Dünya namərd dünyadı

ƏBÜLFƏT MƏDƏTOĞLU
85189 | 2014-02-27 14:51
Dünyanın namərd olduğunu eşitmişdim. Sonra bu namərdliklə zaman-zaman üz-üzə gəldim…Lap sonra da o namərdliyin qurbanlarından birinə çevrildim. Əvvəlcə doğulduğum kəndi, ev-eşiyi itirdim – dünya səsimə səs vermədi… qaçqınçılıq yaşadım – dünya hayıma çatmadı… Dostlarım yarpaq tökümü başladı – Vahid Əlifoğlunu itirdi – dünya susdu… Pərviz Əliyevlə vidalaşdım – dünya göz yumdu… Akif Səməd üçün göynədim – dünyanın tükü tərpənmədi… O boyda Məmməd Araz köç etdi – dünya səksənmədi… Elə az qala bir ay bundan öncə səsinin vurğunu olduğum Məhəbbət Kazımovdan ayrıldım – yenə dünya lal qaldı… İndi də səni əlimdən aldı Abi! Yenə susdu dünya… yenə kar oldu, zəlil oldu, cınqrı da çıxmadı. Məəttəl qaldım bu namərdliyə… içimdən neçə yerə çat verdim, doğrandım, parçalandım, içimdə ağladım – yenə öz işində oldu dünya – namərd dünya…

Hə, mənə demişdilər… mən gördüm… mən yaşadım dünyanın namərdliyini. Ona görə də deyəsən mən də yavaş-yavaş daşlaşıram… mən də yavaş-yavaş dünyanın özünə çevrilirəm – namərd oluram. Dostlar gedir, ustadlar gedir, sevdiklərim gedir, mən isə hələ ki, boylanıram arxalarıycan… Bu naşükürlük deyil, heç bu dünyaya irad tutmaq da deyil. Bu əslində itirdiklərim üçün necə göynədiyimi, necə ağrıdığımı yaza bilməməkdi. Vallah, mən yazı yazmaqda o qədər də aciz deyləm. Az-çox sözün əlifbasını bilirəm. Amma dost itirəndə hər şey yadımdan çıxır. Fikir qurmaq, cümlələri sıralamaq zülmə çevrilir… Elə bir iynəylə gor qazıram – özü də ürəyimin içində… Elə bil o itirdliklərimi bir-bir təzədən yola salıram, təzədən ayrılaram onlardan. Bu ölüb-dirilmək məni əldən, dildən salır. Neyləyim, ayrı cür bacarmıram. Bilmirəm, dünyaya qarşı bəlkə də haqsızlıq edirəm, böyük iddialarla danışıram, üstünə gedirəm… Nə bilim vallah. Amma onu bilirəm ki, mənim üçün bu dünya doğrudan-doğruya namərddi. Axı cəmi 15-20 saat öncə telefonda səsini eşitdiyin, hal-əhval tutduğun bir dostu bir göz qırpımında itirməyin nə demək olduğunu bu dünya anlamır. Əgər anlasaydı, bu qədər soyuqqanlı olmazdı, bu boyda əclaflığa imza atmazdı. Namərdsən dünya, namərd…

Ölümündən bir gün öncə, günorta saatlarında danışdıq, hal-əhval tutduq bir-birimizdən. Bir xahişini dilə gətirdi. Həmişə olduğu kimi, sağollaşanda dedi:

- Oldu, tamam əfəndi, gözlərindən öpürəm. Özündən muğayat ol!

- Sağ ol abi, sən də özünü qoru. Sən də bizim bir abimizsən axı – dedim mən də.

