələrə geri dönməkçin yanacaq doldurulmurdu. (Lap dərininədək dərk eləmək olmur bunu. Özünü heç cür onların yerinə qoya bilmirsən). Bunlar da qayıtmaqçın bilet almayacaqlar...
Yəqin Yerdəkindən daha gözəl bir həyat yaşayacaqlarına inanırlar...

***
İş otağımın pəncərəsindən qüruba enən Günəşə baxıram. Doğrudanmı, dünyamız köhnəlib, daha sakinlərini özünə bağlaya bilmir?! Yaşadığım bölgə təbiətinin gözəlliyi ilə seçilmir. Adi aran rayonudu. Amma dünyanın heç bir yerində qürub çağı bizim suqovuşandakı kimi belə ilahi lövhə yaranmır. Elə bil çay da, meşə də, buludlar da sözü bir yerə qoyub var güclərini toplayır, Günəşi bir gecəlik ayrılığa əlvan, təsirli boyalarla uğurlayırlar. Keşkə, insanın özünü də ayrılıqlara belə alışdıralar. Qarşılanma gözəl olmaya da bilər. Gəlişin təmtərağa nə ehtiyacı?!
Vay o gündən səni sükutla, duyulmadan yola salalar...

***

Bəs, orada necə olacaq?! Gecəsi-gündüzü burdakına bənzəyəcəkmi?! Günəş hardan doğub, harda batacaq?! Səmasında Ay, ulduzlar necə görünəcək?! Bağlarında quşlar ötəcəkmi?! Dənizləri, çayları da olacaqmı?! Adamlar necə dolanacaqlar? İş yerləri, gəzintiləri, əyləncə məkanları da olacaqmı?!
Suallardan adamın başı şişir...
Dünyamızın qəribəlikləri artdıqca Məmməd Arazdan bir parça daha tez-tez qulaqlarımda səslənir:

Odunu, suyunu
dəyiş dünyanın,
Yolunu, yönünü
dəyiş dünyanın,
Fəzada yerini
dəyiş dünyanın,
Ya rəbbim, bu dünya
sən quran deyil.

Şairin arzusu çox böyükdü. Amma ümidsizdi. Rəbbimiz mükəmməl, qüsursuz dünya bağışlamışdı bizə...
Qədrini bilmədik... Qorumadıq...
Başına oyun açdıq...
İndi də bəyənmirik. Özümüz fəzada yerimizi dəyişmək istəyirik...
Başqa planetləri də Yerin gününə salmaq istəyirik. Kainatın düzənini küll halında pozmaqdı niyyətimiz...
Amma... Yerdə o qədər işlərimiz var ki,...
Kosmosa uçduq, Aydan torpaq gətirdik, ancaq iki addımlıqdakının könlündən xəbər tutmadıq. Divarın o üzündəkinin acmı, toxmu yatdığı umurumuza da olmadı...
Öz evimizin təmizliyiynən öyündük. Ancaq dalanımızın, küçəmizin, məskənimizin zibillənməsinə göz yumduq. Ruhumuzun kirlənməsi də vecimizə olmadı...
Yaxşı yaşamaq barədə eşitdik, oxuduq, öyrəndik, ancaq yaşamağı bacarmadıq...
Könülləri ovundurmağa yox, xəyalları çaşdırmağa, ümidləri azdırmağa can atdıq...
İndi də torpağımızı bəyənmirik...
Çox irəli getdik, çooox...
Əgər buna irəli demək mümkündürsə...

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV