adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ONLAR VƏ MƏMLƏKƏTiMiZ

TOFİQ ABDİN
24992 | 2011-04-01 23:13
Çox hörmətli baş redaktorumuz İradə xanım Tuncayın yazı manerasında və redaktorluq fəaliyyətində maarifçilik deyilən bir ab-havanın üstün bir cəhət olduğu bu keçdiyimiz illərdə çap etdirdiyi yazılarda və qəzetin əsas istiqamətində açıq-aydın görünməkdədi.Və indiki məqamda təbii ki, maarifçilik bir az bir-təhər səslənsə də təbliğatın bir çox sahələrində bunu təkrar-təkrar eşitməkdəyik.Yeni nəslin maarifçilik həyatı bizləri son dərəcə narahat etməkdədi. Kimsə kimsəni savadsız hesab eləmir, amma qələm sahiblərinin bir üstünlüyü var ki, onlar adətən elə insanlarla görüşürlər ki, sıradan insanların o adamlarla görüşməyə imkanı olmur və bu baxımdın mənim yeni başladığım yazı dizisində, seriyasında bir vaxtlar Türkiyədə yaşadığım illərdə görüşdüyüm insanların ÖZLƏRİ və MƏMLƏKƏTİMİZ barədə fikirləri maraq doğurmaya bilməz. Təbii ki, bu yazılara bəzən ara versəm də, yeni ildən həmin yazıların sırasını davam etdirmək niyyətindəyəm.Onlar Kimlərdi və bizim Məmləkətimiz haqqında nə fikirləşirlər və nə düşünürlər. Və ya nə düşünüblər? Tarix üçün çox maraqlı bir məqam olan bu Tanışlıq və Tanışlar yeni nəsl üçün daha maraq doğura bilər. Beləliklə, indiki qəzetçiliyimizin dili ilə desək, yeni proyektimiz ONLAR VƏ MƏMLƏKƏTİMİZ sizlərə təqdim olunur.
   
   Uzun müddət Bakıda yaşayan və Azərbaycanı bir yaradıcı gözüylə gəzən və ona heyranlağını hər fürsətdə qələmə alan,lentə köçürən və onun haqqında danışan Raşit Demirtaş bu yaxınlarda Bakıya gəlişində bizləri də yad etdi və onunla bir neçə saat söhbət edib Bakı və Azərbaycan haqqında bəzi düşüncələrini aldıq.Və bu da maraqlıdır ki, Raşit bəyəfəndi bizim yerlərin tarixini də, bu gününü də çox incəliklə araşdıran bir şəxsiyyətdi. Söhbət əsnasında bəzi tarixi bilgiləri də içinə alan gözəl bir söz-söhbətə vəsilə oldu görüşümüz. Həmin fikirləri onun dilindən verməklə heç bir şeyə toxunmaq istəmirəm.Yalnız söhbət məqamında kiçik müdaxilələr var. Bu qaçılmaz oldu. Ən maraqlısı o, söhbətinə Mikayıl Müşfiqin KÜLƏKLƏR şeirilə başladı:
   
   
   
   Hər səhər, hər axşam,
   
   hər axşam, hər səhər
   
   Çox zaman avara
   
   küləklər bixəbər
   
   Bir yaxın dost kimi
   
   qapımı döyərlər.
   
   Küləklər, küləklər,
   
   bəstəkar küləklər,
   
   Dünyanı dolaşan
   
   bəxtiyar küləklər!
   
   
   
   Qafqaza məxsus saçlarını bəstəkar küləklər darayan şəhər, bir ədayla dənizin kənarına oturmuş, ayaqlarını uzatmışdı Xəzərin sularına. Həyatın hər cilvəsini görmüş bir səs tonuyla, üsul-üsul bir mahnı oxuyurdu. Müdrikcəsinəg Hüznlüg
   
   
   
   "Dünya bir pəncərədir,
   
   Hər gələn baxar gedər."
   
   
   
   Gözləri Xəzərin üfüqündə enib çıxan neft mədənlərində. Könülündə neçə aşiqin buraxdığı yaralar. Talehin oyunlarından yorğun, başının ağrısını yavaşıtmağa çalışırdı küləklə.
   
