adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ONLAR VƏ MƏMLƏKƏTiMiZ

TOFİQ ABDİN
24399 | 2011-03-12 08:46
Çox hörmətli baş redaktorumuz İradə xanım Tuncayın yazı manerasında və redaktorluq fəaliyyətində maarifçilik deyilən ab-havanın üstün bir cəhət olduğu çap etdirdiyi yazılarda və qəzetin əsas istiqamətində açıq-aydın görünməkdədi. Və indiki məqamda təbii ki, maariflçilik bir az bir-təhər səslənsə də, təbliğatın bir çox sahələrində bunu təkrar-təkrar eşitməkdəyik. Yeni nəslin maarifçilik həyatı bizləri son dərəcə narahat etməkdədir. Kimsə kimsəni savadsız hesab eləmir, amma qələm sahiblərinin bir üstünlüyü var ki, onlar adətən elə insanlarla görüşürlər ki, sıradan insanların o adamlarla görüşməyə imkanı olmur və bu baxımdan mənim yeni başladığım yazı dizisində, seriyasında bir vaxtlar Türkiyədə yaşadığım illərdə görüşdüyüm insanların ÖZLƏRİ və MƏMLƏKƏTİMİZ barədə fikirləri maraq doğurmaya bilməz. Təbii ki, bu yazılara bir ara versəm də, yeni ildən həmin yazıların sırasını davam etdirmək niyyətindəyəm. Onlar Kimlərdir və bizim Məmləkətimiz haqqında nə fikirləşirlər və nə düşünürlər. Və ya nə düşünüblər? Tarix üçün çox maraqlı bir məqam olan bu Tanışlıq və Tanışlar yeni nəsil üçün daha çox maraq doğura bilər fikrindəyik. Beləliklə, indiki qəzetçiliyimizin dili ilə desək, yeni proyektimiz olan ONLAR VƏ MƏMLƏKƏTİMİZ sizlərə təqdim olunur.
   
   AMERİKAYADƏK UZANAN YOL
   
   
   
   Əski Azərbaycanlıların, mühacirlərin yeni Azərbaycan Başkonsulluğuna gəldiyində, heç şübhəsiz, tanışlıqdan sonra ara bir az isinən, adamlar mehribanlaşan kimi ilk suallardan biri də "Azərbaycanın harasındansınız?" sorğusudur.
   
   Bu sualı biz sevsək də, sevməsək də ondan qaçmaq mümkün deyil.Və bu yazıları oxuyacaq hər bir adamdan da xahişimiz odur ki, bu sual üçün bizi qınamasın və ola bilsin ki, bu kitabda bu sual tez-tez gözə dəysin.
   
   Və elə atası və anası əski Azərbaycanlı olan bu xanımla da ilk tanışlığımız bu sualla başladı.Mənə aid deyil sual bu dəfə, Başkonsulluğun əməkdaşı Allahşükür Qurbanov iş günlərinin birində telefon açdı mənə və dedi ki, bir bura gəl, mənim yanımda əsli-nəsli Salyandan olan bir xanım var, gəl onunla tanış ol.
   
   Belə başladı bizim tanışlığımız.
   
   Əslində çox təbii bir tanışlıq idi bu.Belə də olmalıydı. Başqa nə cür ola bilir ki... Bu vaxta qədər gördüyüm Azərbaycanlılar arasında elə ilk söhbətimiz də bu xanımla olur. Konsulluğa gələn o biri Azərbaycanlılarla görüş almaq imkanı olsa da, hər dəfə bu görüşü başqa vaxta saxladığımızdan, oturub kimsəylə söhbət edə bilməmişdim, elə hey telefon nömrələrini yığır, adres alır və görüşü bir başqa günə saxlayırdım.Sonra da bu zəhrimar tənbəllik və əslində tənbəllik də deyil bu, İstanbula bələd olmamağım gəlib düşürdü araya və birisi mənə deyəndə ki, biz Nişantaşında oluruq, mən düşünürdüm: vah, vah bu Nişantaşı hara olurmuş, Allah? Mən oranı necə tapacağam və yəqin oranı tapmaq üçün saatlar lazımdır. Buna da imkan yox.Ona görə ki, Konsulluqda işçilərə deyirdilər ki, getmə gözümdən, gedərəm özümdən.İnsafları olmasaydı içimizə bir mikrafon qoyardılar, halbuki, mən buranın heç rəsmi işçisi də deyildim.
   
   Nə isə... Əslində bu xanımın bu qədər mehriban və diqqətli olması məni bir az da maraqlandırdı və mən bu diqqətə başqa cür yanaşa bilməzdim.Ona görə də bizim bu tanışlığımız və qısa da söhbətimiz baş tutdu.
   
   
   
   BİR SALYAN VAR ORADA...
   
   
   
   əzizinəm sal yana
   
   dara zülfün sal yana
   
   necəsən bir ah çəkəm
   
   Kür quruya, sal yana...
   
   
   
   Danışığında bir az Cənubi Azərbaycan ləhcəsi, şivəsi diqqəti həmən çəkir. Və elə buna görə də ilk sualım da bununla bağlı olur:
   
   -Cənubi Azərbaycandansınız, yoxsa Şimali Azərbaycandan?
   
   Şübhəsiz mənim bu sualım əsassız deyildi.Məncə o zamanlar Cənubi Azərbaycandan bir yerlərə getmək o qədər də problem olmamışdır.Bu baxımdan Şimali Azərbaycandan, yəni bizim Azərbaycandan olan adamlarla görüşüb söhbət etmək daha çox cəzbedicidir, düşünürdüm...
   
