adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

ONLAR VƏ MƏMLƏKƏTiMiZ

TOFİQ ABDİN
22278 | 2011-04-16 08:00
Çox hörmətli baş redaktorumuz İradə xanım Tuncayın yazı manerasında və redaktorluq fəaliyyətində maarifçilik deyilən bir ab-havanın üstün bir cəhət olduğu bu keçdiyimiz illərdə çap etdirdiyi yazılarda və qəzetin əsas istiqamətində açıq-aydın görünməkdədi.Və indiki məqamda təbii ki, maarifçilik bir az bir-təhər səslənsə də təbliğatın bir çox sahələrində bunu təkrar-təkrar eşitməkdəyik.Yeni nəslin maarifçilik həyatı bizləri son dərəcə narahat etməkdədi. Kimsə kimsəni savadsız hesab eləmir, amma qələm sahiblərinin bir üstünlüyü var ki, onlar adətən elə insanlarla görüşürlər ki, sıradan insanların o adamlarla görüşməyə imkanı olmur və bu baxımdan mənim yeni başladığım yazı dizisində, seriyasında bir vaxtlar Türkiyədə yaşadığım illərdə görüşdüyüm insanların ÖZLƏRİ və MƏMLƏKƏTİMİZ barədə fikirləri maraq doğurmaya bilməz. Təbii ki, bu yazılara bəzən ara versəm də, yeni ildən həmin yazıların sırasını davam etdirmək niyyətindəyəm. Onlar Kimlərdi və bizim Məmləkətimiz haqqında nə fikirləşirlər və nə düşünürlər. Və ya nə düşünüblər? Tarix üçün çox maraqlı bir məqam olan bu Tanışlıq və Tanışlar yeni nəsl üçün daha maraq doğura bilər. Beləliklə, indiki qəzetçiliyimizin dili ilə desək, yeni proyektimiz ONLAR VƏ MƏMLƏKƏTİMİZ sizlərə təqdim olunur.
   
   Yenə də bu gözəlim şənbə gəldi... Beş gün və ya belə deyək həftəlik böhrandan sonra (bu böhran sözü şəxsən mənim özümə aiddir, çünki həqiqətən böhran deyilən bir mühitin içindəyəm) şənbə yenə də səhərin gözü hələ tam açılmamış, yaşadığım evin lap yaxınlığındakı cameədən yüksələn müqəddəs azan havasına oyanacam və yaxınlıqdakı baqqal dükanının açılacacağını gözləyəcəm, gedib bir "Ortadoğu" qəzeti alacam (ötən yazımda bu qəzetin bizlərə olan simpatiyasını anlatmışdım) və öz yazımı axtaracam və sonra bütün yazılara göz atacam. Sonra... sonra özümə yemək hazırlayacam, uzaqdan komandanı əlimə alıb televiziyanı açacam və keçən şənbə olduğu kimi bu dəfə də bir türk filmini seyr etməyə başlayacam. Bəzən başlanğıcına gec qalmış oluram, kimin kim olduğunu sonradan ya jurnallardan, ya da qızımdan öyrənirəm. Nə edim qardaşım, mən bu məmləkətdə doğulmadım, o səbəblə bütün aktyor və aktrisaları, oyunçuları, yönətmənləri tanımıram, amma çox isti gəlirlər mənə. O baxımdan isti gəlirlər ki, bu köhnə filmlərdə mənim dilimdə danışır insanlar, yəni oyunçular, mənim dilimdə söyürlər, mənim dilimdə danlayırlar biri-birilərini, mənim dilimdə söhbət edirlər, ən pis halında mənim ləhcəmdə olar dedikləri sözlərin çoxu. Açığını söyləyirəm, bu da mənə xoş gəlir. Bir az da mənim əsl türk olduğumu, yəni özbəöz türk olduğumu sübut edir bütün bunlar. Bütün bunlar dediyim bu köhnə filmlər, köhnə kino əsərləri...
   
   Bu "köhnə" sözcüyü bu mərhələdə məşhur Azərbaycan türkü şan sənətçisi və müğənnisi, teatr dünyasının çox tanımışı siması, bir azda anlaşıqlı olmaq üçün deyirəm ki, Azərbaycanın Zəki Müreni, rəhmətlik Rəşid Behbudovun (Zəki Müren haqqında bu yazını yazmış olsaydım Azərbaycanın Rəşid Behbudovu deyərdim) söylədiyi, həm də ən qorxunc qadağa illərində söylədiyi bir mahnısından aşağıdakı sətirləri mənə xatırlatdı. Eynilə köçürürəm, deyildiyi kimi köçürürəm:
   
   
   
   Yabancı olduk şimdi
   
   Yazık bir-birimize
   
   istersen gel dönelim
   
   eski günlerimize...
   
   Bəli, vardı belə illər. Vardı. Amma biz mövzumuzdan uzaqlaşmayaq.
   
   Ah bu köhnə filmlər... Köhnə kino əsərləri...
   
   Gözəl İstanbulun, gözəl bir guşəsində olan Acıbadəmdə rahatca evimdə oturub ATV kanalında bir filmə ilişirəm. Dedim ya hər şey şansa bağlı. Mən uzaqdan komandanın düyməsinə basdığım anda bir film göstərilir ATV kanalında...
   
   Seyr edirəm. Bir qadın var, əzabkeş bir qadındır görürəm. Bir kübar cəmiyyət mühitinə düşmüş... aldadırlar onu... bir ailəsi də var. Bir qızı və bir kiçik oğlu da. Əri də var, atası da. Sonradan biləcəyik ki, bu oğluna heç körpəm də deyə bilməyəcək və qadın əziyyətli ağrılarla oxuyacaq: sənə körpə deyə bilmədim. Bəli, melodram bir əhvalat, yəni romantik bir əhvalat...
   
