adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ONLAR VƏ MƏMLƏKƏTiMiZ

TOFİQ ABDİN
19945 | 2011-06-11 07:46
"Onlar və məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılananlara dayanaraq davam etməkdi.Biz araşdırıcı deyilik və bir yazar olaraq bizim haqqımızda olan fikirlər də bizim üçün maraq doğurmaya bilməz.Təbii ki,bu gün bəxtəvərliyimizdir ki, həm dünyada, həm də qonşu Türkiyədə bizim kimliyimiz daha çox söhbət yaradır və bu da bizi sevindirməyə bilməz.Yüz illər sonra da güman ki,bu məsələ yada düşə bilər və buna qəti hökm vermək qənaətimiz yoxdu.Amma bu yazılarda ayrı-ayrı yazar vəya qeyri yazar insanların məmləkətimiz və bizlər haqqında görüşləri bizim üçün yad olmamalıdı.Və gələcək araşdırıcılar üçün bu gün yazılanlar daha bir fakt olaraq diqqəti çəkəcək.
   
   Uğur İlhan Kuban,
   
   TARİX ÜÇÜN FİLM,
   
   qısa bir ön söz
   
   
   
   Bəri başdan söyləyim ki, haqqında danışacağımız Uğur İlhanın bu əsəri ("LAÇIN KEÇİDİ" filmi) tarix üçün son dərəcə dəyərli bir əsər olaraq qiymətləndirilməlidir. Və bir də o baxımdan ki, mən bilən bu film çəkilənə qədər bu mövzuda bizim sənətkarlarımız hələ bir addım da belə atmamışdılar.
   
   Bu film ağılalmaz və məntiqsiz Azəri-Erməni müharibəsi haqqındadı.
   
   Mən müharibə deyirəm, Türklər savaş deyirlər. Mənə elə gəlir ki, savaş sözünün silqəti və faciə ağırlığı müharibə sözündən əksikdir.
   
   Rejissor bu filmdə Azəri-Erməni müharibəsinin bir neçə gününü lentə almışdır. Və bunu göstərməklə heç də hər hansı bir tərəfin haqlı və haqsız olduğunu subut eləmək istəməmiş və bu əsərin də mənə elə gəlir ki, üstün tərəfi də budur. Ancaq bunu unutmayaq ki, belə bir əsəri bir erməni çəksəydi tamam ayrı bir məqsəd güdərdi.
   
   Uğur İlhan bir insan və bir sənətkar olaraq, bir sənət əsəri yaratmaq üçün həqiqətləri ortaya qoymağa çalışmış və mənə elə gəlir ki, buna nail də olmuşdur.
   
   Uğur İlhan bu filmdə həm də əsas rollardan birinin ifaçısıdır.
   
   Mən bu filmi Türk sənət dünyasının Azərbaycan Tarixinə bir hörməti olaraq qiymətləndirirəm və bir də düşünürəm ki, hər halda Türk sənət dünyasının bu filmdən xəbəri belə olmasa da, şəxsən Uğur İlhanın bu addımı heç bir tərifə sığmır. Yenə də deyirəm, bu filmdə hər hansı bir tərəfə rəğbət duyulmasa da və hətda bu film sənət baxımından bir az aşağı səviyyədə olsa da belə, qiymətsiz bir sənəddir.
   
   Bu film Laçın keçidinin ermənilər tərəfindən xəyanətkarlıqla zəbt olunmasına həsr edilmişdir.
   
   Dağlıq Qarabağa gedən əsas ana yol bu keçiddən keçir və bu keçidin stratejik dəyərlərini bilən ermənilər də buranı necə olursa-olsun elə keçirməyə çan atırdılar və elə keçirdilər.
   
   Filmdə bu ələ keçirmənin müxtəlif anları təsvir edilməkdədi.
   
   Filmin türk televizyonunda göstərilməsi bir şansdır, çünki türk insanı bu məsələ ətrafında geniş bilgiyə və məlumata sahib olmadığından, bu əsərin də türk televizyonlarında göstərilməsi müsbət bir hal olaraq qiymətləndirilməlidir.
   
   O zaman bu filmi seyr eləyən bir türk vətəndaşının görüşlərini aldım. İstanbulun Bəyoğlu səmtində qəzet satan bir adamdır. Orxan adında bir türk. Belə dedi Orxan:
   
   "Dünyanın gözü qarşısında cərəyan edən bu amansız müharibəyə, bu amansız erməni düşmançılığına söyləniləcək bir söz tapa bilmirəm. Əsərdə bizim bilmədiyimiz bəzi həqiqətləri gördük. Və yaralarımız yenidən ağrıtdı bizi. Filmdə erməni xəyanətkarlığı mənə elə gəlir ki, hər yönüylə yaxşı göstərilmişdir. Bizi üzən azəri qardaşlarımızın əlinin yalın olması, silahının az olmasıdır. Müasir silahlarla vuruşan ermənilərə qarşı dirənən belə bir xalq ölməzdir. Və mənə elə qəlir ki, bu filmi çəkənlər də yaxşı bir niyətə imza atmışlar. "
   
   
   
   "Laçın keçidi" filminin rejissoru
   
   Uğur İlhan Kubanla söhbət:
   
   
   
   "Azərbaycanda
   
   gördüklərimi
   
   çəkdim"...
   