O, sən demə mənimlə vidalaşırmış… o tamam deyirmiş, mən fərqinə varmamışam. İndi özümü qınayıram. Gərək mən də deyərdim ki, gözlərindən öpürəm abi, yumma onu, qoy baxsın bizə həmişə. Niyə demədim bilmirəm? Niyə yadımdan çıxdı bilmirəm? Mənim gözlərimdən öpüb vidalaşan, tamam deyən dostuma mən «gözlərini yumma» deməyi nədən unutdum? İçimi didir suallar, ürəyimi ovcumun içində sıxıb təngnəfəs edir. Artıq üçüncü gündü ki, hara baxıramsa, nəyi fikirləşirəmsə, hamısı səni xatırladır. Ağızdolusu «əfəndi» sözü, ürəkdolusu dediyin «gözlərindən öpürəm» kəlmən həm xatirəmdi, həm  ağrı-acım. İndi mən o sözləri heç kimdən eşitmək istəmirəm… Çünki heç kimsənin kimi ifadə edə bilməyəcək o sözləri… Nə qədər canla, qanla dilə gətrsələr də, sənin o sözlərə hopdurduğun səmimiyyət olmayacaq… Vallah, səndən bir də olmayacaq, Abi!

Hər söhbətimizdə zarafatla deyirdin ki, Salyandan olsam da, mən də qaçqınam. Bilirdim nəyə işarə vurursan. Qohumlarını nəzərdə tuturdun. Sanki bununla mənə təslli verirdin. Mənə bir az da doğma olduğunu, mənim dərdlərimi  öz dərdlərin bildiyini işarələyirdin. Üstəlik, Vahid Əlifoğludan elə danışırdın, onun ölümünə elə acırıyırdın ki, sənin o böyük ürəyinin qarşınıda ancaq susurdum. Sən söhbətimizdə, həm telefon zəngində Vahidin uşaqlarıyla maraqlanırdın, bacardığın köməkliyi göstərmək üçün çarpışırdın, vuruşurdun… Bir sözlə, qəribəydin Tofiq Abdin, çox qəribə. Diqqətin, həssaslığın göyə çəkildiyi indiki zamanda səndə hadan idi bu boyda diqqət, bu boyda həssaslıq? Necə qoruyub saxlamışdın onu? Vallah, doğru deyirəm, mən sənin qədər diqqətli deyildim. Sən hətta bəzən dost üçün onun özünün xəbəri olmadan qabağa düşüb harasa getməyə də  hazır oldğunu göstərmişdin mənə. Görmüşdüm mən bunları… Lap elə Vahidin timsalında da görmüşdüm…

Abi, indi sənə xitab etdirəm, bilirəm ki, eşidirsən… bilirəm ki, səmimiyyətimə də inanırsan… və bilirəm ki, mənim sənin barəndə yazmaq, söz demək haqqım hara qədərdi… Bütün bunları bilə-bilə yenə yazıram, yenə sənə üz tuturam, Abi! Sən öz çevrəndə olan bütün qələm adamlarının, söz adamlarının birmənalı şəkildə abisiydin! Abi, sən türk dünyasının söz-sənət adamlarının içinə nüfuz etmiş, onları bizlərə sevdirən Kişi idin! Abi, sən şuxluğun, sözə həssas yanaşamağın kriteriyası və bir də yaxşı olan hər şeyə qiymət verən ustad idin!

Abi, indi sən mütləq ordakı dostların halay qurduğu cərgənin tən ortasındasan, suallara cavab verirsən… Abi, sən indi yəqin ki, cənnətin təzə sakinlərindən biri kimi hardan hara köçdüyünü fərq etməyə başlamısan. Odur ki, mənim də salamımı ordakı dostlara çatdırmağı unutma…

Hə, namərd dünya, apardın Abini. Özü də Novruzun ilk çərşənbəsində. Torpağın diksinən vaxtı qucaqladın, basdın bağrına onu. Bizlər də cümə axşamı onun yoxluğunun üçüncü gününə yığılırıq… İlk çərşəndə və cümə axşamı!!! Heç nə demirəm, hayf səndən Tofiq Abdin! Amma mütləq etirfa etməliyəm, görünür torpaq da ağzının dadını bilir. Ona görə də yaxşıları tez alır qoynuna…

TƏQVİM / ARXİV