   Film olaraq bəlkə də sıravi bir film, inciməsin məndən, küsməsin məndən hörmətli rejissor Nəcati Ər. Mən bu mərhələdə onun əsərinin osunu-busunu araşdırmaq məqsədində deyiləm. Amma son dərəcə minnətdarım ona, təşəkkürlərimi təqdim edirəm və özümü borclu bilirəm bir gözəl Şənbə üçün hörmətli rejissor Necati Ərə. Və filmin başqa yaradıcılarına, əməyi keçən bütün sənətçilərə və insanlara...
   
   Qısaca filmin mövzusunu həftəlik bir jurnal var, adını qoyanın allah köməkçisi olsun ad be... "TV Guide" jurnalı belə yekunlaşdırır: özü doldurduğu kaseti, kasetçilər Bazarına apardıqdan sonra məşhur olma yolunda sürətlə irəliləyən bir qadının əhvalatı. Filmin adı isə :
   
   
   
   "SƏSİNİ AXTARAN QADIN"
   
   
   
   Bura qədər hər şey gözəl. ...
   
   Elə buradca oxucu deyə bilər ki, nə olsun?
   
   Amma yox, boşu-boşuna təşəkkürlərimi çatdırmadım ki, hörmətli rejissora və bu filmin baş rollarını ifa edən Nejla Akbenə və Engin İnala.
   
   Bu filmdə çox nəzakətli bir nöqtə var, çox həssas və çox çanayaxın bir səhnə var. Məni də bu sətirləri yazmağa yönləndirən də, mənə son dərəcə təsir edən də həmin canayaxın səhnədir.
   
   Nejla xanım bir mahnı oxuyur bu filmdə. Əslində bir neçə mahnı var bu filmdə. Bütün mahnılar gözəldir, ROMANTİKDİR VƏ İÇAĞRISIDIR deyərdim.
   
   Nejla xanım bir mahnı da oxuyur: QARAGİLƏ mahnısını. KARAGİLE YOX, məhz QARAGİLƏ mahnısını...
   
   Ya Rəbbim, düşünürəm: bu film harada və nə vaxt lentə alınmışdır. Baxın: çəkilmişdir demirəm. Lentə alınmışdır deyirəm. Lentə alınmışdır deyirəm o səbəbdən ki, Nejla xanım bu mahnıdakı sözləri eynilə, dəyişdirmədən söyləyir və məni bürüyən heyrət də bax bunun üstünədir.
   
   
   
   Dərbəndin küçələri dolama dolan
   
   nə sənə qız qəhətdir,nə mənə oğlan
   
   Qaragilə,nə mənə oğlan
   
   Əgər məni sevmirsən,get ayrı dolan
   
   Qaragilə
   
   get ayrı dolan
   
   Dərbənd aralı, könlüm yaralı...
   
   
   
   İndi burada bir incə nöqtə var: bu mahnının güftəsindəki (yəni sözlərindəki, mətnindəki) sözlərdə bir dəyişiklik edilmiş. Bu mahnı Azərbaycan türkcəsində çox sevilən və çox istənilən bir mahnıdır, yeddidən yetimşə bu mahnını söyləməyən və bilməyən yoxdur. Amma çox qəribə: Azərbaycanda bu mahnı eynilə belədir və təkcə DƏRBƏND sözü yerinə TƏBRİZ deyilməkdədir.
   
   Niyə, nədən edilmiş bu dəyişiklik?
   
   Bu bir ayrı mövzudur. Yəni bu gün bizə hər şey tam aydın görünməkdədir.Təkcə bu filmdə yox,onlarca belə işlərdə və başqa sahələrdə də gizlin əllər çalışmış və iki eyni milləti başqalaşdırmaq üçün əllərindən gələni etmişlər. Təbii ki, bunun müzakirəsini zamanın axarına buraxmaqla sakitləşmirik və düşünürük ki, daşlar öz yerini tutacaq.
   
    Amma bu anda məni düşündürən başqa bir mövzudur. Düşünürəm: Ya Rəbbim, bu bir millət olan qanqardaşlarını bir-birindən ayırmaq üçün nələr etməmişlər və hansı alçaqlıqlar gözə alınmamışdır.
   
   KÜÇƏ də gözəl sözdür, amma KÜÇE sözü niyə anlaşılamz hala gəlmişdir. Halbu ki, baxın bu bir tərtəmiz türk filmi, bu mahnını söyləyən təmiz bir türk müğənnisi, bu rejissor da bir türk rejissoru, yəni bu filmdə hər şey bir türk ağlının məhsulu. O zaman niyə mən bu gözəl məmləkətdə küçə sözünü deyərkən, donuq-donuq üzümə baxırlar...
   
   "Qaragilə" şərqisində bir yer var. Onu hörmətli Nejla xanım eynilə belə oxuyur:
   
   
   
   Sevdiyim yaralı,
   
   düşdüm aralı.
   
   
   
   Amma bizdə oxunulur:
   
   
   
   Könlüm yaralı,
   
   düşdüm aralı.
   
   
   
   İndi bu gözəlim "düşdüm" sözü İstanbul mühitində "yıxıldım" kimi bir şey olmuş. Vay... vay. ..Olsun...
   
   Amma, nə idi Allahım o "Qaragilə" mahnısı, nə idi o mahnını söyləyən Nejla xanım. ..
   
   Son illərdəki bütün ağrılarımı mənə unutduran bu yaradıcılara "sağ olun" - deyirəm.

TƏQVİM / ARXİV