adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Mart 2014 00:19
69613
ƏDƏBİYYAT
A- A+

Ülkər Atəş, sən görürsən...

Onu Yazıçılar Birliyinin "Natəvan" klubunda, bir tədbirdə gördüm. Qara eynək taxmışdı və mən o qara eynəyin arxasındakı bir cüt gözün nə ağını gördüm, nə qarasını. O danışırdı, hansı şairinsə (unutmuşam kim idi) şeirlərindən söz açırdı. Məntiqli, səlis, intonasiyası öz yerində. Öz şeirini də oxudu.
Üç gündən sonra mənə onun "Neynir məni bu dünya?!" şeirlər kitabını gətirdilər. Avtoqrafsız idi. Bir maraq bürüdü məni, kitabın arxasında da onun qara eynəkdə şəkli verilmişdi. Oxudum şeirlərini və mənə məlum oldu ki, Ülkər Atəş adlı bu şairə xanım göz işığından məhrumdu. O, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, hal-hazırda "Əlillər dünyası" qəzetinin redaktoru, "Beynəlxalq Əlillər Cəmiyyəti"nin sədr müavinidir. "Xatun", "Ozan", "Qızıl mikrofon", "Qızıl Qələm" mükafatları laureatı olan Ülkər xanımın bundan əvvəlki illərdə üç kitabı da çapdan çıxıb.
Şeirləri oxudum, bu şeirlərdəki işığı hiss etdim və Ülkər xanımın qara eynək altındakı o gözləri də mənim üçün şeirlərindəki kimi işığa büründü. Dünya işığına həsrət qalan, təbiətin gözəlliklərini seyr etməkdən məhrum olan bir insanın şeirlərində saçdığı işıq mənbəyini ürəkdən alırdı, düşündüm: "Göz işıqdan məhrum ola bilər, amma ürəyin işığı gərək sönməsin". Mən "dünya işığından məhrumdur" cümləsini xoşlamıram (öncə də işlətdim deyəsən), əksinə, dünyanın işığı bütün rəngləri, çalarlarıyla onun şeirlərindədir. Ülkər Atəş heç bir şeirində demir "mən görmürəm", əksinə, neçə şeirində "gördüm" deyir.
Ülkər Atəşin şeirlərindən söz açanda onun mənən sağlam bir düşüncə tərzinin şahidi olursan, həyatın, bu həyatdakı təzadların və gözəlliklərin, onu əhatə edən insanların, bu insanların yaxşılarının və pislərinin onun təsəvvüründə necə canlandığının, əks olunduğunun şahidi olursan. Hiss edirsən ki, bir azərbaycanlı xanım səninlə üz-üzə oturub dünya, insan, həyat, gözəllik, çirkinlik, reallıqlar barədə söhbət edir və bu söhbət həm adi, sadə və təbii, həm də gözlənilməzdir. Və onu da hiss edirsən ki, bu qadın təkcə yazdığı şeirlərin havasına yaşamır, onu düşündürən həyati məsələlər var ki, onları poeziya dili ilə şərh eləməyə çalışır.

Qaçqın olur, köçkün olur,
Baş götürüb itən şeirimi.
Eh, sənə də əzab qalır,
Yar dalınca gedən şeirimi.

Haray salıb səsləyəcək,
Səbr eyləyib gözləyəcək,
Kimdən imdad istəyəcək,
Başı kəsik, bədən şeirimi.

Qəlbimdə dəstəmaz alır,
Oruc tutub, namaz qılır,
Bəzən elə xoşbəxt olur,
Göz yaşıyla bitən şeirimi.

Səngərlərdə qalacaqdır,
Bir gün zəfər çalacaqdır.
Əsgər andı olacaqdır,
Torpaq şeirim, Vətən şeirimi.


