adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

ONLAR VƏ MƏMLƏKƏTiMiZ

TOFİQ ABDİN
24999 | 2011-07-16 06:28
"Onlar və məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılananlara dayanaraq davam etməkdir. Biz araşdırıcı deyilik və bir yazar olaraq bizim haqqımızda olan fikirlər də bizim üçün maraq doğurmaya bilməz. Təbii ki, bu gün bəxtəvərliyimizdir ki, həm dünyada, həm də qonşu Türkiyədə bizim kimliyimiz daha çox söhbət yaradır və bu da bizi sevindirməyə bilməz. Yüz illər sonra da güman ki, bu məsələ yada düşə bilər və buna qəti hökm vermək qənaətimiz yoxdur. Amma bu yazılarda ayrı-ayrı yazar və ya qeyri-yazar insanların məmləkətimiz və bizlər haqqında görüşləri bizim üçün yad olmamalıdır. Və gələcək araşdırıcılar üçün bu gün yazılanlar bir fakt olaraq diqqəti çəkəcək.
   
   Türkiyədə Əzizə Mustafazədəni çox sevirlər. Hətta buna çox da demək olmaz, lap deyəsən bizdən də çox sevirlər onu və lap elə deyəsən ölürlər onun üçün. Vallah, belə demək da olar. Əgər belə olmasaydı, Əzizə Mustafazadənin fotosunu Türkiyənin tanınmış jurnallarından biri qapağında bütün səhifə boyu çap eləməzdi və onun musiqiçiliyindən başqa bir manken kimi də təqdim eləməzdi.
   
   Yəni Əzizə Mustafazadə bir musiqiçi kimi əvəzsizdi, bunu danmırlar və həm də deyirlər ki, çox şəkilli bir qadındı. Və belə şəkilli olmasaydı, hər kəsə qismət olmayan bir dərginin qapağına şəkli vurulmazdı.
   
   Bunlar hamısı gözəl. Əzizə seviləsi bir sənətçidi bunu danmaq olmaz. Və türklərin də ona sevgisi o qədər böyük ki, vallah hətta onun familyasını bir ləhzə düz yaza bilmədilər ki, bilmədilər.
   
   Sıradan bir qəzet deyil, hətta bax o üz qabığının birinci səhifəsində yer verdiyi dərgi belə,bu qızcığazın familyasını yaza bilmədi ki, bilmədi.
   
   Türkiyənin ən tanınmış qəzeti olan və bizim oxucuların da tanıdığı "Sabah" qəzetinin əməkdaşı və özü də bir sözü iki olmayan əməkdaşı Hıncal Uluç, bir yazı da yazdı bu qız haqqında və onun konsertindən aldığı ləzzəti ifadə elədi bu yazıda.
   
   Amma, valah bu dünya görüb gəlmiş və iki də bir Amerikadan vurub Çaddan çıxan bu adam da bu qızcığazın familyasını yaza bilmədi ki, bilmədi.
   
   Onun yazısına bir cavab yazdım mən. Beləydi o yazı:
   
   "...Hıncal Uluç bəyəfəndi... tərəddüdlə getdiyiniz və heyran olduğınuz Əzizə xanımın konserti haqqında yazınız, bə"zi yanlışlıqlarla yazılsa da məni sevindirdi. Siz bu konsertdə özünüzü xöşbəxt hiss elədiyiniz üçün, mən də sevindim. Yazınızdan belə məlum olur ki, şübhəylə baxdığınız azəri türkləri sizin bildiyiniz qədər də geri qalmış bir millət və xalq deyillər.
   
   Uzağa getməyək, azəri türklərinin musiqisi və müğənnilər haqqında köşə dostunuz Səlahəddin Duman bəyin yazısını oxusaydınız,şübhə etmirəm ki, siz bu yazını da belə yazmazdınız.
   
   Amma Türkiyədə kim kimi oxuyur ki... Yazıqlar olsun...
   
   Siz o yazını oxusaydınız heyrətlə deməzdiniz: Azərbaycandan da caz çıxarmış... (?)
   
   Sizə yalnız bunu demək istərdim: Siz Əzizə xanımın özünü dinləyib belə heyran olmusunuz, bəs o zaman onun atasını dinləsəydiniz necə olardı sizin halınız, bəy əfəndi?
   
