adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

ONLAR VƏ MƏMLƏKƏTiMiZ

TOFİQ ABDİN
25057 | 2011-06-25 11:34
"Onlar və məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılananlara dayanaraq davam etməkdir. Biz araşdırıcı deyilik və bir yazar olaraq bizim haqqımızda olan fikirlər də bizim üçün maraq doğurmaya bilməz. Təbii ki, bu gün bəxtəvərliyimizdir ki, həm dünyada, həm də qonşu Türkiyədə bizim kimliyimiz daha çox söhbət yaradır və bu da bizi sevindirməyə bilməz. Yüz illər sonra da güman ki, bu məsələ yada düşə bilər və buna qəti hökm vermək qənaətimiz yoxdur. Amma bu yazılarda ayrı-ayrı yazar və ya qeyri-yazar insanların məmləkətimiz və bizlər haqqında görüşləri bizim üçün yad olmamalıdır. Və gələcək araşdırıcılar üçün bu gün yazılanlar bir fakt olaraq diqqəti çəkəcək.
   
   Yeni Dünya Düzəni deyilən bir şey Sovetlər İttifaqının dağılmasından və çökməsindən həmən sonra meydana gələn bir deyim oldu. Belə bir düzənin yaranmasından qazanan və itirən tərəflər olduğu kimi, illərlə bir-birindən ayrı düşən eyni millət və eyni xalqlar arasında bir qaynaşma, bir yaxınlaşma da ortaya çıxdı. Təbii ki, bu yaxınlaşma və qaynaşma, eyni dindən, eyni qandan və eyni adət ənnənəyə məxsus ayrı-ayrı yerlərdə yaşayan millətlərin yaxınlaşması hakim dövlətlərin işinə yaramadı, bu da çox təbii bir şeydir.
   
   Hakim dövlətlərin işinə yaramadı, bunu bilirik, amma, ən qorxulusu budur ki, belə bir vəziyyət bir çox insanları da narahat eləməyə başladı və bu insanlar öz adından olsa da belə öz narahatlıqlarını bildirdikdə bu bir ictimayi quruluşun səsi kimi göründü və eyni zamanda narahatlıqlar da yaratmağa başladı.
   
   Türk dünyası deyilən bir dünyanın da beləcə yaxınlaşması və beləcə biri-biriylə qaynaşması bir çox əli qələm tutan ziyalılar deyək də, ziyalılar tərəfindən şubhəylə qarşılandı və onlar da sanki,əvvəlki günlərin həsrətini çəkirmiş kimi narahat oldular.
   
   Şübhəsiz, ayrı-ayrı adamların fikirləri və belə münasibətləri bir çox zaman heç bir qorxu yaratmasa da, tarix üçün bəzi anlaşılmazlıqların da meydana çıxmasına səbəb olmağa başladı.
   
   Necə ki, deyərlər: milçək bir şey deyil, amma, gönül bulandırır.
   
   Təbii, bu atalar sözünü yaradan insanların nəvələri, nəticələri biri-birini tapıb daha da yaxınlaşırlarsa, bir yumruq olmağa çalışırlarsa, belə bir vəziyyətə və belə bir ortama şübhəylə baxılması və bütün bunların mətbuat tərəfindən də təqdir edilib geniş oxucu kütləsinə çatdırılması, heç də gönül açan bir şey deyil, düşünürük. Və hətta üzücüdür.
   
   "Hürriyyət" qəzeti 25 sentyabr 1995-ci il tarixli sayında belə bir vəziyyəti araşdırmaq istəmiş və çox pis bir nəticə meydana gəlmişdir.
   
   Yazar Yalçın Pekşən bəyəfəndi bu dəfə yalnız bir ölkə haqqında deyil, türk elləri haqqında bir yazı yazmış və adını da qoymuş:
   
   TÜRK DÜNYASI NƏ QƏDƏR TÜRK.
   
   Əvvəlcə bunu deyək ki, bu yazıda Yalçın Pekşənin istifadə elədiyi faktlar öz tədqiqatı deyil. Bir cəmiyyətin təşkil etdiyi bir araşdırmanın nəticəsinə dayanaraq fikirlərini söyləyir Yalçın Pekşən və məsələnin də ən qorxulu tərəfi elə budur.
   
   Öz araşdırması deyil, amma bu araşdırmanı təqdir edirsə, deməli, öz düşüncələri və qəzetin də düşüncələri belədir. Ya elə, ya belə, fərq etməz.
   
   Yalçın Pekşəni narahat eləyən məsələ nədir və onun müraciət elədiyi təşkilatın araşdırmasının qayəsi nədir?
   
   Dediyimiz kimi belə bir başlıq atmış Yalçın Pekşən öz yazısına: "Türk dünyası nə qədər türk".
   
   Yalçın Pekşən məqaləsində yazır: "Eyni kökdən gəldiyimizə inandığımız və Türkiyə Cümhuriyyətləri deyə yerə-göyə sığdırmadığımız ölkələr nə qədər türk ölkələridir? Bu ölkələrdə yaşayan insanlar türklüyü nə qədər mənimsəmişlər?
   
