adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Mart 2014 00:41
38734
ƏDƏBİYYAT
A- A+

Zülmətdə məşəl

Dust bipərva, fələk birəhm, dövran bisükun,
Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun.

Füzuli

"Dərd çox, həmdərd yox"... Bitib-tükənməyən dərd çulğamışdı qəlbini. Od tutub yanan qəlbi sinəsinə sığmır, sözü zaman-məkan hüdudunu aşır, misra-misra fəth edirdi ürəkləri.
Ulu Füzuli dühası məftun etmişdi məni də. Birər-birər öyrənməyə, dərin-dərin məna qatına enməyə, fəlsəfəsini dərk etməyə çalışırdım.
Ali təhsilimi bitirib orta məktəbdə dərs deyəndə yenə öyrənirdim: təcrübəli həmkarlarımdan, həyatın, gerçəkliyin sərt olaylarından və ... şagirdlərimin suallarından.
"Şikayətnamə"dən danışanda arxa cərgədən qulağıma səs-küy gəldi. Yaşıdlarından boy-buxunlusu yanındakı yoldaşına nəsə deyir, o biri uşaqlar onlara baxıb xısın-xısın gülüşürdülər. Diqqətlə, acıqlı baxdığımı görüb susdular.
- Nə olub?!
Ucaboy oğlan ayağa qalxdı:
- Bağışlayın, müəllim. Elə bir şey olmayıb, ancaq, - həyəcandan təngiyən nəfəsini dərib yanaşı oturduğu gödək, tosqun oğlana baxdı, - ancaq... mən buna başa sala bilmirəm ki, elə indi də Füzuli babamızın şikayətləndiyi kimidi, salamı rüşvətsiz almırlar.
O, haqlı olduğunu sübut etmək üçün məndən, inam bəslədiyi müəllimindən imdad istəyirmiş kimi sakit səslə, lakin qətiyyətlə soruşdu:
- Müəllim, düz demirəm, belə deyil məgər?
Şaxtalı qış günündə soyuq sinif otağında qəfil tər basdı məni. Nə deyim, necə cavab verim?! Bilirdim ki, şagirdin sualının arxasında konkret fakt durur. Onun rayon tikinti idarəsində fəhləlik edən atası iş vaxtı ağır zədələnmiş, əlil olmuşdu. Qoltuq ağacına möhtac olan şikəst kişini pensiya idarəsində get-gələ salmışdılar. Kiçik rayon mərkəzində az qala hamı bunu görürdü. Ərki çatanlar qulağına pıçıldamışdılar ki, rüşvət verməsə düzələn deyil. O da əsəbi halda çəmkirmişdi: "Acın nəyi var ki, yalavaca versin".
"Yalavac" isə vəzifə kürsüsündə yayxanıb piylənir, aşağıları heç vecinə almır, yuxarılara yalmanır, aldıqlarının bir qismini onlara ötürürdü. Sinifdə uşaqlar da bilirdilər ki, həmin rüşvətxor, sual verən şagirdlə yanaşı oturan tosqun oğlanın atasıdır.
Sinfə buz kimi sükut çökmüşdü. Sovet dönəmi üçün naqolay suala cavab verməliydim. Özümü ələ alıb təmkinlə izah etdim ki, cəmiyyətimizə yaramayan keçmişin qalığına yol verilməməlidir. Vəzifəsindən asılı olmayaraq rüşvət alanlar mütləq qanunla cəzalandırılmalıdırlar. Əlbəttə, istintaq zamanı faktlar sübuta yetirilərsə, məhkəmənin hökmü ilə...
Sözümü bitirmişdim ki, zəng çalındı. Dərhal məktəb direktorunun otağına girib vəziyyəti danışdım. Zamanın isti-soyuğunu görmüş yaşlı direktor fikirli halda:
