adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

ONLAR VƏ MƏMLƏKƏTiMiZ

TOFİQ ABDİN
23966 | 2011-02-26 04:14
Çox hörmətli baş redaktorumuz İradə xanım Tuncayın yazı manerasında və redaktorluq fəaliyyətində maarifçilik deyilən ab-havanın üstün bir cəhət olduğu çap etdirdiyi yazılarda və qəzetin əsas istiqamətində açıq-aydın görünməkdədi. Və indiki məqamda təbii ki, maariflçilik bir az bir-təhər səslənsə də, təbliğatın bir çox sahələrində bunu təkrar-təkrar eşitməkdəyik. Yeni nəslin maarifçilik həyatı bizləri son dərəcə narahat etməkdədir. Kimsə kimsəni savadsız hesab eləmir, amma qələm sahiblərinin bir üstünlüyü var ki, onlar adətən elə insanlarla görüşürlər ki, sıradan insanların o adamlarla görüşməyə imkanı olmur və bu baxımdan mənim yeni başladığım yazı dizisində, seriyasında bir vaxtlar Türkiyədə yaşadığım illərdə görüşdüyüm insanların ÖZLƏRİ və MƏMLƏKƏTİMİZ barədə fikirləri maraq doğurmaya bilməz. Təbii ki, bu yazılara bir ara versəm də, yeni ildən həmin yazıların sırasını davam etdirmək niyyətindəyəm. Onlar Kimlərdir və bizim Məmləkətimiz haqqında nə fikirləşirlər və nə düşünürlər. Və ya nə düşünüblər? Tarix üçün çox maraqlı bir məqam olan bu Tanışlıq və Tanışlar yeni nəsil üçün daha çox maraq doğura bilər fikrindəyik. Beləliklə, indiki qəzetçiliyimizin dili ilə desək, yeni proyektimiz olan ONLAR VƏ MƏMLƏKƏTİMİZ sizlərə təqdim olunur.
   
   İndiki məqamda düşünərkən Səbihə Sərtəlin (təbii ki, harda Səbihə xanımın adı keçirsə, orda da həyat yoldaşı Zəkəriyyə Sərtəli anmaq mümkündü) mühacirlik həyatının ən uzun illəri Bakıda - Azərbaycanda keçmişdir. Sərtəl Qəzetçilik Vaqfının Veb sitesində bu haqda geniş məlumat var. Amma biz fürsətdən istifadə edib bəzi şeyləri xatırladaq. Sitenin yazdığına görə 1950-ci ildən yurd xaricinə gedən Səbihə Sərtəl və əri yurddan qıraqda da eyni qəzetçilik işlərini davam etdirmişlər. Belə ki, Veb saytın yazdığına və bizim indicə xatırlatdığımıza Sərtəllərin mühacirlik ömürlərinin ən uzun illəri Azerbaycanda keçdi. Nazim Hikmətin köməyi və qayğısı nəticəsində onlar Bakıda məskunlaşdı və Bakıda böyük şair Rəsul Rzanın da köməkliyi və qayğısıyla (təbii ki, bu bir ayrıca mövzudur) Səbihə Sərtəl bizim türkcədə çıxan Bakı dərgi və qəzetlərində yazılar yazdı və ədəbi fəaliyyətini davam etdirdi. Səbihə xanım xəstə olduğu üçün müalicəsini də burada alır və özünü bir az yaxşı hiss eləyən kimi kitab yazmağa başlayır. Türk ədəbiyyatı və xüsusiylə də Nazim Hikmət və Tevfik Fikrət yaradıcılığının araşdırıcısı olan Səbihə xanım onların həyat və yaradıcılığından bəhs edən məqalələr yazır və ayrıca olaraq kitab çap etdirir.
   
   Stenin yazdığına görə, Türkiyədən sonra durğun bir gölə bənzəyən Bakıda Səbihə Sərtəlin ən vacib işi kitab yazmaq olur ki, eyni zamanda əri və qızı da bu işlə məşğul olurdular.
   