   Küləklərin şəhəri demişlər ona. Bakıg Ahh Bakı... Azərbaycanın nazlı gülü... İçindən nələr keçər?... Könlün hansı ümidlərə, hansı üfüqlərə yelkən açar... Kim bilər?
   
   Xatirəsi çoxdu bu şəhərin.
   
   Bakı Azərbaycanın paytaxtı. Tarixi, gözəlliyi, mədəniyyət və sənət təcrübəsiylə, neftiylə Azərbaycanın can damarı. Gələni-gedəni çox olmuş, yaxşısıyla pisiylə, hərəsindən ayrı bir ovqat qalmış Bakıya. Buna görə xatirəsi çoxdu bu şəhərin. Gözəllik ardınca qaçanın insan xisləti buraları da az narahat etməmişdir. Tarixdən məlumdur ki, Qafqaz və Azərbaycan uğrunda gedən mübarizələrin,hesablanan gəlir və çıxarların sonunda həmişə Bakı ortada olmuş; çünki Bakıda neft, ticarət, duz yataqları, bu səbəbdən zənginlik demək...
   
   Raşid bəy, yeni nəsl azəri türkləri üçün də sizin tarixdən gələn fikirləriniz maraq yaratmaya bilməz. Buraların tarixini sizlər də araşdırmısınız və nəticələriniz nə olmuş?
   
   2000 illik tarixi boyunca Bakıdan Roma, Fars, Sasani kimi bir çox mədəniyyət gəlib keçmişdir. Buralarda Türk boylarının varlığının olduğunu isə haradasa daha uzaqlara aparan fikrlər, mülahizələr və tezislər mövcuddur.Bir tezisə görə türklərin dünyaya dağılışının, Orta Şərq və Azərbaycan ərazilərindən dağılmış olduğuna inanılır. MS 5-ci əsrdən etibarən bölgənin hakim xalqının Türklərdən olduğu bilinməkdədir. VIII əsrdə ərəb ordularının bölgəyə gəlişiylə İslamiyyətlə də tanış olmuş Bakı. 1000-ci illərin başında isə Səlcuqlu hakimiyyəti başlamış şəhərdə. Səlcuqlunun yıxılışından sonra da Şirvanşahlar, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi Dövlətlərinin şəhəri olmuş Bakı.
   
   Səfəvi Dövlətinin 1700-cü illərin ortalarında yıxılmasıyla Azərbaycanda xanlıqlar dövrü başladı. Bakı, Şirvan xanlığının bir şəhəri ikən daha sonra, xanlığın paytaxtı oldu. O gündən bu yana paytaxt olaraq tanınır.
   
   1806-cı ildən Bakının bəxti çöküşə gedir.Rus ordusu Azərbaycan xanlıqlarını işğal etdiyi kimi Şirvan Xanlığını və paytaxt Bakını da işğal etdi. O gündən sonra, nə qədər mübarizələr və qovğalar olsa da bir türülü özünə gələ bilmədi Qafqaz gözəli.Bolluq gördü, şərafət gördü; amma hüzur-dinclik görə bilmədi. Əsrdən çox sürən bu işğaldan sonra, 1918- ci il bir başqa cür gəldi Bakıya. O il, böyük ağrılarla başladı, böyük sevinclə bitdi. Amma bu ikisi arasında bir əsr qədər uzanan sancılı günlər yaşandı.
   
   
   
   BAKININ AĞRILI GÜNLƏRİNDƏN
   
   
   
   Bizcə Bakının başında olan son ağrılı günlərdən də bir aydın olaraq xəbəriniz olmamış deyil?
   
   Sakinləri qədər acılara-ağrılara dayanaqlı bir şəhərdir Bakı. Onların kədərini, yasını içinə alar bu şəhər.Və şəhərin yaddaşı hər şeyi yazar bir küncünə; heç bir şeyi unutmaz. Bakının yaddaşına nəqşolunan hadisələrdən biri 1918-ci ildə yaşadığı qırğın idi. Məscidlərin, minarələrin, binaların divarlarındakı güllə dəlikləri bu gün belə o acılı-ağrılı günləri xatırladar.Əlbətdə bir türk aydını olaraq bütün bunlardan və ermənilərin buralarda törətdikləri vəhşiliklərdən xəbərimiz olub. Bu qədim Müsəlman Türk şəhərində Ermənilər necə qırğın edə bilmişdi? Bu problemin cavabı ibrətlik bir tarix dərsidir; çünki bu qırğının gerisində, 100 il israrla tətbiq olunmuş bir plan vardı.
   