- Necə lazımdırsa, elə də cavab vermisən, - dedi. Sonra köksünü ötürüb başını buladı. - Ancaq nəzərə al ki, o tosqunun atası şərəşürün biridir. Zalım oğlu donnan-dona girir buqələmun kimi.
Heyrətimdən durduğum yerdə quruyub qaldım:
- Neyləmişəm ki, şərləsin məni?!
- Heç nə... ancaq o gün gileylənirdi ki, onun oğluna guya qəsdən aşağı qiymət yazırsan... bax gör neynirsən.
- Onun oğlu tənbəl, korazehindir. Nə qədər çalışıramsa, o biri uşaqlardan geri qalmasın, hazırlaşsın, heç tükü tərpənmir, ən sadə suallara cavab verə bilmir. Atasına da demişəm, ancaq xeyri olmayıb... Onun giley-güzarından belə çıxır ki, vəzifəsinə görə oğlunun qiymətini şişirtməliyəm?! Heç vaxt!..
Suyu da üfürə-üfürə içən direktor kabinetinin qapı-pəncərəsinə tərəf gözaltı nəzər salıb səsini qısdı:
- Yavaş danış, hay-küy salma, hövsələn olsun. Mən elə demədim ki...
Ehmalca köksünü ötürüb fikrə getdi. Elə bil gözləri yol çəkdi. Handan- hana pıçıldadı:
- Səni görəndə cavanlığım yadıma düşür. İpə-sapa yatmırdım o vaxt sənin kimi. Ancaq... "Adın nədir, Daşdəmir, yumşalarsan". Hə, zəmanə bambaşqa idi o vaxtlar. İndi iqlim dəyişib, mülayimləşib tamam. Heç inana bilmirəm, ürəyim səksəkədədi hələ...
O, "iqlim" kəlməsini özünəməxsus nidada vurğuladı. Sonra ilk dəfə görürmüş kimi mənə diqqətlə nəzər saldı:
- Deyə bilmərəm nələr olacaq bundan belə. Ancaq onu bilirəm ki, sürü qəfil geriyə dönəndə axsaq qabağa düşür... Allah eləməsin, fürsət namərd əlinə düşsün, oğul.
...İndi, artıq yaşa dolan yetkin vaxtımda qədim yunan filosofunun hikmətli sözlərini oxuyub fikrə dalıram: "Hər şeydən müdrik zamandır, çünki hər şeyi açır".
Zaman yetişdi, alınmaz, möhtəşəm qala sayılan imperiya tarmar oldu. Ata-baba yurdum, səfalı dağlar qoynunda yerləşən rayonda elə olaylar baş verdi ki, mat-məəttəl qaldım. Çox nəsnələrin canlı şahidi qocaman müəllimimin təbirincə fürsət namərd əlinə düşdü. Korazehin tosqun oğlanın rüşvətxor atası vaxtilə öpüb gözünün üstünə qoyduğu partiya biletini hayqıran kütlənin ayaqları altına ataraq "alovlu nitq" söylədi, "doğma xalqına sədaqət andı" içdi, "demokrat" libası geyindi. Və rayonun başçısı oldu. Özü kimiləri ətrafına yığıb demokratiyadan, azadlıqdan, müstəqillikdən boğazdan yuxarı dəm vura-vura, and-aman edə-edə rayonun təsərrüfatlarını, olub-qalanını çapıb-taladı...
Belə qarmaqarışıq bir vaxtda qəfil mənəvi zərbə aldım. Ana olmaq arzusu ürəyində qalan ömür-gün yoldaşımın dünyadan nakam, vaxtsız köçməyi sarsıtdı məni. Ev-eşiyə sığa bilmədim, dəyər-dəyməzinə satıb şəhərə üz tutdum.
***
"Dərd çox, həmdərd yox"...
Mənə doğmadan doğma olan ulu Füzulinin möhtəşəm abidəsi önündə dayanmışdım. Yaddaşıma, ürəyimə həkk olunan misralar süzülürdü dilimdən:

Vəfa hər kimsədən kim istədim, ondan cəfa gördüm.
Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm.


Ani olaraq susub fikrə getmişdim ki, birdən adımı eşitdim:
- Azər!..
Çönüb baxdım. Yanımda seyrəlmiş saçı gümüşü rəng alan qocaman professoru görəndə bir anlığa çaşan kimi oldum. O, gülümsünüb zənlə gözlərimə baxdı:
- Füzuli dünyasından ayırdım səni deyən.
Neçə il auditoriyada eşitdiyim məhrəm səsi həlimləşmişdi. Əvvəlki kimi aramla, təmkinlə danışırdı. Biləndə ki, şəhərə təzə gəlmişəm, münasib kirayə ev axtarıram, dərin qırışlı arıq üzü işıqlandı: "Qonşum mənə deyib ki, özünə qulaq yoldaşı axtarır. İki otağı var, tək yaşayır, pensiyaçı ədəbiyyat müəllimidir sənin kimi".
...Professorun qonşusu Azad müəllimlə tanışlığım ürəyimcə oldu. Necə deyərlər, hər üzünə: çox xoşxasiyyət, mülayim, ünsiyyətcildi. Şəhər məktəbində sayılıb-seçilən ədəbiyyat müəllimi olmuşdu. Pensiyaya çıxandan sonra da işsiz qalmamışdı. Valideynlər yenə uşaqlarını ona etibar edirdilər. Yuxarı sinif şagirdlərini ali məktəblərə qəbul imtahanına hazırlaşdırırdı. Nəticəsi də göz qabağında idi. Odur ki, ona müraciət edənlərin sayı ilbəil artırdı. Özünün dediyi kimi mən onunla həm "qulaq yoldaşı", həm də həmkar idim. Sayı artdıqca çatdıra bilmədiyi uşaqların bir qismini mənə tapşırmışdı. Beləcə kirayə evin içində özümə münasib, ürəyimcə olan iş tapmışdım.
O, məndən heç kirayə haqqı da almırdı. Professora alqış eləyib deyirdi: "Allah köməyi olmuş nə yaxşı ki, səni mənə tuş elədi". Və əlavə edirdi ki, hər təsadüfün arxasında zərurət durur. Belə deyəndə köksünü ötürüb dərin fikrə qapılırdı. Az sonra öyrəndim ki, onun da övladı olmayıb mənim kimi. Xanımı dünyasını dəyişəndən sonra qohumları nə illah eləsələr də evlənməyib. Şagirdlərini övladı sanırdı. Onlar ali məktəblərə qəbul olunanda hədsiz sevinirdi. Yaşa dolub ailə sahibi olan, həyatda özlərinə münasib yer tutan, ağıllı, bilikli, sədaqətli keçmiş tələbələrindən ürək dolusu danışır, yaxından uzaqdan, bəzən az qala dünyanın o başından gələn telefon zənglərindən, mesajlardan, bayram təbriklərindən kövrəlir, gözləri dolurdu. Olduqca saf niyyətli, nəcib, müdrik insan, ziyalı idi. Ümumən sağlam olsa da, ayaqlarının ağrısından əziyyət çəkirdi. Odur ki, bazar-dükana, aptekə mən gedirdim, lazım olanı alıb gətirirdim.
Boş vaxtlarımda, imkan olan kimi şəhərə çıxırdım. Hələ tələbəlik çağlarından buna adət etmişdim. Şəhəri pay-piyada gəzib dolaşmaqdan usanmazdım. İndi də elə. Ancaq gördüklərim inanılmaz gəlir mənə. Gəncliyimin sevimli şəhərini tanıya bilmirəm sanki. Tamam dəyişib, gözəlləşib, çox müasirləşib. Gəzdikcə, baxdıqca tamaşasından doymuram. Duyğulanır, qəribə, təzadlı hisslər keçirirəm. Həm qürurlanır, sevinirəm, həm də... burnumun ucu göynəyir vaxtilə gəzdiyim yerlərdə "mürgüləyən" xatirələrim üçün...
İndi bir-birilə qol-boyun olan göydələnlər yad bir məkanı xatırladır mənə. Nisgil dolu duyğular uzaq illərin üfüqlərində görünməz olan səliqə-sahmanlı, sakit, bağ-bağçalı, mehriban köhnə Bakını yadıma salır. Nisgilini çəkirəm o illərin, o şəhərin. Ancaq deyib-gülən, zarafatlaşıb uğunan cavanlarla rastlaşanda özümü tələbə qiyafəsində, gənc çağımda görürəm elə bil. O zaman yaşıdlarımla yenilik axtarırdıq, irəliyə baxır, arzularımızın qanadlarında uçurduq sanki. İndi isə...

***
Yaşadığım mənzilin pəncərəsi Füzuli meydanına açılır. Qüdrətli sənətkarın möhtəşəm abidəsi, adını daşıyan küçə buradan aydın görünür. Demək olar ki, hər dəfə küçəyə çıxanda abidənin önündə ayaq saxlamağı özümə borc bilirəm. Sanki yüngülləşirəm, mənən zənginləşirəm belə anlarda. Şəhərin müxtəlif guşələrində tarixi şəxsiyyətlərin şərəfinə ucaldılan abidələri "ziyarət" edəndə də bu hissləri keçirirəm. Düşünürəm ki, xalqın tarixində parlaq iz qoymuş, onun milli-ictimai şüurunu oyatmış, nadanlığın, fanatizmin zülmətindən xilas etmiş dühalarımızı inanclardakı övliyalar kimi müqəddəs sanmalıyıq. Onların abidələri milli kimliyimizin rəmzləri, xalqımızın bəşər tarixinə nəqş olunmuş imzalarıdır...
...Səhər çağı pəncərədən baxanda abidənin önünə səliqə ilə düzülmüş tər çiçəklər, qızıl güllər gördüm. Göz oxşayan mənzərə xoş duyğular oyatdı məndə. Sanki gül-çiçəklər ulu Füzuli dühasına ətir saçırdı.
Ovqatımın belə xoş anında birdən yadıma çox sevdiyim şairin nədənsə etirazla köklənmiş sual doğuran misraları düşdü:
Yox, heykəl ummuram bu yer üzündə,
Mənim daş olmağa yoxdu həvəsim.
Daş olub lap ulu Füzulinin də
Yanında durmağa yoxdu həvəsim.


