adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

ONLAR VƏ MƏMLƏKƏTiMiZ

TOFİQ ABDİN
24793 | 2011-06-04 07:32
"Onlar və məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılananlara dayanaraq davam etməkdi.Biz araşdırıcı deyilik və bir yazar olaraq bizim haqqımızda olan fikirlər də bizim üçün maraq doğurmaya bilməz.Təbii ki,bu gün bəxtəvərliyimizdir ki, həm dünyada, həm də qonşu Türkiyədə bizim kimliyimiz daha çox söhbət yaradır və bu da bizi sevindirməyə bilməz.Yüz illər sonra da güman ki,bu məsələ yada düşə bilər və buna qəti hökm vermək qənaətimiz yoxdu.Amma bu yazılarda ayrı-ayrı yazar vəya qeyri yazar insanların məmləkətimiz və bizlər haqqında görüşləri bizim üçün yad olmamalıdı.Və gələcək araşdırıcılar üçün bu gün yazılanlar daha bir fakt olaraq diqqəti çəkəcək...
   
   Biri neçə il öncə "Axşam" qəzetinin yazarı hörmətli Rza Zelyut öz qəzetində "Qərbdən və Şərqdən gələnlərin iş umudu" adlı yazısının bütün bölümləri özünün də yazdığı kimi Sovetlər İttifaqı dağıldıqdan sonra Qərbdən və Şərqdən gələnlərin iş ümidi ilə Türkiyəyə axışına aid idi. Amma bu yazı bütünlüklə Azərbaycandan gələn iş axtaranlar haqqındadı və irəli gedərək açıq söyləyirəm ki, hörmətli Rza Zelyut bu yazını yaxşı bir məqsədlə yazmışdır.Təəssüflər olsun ki, yazını oxuduqdan sonra görürsən ki, Rza bəy Azərbaycanı tanımır və ya bir qəzetəçi olaraq onun özünü məmnun edəcək şeyləri görmüş və incələmiş, qələmə almışdır.
   
   Təbii ki, bu onun bir jurnalist haqqıdı.
   
   Mən Rza Zelyut bəyə dəstək verərək, yəni arxa duraraq, bunları bəri başdan bildirməyi özümə borc bilirəm:
   
   Türkiyə hər hansı bir məqsədlə olurusa olsun ona sığınan və onda bir rahatlıg axtaran, səadət arayan insanları məmnun etmək məcburiyətində deyil.
   
   Bu səbəbdən mənim bildiyimə görə bu gün Türkiyə özü belə daxili məsələlərini yoluna qoymaqda çox böyük sarsıntıyla üz-üzədir və içindəki qarmaqarışıqlıq Türkiyəni çox pis bir vəziyətə gətirib çıxarıb.
   
   Təbii ki, bu da mənim şəxsi fikrimdir.
   
   Bu baxımdan hörmətli Rza Zelyutun "Axşam" qəzetinin üç nömrəsində çap olunan bütün hissələriylə Naxçıvandan gələn fəhlələrin Türkiyədəki vəziyyətini təsvir eləyən bu yazını heç də ürəkaçıqlığıyla oxuya bilmədim. Və hətda Rza Zelyutun də özünün dediyi kimi bir zamanlar və hətda indi də Türkiyədə də eyni vəziyyətlər yaşanıb, yaşanır...
   
   Rza Zelyut çox böyük bir həssaslıqla bir Azərbaycanlının inciyə biləcəyini düşünüb yazısında aşağıdakı sətirlərə də yer verir:
   
   "Türkiyənin vətəndaşları iş tapmaq üçün başqa ölkələrə getməyə can atır. Bunun üçün ağıla və xəyalə gəlməyən yollar, üsullarla yad ölkələrə getmək üçün sərhədləri yarırlar. Bu gedişlər filmlərə belə mövzu olmuşdur.Gəlin görün ki, artıq Türkiyə də iş tapmaq imkanı verən bir ölkə halına gəlmişdir".
   
   Yazar haqlı və Türkiyə də bu haqqı qazanmaq baxımında haqlı. Amma gəl gör ki, Türkiyəyə iş tapmaq üçün gələn insanların çoxu Azərbaycandan və xüsusiylə Naxçıvandan gəlirlər-deyir Rza Zelyut.
   
   Mən burada bir mötərizə açmaq istəyirəm: Bu adamlar yalnız iş tapmaq üçün deyil və xüsusilə də QARDAŞ bir ölkəyə gəldiklərinin fərqindədirlər. Şükürlər olsun ki, Rza Zelyut Bəy Əfəndi də bunu təkrar-təkrar söyləyir və mən yazımın başlanğıcında yazdım ki, Türkiyə də bütün bu adamları məmnun etmək məcburiyyətində deyil.
   