   Səbihə Sərtəlin "Yeniçilik, geriçilik mübarizəsində Tevfik Fikret" kitabı Bakıda və Sofiyada çap olunur. Səbihə Sərtəl ROMAN KİMİ xatirələr kitabını isə Bakıda həyatının son günlərində yazdı. Həmin kitab İstanbulda çap olunduğu məqamlarda (1968) Səbihə Sərtəl Bakıda dünyasını dəyişdi.
   
   
   
   Səbihə Sərtəl
   
   və çətin illər
   
   
   
   Nazim Hikmət... Zəkəriyyə Sərtəl, Səbihə Sərtəl və... Yıldız Sərtəl.
   
   Bu son ad , başqa o biri ad və familyalar Azərbaycan oxucularına yaxşı tanışdır. Bu adlar uzun illər Azərbaycan mətbuatında tanınmış isimlər kimi hallanmış və oxuculardan çoxu Zəkəriyyə Sərtəlin Nazim Hikmət haqqında xatirələrini də çap olunarkən izləmişdir.
   
   Bir neçə il öncə Zəkəriyyə və Səbihə Sərtəllərin qızı olan Yıldız Sərtəlin xatirələri Türkiyənin ən tanınmış qəzetlərindən birində "Cümhuriyyət" qəzetində yayımlanmağa başladı. On günə yaxın bir vaxtda hər gün çap olunan qəzetdə bu xatirələr oxucuların diqqətini özünə çəkmişdi.
   
   Xatirə yazısının bir fəsli də Azərbaycanla, Səbihə xanım Sərtəlin Bakıda keçirdiyi günlərlə bağlıdır. Bu günlər Səbihə xanımın son günləri olduğu üçün bir qədər kədərli və qəmgin notlar üstündə köklənmişdir. Həmin xatirənin bizim oxucular üçün də maraqlı olacağını nəzərə alıb, onu bütünlüklə çevirib təqdim edirəm.
   
   ***
   
   Səbihə Sərtəl ölümündən bir gün qabaq Bakı xəstəxanalarından birində beləcə sayıqlayırdı:
   
    "Mən nəsə yazacaq halında deyiləm. Abdi İpəkçini çağırın. Yazını o başlasın. Mən nəsə yazacaq halda deyiləm....
   
   Səbihə Sərtəl ömrünün son günlərini Bakı şəhərində keçirdi. Avropadan gələn bir adam üçün bura o zamanlar dünyadakı hadisələrdən qıraqda qalan, öz dərdləriylə yaşayan bir şəhər idi. Qadının cəmiyyətdəki yeriylə, həyatıyla düşüncə tərziylə Türkiyədən fərqli bir yer idi Azərbaycan. Bir az qızğın və atəşli Səbihə Sərtəl üçün buralar durğun bir gölü xatırladırdı. O Bakıya gələndə biz elə bilirdik ki, artıq Nazim yoxdur. Nazim bizi Azərbaycan Yazarlar Birliyinə tapşırmışdı, əmanət etmişdi. Azəri Yazarları arasında Səbihə Sərtəl "Tofiq Fikrət" kitabının yazarı kimi tanınırdı və ona böyük hörmət vardı. Ancaq demokrasi yolunda böyük xidmətlər verən bir insan kimi onun buralarda tayı bərabəri yox idi. Azərilər həm Türkləri çox sevirdilər, həm də yaşadığımız evlərə gəlməyə qorxurdular. Stalin zamanında minlərlə Azəri Türkiyəyə sevgi duyduğu üçün sürgünə göndərilmişdi. Lakin Xruşşov dövründə bu hadisələr bir qədər yumuşalsa da, yenə qorxu hissi Azərilər arasında yaşamaqdaydı. Azəri dostlarımız:
   
   "Diqqət edin, divarlarımızda mikrafon var" deyirdilər və bizim yanımıza az-az gəlirdilər. Qapıları həmişə açıq olan və həmişə qonaq qarşılamağa hazır olan anam üçün bu, bir əzab idi. Tənha yaşamağın qədəri kimi ağır idi.
   
