adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

ONLAR VƏ MƏMLƏKƏTiMiZ

TOFİQ ABDİN
21163 | 2011-08-27 01:33
"Onlar və məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılananlara dayanaraq davam etməkdir. Biz araşdırıcı deyilik və bir yazar olaraq bizim haqqımızda olan fikirlər də bizim üçün maraq doğurmaya bilməz. Təbii ki, bu gün bəxtəvərliyimizdir ki, həm dünyada, həm də qonşu Türkiyədə bizim kimliyimiz daha çox söhbət yaradır və bu da bizi sevindirməyə bilməz. Yüz illər sonra da güman ki, bu məsələ yada düşə bilər və buna qəti hökm vermək qənaətimiz yoxdur. Amma bu yazılarda ayrı-ayrı yazar və ya qeyri-yazar insanların məmləkətimiz və bizlər haqqında görüşləri bizim üçün yad olmamalıdır. Və gələcək araşdırıcılar üçün bu gün yazılanlar bir fakt olaraq diqqəti çəkəcək.
   
   Sovetlərdə bol-bol şüarlar vardı.Onlardan biri də: "Biz ölkəmizi sevirik" deyə bir şey idi. Təbii, bu heç şübhəsiz bir rus ağlının icadıydı və bütün Sovet xalqı da bu şüarı eynən yaşamağa məcbur idi.
   
   Ruslar belə şüarı uydurub və istədikləri zaman, istədikləri yerlərdə söyləməyə haqlı idilər. Çünki, ən azından o ölkə həqiqətən onların idi və o ölkədə onlar istədiklərini eləyirdilər və istədikləri kimi yaşayırdılar.
   
   Belə bir şüarı bir eroin kimi ta beşikdən uşaqların qanına soxan Rus düşüncəsi bütün işlərinə də bu cür şüarların pəncərəsindən baxırdı.Baxırdı və istismar etdiyi, müstəmləkəsi olduğu ölkələr qarşısında özünü tam haqlı bilirdi, qapalı qapılar arxasında həqiqətən güclü bir dövlət olaraq göstərilirdi və tanınırdı.
   
   Bu qapalı qapılar arxasındakı həyat sonunda küçələrə daşdı, töküldü və insanların həyatını, yaşamını elə bir hala gətirdi ki, artıq öz içinə sığmadı bu ölkə.
   
   Və öz içinə sığmadıqdan sonra get-gedə insanlar daha pis vəziyyətə düşdülər, gündəlik həyatda böyük çətinliklərlə üz-üzə qaldılar. Hər hansı bir mağazada, küçədə, restoranda, iş yerində və bütünlüklə yaşamda böyük haqsızlıqlar gördülər, bu haqsızlıqları dilə gətirdikdə onlara belə dedilər:
   
   "GEDİN KİMƏ SÖYLƏYİRSİNİZ SÖYLƏYİN. "
   
   Vəssalam.Yəni, siz çox-atılıb düşməyin.
   
   Mənim bir zamanlar yaşadığım Sovetlərdə bir söz vardı: Vəssalam.
   
   Mənim sevimli Türkiyəmdə də bir söz var: Tamam...
   
   Vəssalam, yəni si... get.
   
   Tamam: çox zaman eyni mənada.
   
   Sovetlərin sonu nə oldu, mənim balam!
   
   İndi Türkiyədə də belə bir şüar eynən var: Biz məmləkətimizi sevirik.
   
   Təbii, Türkiyə seviləsi bir ölkədi.Bu da baxır kimlər üçün.Və bu sevgini burada necə göstərirlər.
   
   Bir həqiqəti demək gərək: bir yeri sevmək, o demək deyil ki, qarasını da ağ görəcəksən, əclafına da mərhəmətlidir deyəcəksən. Yəni heç bir əksikliyi və alçaqlığı görməyəçəksən.Bütün bunlar Türkiyənin bütünləşmiş bir üzü deyil.Amma bu həqiqətdir ki, Sovetlərdə yaşamış bir insan Türkiyədə də eyni şeyləri görürsə, dərindən bir nəfəs alıb özü-özünə deyir:
   
   "Ya Rəbbim, bunu mən bir dəfə görmüşəm axı..."
   
