adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ONLAR VƏ MƏMLƏKƏTiMiZ

TOFİQ ABDİN
24068 | 2011-08-13 01:36
"Onlar və məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılananlara dayanaraq davam etməkdir. Biz araşdırıcı deyilik və bir yazar olaraq bizim haqqımızda olan fikirlər də bizim üçün maraq doğurmaya bilməz. Təbii ki, bu gün bəxtəvərliyimizdir ki, həm dünyada, həm də qonşu Türkiyədə bizim kimliyimiz daha çox söhbət yaradır və bu da bizi sevindirməyə bilməz. Yüz illər sonra da güman ki, bu məsələ yada düşə bilər və buna qəti hökm vermək qənaətimiz yoxdur. Amma bu yazılarda ayrı-ayrı yazar və ya qeyri-yazar insanların məmləkətimiz və bizlər haqqında görüşləri bizim üçün yad olmamalıdır. Və gələcək araşdırıcılar üçün bu gün yazılanlar bir fakt olaraq diqqəti çəkəcək.
   
   Bu hekayətin anladılması bəlkə də bu heç gərək deyil. Ancaq çox ibrətverici bir hekayət olduğundan (yəni, hekayət də deyil, yüzdəyüz həqiqətən olan şeydir) bunu anlatmağı çox istəyirəm. Və bu məqsədlə də bu hekayəti yazıram...
   
   Ta son cümləsi deyilməyincə və yazılmayınca bu hekayət bəlkə də hər gün qarşılaşdığım bir şeydir. Türkiyənin hər hansı bir adamı üçün, vətəndaşı üçün bu günlük yaşam kimi bir şeydir. Mən uzur illər başqa bir ölkədə, başqa bir sistemdə yaşadığımdan çox-çox əvvəllər təsəvvür etdiyim Türkiyədə belə şeylərin olmasını görəndə bir az hürkürəm.
   
   Amma sonra düşünürəm: bura da bir ölkədir. Burada da bir cəmiyyət var, insan yığını var, harada olursa-olsun insan elə insandır. Onlar biri-birilərinə bənzəyir və ən dəhşətlisi biri-birilərini tamamlayırlar.
   
   Bu hekayətdəki adamların adlarını, familyalarını açıq yazmıram. Ona görə ki, bəlkə də pislik eləmiş olaram bu adamlara, bu stol arxasında oturub hikkəli-hikkəli danışanlara. Ancaq nə eləyəsən ki, bu hekayət bir cəmiyyətin, bir insanlığın və hörmət etdiyin cəmiyyətin, sevdiyin insanlığın tam ortasından qopub alnına sancılır.
   
   Bu hekayətdəki MƏN ELƏ MƏNƏM. O biriləri də bax bu yazını yazdığım tarixdə yenə də iş başındadırlar və öz işlərindədirlər.
   
   Türkiyədə SSK deyilən bir quruluş var. Bizim Profsoyuz, Həmkarlar kimi bir şeydir. Sığorta işləri ilə məşğuldurlar. Ayın son günləri buraya gələn insanlar qarışqa kimidirlər. Otaqların qapısı önü dopdolu. Sıra uzanıb gedir.Təbii, bu sıradakı insanlar hamısı öz halından şikayətçi. Saatlarla gözləməkdən canı boğazına yığılan adamlar, boşuna gedən vaxtları üçün və yanan ayaqları üçün hər kəs özü-özünə bir şeylər söyləyir bu cəmiyyət və bu dövlət haqqında.
   
   Haqlıdırlar. Amma nə faydası.
   