   Amma gəlin bir şeyi açıq danışaq: Sovet sistemindən ayrılan bu adamlar bir zamanlar Rusiyaya iş tapmaq üçün gedirdilər, indi də gedirlər. Və Rusiyadan çox məmnun və razı qayıdırdılar. Elə razı və məmnun qayıdırdılar ki, hətta bəziləri oralarda özlərinə bir arvad da tapıb uşaqlarıyla gəlirdilər vətənə. Bu gün mən bunları yazmaqla heç də o fikirdə deyiləm ki, Türkiyə bizim insanlarımıza pis baxır və ya Türkiyə bir yarışma ölkəsinə çevrilməlidir. Və ya mənim Rusiyaya ayrıca bir sevgim-filan var.
   
   Xeyr, açığı bu: Türkiyə bu adamları heç zaman məmnun və razı edə bilməz.Ən azından Rusiya kimi razı sala bilməz.Bunu açıq etiraf edək.Türkiyəyə olan bütün sevgi və heyranlığa baxmayaraq.
   
   Rza Zelyutun yazısının ən acı verəcək tərəfi nədir?
   
   Təbii, Naxçıvandan hər hansı bir fəhlənin və ya ziyalının buraya gəlməsi hörmətli Rza Zelyutun da yazdığı kimi bir o qədər də faciə deyil. Bu günlərdə də Naxçıvanda insanlar yaşamaqdadır və insanlar günlük yaşamlarını saxlamaqdadırlar. Bütün ölkələrdə və bütün millətlərdə belə vəziyyətlər olmuş və üstəlik də Naxçıvan dəhşətli bir qısqaç içərisindərir.
   
   Yəni, jurnalistin özünün də yazdığı kimi Bakı ilə yalnız bir yolu var: o da təyyarə ilədir.Bu da bu ölkəni, bu müqəddəs ocağı çox ağır vəziyyətə soxmuşdur. Belə olduğu bir halda naxçıvanlıların Türkiyəyə üz tutması çox təbii bir şeydir.Amma di gəl ki, Türkiyə insanı, baxınız mən TÜRK demirəm, Türkiyə insanı deyirəm, bu adamlarla necə davranırlar?
   
   Deyilməyəcək və yazılmayacaq dərəcədə pis və insafsız!
   
   Bunun türkcəsi daha gözəl səslənir: Acımasızcasına. Yəni acımadan.
   
   Niyə,qardaşım?
   
   Gedin, Azərbaycana... Gedin, görün ki, Türkiyədən gedən hər bir insan necə gözəl qarşılanır. Görün, Türkiyədən gedənlər nələr qazanırlar Azərbaycanda?
   
   Amma bu gün müvəqqəti olaraq Türkiyəyə gəlib iş axtaran insanlara edilən haqsızlıqları Allah belə bağışlamaz.
   
   Bütün bu edilənləri biz hörmətli türk jurnalisti Rza Zelyutun yazılarından oxuyuruq":Bizi alıb aparırlar, işlədirlər, pulumuzu vermirlər. Belə olurmu? Qardaş qardaşa bunu eləyərmi? Biz yazıq deyilikmi? Vallah, vəziyyətimiz qulların vəziyətindən də pisdir. Biz zənciri olmayan qullarıq, kölələrik.
   
   -Polisə getmirsinizmi?
   
   -Polisə getsək də belə bir nəticə çıxmır. Bizi sömürürlər. Dərdimizi deyəcək yer yox. "
   
   Davam eləyir Rza Zelyut":İstanbulda min bir əzab və əziyyətlə üç-beş qəpik pul qazanan bu insanların haqlarına göz tikən vicdansızların sayının çox olduğunu şikayətlərindən anladıq".
   
    ...Və sonra hörmətli Rza Zelyut başqa bir şikayəti anladır.
   
   Öz vətənində bir çox haqsızlıqların baş alıb getdiyini də gözəl bilən və elə bu insani olmayan şeyləri anladıqdan sonra Rza Zelyut Naxçıvana gedərkən başına gələnləri təbii, bir qəzetəçi kimi anlatmaqdan da geri qalmır və irəlidə dediyim kimi, özünə yarayan şeyləri seçərək türk oxucularına təqdim edir.Bu yazılarda Rza Zelyut sərhəddə bir neçə insanla üz-üzə gəldiklərini və onlara rüşvət verdiklərini də yazısına əlavə eləyir.
   
   Bir şey söyləmirik.Haqlıdır Rza Zelyut.Amma bizim fikrimizcə bir az yaxşı şeyləri də görmək gərəkdir. Baxın,bütün qanunları çalışan Türkiyə kimi bir ölkədə, dünya ölkəsində Rza Zelyutun yazdığı haqsızlıqlar baş alıb gedirsə, yenicə azadlığını qazanan və hələ heç bir şeyi yerli-yerində olmayan bir məmləkətdə belə şeylər gözə soxula bilər və bunu anlayışla qarşılamaq gərəkdir.
   