   Bu sualların cavabını axtaran Mədəniyət Nazirliyimiz Türk Dövlətləri Mədəniyyət Profilli Araşdırma adıyla Azərbaycan, Türkmənstan, Kazaxstan, Özbəkistan və Gürcüstanda bir araşdırma aparıblar. Dostumuz Filiz Bingölçənin araşdırma qrupu "SİAR" təşkilatından alınan bilgilərə baxılırsa, vəziyyət heç də bizim düşündüyümüz kimi deyil.
   
   Bu özünə türk dövlətləri deyən dövlətlərin xalqları içində yüzdə 8-i belə türk deyil. Sadəcə Türkmənistanda xalqın 56.8 faizi özünü türkmən olaraq tanıdırkən, digər türk ölkələrində türkmənliyi qəbul edənlərin sayı yüzdə 6-nı aşmır. (vah, Allahım vah, artıq dözmək belə mümkün deyil. Bir mötərizə açmağı vacib bilirəm. Niyə, nədən, hansı əsaslara görə azəri türkü özünə türkmən deməlidir. Türkmənistanda yaşayan hər hansı bir insanın özünə türkmən deməsi çox təbiidir, azəri türkünün özünə türkmən deməsi hansı elmi araşdırmanın nəticəsidir ki, belə olsun. Bu necə bir araşdırmadır, bu necə bir yorumdur. Bizim Türkmən sözünə heç bir etirazımız yox, amma, bugünkü baxımdan türkmən ayrı bir şey, azəri türkü ayrı bir şey).
   
   Davam eləyir Yalçın Pekşən:
   
   "Belə bir vəziyyətdə Azərbaycan və Orta Asiya ölkələri xalqlarının mədəni inkişafları üçün ən önəmli mənbə və seçdikləri ortam baxımından ən başda gələn dövlət Rusiyadı. Türkiyə ikinci yerdədi.
   
   "Adriatikdən Çin Səddinə" uzanan türk dünyası haqqında şüarları meydana atmadan qabaq belə bir vəziyyətə və bu bilgilərə göz atmaq gərəyirdi."
   
   Bəli, gərəyirdi Yalçın Pekşən bəyəfəndi!
   
   Amma, bütün bunları yazanda başqa bilgilərə və elmi araşdırmalara da göz atmaq gərəyirdi, bunu da Siz bilməliydiniz.
   
   İndi mən başqa bir mənbəyə dayanaraq yalnız Azərbaycanda, mənim məmləkətimdə nə qədər türk yaşadığını söyləmədən qabaq, başqa bir türk yazarının bir yazısını misal göstərmək istəyirəm.
   
   Elə həmən günlərdə "Türkiyə" qəzetində bir yazı çap olunub. Həmən yazıdan aşağıdakı sətirlərə diqqət edək:
   
   "İyirmi gündən bəri Türkmənistandayam. Bir həftə sonra Türkiyəyə qayıtmaq istəyirəm. Türkmənistan Şərqiylə Qərbiylə bizim ata yurdumuz. Türkmənistanı tanımaq bizim özümüzü bilmək deməkdir. Əcaba, biz özümüzü kifayət qədər tanıyırıqmı?Bu suala bəli deyənləri qarşımda görmək və onların düz gözlərinin içinə baxmaq istərdim: Qəhr ol, ey cəhalət. Rədd ol, ey qəflət".
   
   Mən bu sətirlərə heç nə əlavə eləmək istəməzdim. Amma,tanımaq və araşdırmaq belə olur.
   
   İndi baxaq görək Azərbaycanda nə qədər insan özünə türk deyir.
   
   Bütün dünyaya bəlli acılı və qorxulu illərə baxmayaraq öz türkülüyünü və öz mədəniyyətini, öz adətlərini, özünün olan hər şeyi qoruyub saxlayan Azəri türkləri 1989-cu ilin araşdırmalarına görə öz torpaqlarında yaşamaqdadırlar. Burada yaşayan türklərin sayısı 1979-ci ilin son günlərinə qədər 4. 808. 8 idisə,1989-ci ildə bu sayı 5. 805. 0 çatmışdır.
   
   Və bütün bunlardan əlavə Azərbaycanda yaşayan bir çox Məhsəti Türkləri var ki, onların da sayısı 1979-ci ilin məlumatına görə 17.7 faizdir. Əgər biz bu məlumatları faizlə hesablasaq Azərbaycanda azlıqda olan millətlər yüzdə 17.5"dir.
   
   Türklərin sayı yüzdə 82.7"yə yaxındır!!!!!!!!!!!!!!!!
   
   Bunlar sadəcə rəqəm deyil, bir araşdırmanın sonucu olan sübutdur. Bunları inkar etmək olmaz.
   
   Bəli, o yerdə ki, insaf unudulur,o yerdə, heç bir araşdırma və rəqəm də kömək etməz. Və bir də bu var ki, insaf olmayan yerdə kimin işinə nə yarayır.
   
   Ən qorxulusu budur.

TƏQVİM / ARXİV