adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

ONLAR VƏ MƏMLƏKƏTiMiZ

TOFİQ ABDİN
22345 | 2011-05-07 07:43
"Onlar və məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında Türk mətbuatının yazdıqlarına dayanaraq davam etməkdir. Biz araşdırıcı deyilik və bir yazar olaraq bizim haqqımızda olan fikirlər də bizim üçün maraq doğurmaya bilməz. Təbii ki, bu gün bəxtəvərliyimizdir ki, həm dünyada, həm də qonşu Türkiyədə bizim kimliyimiz daha çox söhbət yaradır və bu da bizi sevindirməyə bilməz. Yüz illər sonra da güman ki, bu məsələ yada düşə bilər və buna qəti hökm vermək qənaətimiz yoxdu. Amma bu yazılarda ayrı-ayrı yazar və ya qeyri yazar insanların məmləkətimiz və bizlər haqqında görüşləri bizim üçün yad olmamalıdı. Və gələcək araşdırıcılar üçün bu gün yazılanlar daha bir fakt olaraq diqqəti çəkəcək.
   
   Səlahəddin Dumanın iki yazısı:
   
   "Sabah" qəzetinin yazarı Səlahəddin Duman yazılarıyla seçilən bir türk jurnalistidi. Tansu Çillər Başbakan olarkən Azərbaycana səfəri zamanı Səlahəddin Duman da onunla birlikdə Azərbaycana gəlmiş və qayıtdıqdan sonra qəzetində bir neçə yazı yazmış. Həmən yazılardan ikisi...
   
   
   
   ***
   
   Birinci yazı: Bu nefti bizə yar etməzlər.
   
   Yazının ən vacib sətirləri.
   
   "Səfərimizin ən gözəl anlarını dəyərləndiririk.
   
   Oturmuşuq düşünürük :belə olsaydı daha yaxşı olardı... belə olsaydı daha yaxşı olardı...
   
   Bildiklərimizə və gördüklərimizə görə Azərbaycan bir çox imkanlara sahib bir ölkədir. Ayrıca olaraq iki növdə çox keyfiyyətli petrolu da var.
   
   Bax elə buna görə də Azərbaycanın iki yaxası bir araya gəlməz.
   
   O petrolu nə Azərilərə yedirdərlər, nə də Türkiyənin daha böyük pay almasına izin verərlər".
   
   Bəli, budur sözün düzü. Budur bizim faciəmiz.
   
   Budur bu dibi görünmyən paylaşmanın görünməz üzü.
   
   "Bu petrolu bizə yar etməzlər..."
   
   Bu işin başından bu qorxu Dəmoklis qılıncı kimi Azərbaycanın başının üstündən asılıb.
   
   Səlahəddin dumanın ikinci yazısı: bülbül kimi ötən müğənnilər
   
   Əlbəttə türk musiqisinin bütün mənzərəsini bir və ya iki məqalə ilə anlatmaq mümkün olan bir şey deyil. Bunu nəzərə alaraq, zaman-zaman bu barədə bəzi şeylər yazmalı olsaq belə şübhəsiz, yenə də tam bir fikir yaratmaq mümkün olmaz və türk musiqisi indiki vəziyyətində qarmaqarışıq bir dövr yaşamaqdadı. Bunu təkcə biz söyləmirik və biz söyləmədiyimiz üçün də bu haqqı elə türk yazarlarının özünə veririk.
   
   Bir az öncələr "Sabah" qəzetində bu qəzetin tanınmış yazarlarından biri olan Səlahəddin Dumanın gözəl bir yazısı çap olundu. Mən bu yazını şərh etmək fikrində deyiləm və istəyirəm ki, bu qısa yazının önəmli məqamlarını diqqətə çatdırım:
   
   Yazı belədir:
   
   " Azərbaycan yoxsul, çarəsiz, çətinlikdə ola bilir, amma bir şeyləri var ki, bizi çox-çox arxada qoymuşlar. O da musiqiyə olan ciddiyyətləri və istedadlarıdır. Bunu şəxsən görmək və müqayisə eləmək imkanım oldu.
   
   İndi anladım siz də oxuyun.
   
   Azərbaycana getməzdən bir gün qabaq bizim şəxsi televiziya kanallarından birinə baxırdım. Hünərli və özündən deyən bir oxuyanımız bir əyləncəli proqramın qonağı olaraq mikrafonu aldı əlinə.
   
   Və... türk sənət musiqisinin ən sevilən parçalarından birinin atasını yandırdı. Bəxtəvər nə musiqini dinləyirdi, nə də bir musiqi şərtlərini anlayırdı.
   
   Başını alıb bağırırdı. Səsini mahnının bəzi yerində elə titrədirdi ki, yəni guya zəngulə vururdu, sanki studiyada gizlicə bir zəncirlənmiş qoyun mələyirdi.
   
   Buna mahnı oxumaq deyilməz. Bu adam bəstəkardan intiqam alırdı.
   
