adalet.az header logo
  • Bakı 16°C

ONLAR VƏ MƏMLƏKƏTiMiZ

TOFİQ ABDİN
23737 | 2011-05-21 07:32
"Onlar və məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılananlara dayanaraq davam etməkdi.Biz araşdırıcı deyilik və bir yazar olaraq bizim haqqımızda olan fikirlər də bizim üçün maraq doğurmaya bilməz.Təbii ki,bu gün bəxtəvərliyimizdir ki, həm dünyada, həm də qonşu Türkiyədə bizim kimliyimiz daha çox söhbət yaradır və bu da bizi sevindirməyə bilməz.Yüz illər sonra da güman ki,bu məsələ yada düşə bilər və buna qəti hökm vermək qənaətimiz yoxdu.Amma bu yazılarda ayrı-ayrı yazar və ya qeyri yazar insanların məmləkətimiz və bizlər haqqında görüşləri bizim üçün yad olmamalıdı.Və gələcək araşdırıcılar üçün bu gün yazılanlar daha bir fakt olaraq diqqəti çəkəcək.
   
   Məhəmməd Saleh. 44 yaşındaydı mənimlə görüşəndə. Ucaboyludur. Bir suyu məşhur şair Oljas Süleymanova oxşayır. Bilmirəm, bəlkə də Məhəmməd Salehi daha tez görsəydim və bu yazını Oljas Süleymanov haqqında yazsaydım tam tərsini söylərdim.
   
   Amma bir az arıqdı. MəhəmmədSaleh. Cansız olmasına baxmayaraq çox mübariz görünür.
   
   Özbəkistanda Demokratik hərəkatın öncüllərindən biri, M.Qorbaçovun Yenidənqurma hərakatıyla başlanan bir dövrdən sonra içindəki ağrıları çölə vurmuş və bu hərakatın doğruluğuna və düzgünlüyünə inanaraq özünü bu hərakatın içinə atmış.Özbəkistanın azadlığı və müstəqilliyi uğrunda həyatını, yaşamını davam etdirməyi qarşısına məqsəd qoymuş bir insan və bir ziyalı.
   
   Məhəmməd Salehi mən qiyabi olaraq Yenidənqurmanın ilk günlərindən tanıyırdım.O zaman Sovetlərdə çap olunan "Literaturnaya" qəzetində cəsarətli və çox önəmli bir çıxışı ilə diqqətimi çəkmiş bir yazıçı və sərt fikirlərini söyləyən ziyalı kimi.Bunu açıq söyləyim ki, hələ o zamanlar belə sərt danışmaq üçün tam və təmiz ortam yox idi.Yəni hər şey bir pöhrə halındaydı və belə danışmağa da cəsarət gərəydi.
   
   Bu çıxış mənim o qədər xoşuma gəlmişdi ki, həmən çıxışı qəzetdən kəsib indiyə kimi saxlamışam da.Bir azdan özünə deyəcəyəm bunları.
   
   Bu çıxışdan sonra həqiqətən mən onu bir ziyalı kimi və bir ədəbiyyat adamı kimi çox sevdim və izləməyə başladım....
   
   Taleyin işinə bax.Mən İstanbulda onunla üz-üzə gəldim və şəxsən tanış oldum. Azərbaycan İstanbul Başkonsulluğunda.
   
   Bir neçə dəfəydi buraya gəlirdi.Və mən bəzən cürət eləməmişdim ona yanaşım, bəzən də heç cür imkan yaranmırdı.
   
   Sonradan görəcəyəm ki, Məhəmməd Saleh son dərəcə mədəni, son dərəcə istiqanlı, mehriban, sakit danışan və heç zaman sanki bir yerə tələsməyən birisidi.Bütün bunlar onun danışığına da keçmiş və fikirlərini anladanda sözləri dənə-dənə seçir və danışır.
   
   Təbii her ikimiz türkçə danışırıq. Arada bir dilimizə yabançı sözlər (xüsusiylə rusca sözlər) soxulsa da, təmiz və ORTAQ bir TÜRK dilində anlayırıq bir-birimizi heç bir çətinlik çəkmədən.
   
   Sənəti jurnalistlikmiş.Özəbəkistan Yazarlar Birliyinin sədrlərindən biri olmuş.O zaman belə bir qayda vardı.Dövrü sədrlər seçilirdi və zaman içində sədrliyi idarə edir və çəkilirdilər.
   