   Mən də bu yazını yazdığım günlərdə 15 milyonluq bir maaşla, dollara çevrildikdə 80 dollar (yalnız günorta yeməyini və avtobus bileti almağı şirkət eləyir) bir şirkətdə türklərin belə bir vəzifəsi var, təhsildarlıq deyə, bizdə buna kuryerlik deyirlər, işləməkdəyəm. Amma tərcüməçi olaraq alındım bu şirkətə bir neçə ay öncə. Sıxışdırılıb belə bir vəziyyətə düşdüm. Sonunda bu şirkətin onu götür, bunu qoy işlərinə də baxıram. Kimsə kimsəni məcbur eləmir. İstəmirsən çıx get. Dəfələrlə anlatdığım kimi Türkiyə kimi bir ölkədə mənim kimi adamların iş tapması çox çətin bir şeydir. Sovet dövründə (amma dövrün bu məsələyə dəxli yoxdu) jurnalistlik eləmiş və elədiyi jurnalistliklə həmişə fəxr eləmiş bir insanın kapitalizm deyilən bir sistemdə hələm-hələm iş tapması mümkünsüz bir şeydir. Xüsusilə Türkiyədə.
   
   Bu bəlkə də Türkiyənin günahı deyil. Mənim günahımdır. Bəli, bütün işlər son günə saxlanılır. Mənim işlədiyim şirkətdə də eləcə. Son gündür, patron son gündə son qəpiyini dəyərləndirir, bankada saxlayır ki, faiz gəlsin və milyarlarla sərmayəsi olan bu şirkətdə hər ay eyni şey təkrar olunur.
   
   Mən də bu SSK deyilən yerə şirkətin cərimə pulunu ödəməliyəm.
   
   Mən bu işdə bir naşı olduğumdan mənimlə çalışan mühasibə yalvarıram ki, elə et ki, heç bir əksiklik olmasın. Bir hadisə olmasın.
   
   Hər dəfə mən bunu xahiş eləyirəm və hər dəfə də bir əksiklik olur bədbəxtlıkdən. Və təbii ki, mən də çətin vəziyyətə düşürəm.
   
   Kimisi Türkiyəyə gəldiyimi görüb (mən çox zaman qəsdən azəri türkcəsində danışıram) hörmət eləyir, qardaşımız deyib keçir, işi eləyirəm və patron da elə bilir ki, elə hər şey gözəl keçib.
   
   Bəli, böyük bir hadisə olurmuş kimi yenə də pul tapırlar, böyük məbləğ də deyil, iyirmi milyon kimi bir şeydir. Bu pulu da tam ödəmək istəmirlər.Taksit deyilən bir üsulla ödəmək istəyirlər. İyirmi min on yerə bölünür və demək mən on dəfə hələ bura gəlib-getməliyəm.
   
   Bu hekayətin də ən gözəl və faciəli məqamı bu türklərin taksid dediyi, bizim bəlkə də o kredit dediyimiz şeylə bağlıdır.
   
   Mənim müraciət elədiyim adam işindən bezmiş kimi görünür. Kim öz işindən razı ki, bu məmləkətdə?
   
   Məmur mənə deyir: kardeşim, bu iyirmi milyon nedir ki, bunu da taksidle ödiyorsunuz. Ayıp ediyorsunuz.
   
   Deyirəm: hörmətli məmur, mənə belə deyirlər. Deyirlər ki, belə ödəməyə bizim haqqımız var.10 milyon olsa da haqqımız var.
   
   Memur durur. Baxır... baxır... və görürəm ki, bu haqqımız var sözü heç onun xoşuna gəlmədi. Görürəm ki, məmur əməllibaşlı əsəbiləşdi.
   
   "Hakla makla konuşma benimlə. Benim də hakkım otuz milyonun altında taksid almamaktır".
   
   "Aman Allahım düşünürəm. Mən yenidən bu üç saatlıq yolu qarşıya keçməliyəm. Avropa hissəsinə. Ayın sonu. Son saatlar. Yenidən mərəkə başlayacaq.
   
   "Sən heç nəyi bacarmırsan. Bu sosializm insanları hamısı belədir. Heç nəyi bacarmırlar. Ona görə dağıldı o sistem. "
   
   Patron oxuyacaq, oxuyacaq bu yüz dəfələrlə haqsız dediyi şeyləri, heç günahım olmadığı halda, döşəyəcək bağıra-bağıra haqsız fikirlərini.
   