   Mən beləcə əsəbi bir vəziyyətdəykən verilişi aparan qız: "aman, nə qədər gözəl oxudunuz. O qədər məni məst etdiniz ki, az qaldı ki, altımı isladım" - deyə bu adamı tərif etməzmi?
   
   İnanın qorxmasaydım mətbəxə keçib yaponlar kimi qarnımı doğrayacaqdım.
   
   Sağa baxdım, sola baxdım...
   
   Sən demə bir mahnını beləcə oxumaq ona yeni bir don vermək imiş. Yəni improvizə edirmiş bu oxuyan. Vay dədəm vay....
   
   
   
   
   
   AZƏRİ MÜĞƏNNİLƏR
   
   
   
   Gülüstan Sarayında Tansu xanımın şərəfinə verilən, bizim də iştirak elədiyimiz yeməkdə inanılmaz gözəllikdə səslər dinlədik.
   
   Səhnəyə çıxan hər sənətçi bir və ya iki mahnı oxuyurdu. Gecədə 15-ə yaxın səs sənətkarı oxudu. Oxudu nədi qardaş, bülül kimi, cəh-cəh vurdular. Onlar şarkıcılara "müğənni" deyirlər. Amma nə güclü səslər.
   
   Mən isə heyrətlər içindəyəm. Heyranlıqla... Allah... Allah... Bunlar nə gözəl səslər. Bunun hikməti nədir? Havasındanmı, suyundanmı? - deyə sormaq istədim.
   
   Bakını çox gözəl bilən dostlardan biri dedi": Burada gecə yatağa yoxsul ancaq bakirə qız olaraq girən və səhər şöhrətli oyanan kimsə yoxdur. 1900-cü illərdən bəri opera və balet kimi sənətlərə xüsusi bir maraq var. Çox güclü bir konservatoriyaları var. Bu konservatoriyada və ya musiqi məktəblərində təhsil almayana mahnı-muhnu oxutmazlar.
   
   Yenə də Bakıda iş görən başqa bir İstanbullu deyirdi: işimiz düşəndə kirayə evlər axtarırıq. İnanırsanmı, buradakı hər iki evin birində pianino var. Adam bəlkə çox kasıb yaşayır, fəhlədir, gecə hardasa qarovulçu işləyir, amma evində pianino var.
   
   Türk müqənniləriylə azəri müğənnilərin fərqi anlaşıldımı?
   
   İnanın biz də sənətkarıq deyərək keyf edənlərin yüzdə səksənini Bakı küçələrində kartof, soğan satmağa belə buraxmazlar. Çünki bu işi görəndə belə yenə də səs lazımdır.
   
   Oturdum özüm-özümə çox düşündüm və belə bir nəticəyə gəldim: biz vətəndaş olaraq musiqidən çox anladığımızdan hər gələn şöhrət qazanır. Bir gecədə sənətçi adını alıb düşür ortalığa. "
   
   
   
   QARDAŞIM, MƏN İRANLI DEYİLƏM
   
   
   
   70 illik bir həsrət dövründə, Sovetlərdə ermənilər bizə -Azərbaycanda yaşayan insanlara TÜRK deyib dayandılar, hara getdilərsə orada Azərbaycan insanını TÜRK deyə pislədilər və sonunda TÜRK deyə ağılalmaz bir qətliam da etdilər iyirminci əsrin sonlarında. Çocuklarına bizi TÜRK deyə tanıtdılar və bütün ədəbiyyatlarında, bütün filmlərində bizi TÜRK deyib açıq rəftarlarını göstərdilər.
   
   Bəs onda indi niyə bizə AZƏRİ deyirlər...
   
   Digər yandan mən də düşünürəm. Mənim vətəndaşı olduğum Azərbaycanın Ulu Öndəri Heydər Əliyev təkrar-təkrar nitqlərində və çıxışlarında bu millətin TÜRK olduğunu açıq söyləmişdir və o da bu haqda dəqiq düşünür.
   
   Bir millət, iki dövlətik. Bu deyim var artıq.
   
   Amma di gəl gör ki, müasir Türk mətbuatı və Türk nəşri, xüsusilə türk insanı və xüsusilə İstanbul insanı bizə AZƏRİ deyib dayanırlar.
   
   Bunun səbəbini açıqladıqca min cür fikirlər peyda olur adamın başında. Türk mətbuatı çoxuluğu olmaq şərtiylə bu millətin, yəni bu anda Azərbaycanda yaşayan millətin böyük əksəriyyətinin türk olduğunu və bu torpaqların türklərin olduğunu ya bilmirlər, ya da özlərini çox zaman bilməmişliyə vururlar.
   
   Oralarda yaşadığım illərdə İstanbulda yaşayan və təhsil görən tələbələrin "Gənc Aydınlar Hərəkatı" qrupu bir mitinqə toplaşmışdılar. Və çox yaxşı ki, türk mətbuatı bunu dərhal eşitdi və bir çox qəzetdə bu xəbər keçdi. Amma necə?
   
   "Hürriyət" qəzeti yazdı: "Azeri"lerden İrana protesta".
   