   Məhəmməd Saleh zamanını bitirmədən buradan uzaqlaşdırılmış və hələ tam yerinə oturmayan bir yarım demokratikliyin qurbanı olmuş.Həmən yuxarıda adını çəkdiyim çıxışından sonra Məhəmməd Salehi Yazarlar Birliyinin Sədrliyindən istifa etməyə məcbur eləmişlər və ya özü də görmüş ki, belə davam eləmək mümkün deyil.
   
   İstifa etdikdən sonra yalnız mənim düşüncəmə görə bir yolu qalmış: həyatını bütünlüklə illərdən bəri gözlədiyi millətinin azadlığı uğrunda mübarizəyə həsr eləmək.
   
   Məhəmməd Saleh on üç kitabın məllifidi.Beş uşağı var. Belə çavan yaşında. Və düşünək ki, özü də yazardı.Özü də həyatını demokratik mübarizəyə verir.Bunun da nə olduğunu gözəl bilir.
   
   Və beş uşaq atasıdı.
   
   Məhəmməd Saleh Özbəkistandan sürgün edilmişdi və Türkiyədə mübarizəsini davam etdirirdi.Lideri olduğu Ərk Partiyasının mübarizəsini buradan izləməkdədi hələlik.
   
   Elə söhbətimizə də buradan başlayırıq.
   
   - Nə var, nə yox Özbəkistanda. İşlər necədir. Demokratik yolda nə kimi yeniliklər var. İndi nəylə məşğulsunuz. Bu yoldakı mübarizənizdən nə gözləyirisiniz?
   
   -İndi bizim ən mühüm işimiz Ərk Partiyasının yaşamasını və öz işinə davam etməsini qorumaqdı.Bu partiyanın rəsmən tanınmasını istəyirik. Əsas işimiz bununla bağlı.Rəsmən bu partiyanı tanıda bilsək və rəsmən qəbul etdirə bilsək o zaman indi iqtidarda olan adamlar bizimlə danışmağa və bizimlə görüşməyə məcbur olacaqlar.Və bizi dinləməyə məcbur olacaqlar.Bu da mənim fikrimcə Özbəkistanda demokratik hərəkatda ən mühüm addım deməkdi.Bilirik ki, bu yolda neçə-neçə mərhumiyyətlərimiz olacaq, amma başqa yolumuz da yoxdu.
   
   - İçinizdə belə bir qorxu varmı ki, bu Sovetlər yenidən qayıda bilər. Xortlaya bilər?
   
   - Siz bu qorxu haqqında çox gözəl soruşdunuz.Açıq söyləyirəm bu qorxu bütün dağılmış Sovetdə yaşayan insanın içində hələ də yaşamaqdadı və uzun zaman yaşayacaq.Bu qorxu kommunistlərin son revanşıdır demək olar ki... Və bu qorxudur elə bizim işlərimizi də sarsıdan. Mən şəxsən belə düşünürəm: bu kommunistlərin son revanşıdır ki, bunu mən əvvəllər də söyləmişdim. Amma bu var ki, bir dövr olaraq, bir quruluş olaraq kommunizm deyilən bir şey bitdi. Bütün bunlar bir qədər uzana bilər. Vaxt keçə bilər. Amma bir tarix bitdi.
   
   - Məhəmməd bəy, Sizin Partiyanız bu günlərdə harda çalışır. Bir halda ki, deyirsiniz, bu günə qədər Sizin başçılıq etdiyiniz partiyanızı tanımırlar. Rəsmi qəbul olunmayıb. Özbəkistandamı, Türkiyədəmi çalışırsınız? Leqalmı, qeyrileqalmı?
   
   - Təbii, Partiyamız Özbəkistandadı və orada da işimizə davam eləyirik. Bizim fəaliyyətimiz çox da geniş deyil. Amma bu partiya yaşamalıdı və yaşayacaq. Buna mənim heç bir şübhəm yoxdu. İndi baxsanız, Özbəkistanda heç bir partiya və heç bir hərakat fəaliyyətdə deyil. Bizim fikrimiz də, taktikimiz də bu ki, belə partilərə azadlıq verilsin fəaliyyətləri üçün. Necə olursa-olsun demokratik yolla mübarizə eləmək lazımdı. Xalqı, milləti qırğına verməmək şərtiylə mübarizə eləmək. Bizim bugünkü vəziyyətimiz belədi ki, inanın, əgər kiçik bir şey duysalar həmən bizim uşaqları tutub dama soxarlar. Həbs eləyərlər. Hələlik partiyamız leqal olaraq çalışmalıdı.Partiyamızın 54 mindən çox üzvü var. Ola bilsin bu hələlik çox da deyil. Amma bu az vaxtda bunu eləyə bilmişiksə, buna da şükür. Bu 54 min insanın yüzdə 99-u inamla bizim işə girişənlərdir. Bizim partiyanın üzvü olmaq da asan iş deyil. Ona görə ki, həyatın hər an təhlükədədir.
   
