adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ONLAR VƏ MƏMLƏKƏTiMiZ

TOFİQ ABDİN
20630 | 2011-07-23 01:46
"Onlar və məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılananlara dayanaraq davam etməkdir. Biz araşdırıcı deyilik və bir yazar olaraq bizim haqqımızda olan fikirlər də bizim üçün maraq doğurmaya bilməz. Təbii ki, bu gün bəxtəvərliyimizdir ki, həm dünyada, həm də qonşu Türkiyədə bizim kimliyimiz daha çox söhbət yaradır və bu da bizi sevindirməyə bilməz. Yüz illər sonra da güman ki, bu məsələ yada düşə bilər və buna qəti hökm vermək qənaətimiz yoxdur. Amma bu yazılarda ayrı-ayrı yazar və ya qeyri-yazar insanların məmləkətimiz və bizlər haqqında görüşləri bizim üçün yad olmamalıdır. Və gələcək araşdırıcılar üçün bu gün yazılanlar bir fakt olaraq diqqəti çəkəcək.
   
   ALƏM KAZİMOV YOX,
   
   ƏFƏNDİLƏRg
   
   
   
   Azərbaycanın adlı-sanlı Muğam sənəti nümayəndələrindən biri olan Alim Qasımov, sənət dostları- tarzən Mənsuroğlu və bir başqa Mənsuroğlu olan Elşad Mənsuroğlu ilə Ankara və İstanbulda oldular. Dünyanın bir çox musiqi mükafatlarını almış, muğam ustası Alim Qasımovun səsi muğam sənətində nadir səslərdən biridir.
   
   Alim Qasımovun rəhbərlik etdiyi muğam üçlüyü Türkiyə Mədəniyyət Nazirliyi və heyrət doğuran bir şey ki, Ankaradakı Fransız Mədəniyyət Dərnəyi tərəfindən dəvət olunmuşdular. Mən belə düşünürəm ki, əsasında elə Alim Qasımovu bu Fransız Mədəniyyət Dərnəyi dəvət etmiş olar, ona görə ki, bəlkə də Ankarada Alim Qasımovu heç tanımırdılar bu vaxta qədər və elə bu yazı da bu tanış olmamanın bir təsdiqi kimi bir şeydir.
   
   Xüsusi olaraq Fransada və başqa yabançı ölkələrdə Muğam sənətini tanıdan və dəfələrlə dünya ölkələrinə sənət səfərlərində olan bu Muğam üçlüyü Muğam sənətinin ən heyrətləndirici ifaçıları olaraq qiymətləndirilir dünya musiqi biliciləri tərəfindən.
   
   1994-ci ilin aprel ayının 17-sində Türkiyənin dövlət televizyon kanalı olan TRT-1"də "Axşama doğru" məşhur bir verilişdə ki, onu da bizim Bakıda da seyr eləyirlər, Ləvənt xanım adlı bir aparıcı ki, Türkiyənin çox tanınmış bir ziyalı ailəsində çıxıb, qonaq elədi bu üçlüyü.Bu verilişdə Muğam sənətinin bəzi tərəfləri sual-cavab olundu ki, Türkiyədə bu Muğam deyilən şey yoxdur, amma bir uzun hava deyilən şey var ki, bu da elə muğamdır. Çağdaş Türkiyə bu Muğamı yadlaşdırb özünə, amma onun müqayisə olunmaz nümayəndələri varmış bir zamanlar.
   
   Heç şübhəsiz Ləvənt xanımın Alim Qasımova və onun sənət dostlarına bu münasibəti hörmətə layiqdir. Amma... ah, bu amma olmasaydı.
   
   Mən heç anlaya bilmirəm. Türk dilindəki bütün hərflər və bütün sözlər Azəri türkcəsində eynən var və ya əksinə. Belə olduğu təqdirdə necə ola bilir ki, tanınmış bir aparıcı və tanınmış bir ailədən çıxan xanım bu gözəl sənətçinin ad və soyadını təhrif edərək tələffüz etdi bütün gecə boyu.
   