   "Cümhuriyyət" qəzeti yazdı: "Azeri"lerden İrana qınama"
   
   "Sabah" qəzeti yazdı: "Azeri"lerden İrana itiraz".
   
   Baxın, hətta Azərbaycanda müxbiri olan "Zaman" qəzeti də belə başlıq atdı: "Azerilerden İrana etiraz" və. s.
   
   Vurğulayaraq yazıram: bu xəbərlərdə eyni şeylər yazıldığından tək birini nümunə olaraq oxuculara köçürürəm: "Türkiyədə yaşayan Azərilər tərəfindən qurulan Gənc Ziyalılar hərəkatı, Ermənistan və PKK ilə əməkdaşlıq etdikləri səbəbiylə İran Baş konsolluğuna qara çeleng buraxdı. Genc Ziyalılar Hərəkatı Başçısı Aqil Sametoğlu Cənubi Azerbycanın İran mollalarının məngənəsindən qurtulacağı gün yaxındır- "dedi.
   
   İndi qısa şərh edək: ikiyə parçalanmış bir Azərbaycan deyilən məmləkət var, belə deyək: ŞİMALİ AZƏRBAYCANI VƏ CƏNUBİ AZƏRBAYCANı...
   
   İndicə verdiyimiz nümunələrlə (bunun üçün tarixi sənədlərə də söykənə bilərik, amma məqsədimiz tarixi araşdırmaq deyil) və danılmaz həqiqətdir ki, Şimal Azərbaycanında yaşayan millətin böyük əksəriyyəti özünü türk bilir. Görəsən belə olduğu halda bu İstanbulda yaşayan Türk mətbuatının tanıtdığı Azərilərin nə işinə qalıb ki, türk ola-ola Cənubi Azərbaycanındakı Azərilərin dərdlərini çəksinlər.
   
   Təbii, biz hələ özümüzün TÜRK olduğumuzu bu türk mətbuatının böyük əksəriyyətinə anlada bilmirik, o zaman Cənubi Azərbaycanda yaşayan iyirmi beş milyona yaxın bir insanın TÜRK olduğunu necə anlada bilərik?
   
   Amma hər şey beləcə baş alıb getmir. Baxın, indi sizə "Orta Doğu" qəzetində nəşr olunan bir yazıdan nümunə təqdim edirəm. "Orta Doğu" qəzeti yazarı hörmətli Muhsin İdikut Kadıoğlu 5 may 1997 sayında eynilə belə yazır:
   
   "75 illik həyatının 67 ilini musiqiyə həsr edən Əli Səliminin bəstələri Türkiyədə də xeyli sevliyor. "Sana Salam Gətirmişim", "İstər Könül", və "Ayrılıq" bunların ən əhəmiyyətliləri.
   
   1922-də Bakıda doğulan və gəncliyində ailəsi ilə birlikdə Cənub Azərbaycanına yerləşən Səlimi 12 yaşından etibarən Bakihanov tərəfindən yetişdirilmişdir.
   
   Cəmi 400-ə yaxın bəstəsinin yanında "Haydar Baba " adlı mahnısı dünya tərəfindən məşhurdur.
   
   Əli Səlimi həyatında TÜRK olmanın gerğini yerinə gətirmişdir. Heykeli UNESCO salonuna konmuştur. Türkiyədə isə hələ yox."
   
   "ƏLİ SƏLİMİ HƏYATINDA TÜRK OLMANIN GƏRƏYİNİ YERİNƏ YETİRMİŞDİR."
   
   Mən qəsdən bu sözləri təkrar yazıram və vurğulayaraq yazıram.
   
   Əli Səlimi ömürünün son illərini Cənub Azərbaycanında yaşadı və açıq söyləyirik: Şəxsən mən Əli Səliminin Bakıda doğulmuş olduğunu hörmətli Kadıoğlundan öyrənirdim. Sənətlə və ədəbiyyatla bağlı bir adamın və bir türkün bunu bilməməsi çox ayıb. Keçmiş olsun. Bunu özümüzə bağışlamarıq.
   
   Amma, baxın bu nümunəni təqdim etməklə mən bununla nəyi qəsd edirəm: hər şey başlı-başına deyil. Hər halda İran Azərbaycanında HEÇ OLMASA DA İYİRMİ MİLYONDAN ARTIQ TÜRKÜN YAŞADIĞI BƏZİ YARADICILARA MƏLUMDUR.
   
   Bu həssas mövzu məni artıq bezdirməkdədir. İstanbulda BİZƏ QARŞI küçə mühitində bir ifadə eşidilməkdədi: KARDEŞİM SİZ İRANLI DEYİL MİSİNİZ?
   
   İranlı olmaq heç də qəbahət deyil, amma bu sualı verəndən yaxşı danışsan da, hardasa bir kiçik ləhcə xatası olan kimi yuxarıdakı ifadəylə üz-üzə qalırsan və bir az əsəbi deyirsən:
   
   Hayır, efendim Türküm, Azerbaycan Türküyüm...

TƏQVİM / ARXİV