   - Nə zamandır Türkiyədəsiniz?
   
   - Türkiyəyə iyun ayında gəldim. Buradakı bəzi siyasət adamlarıyla görüşdüm. Bir-iki ay sonra yenidən qayıtmalıyam Özbəkistana. Partiyamızın yeni platformasını hazırlayıram.
   
   - Məhəmməd bəy,Türkiyə ilə sizin partiyanın əlaqələri necədir? Uzun illər bundan qabaq Türkiyəyə mühacir olunan özbəklərlə bir təmas qura bilmisinizmi? Onlardan tanıdıqlarınız varmı?
   
   - Onu söyləyə bilərəm ki, İstanbulda özbəklər azdırlar. Amma Adanada daha çox özbək var.Onlarla əlaqələrimiz daha güclüdür.Bəlkə, xəbəriniz var. Türkiyədə bir Türkistan deyilən dərnək var.Bu dərnəyin üzvləri ilə əlaqələrimiz çox möhkəmdir.Amma bunu açıq söyləməliyəm:Biz heç kimdən,heç nə gözləmirik.Biz öz gücümüzlə, öz ağlımızla hərəkət etmək istəyirik və heç kiməsəyə minnət yükü yükləmək fikrində deyilik.Özümüzə inanırıq və xaricdən də heç bir dəstək gözləmirik.Türkiyə bizə bir mənəvi güc olaraq yardım edə bilər.Bizim demokrasi işimizi dünyaya duyura bilər.İndi Türkiyənin özünün də bir çox problemləri var ki, artıq bunlar problemlikdən çıxıb, bir təhlükə halını alıb.Türkiyə öz içində özüylə mübarizə etməktədir. Açıq söyləyirəm: Türkiyənin bir yiyəsi yox loru dildə desək. Çox ola bilir ki, Süleyman Dəmirəl yaxşı bir adam ola bilir, amma bizə güclü siyasət adamı gərkədir.Çillər də çox gözəl bir insan.Amma yenə də deyirəm: indi daha güclü insanlar gərək, daha təzə qafalar gərək.Belə bir vaxtda, belə bir dönəmdə Türkiyəni idarə edə biləcək yeni bir siyasi güc gərəkdir. Yeni siyasətçilər gərəkdir.
   
   Baxın, bu günlərdə Özbəkistanda iqtidarda olan adamların çoxu çürük fikirli insanlar.Oturduqları stolların itirilməsindən son dərəcə qorxan adamlar.Və çox təbii olaraq bu adamlar müxalifətdə olanları burunlayacaqlar, istəməyəcəklər, bu da təbii bir şey.Ona görə də bu adamlar müxalifətdə olan adamlarla heç görüşmək belə istəmirlər.Onlarla danışmaq belə istəmirlər. Mən şəxsən Kərimovla görüşmüşdüm.O da şəxsən mənə və mənim partiyamda olan bəzi adamlara iş təklif elədi və özü də yaxşı işlər təklif elədi.Buyurun işləyin dedi. Amma biz bunu qəbul edə bilməzdik.Yəni biz hər hansı bir vəzifə üçün mübarizə eləmirik ki...Biz vəzifə-məzifə istəmirik. Bizim partiyanın özəyini, əsasını özbək ziyalıları təşkil eləyir.Və buna görə də Özbəkistandakı adamlar arasında bir dönüş yaratmalıyıq.Onları bir şeyə inandırmalıyıq.Bizim nə istədiyimizə inandırmalıyıq.Və ümid eləyirik ki, bu bir zaman tələb eləyəcək və bu zaman içərisində də biz öz işlərimizi görə biləcəyik.Bir şeyi bildirməliyəm.Əyər sabah bir dəyişiklik olsa, yəni bizim partiya seçimləri qazana bilsə bir dövləti, bir hökuməti və bir quruluşu idarə edəcək ziyalılarız və siyasət adamlarımız var bizim.

TƏQVİM / ARXİV