   Ucun tutub getdi ucuzluğa və Alim Qasımovu Aləm Kazımov olaraq tanıtdı tamaşaçılara. Bir dəfə yox, iki dəfə yox, elə bütün veriliş boyu beləcə söhbət etdi.
   
   İndi baxın,Türkiyə Türkcəsində Alim sözü də var, Qasım sözü də... Hətta Türkiyədə məşhur bir səmt var: Qasımpaşa və məşhur bir mahnı da var "Qasımpaşalıyam mən, əli maşalıyam mən.... "
   
   Amma hörmətli xanım əfəndi türklər demişkən elə hey Kazım dəyərək tutdurdu getdi...
   
   Aləm dəyərək qaza basdı...
   
   Alim Qasımovun adını və familyasını olduğu kimi demək belə çətinmiş yəni?
   
   Təbii, bu yanlışlıq yalnız burada bitsəydi nə vardı ki... bir neçə gün əvvəl "Cümhuriyyət" qəzeti bir xəbər çap etmiş və bu xəbərdə yazırdılar ki, Azərbaycanın tanınmış muğam ustaları Türkiyəyə gələcək. Kimmiş bu tanınmış muğam ustası: Alem Kazımov.
   
   Qəzet eynən belə yazır":Fransada böyük şöhrət qazandıqdan sonra ABŞ və Avropada verdiyi konsertlərlə millətlərarası bir şöhrətə sahib olan sənətçi Aləm Kazımov ilk dəfə gələcəyi Türkiyədə, Ankarada Milli Təhsil Nazirliyinin salonunda 20 Apreldə bir konser verəcək. "
   
   Bir şeyi mən burada söyləmək istəyirəm. Düşünürəm ki, Azərbaycanda heç bir jurnalist və heç bir televiziya aparıcısı heç bir türk sənətkarına belə bir münasibətə yol verməz.
   
   Burda qəribə bir şey də diqqətimi çəkdi. Bütün veriliş boyu Alim Qasımova Aləm Kazımov kimi müraciət olunsa da, Alim Qasımov bir dəfə də dönüb o xanıma söyləmədi ki, a balam mənim adım, familyam belədi.
   
   Elə hey güldü...Və oxudu.
   
   Amma necə oxudu...
   
   Əlində qaval, bardaş qurub oxuyan Alim Qasımov həqiqətən bir aləm yaratdı...
   
   
   
   ***
   
   
   
   TOFİQdən rus olmaz...
   
   Azəri türklərinin X1X yüz ildə yaşayıb-yaratmış bir gözəl aşığı var:Abbas Tufarqanlı. Aşıq Abbas Tufarqanlının bir misrası var. Bu günlərdə bir televiziya verilişinə baxarkən, həmin misra yadıma düşdü və onu da deyim ki, bu misra elə hey yadıma düşür bu Türkiyədə...
   
   Türk şəxsi kanallarından olan ŞOV və Star televiziyasında Dünya Birinciliyilə bağlı bir proqram göstərildi.
   
   Və bu verilişə baxa-baxa yenə də Abbas Tufarqanlını xatırladım və onun bu misrası düşdü yadıma:
   
   Desəm öldürərlər, deməsəm ölləm...
   
   Soruşula bilər: futbol hara, Abbas Tufarqanlı hara?
   
   Futbol tarixinin yadda qalan məqamları və hadisələri məncə bir o qədər də çox deyil. Və bu hadisələr və olanlar haqqında gözəl bir proqram hazırlayan hər iki kanalda da göstərilən bu veriliş həmin nadir hadisələrin bir yerə toplanıb montaj olunması nəticəsində alınmışdı.
   
   Futbol azarkeşləri səhv etmirəmsə 1966-ci ilin dünya birinciliyi final oyunlarını gözəl xatırlayırlar və Azərbaycanlı azarkeşlər heç unutmazlar bunu bilirəm.
   
   Almaniya və İngiltərə yığma komandalarının final oyununda böyük bir hadisə yaşandı və bu hadisə sonradan futbol tarixinə elə girdi ki, hətta Türk televiziyası da buna yad gözlə baxa bilmədi.
   