Hərdən fikirləşirsən ki, Ülkər xanım həyatdakı, yaşadığı mühitdəki mənfilikləri, nöqsanları, çatışmazlıqları necə görür? Bunları görmək üçün hiss etmək, duymaq kifayət edərmiş. Üzünü bir nadana tutub deyir ki: "Yerini bil həmişə, Bu, girdiyin kol deyil. Adam kimi gəl yaşa, Getdiyin düz yol deyil. Sevincə qəm qatırsan, Haram yeyib yatırsan, Gah alıb, gah satırsan, Həyat qara pul deyil" . Necə də sərrast səslənir.
Hərdən fikirləşirsən ki, təbiəti duymaq, təbiətdəki ahəngi tutmaq üçün gərək özün də təbiətin bir parçasına çevriləsən, yəni Hüseyn Arif olasan, Musa Yaqub olasan. Ülkərin təbiət şeirlərini oxuyanda da onun təbiətin bir parçası olduğuna inanırsan. Yağış haqqında deyir ki: "Damla-damla süzülən narın dənələrindən göy havası qoxuyur, Mənim üçün bu səhər yağış nəğmə oxuyur. Mənim yağış nəğməmin külək qanadları var, Mənim yağış nəğməmin leysan inadları var". Şeirdə ənənəvi mövzuya rəvac verən Bənövşə haqqında deyir ki: "Baxanlar hüsnünə məst olub uydu, Gözlər nə əl çəkdi, nə dəki, doydu, Çoxları adını qızına qoydu, Nə yaman sevirmiş el bənövşəni. Günahdır bu yerdə xatırlamasaq, Yüz dənə, min dənə "Bənövşə" yazaq, Səndən də, məndən də, hamıdan qabaq, Qurbani vəsf edib, bil, bənövşəni".
Ənənəvi şeirin nümayəndəsidir Ülviyyə xanım. Hiss olunur ki, hecanı, əruzu yaxşı öyrənib, klassik ədəbiyyatdan, xalq şeirindən xəbərdardır, mütaliəsi elə yazdıqlarından bilinir.
Məlumdur ki, dönə-dönə, dəfələrlə müraciət olunan mövzularda yazmaq çox çətindir. Amma Ülkər xanım hamısında olmasa da, bəzi mövzularda istəyinə çata bilir. Onun Dünyaya həsr etdiyi və bir rubrikada təqdim etdiyi şeirlərin bir çoxu Ülkər xanımın poetik istedadından xəbər verir. Doğrudur, bu rubrikada şəxsən məni təmin etməyən "Girmək olmur qılığına dünyanın" (bu "qılıq" söhbətinin dünyayla bir əlaqəsi olmasın gərək), "Dünya" (bu şeirdə "Məndən betər kölə dünya" misrası var və bu fikirlə qətiyyən razılaşmıram ki, dünya "məndən" beşbetər köləymiş, yaxud "Qan udduran sənsən bizə" misrası da trafaretdir, çoxları dünyanı beləcə lənətləyiblər), "Dünya adamyeyəndir" (bu şeirdə də Yazıq Dünya böhtanlara, qarğışlara düçar olur) şeirləri var, amma ümumən rubrikada olan nümunələr heç də pis deyil.. Məsələn, "Dünyanı sevgiylə sağaltmaq olar", "Dünya ölüb deyirlər", "Dünyanı" şeirləri bir oxucu kimi məni təmin edir. Yəni Dünyanı söymək yox, qarğımaq yox, dünyanı sevmək lazımdır. O pisliklər ki, Ülkər xanım Dünyanın üstünə yıxır, burada Dünyanın yox, insanların təqsiri var. Özü yaxşı deyir ki:

Nəfsə uyub yapışmışıq tamahdan,
Bu günümüz nigarandır sabahdan,
Yetən-yetəncənnət umur Allahdan,
Döndərmişik cəhənnəmə dünyanı.

Nə torpağı, nə insanı yaşatdıq,
Arzulara, diləklərə daş atdıq,
Şeytana yox, mələklərə daş atdıq,
Döndərmişik cəhənnəmə dünyanı.


Ülkər Atəşin şeirlərində xalq poeziyasından gələn motivlər diqqəti cəlb edir: vətəni sevməyin, odun-ocağın qədrini bilməyin, halallığın, ismətin, mərdliyin, saf məhəbbətin, abır-həyanın təbliği. Şeirlərində müəllim olmaq, kiməsə nəsihət vermək, pedaqoqluq etmək müasir poeziyanın vəzifəsi və borcu deyil, amma insanları düzlüyə, həqiqətə səsləmək həmişə poeziyanın baş mövzularından olub. "Halal saxla" şeirində Ülkər Atəş "müəllimlik" edir, nəsihət verir, bu da lazımdır, amma "Papaq" şeirində o, artıq müəllim yox, şairdir:

Papaq dəyərsiz olur alçaldanda onu baş,
Hikmətini papağın anlayaydı hamı kaş.
Bu adi bir söz deyil, bu cümlə yersiz deyil,
Bizim qədim kişilər başa papaq qoyublar.
Torpağı da, eli də papaqlılar qoruyub.
Papaq var ki, qoyanın başından çox bahadır,
Papaq baha olsa da. Başı boş bir kahadır.