   Ruslar 1800-cü illərin başında Qafqazı işğal etdikdən sonra, bir əsr davam edən bir əhali siyasətiylə, Rusiyanın müxtəlif yerlərində, İranda yaşayan erməniləri Azərbaycana yığaraq Azərbaycanın bir çox yerinə, xüsusilə də İrəvan xanlığının torpaqlarına, Qarabağa, Bakıya yerləşdirdilər. Qədim Türk yurdunun əhali tarazlıqları dəyişdirilməyə çalışılırdı. Ruslar, ana xəttləriylə deyiləcək olsa Qafqazı idarə altında tuta bilmək; zəngin Bakı neftlərinə sahib ola bilmək; Türkiyə ilə, işğal etdiyi Qafqaz və Türkistanı bir-birindən əbədi olaraq ayırmaq üçün belə bir əhali siyasəti tətbiq etmişlər idi.
   
   Bakıda azlıq olsa da Ruslar tərəfindən administrativ mövqelərdə gücləndirilmiş bir erməni əhali yaradılmışdı. Bax,bu Ermənilər, 31 Mart 1918-ci il tarixində, Türkləri Bakıdan silib çıxartmaq üzrə qırğına başladılar. 3 gün içində şəhərdə 17 min Azərbaycan Türkünü öldürmüş, əhəmiyyətli binaları yandırmışlar idi. Eyni günlərdə, Azərbaycanın digər şəhərlərində də sistematik bir qırğın edilmiş, 60 minin üzərində Türk qətl edilmişdi. Ermənilərin etdiyi bu qırğın, 100 il davam edəcək bir iddianın həqiqətən başlanğıcı oldu. Bakının bu acı günləri, Nuru Paşa əmrindəki Türk ordusunun 15 Sentyabr 1918 tarixində Bakını qurtarmasına qədər sürdü.
   
   
   
   RAŞİT DEMİRTAŞ KİMDİR
   
   
   
   Universiteti bitirdikdən sonra, 1987-ci ildə Anadolu Universiteti, İctimai Elmlər İnstitutu, Səhnə və Görünüş Sənətləri bölümündə Aspiranturanı davam etdirdi.Dos. Dr. Kezban Gülərüz məsləhətçiliyində "Türk Kinosunda Mövzu" adlı müdafiə etdi.Daha sonra TRT-ə girərək sənədli proqramlaşdırma redaksiyasında çalışdı.2002-ci ildə 3-cü Safranbolu Qızıl Zəfəran sənədli film yarışması, Proyekt yarışmasında, münsiflər heytində oldu.2003-cü ildə "Düşüncələr içində görüşmə" adlı proyektiylə 4-cü Safranbolu Beynəlxalq sənədli film festivalı, Proyekt budağı, Birincilik Mükafatını aldı.
   
   
   
   REJİSSORLUĞUNU ETDİYİ SƏNƏDLİ FİLMLƏR:
   
   
   
   Kültür Pəncərəsi - 1989
   
   Təpədəki Yelkənli - 1992
   
   Bir Yaman Türkü Çanaqqala - 1994
   
   Hörsün Melodiyası - 1994
   
   Dolmabahçe Sarayı - 1994
   
   Ərzurum Tabloları - 1994
   
   
   
   Hasankeyf - 1998
   
   Türkiyə Yazarlar Birliyi, İlin Televiziya Sənədli Mükafatı. 1998
   
   
   
   Yaranlar Məclisində Bir Gecə
   
   Sonsuzluğa Uzanmaq- 2001
   
   Sənədli Kino Günləri. 2006
   
   Buzlar əridikcə - 2002 / 2003
   
   Hocalı qətliyamı - 2009
   
   Türkiyənin Bakı Səfirliyində göstərildi. 2009
   
   Qazi Universitetində göstərildi. 2009
   
   Anadolu Çöl Qoyunu - 2004
   
   
   
   SSENARİLƏRİ
   
   Düşüncələr İçində Görüşmə - 2003
   
   Qızıl Zəfəran Sənədli Film Festivalı, Sənədli Film Proyekt Budağı, Birincilik Mükafatı. 2003
   
    (Davam edəcək)

TƏQVİM / ARXİV