   Bu nədənlə mən Rza Zelyutun aşağıdakı fikirlərini haqsız hesab eləyirəm və bunu da söyləyirəm ki, belə düşünməyimdə bir az da tərəfgirlik deyilən şey içimdən baş qaldırmışdır.Əslində hər bir jurnalist özü istədiyini görə də bilər, yaza da bilər.
   
   Necə olursa-olsun Rza Zelyutun gördükləri: "Bu tərəfdə Dövlət var, o biri tərəfdə aşirət".
   
   Xeyir hörmətli Rza Zelyut!Sizin ölçünüzlə baxsaq heç bir azad və demokratik dövlətdə sizin dediyiniz dümbələndüz demokrasi və əxlaq yoxdur.Əgər Naxçıvanda, sizin yazdığınız kimi bir adamın sizin qələminizdən xoşu gəlib və onu sizdən alıbsa və siz də bunu rüşvət hesab eləyirsinizsə,bəs onda Türkiyədəki rüşvət alanları hansı deşiyə soxaq?
   
   Təbii, mən sizin yazınızın gözəl bir niyyətlə yazıldığını da gözəl anlayıram.Və bizim də imkanımız yox ki, sizin yazınızın bütün incəliklərini və bizi ağrıdan, bizi sevindirən tərəflərini açıb söyləyək.
   
   Bir şeyi diqqətinizə çatdırmaq istəyirəm:Mən heç kimin adamı-zadı deyiləm və vətənimdəki bütün partiyalara hörmət eləsəm də heç bir partiyanın üzvü də deyiləm.Mən də taleyini yazdığınız o insanlardan biriyəm, bax bu günlərdə bu Türkiyədə, bu canımızı qurban verməyə hazır olduğumuz bu ölkədəyəm. Mən azad, sərbəst bir jurnalistəm, yazılarımı da könül xoşluğu üçün yazıram. Bu vaxta qədər yüzlərlə bax,belə yazılarım çap olunsa da bir quruş da olsun bu yazılar üçün haqq almamışam. İnsan əməyinin sömürülməsi, insan əməyinin heçə sayılması deyilsə bu, hörmətli Rza Zelyut buna nə ad verə bilərsiniz?
   
   Amma siz, böyük bir dövlətin Prezidentinin küçələrdə rəsminin asıldığını görüb heyrətlənirsiniz və bunu şəxsiyyətə pərəstiş olarq qiymətləndirirsiniz.Və ən təəccüblüsü o Prezidentin adının və familyasının düzgün yazılmasına belə diqqət etməmisiniz. Bunu bilə-biləmi etmisiniz,yoxsa bir təsadüfdür, bunu yalnız siz bilirsiniz.
   
   Azərbaycanın Prezidenti hörmətli Heydər Aliyef deyil ( təkrar edirəm: Aliyef yazırsınız.Siz çox savadlı və çox hörmətli və bilgili, sözə həssalığla yanaşan bir jurnalistsiniz.Bir şey xatırladıram sizə: bir zamanlar mənim də çox- sevdiyim Nihal Atsız Nazim Hikmətə o qədər nifrət edərmiş ki, həmişə onun adını və familyasını belə yazırmış: Nazim Hikmətof. Haydar Aliyevdir. Burada YEV"lə OF"un fərqini bilməniz gərəyirdi. Belə bir həssas şeylərdən yazan jurnalistin bunu bilməməsi çox ayıb. Şayət bilərək yazmısınızsa,o zaman daha pis.
   
   Baxın, bütün bunlardan sonra bu ürək ağrıdan yazının son sətirlərini eyni ilə tarixin səhifələrinə, Türkiyəni idarə edən adamların vicdanına buraxıram və hörməli oxuculara təqdim edirəm:
   
   "Əgər Azərbaycanda dövlət tam təşəkkül edərsə, sistem işləməyə başlarsa o ölkədən Türkiyəyə işləməyə belə adam gəlməz. Buralardan o ölkəyə gedən insan daha çox olar".
   
   (Heç şübhəsiz.Mən yazımın əvvəlində də yazdım, hörmətli Rza Zelyut. Bakıda, sizin dediyiniz kimi o sistemi tam çalışmayan ölkənin paytaxtında, indi belə Türkiyədən gedən adamlar qarışqa kimidirlər. Və çox məmnundurlar).
   
   "Bugünlər kimi o günləri də düşünmək gərək. İstanbulun və İğdırın bu əziyyət çəkən insanlarına daha həssaslıqla yanaşaq. Xarici İşlər Nazirliyimiz Naxçıvanlılara imkan vermək üçün bir aylıq Türkiyədə qalma vaxtını uzatmalıdı. Qardaşlıq və böyük qardaşlıq belə olmaz. Onlara yuqoslavlara göstərdiyimiz hörməti göstərməsək bunun adına dostluq deyilərmi?"
   
   Bəli, yalnız bu sətirlərə görə bu yazının bütün acılarını ürəyə çəkmək olar.
   
   

TƏQVİM / ARXİV