Ülkər Atəşin şeirlərində analara, atalara, qocalara, ümumən qadınlara, ləyaqətli insanlara, körpələrə bir mehri-məhəbbət var. Bu insanların həyatında təzadları görüncə, şairin içindəki üsyan bayrağı dalğalanır. Deyir ki: "Hər gün səni gözü nəmli görürəm, Gözəl qadın, niyə xoşbəxt deyilsən?" Və yaxud, üzünü kişilərə tutub söyləyir ki: "Ay kişilər, sözünüzdə mərd olun, Oynamayın qadınların qəlbi ilə. Könül qıran zalımlara sərt olun, Oynamayın qadınların qəlbi ilə". Bir də deyir ki: "Dərdə salsaq, solacaqdır gül kimi, Batırmayın bataqlarla lil kimi, Ağlayanda göz yaşı var sel kimi, Ey insanlar, qadınları qoruyun". Atılmış qocalar üçün də bir haray var: "Siz ey əziz övladlar, siz ey əziz balalar, Bir övladlıq borcu var həyatda, unutmayın, Qocalanda analar, qocalanda atalar, Küçələrə atmayın, küçələrə atmayın!"
Kitabdakı "Andın mübarək olsun!" rubrikasında təqdim olunan şeirlər isə əsl vətənpərvərlik ruhu ilə qələmə alınıb. Doğrudur, burdakı şeirlərin içində plakat misraları da haray çəkir, amma ümumilikdə siyasi kəskinlik, vətənpərvərlik çağırışları üstə köklənib. "Andın mübarək olsun", "Əsgər qardaşım", "Qələbə çalmalıyıq" şeirlərində səfərbərlik əhval-ruhiyyəsi üstündür. Bu şeirlər doxsanıncı illərdə də lazım idi, indi də lazımdır, sabah da lazım olacaq.

Gücüm sənsən, ayağa qalx, ay oğul,
Bal deməklə şirin olmur ki noğul,
Qəhrəmansız, pəzləvansız nə nağıl,
Sözlə keçmir dəllallara qarğışım,
Dur silahlan, mənim əsgər qardaşım.


"Qalxın, vətən qızları" şeiri isə Azərbaycanın döyüş xislətli, kişi qeyrətli qızlarının himni kimi səslənir:
Qalxın Vətən qızları, Nigar, Həcər, bizik, biz,
Sədd yaradıb birləşək, qoy sıx olsun cərgəmiz.
Türkün Oğuz qızları quşdan ayıq olubdur,
Döyüşlərdə ər kimi ərə layiq olubdur.
Qalxın Vətən qızları!
Vətən adı gələndə oğlan nədir, qız nədir,
"Azərbaycan" söyləyib, hamı səfərbər olsun!

Ülkər Atəşin sevgi şeirlərində yaşanılan hisslər, duyğular qələmə alınır və duyursan ki, bu şeirlərin qəhrəmanı möhkəmcə sevən bir qadındır. Elə sevgi ki, həyata, təbiətə, dünyaya o sevginin gözüylə baxır. O sevgidə romantika da var, xəyal da, küskünlük də, həyatın qəmi də, kədəri də, gerçəkliyin acılıqları da... Sanki bütün sevgi şeirlərini bu misralar birləşdirir: "Eşq dərgahın yoludur. Gedə bilsən, get, ey dost! Eşq Allahın yoludur!". Bu da sevgi haqda gözəl bir şeir:

Aşiq çəkər, yorulmaz,
Naz dili var sevginin.
Gül ətrinə bənzəyən,
Yaz dili var sevginin.
Qəm sevincə qarışar,
Gah küsər, gah barışar,
Xəlvət-xəlvət danışar,
Öz dili var sevginin.

Eşq əlindən can xəstə,
Ağlar könül ahəstə,
Dinər sarı sim üstə,
Saz dili var sevginin.


Nəhayət, gəlib çatdıq sona. Ülkər Atəşin Qəzəl dünyasına. Onun Qəzəl dünyası da özünəməxsusdur. Məni sevindirən Ülkərin əruza bələdliyidir. Necə olub bu, deyə bilmərəm.
Olsun ki, klassik poeziyanı yaxşıca mənimsəyib, onda əruz hissiyyatı, qəzələ məhəbbət də bəlkə bundan irəli gəlir. Elə sözümü də onun bir qəzəlindən bu iki beytlə tamamlayır, ona şeir yollarında uğurlar diləyirəm:

Bu dünyanı anlamadan köçməyimiz faciədir,
Qanmağa yaş meyar deyil, qırx da olar, yüz də olar.
Ülkər Atəş dərk eləyir günah nədir, yanlış nədir,
İnsan axı mələk deyil, səhv də olar, düz də olar.


Vaqif YUSİFLİ