   Bu oyunda bir qol məsələsi vardı.
   
   Həmən bu qol İngilis komandasının taleyini həll etdi.
   
   O zamanlar dünya mətbuatı və dünya televizyonu bu hadisəni dəfələrlə göstərdi. Yazılar yazıldı. Bu qol dünya televizyonlarında bir star sənətçinin konserti kimi təkrar-təkrar göstərildi.
   
   Bu qol İngiltərəyə Dünya Kubokunu gətirdi.
   
   Bu mübahisəli və son dərəcə riskli qol Azəri türk HAKİM Tofiq Bəhramov tərəfindən təsdiqlənmişdi o zaman.
   
   Xatırlayırsınız bu qola etiraz edən almanlar o zaman Tofiq Bəhramovun üstünə necə yüyürdülər, necə hucum etdilər ona, sanki müharibə edirlərmiş kimi...
   
   Tofiq Bəhramov inadından dönmədi...
   
   Azəri oğlu azəri olan, daha başqa sözlə desək türk oğlu türk olan Tofiq Bəhramov Türkiyədə göstərilən bu verilişlərin hər ikisində də RUS HAKİM OLARAQ təqdim olunanda mənim əsəblərim dözmədi,vallah.
   
   Yüzdə yüz azəri olan və ya azəri türkü olan Bakıda doğulan adı Tofiq familyası Bəhramov olan adamın harası RUS olurmuş, Allahım?
   
   Bu qədər də saymamazlıq olarmı?
   
   Axı,bu Tofiq sözü təmiz türk sözüdür,ən azından....
   
   Axı,bu Bəhram sözü türk sözüdür,ən azından...
   
   Tofiq Bəhramov hardan Rus hakimi oldu, qardaşlar?
   
   ***
   
   Ekonomik münasibətlər mədəniyyət qədər dəyərlimi?
   
   
   
   Tanınmış yazar Altemir Kılıç bəyəfəndinin (Altemir Kılıç "Türkiyə" qəzetinin yazarıdır, həm də "Ortadoğu" qəzetinə də yazılar yazırdı ) "Alma-Atada iki gün" adlı silsilə yazısı çap olundu. Bu yazını oxudum və mənim düşündüklərimi ifadə elədiyi üçün öz yazım kimi dəyərləndirdim. Və üstəlik də düşündüm ki, yahu bu yazını bəlkə elə mən yazmışam. İmzanı səhv qoyublar. Xüsusiylə bu silsilə yazının son hissəsini oxuyarkən tam mənim düşündüklərimlə o qədər yaxın idi ki... inanın çox rahatladım.
   
   Hörmətli Altemir Kılıç bəyəfəndi bu silsilə yazının son bölümünə belə bir ad vermişdi:
   
   "Ekonomik münasibətlər mədəni münasibətlər qədər dəyərlimi?"
   
   Bir qəzetçi və oxucu olaraq mən söz sırasına çox fikir və dəyər verən bir insanam. Ayrıca olaraq Türk mətbuatında bu söz məsələsi o qədər ucuzlaşıb ki, bu hal adamın lap gözünün içinə girir. Təbii,belə bir vəziyyət bu ölkənin öz yazarlarının işidir. Mənimlə nə əlaqəsi.
   
   Amma biz bu məqalədəki söz sırasına bir də baxaq:
   
   "Ekonomik münasibətlər mədəni münasibətlər qədər dəyərlimi?"
   
   Mən bir oxucu olaraq sənət, mədəniyət və ədəbiyyat məsələlərinə üstünlük verən birisiyəm. Bu sahəni çox sevdiyimdən və bu sahəni bir az bildiyimdən deyil bu. Bu da bir xəstəlikdir bəlkə. Bəlkə də bir çoxlarının dediyi kimi bu da bir SOSİALİZM qalığıdır.
   
   Qoy belə olsun.
   
   Amma, hörmətli Altemir Kılıç Türkiyənin ən tanınmış və ən qocaman qəzetçilərindən və yazarlarından biridir və üstəlik də görüşlərinə görə fərqlənir.
   