   Məmurdan xahiş eləyirəm. Məmur çox əsəbləşib. Mən yalvarıram. O dinmir.
   
   Bu adam haqlıdır.
   
   Mən də mənə deyilən sözləri olduğu kimi deməyə haqlıyam.
   
   Amma bu dəqiqə bu haqlılığın və haqsızlığın sübut olunması zamanı deyil. Vaxt yoxdur.
   
   Dəqiqələr keçir. Vəzifəli bir adam qarışır bu işə. Əslində mənim əsəbiləşdiyimi görüb və daha doğrusu bir az bərkdən danışdığımı görüb məni çağırır. Məsələni anladıram. Bu adam müdirmiş. Demək, məmurun müdiridir.
   
   "Bekle hall ederiz! -deyir mənə.
   
   Dəqiqələr keçir. Və artıq saatlar demək olar, dəqiqələr yox. Müdir bəyin kabinetinin qarşısında da adam doludur. Məni unudur deyəsən.
   
   Yenə də xatırladıram. Və müdir bəyə deyirəm ki, məmur bəy elə düşünməsin ki, mən sizə şikayət eləmişəm. İş korlanar.
   
   "Tamam, tamam",- deyir müdir bəy. Hall ederiz, bekle."
   
   Amma məmur dediyindən dönmür. Və bu dəfə daha əsəbi deyir: eləyirsə özü eləsin.
   
   Məsələ uzanır.
   
   Belə olduqda keçən dəfə burada tanış olduğum birisinə yanaşıram və sakitce qulaqlarına beləcə deyirəm:
   
   "Xahiş eləyirəm, o məmur bəyi başa sal. Mən burda sizin ölkədə qonağam. Sabah, o biri gün inşallah çəkib burdan gedəcəm. Pis şeylər düşünməyim buralar haqqında. Onu başa salın. Mən "Ortadoğu" qəzetinin Köşe yazarıyam. Mənə elə-belə baxmasın.
   
   Mən belə deyəndə bu gənc adam mənə heyrətlə baxır. Və əvvəlcədən də söhbət edəndə vəziyyətimi ona danışmışdım ki, mən bu şirkətə necə düşmüşəm.
   
   Adam mənim qəzetəylə bağlı sözlərimə inanmır deyəsən.
   
   Cibimdən vəsiqəmi çıxarıb göstərirəm.
   
   Baxır və sənədləri məndən alır. "Bekle", - deyir mənə.
   
   Bir az keçir gəlir və deyir: get, taksidini ödə.
   
   Ödəyirəm və yenidən onun yanına gəlirəm.
   
   Bu yaraşıqli gənc mənə deyir: mən bu işi Türkeş familyasına böyük hörmət və "Ortadoğu" qəzetinə də ona görə hörmət etdiyim üçün elədim.
   
   Və əlavə eləyir: sənin bu adamlar arasında (yəni şirkəti nəzərdə tutur, onlar solçudurlar və son dərəcə ruspərəstdirlər, komunistliyi sevənlərdirlər) nə işin var. Uzaqlaş onlardan.
   
   Asandır demək.
   
   Bura Türkiyədir. "Cənab 420" filmini xatırlayıram. Belə deyir o filmdə birisi: bura Bombeydir.Burada yıxılanlara gülürlər...
   
   Bəli, belə bir hekayet. Ancaq olmuş hekayət...
   
   
   
   ***
   
   
   
   NOT: Olanı bu. Əlimdəki şəxsiyyət vəsiqəsinə görə yaxınlarda yetmiş yaşım olur. Bütün tay-tuşlara, həmkarlara bu yaşı arzu edirəm. Və ən önəmlisi 70 yaşın ilk təbriki sevimli Xalq şairimiz, əski Millət vəkili, xalqımızın sevimlisi ZƏLİMXAN YAQUB bəy əfəndidən gəldi. Çox dəyərli bir təbrik. İlahidən hörmətli şairimizə can sağlığı, can sağlığı və yenə də can sağlığı arzu edirəm.

TƏQVİM / ARXİV