   Hörmətli Hıncal Uluç! Siz də daxil mən heç cürə bu türk qəzetçilərinə anlada bilmədim ki, bu qızcığazın familyası MUSTAFAZADƏdir. Siz və sizin yazar dostlarınız bu yazıq qızcığazın familyasını MUSTAFA-ZADEH deyə tutdurub yazdınız.
   
   Əfəndilər, vallah mən "Tarixi-Nadir" kitabını son səhifəsinə qədər oxudum, amma belə qəzetçilik heç görmədim.
   
   Kim yazdıysa onun haqqında elə MUSTAFA-ZADEH deyə tutdurdu.
   
   Deyəlim ki, Əzizə Mustafazadəyə verilən yabancı pasportda onun soyadı Mustafazadeh olaraq yazılmış. Axı siz,bir ağıllı qəzetin ağıllı yazarısınız. Bilməlisiniz ki, türklərdə ZADEH söz sonluğu yoxdur. Soyad sonluğu yoxdur.
   
   Vallahi-billahi, mən oldum siz oldunuz, kor tutduğunu buraxmadığı kimi Əzizə xanım neçə dəfə gəldisə Türkiyəyə, elə hey MUSTAFA-ZADEH deyib yazdınız.
   
   Mən yoruldum, ora bura zəng eləməkdən.
   
   Mən yoruldum, sizləri dəng eləməkdən...
   
   Siz yorulmadınız bu yanlışlıqları eləməkdən...
   
    Aman, Allahım...
   
   
   
   ANONİM DEYİL,
   
   AZƏRİ XALQ MAHNISI
   
   
   
   Azərbaycanda da çox tanınan və sevilən, azəri gənclərinin də böyük sevgi göstərdiyi Əmrahın o zamanlar bir kaseti satışa çıxmışdı.
   
   "Sevdimmi tam sevərəm" adlı bu kaseti uşaqlarım da Əmrahı sevdiyindən həmən aldılar.
   
   Alan kimi də başladılar oradakı mahnıları dinləməyə. Mən öz otağımda öz işimlə məşğulkən bir də gördüm ki, haradansa mənə çox tanış bir melodiya axıb gəlməkdədir. Bir az diqqətlə qulaq asdıqda gördüm ki, bu melodiyanın havasında Əmrah oxuyur.
   
   Marağım bir az artdı. Heç də pis deyil düşündüm. Bu melodiya heç şübhəsiz Azərbaycan melodiyası idi və bu hava da bizim çox gözəl bir mahnımız da vardı. Amma di gəl ki, Əmrahın söylədiyi sözlər tamamilə başqa sözlər idi.
   
   Təbii, musiqi aləmində belə şeylər olur. Bir mahnının melodiyasını alırsan və sözlərini dəyişdirib bir şeylər uydurursan və oxuyursan. Amma bunu bir sənətkar eləyirsə heç şübhəsiz,o sənətkar o melodiyanın sahibi olan xalqa bir ehtiram olaraq,ən azından bu havanın kimə aid olduğu haqqında kasetdə məlumat verir.
   
   Əmrah isə heç çəkinmədən, bu havanın bir anonim olduğunu yazmış kasetində və beləcə də satışa çıxarmışdır.
   
   Amma, başqa bir fakt: tərsliyə bax ki, həmin mahnını bir başqa türk müğənnisi Metin Şentürk Kral FM radiosundan oxuyarkən, bu mahnının heç bir sözünü belə dəyişdirmədən Azəri xalq mahnısı adıyla oxudu.
   
   Başını tut qaç...
   
   Həmən mahnı bizdə "Dağlarda maral gəzər" misrasıyla oxunur...
   
   Əmrah isə "Həsrət yağar dağlara" deyə oxuyur...
   
   
   
   QARA DƏNİZ ÇIRPINMASIN NEYLƏSİN...
   
   
   
   "Sabah" qəzeti bir gün qabaqcadan xəbər verirdi ki, bəs, əfəndim yazarlarımızdan Mehmet Barlas və Hıncal Uluç bir həftəlik istirahətə çıxırlar və buna görə də yazılarını yaza bilməcəklər, bu səbəbdən də oxuculardan üzr istəyirlər.
   
   Bəli, belə bir mədəni və insancıl mətbuata az rast gəlmək olar, ən inkişaf etmiş bir ölkədə belə. Uzun illər Sovet İttifaqında yaşamış və elə bu adamlar kimi qəzetdə ömür keçirmiş bir insan olaraq, buna mən belə böyük diqqət eləmişəmsə, deməli, burada bir şeylər var.
   