   Və bir az həssas və bir az bu ölkəyə böyük məhəbbət göstərən, onu sevən bir insan üçün bütün bunlar bir çıxmaz dalan əmələ gətirir və içindən bir qorxu keçir:
   
   "Bu ölkəni Allah qorusun..."
   
   ...Bir zamanlar yaşadığım Kadıköy səmtindən gəmiylə hər gün Karaköy deyilən bir yerə keçirəm.Artıq nə zamandır.İstər Kadıköydəki, istərsə də Karaköydəki hər mağaza, hər adam artıq çoxdan tanıdığım bir hala gəlmiş mənim üçün.
   
   Bir gün çətirim xarab olur. Türkiyədə Şəmsiyə deyirlər. Karaköydə tam yolumun üstündə, gəmi tərsanəsinə yaxın bir çətir təmircisi var. Həm də zajiqalka doldurur.Türkiyədə zajiqalkaya Atəş deyirlər.Bir uşaq oturub təmir işlərini eləyir.Çox uşaqdır.Türkiyədə belə uşaqların sayı-hesabı yox.Görünür inkişaf etmiş kapitalizmin insalığa ən böyük hədiyyəsidir bu. Bəlkə sosializmdə də vardı. (O qədər qaranlıq şeylər vardı ki, bizim üçün, bu da onlardan biri olsun deyək ki... Amma o var ki, Sosializmin küçələrində belə uşaqlar az idi). Uşaq baxır və "hayır, şunu yapamam" - deyir. Təbii bu bir uşaq. Məktəbdə oxuması lazım. Burada oturub. Əvvəllər burada bir az yaşlı birisi vardı. Bu uşağın deyəsən böyük qardaşı idi. İndi yoxdur. Onu soruşuram. "Yoxdur" - deyir. Sonra fikrimi anlamış kimi: "Yüz bin verin tamir edim"-deyir.
   
   "Kardeşim, bunun kendisi yüz bin oluyor. Nereden çıkardın bu yüz bini?"
   
   Elə bu zaman bir adam yaxınlaşır.Deyəsən mənim səsimi eşidib gəlir.Bir az da Türkiyənin Anadolu bölgəsinin adamlarının danışığı kimi, yəni bir az bizim türkcəyə yaxın və ya deyək ki, kürd ləhcəsində:
   
   "Ortadoğudan gelmisiniz. Ne istiyorsunuz bu İstanbuldan?"
   
   "Kardeşim, - deyirəm - men (bu dəfə qəsdən "ben" əvəzinə "men" deyirəm) Ortadoğudan gelmemişim.Bu ne biçim konuşmaq?"
   
   "Ne biliyim.Azerisiniz, nesiniz. Nerədən gelmişsiniz? Lafı uzatmayın.Rus parasıyla Türk parasını anlatmayın.İsterseniz yaptırın, istemezseniz çekin gidin.Şudur diyeceğimiz: gidin kimə diyorsunuz deyin".
   
   Təbii, bu adamın özü də İstanbula hardansa gəlmiş.Kadıköydə bir küncə sığınmış.Çörək pulunu qazanır.Amma onun belə bir tərzdə danışması heç xoşuma gəlmir.Heç şübhəsiz mənim həyatımın onun həyatından yaxşı olduğunu bilirəm.Məni üzən onun: "nereden gelmişsiniz" sözləridir. Və"git kime söylüyorsun söyle" deməsidir.
   
   Eynən bir zamanlar Sovetlərdə olduğu kimi.Sovetləri yıxan, dağıdan, çökdürən də belə mədəniyyətsiz danışıqlar oldu. Belə əxlaqsız adamlar üzündən çökdü o ölkə.
   
   Əyər Azərbaycana və yaxud bir başqa Türk Ölkəsinə birisi İstanbuldan gedib oralarda çalışsa, heç zaman ona belə yanaşmazlar.
   
   Qarşındakı adamı tanımadan, belə mədəniyyətsiz danışmaq, özü də əsasən yad bir qonağın üzünə belə şeyləri demək Türkiyənin xeyrinə deyil.Məhz belə adamların üzündən indi Türkiyə yaşanmaz halə gəlmişdir.
   
   Mən bu ölkə üçün qorxuram...

TƏQVİM / ARXİV