   Solmaz xanımın Ata tərəfi Salyandan olmuşdur. Anladacaq necə olub ki, gəlib buralara düşüb. Və anladır da...
   
   İki il qabaq Azərbaycandan Amerikaya gedən bir qrup Azərbaycanlı ilə Amerikadakı Azərbaycanlıların dərnəyində tanışlıq başlayıb və özünün dediyinə görə onu da, çıxışını da lentə alıblar və günaha bata bilmərəm ki, Bakıda televiziyada göstərilib ya göstərilməyib. Özünün də heç bir məlumatı yoxdur.Amma iki il qabaq olduğunu söyləyir.
   
   Solmaz xanım Kallacı indi Amerikada yaşayır.Dizayn rəssamıdır.Və ilk tanışlığında söylədiyi kimi, atası tərəfindən Salyanlı olur, bunu xatırlayır.
   
   Daha sonra Solmaz xanım bunları söyləyir:
   
   "Ata familyam Əliyevdir.Atamgil yeddi qardaş olmuşlar.Ən kiçiyi mənim atam olmuşdur.Anam Gəncəlidir.Adı Ülkər idi.İndi onlardan heç biri yaşamır.Ancaq ana tərəfdən Gəncədə çox qohumlarım var. Tofiq Bağırov vardı.Yüksək vəzifədə işləyən birisiydi. Gəncənin Birinci Katibi işləmişdi. O mənim dost-doğma dayımdır. Daha dəqiq desəm anamın dayısı düşür.Biz də dayı deyirik.Gəncədə mənim qohumlarım çoxdur".
   
   Mənim "atanız hansı illərdə mühacir olunmuş və ya getmiş vətəndən" sualıma Solmaz xanım bir az çətinliklə cavab verir və deyir ki,
   
   "...çox çox illər qabaq olub bu. Yəni ola bilər, lap yetmiş il qabaq. Atam orduda olmuş, oradan qaçıb gəlib. İranda yox, Qafqazda olub əskərilikdə. Bolşevik zamanında qaçıb. Çox acınacaqlı bir həyat keçirib. O, əsgərlərlə keçib İrana və yenidən qayıdıb Türkiyəyə. Türkiyədə mənim anamla evlənib. Bir qardaşım da var".
   
   
   
   ELƏ HƏR ZAMAN DEYƏRDİ...
   
   
   
   Bir şey soruşum: atanız nə zaman sizə dedi ki, Salyandan gəlmişdir.Əslim Salyanlırdır.Bunu xatırlayırsınızmı?
   
   "Elə hər zaman deyərdi.Hər zaman.İki sözündən biri elə doğulduğu o şəhər haqqında idi.Atam deyərdi ki, biz yeddi bacı və qardaş olmuşuq.Mən güman enləyirəm ki, indi mənim əmilərim qalmasa da, onların uşaqları qalmış olarlar.Atamın anasının adı Zərifə imiş.Atasının adı Cəfərqulu.Atam həmişə deyərdi ki, babanız doktor idi.Amma mən onu bilmirəm ki, hansı doktorlardan olub, can doktorumu, yoxsa indiki kimi elm doktorlarındanmı?"
   
   Mən sözarası deyirəm ki, axı bu qohumları tapmaq indi bir o qədər də çətin iş deyil.
   
   Baxıram gözləri yaşarır və deyir: aman Allah, gör nə qədər qohumlarım olar o zaman. Sən bir işə bax, vay Allah, səkkiz dənə ( bax bu danışığda deyilən SƏKKİZ DƏNƏ sözü bu adamın kökünün Salyanlı olduğunu dəhşətli dərəcədə sübut eləyir) əmim uşaqları, bibim uşaqları ola bilər.
   
   "Atam tərəfin familyaları Əliyev olub.Azərbaycanda da hər üç adamdan birinin familyası Əliyevdir."
   
   
   
   "... BİR ELƏ NARAHATÇILIĞIM YOX, YALNIZ..."
   
   
   
   Solmaz xanımın bunda heç bir qayğısı-mayğısı yox.Yəni bu sözləri deyəndə həmən də əlavə eləyir: elə başa düşməyin ki, dərdsiz-sərsiz birisiyəm.Yox.Sadəcə güzaran sarından heç bir çətinliyim yox.Bircə qayğım var ki, bax bu qohumlarımı tapa bilim, onlarla oturub dərdləşim, ağlayım, gülüm, danışım. Amma deyir: Salyanda nə qədər Əliyevlər var.Bunun üçün nə qədər vaxt gərəkdir.Bu işin çətinliyi də budur.
   
   Solmaz xanımın vur tut bir oğlu var. Adını da dedi: Qaya.
   
   Oğlu iqtisadçıdır.Amerikada bir şirkətdə çalışır.
   
   Sonra Azərbaycandan tanıdıqlarını bir-bir söyləyir. Əlbətdə, mən artıq onun bu adamları necə tanıdığını və kimlər olduğunu da soruşmuram.
   
   O məndən soruşur:
   
   "Bir yaxşı rəssam var. Araz adında. Amerikada yaşayır. Tanışlığınız varmı?"
   
   Sonra yenə də Amerikadakı Azərbaycan Dərnəyindən söz açır. Bunu da söyləyir ki, bu Dərnəyin üzvlərinin çoxu Cənubi Azərbaycandandır. Onları o saat tanımaq olur. Ona görə ki, hər üç-dörd sözlərindən biri farsca olur, -deyir, Solmaz xanım.
   
   Söhbətimizin sonunda canımı dişimə tutub necənci ildə doğulduğunu soruşuram.Gülür və:
   
   "1939-cu ildə doğulmuşam, İstanbulda"-deyir.

TƏQVİM / ARXİV