   İstər jurnalistlik baxımından, istərsə də mətbuata hörmət baxımından və yazara verilən böyük qiymət baxımından əslində bəlkə də alqışlanılası bir şeydir bu. Amma biz belə şeyləri görmədik ki...
   
   Azəri türkcəsində bir atalar sözü var: "Sağ əli bizimkilərin başına". Türklər belə deyirlər: "darısı bizim başımıza".
   
   Mən də etiraf eləyim ki, çox zaman bu yazarların yazılarını oxuyuram, televizyonda çıxışlarını dinləyirəm.
   
   Ona görə də belə sevilən insanların yazısında öz ölkəm haqqında bir şeylər görəndə həmən daha diqqətli oluram və düşünürəm ki, mənim ölkəm deməli bir dəyər eləyir ki, belə yazarların diqqətini çəkir.
   
   Amma bu diqqət necə diqqət olur, bəzən?
   
   Hər şeyin bir əmması olduğu kimi bir də görürsən ki, bu cür hörmətli yazarlar da özləri də bilmədən bir "əmmalıq" şey yazıblar.
   
   Günün birində Mehmet Barlas bəyin köşəsində belə bir yazı mənim diqqətimi çəkdi.
   
   Mehmet Barlas yazırdı:
   
   "Mənim üzüldüyüm məsələlərdən biri də "Çırpınırdı Qaradəniz" kimi sözləri də, musiqisi də çox gözəl bir mahnının bu ülküçülər tərəfindən sevilməsi və bu mahnının onlar tərəfindən simvol kimi qəbul olunmasıdır".
   
   Əcaba nədən? Bu bizim sualımızdır?
   
   Davam edir Mehmet Barlas:
   
   "... Muazzəz Ərsoy Qaradəniz"lə başladı. Və davam etdi:
   
   
   
   Kafkaslar"da esen yeller
   
   Şimdi sana selam söyler
   
   Olsun bütün Turan eller
   
   Selam Türkün bayrağına.
   
   
   
   Mən həyatımda nə Türkkeşçi oldum, - deyə davam edir Mehmet Barlas, - nə də ülküçü oldum. Amma bu mahnını və ya xalq havasını çox sevirəm. Bəzilərinə görə bu bir Hüzzam səmai bir Aladdin Yavaşca bəstəsi. Amma Ədhəm Ruhi Üngörə görə bu anonim Azeri türküsü. (Bu sözlərə diqqət edin, hörmətli oxucular).
   
   Bu türkü söylənərkən baxtım, -davam edir Mehmet Barlas, -dinləyənlərdən bəziləri barmağlarını birləşdirib qurd işarəti göstərir. Düşündüm, bu gözəl hüzzam türkü heç bir siyasi ortamın malı olmamalıdır. "
   
   Heç şübhəsiz Mehmet Barlasın bu yazısı diqqətə layiqdir. Amma...
   
   Təəssüflər olsun ki, düşünürəm, hörmətli Mehmet Barlas belə bir şöhrətin və belə bir ad-sanın sahibi və intelektual bir qəzetçi, nədən özünün də dediyi kimi, bu hüzzam türkünün söz yazarını tanımır?
   
   Bu hüzzam türkünün söz yazarı kiprikləriylə od-alov qapmış bir azəri türk şairi olan, 1937-ci illərdə Stalin tərəfindən türklüyü sevdiyi üçün tutuqlanan və öldürülən Əhməd Cavaddır.
   
   Və bir də heç yanılmıramsa, keçənlərdə bu türkü və onun söz yazarı Əhməd Cavad haqqında "Ortadoğu" qəzetində gözəl bir yazı çap olunmuşdu. Təbii, Mehmet Barlas "Ortadoğu" qəzetini oxumur ki, baxıb görsün nə var.
   
   Düşünürəm: yazıqlar olsun. İngilisi tanımaq bir ayrı şey... Fransızı tanımaq bir ayrı şey... Almanı taınmaq bir ayrı şey...
   
   Amma içimizdən birisini və ən yaxın birisini tanımadığımız üçün bizlərə, yazıqlar olsun.
   
   Bizim hamımıza.
   
   Yalnız Mehmet Barlasa yox... Yazıqlar olsun, hamımıza...

TƏQVİM / ARXİV