adalet.az header logo
  • Bakı 7°C
28 Fevral 2014 00:50
78036
MƏMLƏKƏT
A- A+

Yağmurlu hava...

Dünəndən respublikamızın ərazisində yağışlı və yağmurlu hava şəraiti davam edir. Təbii ki, bu yağışlı havada nəqliyyat vasitələrinin idarə olunması əvvəlki vaxtlarla müqayisədə bir qədər çətinləşir. Ən azından ona görə ki, bu cür hava şəraiti sürücülər tərəfindən nəzərə alınmalı və meteoroloji tələblərə uyğun olaraq sürət həddi seçilməlidir.
Sirr deyil ki, bəzi sürücülər yağmurlu və yağışlı havalarda nəqliyyat vasitəsini idarə edərkən səhlənkarlıq göstərir və eyni zamanda müəyyən situasiyaları nəzərə almaq istəmirlər. Aydındır ki, hava şəraiti mürəkkəb olanda nəqliyyat vasitələrinin hərəkəti zamanı qəzalara da münbit şərait yaranır. Belə ki, yağışlı havalarda səriştsiz sürücülər şəraitə uyğun sürət həddi seçmir və bəzən idarəetməni itirərək ağır qəzalar yaradırlar. Aydındır ki, belə qəzalar zamanı da ölənlər və xəsarət alanlar olurlar.
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımının əməkdaşları da dünənki hava şəraitində gücləndirilmiş iş rejimində çalışıblar. Tağımın əməkdaşları xidmət apardıqları Bakı-Quba avtomobil yolunun bütün istiqamətlərində hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün ciddi addımlar atıblar. Onlar xidməti maşında magistral yolda hərəkət edərək çətin hava şəraitində sürücülərə xəbərdarlıq edib, lazımi məsləhətlər veriblər. Meteoroloji şəraitə uyğun sürət həddi seçməyən bir çox sürücülər saxlanılaraq onlara lazımi tövsiyələr edilib. Bildirilib ki, bu cür mürəkkəb hava şəraitində nəqliyyat vasitələri normal idarə edilməli, lazım gələndə yaxın məsafələr üçün istifadə olunan işıq sistemləri yandırılmalıdır. Bu da onunla bağlıdır ki, sürücülər bir-birinə xəbərdarlıq edərək bildirir ki, ehtiyatlı olsunlar və yağmurlu havada yol hərəkəti qaydasını pozmasınlar.
1-ci tağımın növbə rəisi, polis baş serjantı Tofiq Əhmədov bildirir ki, bir qayda olaraq mürəkkəb hava şəraitində iş sistemimiz dəyişir və gücləndirilmiş rejimdə çalışırıq. Aydındır ki, belə şəraitdə fəaliyyət göstərmək yol polisindən çox böyük məsuliyyət tələb edir. Tələb edir ki, biz hərəkətin tənzimlənməsinə və təhlükəsizliyinə xüsusi önəm verək, baş verə biləcək qəzaların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görək. Elə tağım komandirimiz, polis mayoru Mahir Məmmədyarov da səhər saatlarında növbəni təhfil alarkən bizə tövsiyə edib ki, yağmurlu havada daha diqqətli olaq.
Aydındır ki, avtomobil yollarında hər gün ağır qəzalar baş verməkdədir. Amma nə yaxşı ki, dünən Bakı-Quba yolunda 1-ci tağımın xidmət apardığı istiqamətdə ağır qəzalar baş verməyib. Bunun bir neçə səbəbləri var. Başlıca səbəbi ondan ibarətdir ki, yol polisi sutkanın 24 saatı ərzində hərəkətin təhlükəsizliyini təmin edərək qəza şəraitini vaxtında aradan qaldırır. Digər səbəb isə bununla bağlıdır ki, 1-ci tağımın əməkdaşları xidmət apardıqları dövrdə yolda maşınla hərəkət edərək qaydaları pozan sürücülərə lazımi xəbərdarlıq edir və köməklik göstərir.
Tofiq Əhmədov bizimlə söhbətində onu da xatırlatdı ki, son vaxtlar yol polisi Nəqliyyat Nazirliyi ilə birlikdə normadan artıq yük daşıyan sürücülərə qarşı ciddi tədbirlər görməyə başlayıb. Hamıya gün kimi aydındır ki, ağır tonnajlı maşınlar normadan artıq yük daşıyarkən asfalt yolları sıradan çıxarır və yaman günə qoyur. Üstəlik də qum, çınqıl aparan yük maşınlarından ətrafa səpələnən tikinti materialları yolu çirkləndirir. Bunların qarşısını almaq üçün isə çox ciddi addımlar atılır. Belə ki, tağımımızın əməkdaşları son 15 gündə 30-a yaxın normadan artıq yük daşıyan sürücü barəsində inzibati protokol tərtib edib və onlar 600-700 manat civarında cərimə olunublar. Qanunda isə hüquqi və vəzifəli şəxslərin daha yüksək məbləğdə cərimə edilməsi qeyd edilib. Təbii ki, qanunu pozan vəzifəli və hüquqi şəxslər də yaxalarını məsuliyyətdən kənara çəkə bilməyiblər. Ayrı-ayrı daş karxanaları, eləcə də qum-çınqıl sexləri bundan nəticə çıxarmalı və ərazilərində olan yük maşınlarına normadan artıq tikinti materialları yığdırmamalıdırlar.
Yağmurlu havada 1-ci tağımın əməkdaşlarından polis baş serjantı Hikmət Şükürov, polis serjantı Namiq Kərimov və digərləri üzərlərinə düşən məsuliyyəti dərindən dərk edərək hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün var qüvvə ilə çalışırdılar. Onlar bildirdilər ki, bu cür havada sürücülərə tövsiyəmiz ondan ibarətdir ki, nəqliyyat vasitələrini ehtiyatla idarə etsinlər və digərləri üçün qəza şəraiti yaratmasınlar.

Faiq QİSMƏTOĞLU