   
   
   Türkiyənin ən çox tanınan televizyon kanallarından biri olan "TQRT"də tez-tez "Laçın Keçidi" adlı bir film göstərilir.
   
   Bu filmin rejissoru və baş oyuncusu Uğur İlhan Kubanla görüşüm və söhbətim təbii ki, bu film haqqında oldu. Onun yaranma tarixi haqqında oldu. Uğur İlhan dedi:
   
   "Mən yalnız gördüyümü və hiss etdiyimi çəkdim. Və əlavə elədi ki, mən Türkiyədə doğuldum. Bütün türklərin taleyi məni maraqlandırır. Ayrıca olaraq Qafqaz türklərinə qarşı məndə xüsusi bir hörmət var. Tarixi və mənəvi bir borc var içimdə".
   
   Uğur İlhan Kuban niyə belə dedi. Sorğumuzda bu və ya başqa şeylərin də cavabı var.
   
   -Təbii ki, ilk sorumuz bu filmin yaranmasıyla bağlıdır. Bildiyimiz kimi Türkiyədə yüzlərlə rejissor var, yüzlərlə kino sənətçisi var və bunlardan heç biri ağıl eləyib belə bir filmin çəkilməsinə girişməmişdir. Siz nədən bunu qarşınıza bir məqsəd olaraq qoydunuz. Əslində belə bir çətin işin altına necə girdiniz?
   
   -Əvvəlcə mən bu filmdə oynayan sənətçilər və ümumiyyətlə bu filmdə əməyi keçən dostlar haqqında danışmaq istəyirəm. Bu filmdə yuxarı-aşağı peşəkar aktyor deyilən bir kimsə yoxdur. Azərbaycandan çəkdiyimiz Sahib Quluzadə də bir kino şirkətində çalışır. Yaqub Məmmədov Laçında döyüş komandirlərindən biri idi. Mustafa Gülən Şahin isə yenə də profesyonal olmayan bir türk sənətçisidir. Və bütün bunları nəzərə alsaq mən belə bir böyük sənət əsəri yaratmaq iddiasıyla da bu işə girişməmişəm. Amma o da var ki, istəmişəm ki, bu əsər əsil sənət əsəri olaraq tarixə keçsin. Və mən də tarixi və əsli olan bir hadisənin ardınca getmişəm. Biz bu məsələni oturub düşününcə bir də gördük ki, artıq ermənilər Laçını işğal eləyiblər. Mən də filmi bu keçidin uğrundakı savaşa həsr eləmək fikrindəydim. Mənim əsas məqsədim bu ağılalmaz savaşda kimin haqlı, kimin haqsız olduğunu göstərmək deyil, bunu çılpaqlığla tamaşaçılara göstərmək məqsədim olmayıb və kimin haqlı kimin haqsız olduğunu araşdırmağı tamaşaçıların özlərinin öhtəsinə bıraxmışam. Əslində bu məsələdə bütün kartlar ortada.
   
   Amma bunu xüsusi olaraq deyirəm: bu o demək deyil ki, mən bu filmi çəkəndə tam tərəfsiz olmuşam. Yox. Belə desəm yalan olur. Filmi seyr etdikcə və buradakı hadisələri izlədikcə,yəni bir az həssaslıqla baxdıqca bunu görmək bir o qədər də çətin dəyil. Amma yenə də mənim bir rejissor olaraq ana məqsədim bu ağılsız və bu məntiqsiz savaşın, müharibənin mənzərəsini vermək idi. Təbii indi tamaşaçılar bilir ki, mən nə qədər müvəffəq olmuşam, ya olmamışam.
   
   -Belə bir şey soruşum Sizdən. Sizin Azərbaycanla nə kimi bir bağlılığınz var. Yəni bu flmi çəkmənizin hansı səbəbləri var və bu filmi çəkməyə Sizi vadar edən nədir?
   
   - Mən çərkəzəm. Dədələrim Adıqey tərəflərdən gəldi buralara. Mən burada doğuldum. Bütün türk xalqlarının taleyi məni maraqlandırır. Ayrıca olaraq da çərkəz olduğum üçün bütün Qafqaz türklərinin taleyi məni son dərəcə maraqlandırır. Bu maraq məni həmişə rahatsız etmiş və buna görə də bir mənəvi borc var içimdə sanki.
   
   Mən bu filmi çəkməyə başlamaq istəyəndə Qafqazda ən təhlükəli nöqtə Azərbaycan idi. Ən qorxulu şey də burada bir müharibənin getməsi və bu müharibənin də səbəbinin bilinməməsi idi. Yox, səbəb məlum idi. Amma bu səbəb o qədər ağılsız və açıq bir səbəb idi ki, bunu bir səbəb olaraq alıb,belə bir müharibənin başlaması qəribə idi. Bunun nəticəsi uzun zaman bəlli olmayacaqdı. Ən qorxulusu bu idi.
   