Dəyərlərimizə daş atıb həqarət edənlərə layiqli, kəskin cavab verən şairin sözlərinin dərin mənasını şeiri diqqətlə oxuyanda anlayırsan. Və sanki işıq selində alışıb yanan təmtəraqlı "Qış bağı"nın böyründə, Füzuli küçəsinin tinində dilənən qarını görürsən:

Heç kəs sığal çəkməz düm ağ saçına,
O gümüş telindən öpürəm sənin.
Qorxma, pul qoymuram sənin ovcuna,
Əyilib əlindən öpürəm sənin.

Mənsə istər-istəməz göydələnləri qol-boyun çoxmərtəbəli şəhərin gözqamaşdıran üzünün - fasadının "astarını" görürəm: əyri-üyrü dar dalanlarda bir-birinə söykənən yapma daxmaları, "Qul bazarı"nı, maşınların qabağına qaçıb əl açan uşaqları, zibillikdə eşələnən binəsibləri...
Atalar uzaq keçmişdən üzü bəri xeyirlə şəri əkiz, sevinclə kədəri qonşu biliblər. "Qonşusu ac yatanın həcc ziyarəti qəbul olunmaz", - deyiblər.
Bəs niyə yağ yağ üstə yağanda, yarmalar yavan qalıb?! Ola bilməzmi imkanlı yağından kasıb qonşusunun yarmasına damızdırsın?! Saysız-hesabsız göydələnlərin heç olmazsa zirzəmisində binəsiblərə qışın şaxtasında donmamaq üçün sığınacaq verilsin?!
Dilənçi qarının gümüş telindən, damarları çıxan əlindən öpmək, quru təsəllidir, şair! Kömək gərəkdir, heç olmazsa, yarmasına yağ, özünə sığınacaq!
Ulu Füzuli dərdin çoxluğundan daha çox, həmdərdin, dəstəyin, dost köməyinin yoxluğundan gileylənib.
"Dərd çox, həmdərd yox..." olanda isə müdrikcəsinə söyləyib:

Əskik olmaz qəmimiz bunca kim, bizdən qəm alıb,
Hər gələn qəmli gedər, şad gəlib yanimizə.

***
Ardı-arası kəsilməyən telefon zəngləri səhər oyatdı bizi. Bir-birindən şad xəbərdən ürəyimiz dağa döndü. Azad müəllimlə birlikdə imtahana hazırlaşdırdıqlarımız uşaqların hamısı yüksək balla ali məktəblərə qəbul olunmuşdu. Valideynlər zəng edib minnətdarlıqlarını bildirirdilər.
- Mən onlardan az sevinmirəm, elə bilirəm öz övladlarımdı, - deyə Azad müəllim kövrəldi.
- Heç məni demirsən, sevincimdən az qala uçuram.
Azad müəllimin gözləri güldü:
- Ömrümüzə yazılası gündür bu gün. Gərək qeyd eləyək...
Sözünü bitirməmiş fikrini anlayıb razılaşdım:
- Mütləq qeyd etməliyik bu gözəl günümüzü. Professoru da dəvət edək.
Tələm-tələsik geyinib bazarlıq etmək üçün evdən çıxdım.
Payızın yaz günü idi. Günəş isitməsə də üzə gülürdü. Adətim üzrə küçənin tinində ayaq saxlayıb abidənin önündə durdum. Zəmanəsinin zülmətində məşəl kimi yanan ulu Füzulinin çağırış-nidası ürəyimin döyüntüsünə qarışdı:

Ey Füzuli, dəhr zalinin firibindən sağın,
Olma ğafil, ər kimi tərpən, işin mərdanə tut!


Əhvalımı xoş ovqata kökləyən beyti dodaqaltı öz-özümə zümzümə edə-edə səhər günəşinin nuruna boyanan mərkəzi küçəyə üz tutdum.

Əlövsət BƏŞİRLİ