   Düşünürəm ki, bəlkə də bir başqa qəzetçi Türkiyədə bu söz sırasını belə yazırdı:
   
   " Mədəni münasibətlər ekonomik münasibətlər qədər dəyərlimi?"
   
   Bəli, bu məqalədə söz sırası belə də ola bilərdi.
   
   Amma biz ümid edirik ki, Altemir Kılıç bəyəfəndi bilərəkdən bu söz sırasını belə yazmışdır.
   
   Və nə qədər gözəl ki, belə yazmışdır.
   
   Türk dünyasının biri-birinə yaxınlaşmasında ekonomik münasibətlərin böyük rol oynadığını kimsə inkar edə bilməz.
   
   Amma, bu dünyanın qaynayıb qarışmasında mədəni əlaqələrin ən böyük bir qüvvə olduğunu da inkar etmək mümkün deyil.
   
   Biz önəmli olaraq Türk dünyasını deyirik.
   
   Belə bir üstünlük heç bir millətdə yox.
   
   Biz fransız dünyası, amerikan dünyası, ingilis dünyası deyə bir ifadə işlədə bilmərik bəlkə də.
   
   Yalnız Türk Dünyası deyə bir dünya var.
   
   İstəsək də, istəməsək də...
   
   Buna görə də bu dünyanın yaxınlaşmasında ən mühüm addımlardan biri ekonomik münasibətlər olduğu kimi (bəzi adamların fikrincə) mədəni münasibətlər də vacib və gərəkli amillərdən biridir.
   
   Altemir Kılıç bəyəfəndinin aşağıdakı fikirlərinə diqqət edək:
   
   "Dəmirəl brifinqdə açıqca söyləmədi, amma xəbərdarlıq etdi: bugünkü böyük oyunda artıq türk bir yardımcı aktyor deyil, baş oyuncudur. Bu oyunda Türkiyənin üstünlüyü dil, mədəniyyət və ənənə bağlılığıdır... Onun üçün Türklüyün mənəvi qaynaqlarından Xoca Əhmət Yasəvinin türbəsi və onun yenidən təmir olunması çox vacibdir. Türkistanda qurulmağda olan Türk-Qazax ortaq Əhmət Yasəvi Universiteti çox vacibdir... "
   
   Mən inanıram ki, Altemir Kılıç bəyəfəndi bu sıraya bir neçə ad da əlavə eləyə bilərdi.
   
   Ona görə də o əsas üç nöqtəyə fikir yönəltmişdir.
   
   Azərbaycan, Özbəkistan, Türkmənistan və bütün türk insanlarına aid bir çox abidələr və mənəvi dəyərlər sadalana bilərdi.
   
   ... Bir petrol deyib, bir bazar deyib, bir ekonomika deyib çox şeyləri unuduruq təəssüflər olsun.
   
   Türk mətbuatının və türk ziyalılarının mənəvi borcunu ödəmək vaxtı gəlib çatmışdır.
   
   Ya elə, ya belə.
   
   Ya irəli dur, ya da hap-gop etmə.
   
   Zaman axıb keçir. Sahib çıxılmayan şeyə sahib çıxanlar çox olur. Bunu unutmaq olmaz.
   
   Azərbaycan və ümumiyyətlə, türk dövlətləri yalnız ekonomik baxımdan deyil, həm də mədəni və ədəbi baxımdan da çox inkişaf eləmiş dövlətlərdir. Xüsusilə Azərbaycan belədir.
   
   Bir vaxt bir yazıda oxumuşdum:
   
   "Türkiyə və Türk dünyası bu böyük ustada Baymirzə Həyata borcunu ödəməlidir. Bütün əsərlərini çap etməli, onu daha çox mənimsəməli, sevməli və qayğı göstərməlidir. "
   
   Türk dünyasında Baymirzə Həyat kimi yaradıcılar çoxdur.
   
   Artıq bu adamları tanımaq gərəkdir.
   
   Hörmətli Altemir Kılıç "ekonomik münasibətlər mədəniyyət qədər önəmlimi" deyə sormuş...
   
   Söz sırasına diqqət edək...

TƏQVİM / ARXİV