   Mən bir insan və bir sənətçi olaraq belə düşünürəm: harda müharibə varsa,orada haqsızlıq var demək. Mən də bu haqsızlığı göstərmək üçün Azərbaycana getməliydim. Və işin də ən çətin tərəfi bu idi ki, əvvəllər mən Azərbaycanda heç olmamışdım. Getməzdən qabaq "TQRT"də çalışırdım və buradakı dostlarımla söhbət elədim. Belə bir işin altına girsəm mənə kömək eləyib eləməyəcəklərini soruşdum. Müsbət cavab alınca qollarımı çırmaladım.
   
   Bir Sabir Rüstəmxanlı var, onunla tanış oldum və mənə kömək eləyəcəyinə söz verdi. Məni azəri kino sənətkarlarıyla tanış elədi. Mən bu görüşlərdə və bu tanışlıqda gördüm ki, daha geri çəkilmək olmaz. Bunu mütləq eləmək lazımdır.
   
   İki ay yarım Azərbaycanda qaldım. Bu zaman ərzində ssenarini yazdım. Taksi sürücülərindən tutmuş əsgərlərə qədər hər kəslə söhbət etdim. Komandirlərlə görüşdüm. Çox böyük faydalar və bilgilər əldə etdim. Bir şey mənə gün kimi aydın oldu. Müharibə buralarda, yəni Bakıda deyil, hardasa oralardadır.
   
   Sonra Gözəl Sənət Unversitətindən üç gənclə tanış oldum. Müharibədən yenicə gəlmişdilər. Biri hətta yaralıydı hələ. Bir həftə hər gün onlarla görüşdüm. Notlar aldım. Bütün bu işləri bitirdikdən sonra qaldı yer məsələsi. Bilirdik ki, artıq Laçın yoxdur və biz oralara oxşayan bir yer tapmalıydıq, bunu da Lənkəran tərəfdə, yəni Lerikdə tapdıq belə bir məskəni.
   
   -Uğur bəy, bu Azərbaycan haqqında nə düşünürsünüz? Nələr gördünüz?Bu Türkiyənin Azərbaycana bu işdə nə kimi yardımı ola bilər?
   
   -Mən belə düşünürəm:əyər bir ölkə öz azadlığnı elan etmişsə, artıq o heç bir ölkədən asılı olmadan yaşamalıdır. Heç bir yerə bağlı olmamalıdır. Nə Türkiyəyə, nə İrana, nə Turana, nə də Amerikaya, Mamerikaya... yəni Azərbaycan öz işini özü görməlidir.
   
   Üç rəngli bayrağı var.
   
   Ayı və ulduzu var.
   
   Himni var.
   
   Dili var.
   
   Və bir də gözəl bir düşüncə tərzi var:
   
   Bir dəfə yüksələn bayraq bir daha enməz...
   
   Mən bütün bunları ön planda görürəm. Və mən də bütün bunları ön planda verməyə çalışdım.
   
   Mən bir rejssor olaraq heç kimsəyə üstünlük vermək niyyətində deyiləm, dedim bayaq. Ancaq mənə dəhşət verən Azərbaycanda nizamlı bir ordunun olmamasıdır. Bu mexanizma yox kimidir. Bax,bu məni dəhşətə gətirirdi və mən bunu heç cür anlamırdım. Əyər ordu yoxsa,bu necə bir mühabirə, necə bir savaşdır. Ordu yoxdur, amma ordu yaratmaq havası var. Bunun özü də çox pisdir. Mən orada olanda hiss etdim ki, bu müharibədə azərilərin heç bir şansı yoxdur. Azərilər bu müharibədə belə vəziyyətdə yalnız uduzaçaqlar. Mən bunları ürək ağrısıyla gördüm və göstərməyə çalışdım.
   
   İndi baxın, əgər bir ölkədə həqiqətən bir müharibə havası varsa, onda orada hər kəs ayağa qalxmalıdır. Ayağa qalxmalı və Ermənstana getməli, onlardan soruşmalıdırlar ki, əcaba siz nə istəyirsiniz? Əyər Qarabağı istəyirlərsə, azərilər də vermərik deyirlərsə, o zaman üz-üzə vuruşmaq gərək.
   
   İndiyə qədər üç film çəkdim. Almaniyada belə film çəkmişəm. Amma, bu qədər çətin və heç bir şəraiti olmayan bir vəziyyətdə ilk dəfəydi ki, film çəkirdim. Bunu heç unuda bilmirəm. Mənə bir ölü vertolyot da vermədilər çəkimlər üçün. Pul, vəsait vermədilər. Filmin yarısında geri döndüm, Türkiyəyə gəldim və kredit olaraq 10 min dollar aldım və filmi tamamladım.
   
   
   
   Türkcəsi: "YeniAsya" qəzeti 6 avqust 1993.

TƏQVİM / ARXİV