   Səbihə Sərtəl Azərbaycan mətbuatında çap olunmağın yollarını tapmışdı. Bu yazılar Türk ədəbiyatı Tofiq Fikrət, Nazim Hikmət haqqında olurdu. Ancaq nə yazıq ki, nə bu yazılar, nə də Bakı həyat tərzi onun ürəyindən idi, onu razı salırdı.
   
   Türk xalqının sosial vəziyyətini təhlil edən və demokratik yöndə fikirlər söyləyən bir yazar kimi özünü hiss eləmirdi. Bunu çox gözəl anlayırdı. O zaman Azərbaycan yazarlarının əsas məqsədi və mübarizəsi Azərbaycan dilini və mədəniyyətini ruslaşmaqdan qurtarmaq, rus müstəmləkəçiliyinə qarşı bir çarpışma idi. Pis mənada türkçülük, türk şovinizmi heç bir zaman Səbihə xanımın məqsədi olmamışdı və bu barədə heç bir zaman əndişə də keçirmədi. Ruslara qarşı həddən ziyada kin, Türkiyəyə qarşı həddən artık sevgi eyni dərəcədə onu qorxudurdu. Yalnızlıq, tənhalıq onu sıxdıqca, Səbihə Sərtəl də özünü yazılara həsr edirdi. İlk öncə Tofiq Fikrət haqqındakı yazılarını yenidən işlədi. Bu kitabı demək olar ki, tam yeniləşdirdi və "İRƏLİLƏMƏK VƏ GERİLƏMƏK ANLAMINDA TOFİQ FİKRƏT" başlığı altında Azərbaycanda və Bolqarıstanda çap etdirdi.
   
   Sonra xatirələrini yazmağa başladı. "Rəsmli Ay" və "Tan" qəzetlərində çap olunan yazılarını Sofiyada əldə etdi. Bir az siyasi baxımdan gecikən, bir az da ədəbi baxımdan zəif olan "ROMAN KİMİ" adlı kitabını, son kitabını yeniləşdirdi.
   
    Bundan sonra "İnternasionalizm" adlı kitab yazmaq fikirindəydi. Bu beynəlmiləlçilik kəlməsinin anlamı ətrafında öz dünya görüşünü anlatmağa çalışırdı. Nə yazıq ki, ömür vəfa etmədi. Yaşamaq gündən-günə çətinləşirdi. Ət, süd, lap bəzən çörək kimi şeylərin tapılmasında çətinlik çəkməkdəydi. Yetmiş yaşına çatmış Səbihə Sərtəl üçün bu çətinliklər çox böyük önəm daşımaqdaydı. Amma onu əsil üzən şey Sovet adamlarının və Sovet insanlarının sıxıntılar içində yaşamaqları idi. Bütün bunlara Stalin dönəminin də əziyyətləri əlavə olunduqca işi daha da çətinləşdirir və dözülməz hala gəlirdi. Stalin zamanında sürgünlərə göndərilən yazarlar, türk kommunistləri bir-bir qarşımıza çıxırdılar.
   
   Və onlar bizə daha qorxunc şeylər danışırdılar. Bir zaman bütün bunların keçmiş olduğuna və işlərin düzələcəyinə inanırdılar. Və Səbihə Sərtəl də bu adamlardan biriydi. Ancaq bu qorxunc hekayələr o qədər çox, ortadakı qorxu havası o qədər yaxın idi ki, bir gün anam dedi:
   
   - Bu "Roman kimi" kitabını bitirəndən sonra siqarət çəkməyi atacağam....
   
   Bütün əziyyətləri, acıları, ağrıları çəkdiyi siqaretin tüstüsündə məhv olub getmirdi. Doktorlar qəti surətdə qadağan etdiyi halda özünü ələ ala bilmir və gizli-gizli siqaret çəkirdi.
   
   Lap sonunda yatağa düşdü. Bədəni sıradan çıxırdı. Həkimlər deyirdilər:
   
   "Artıq gecdir".
   
   Onun bu açıq ölümünü mən başqa xatirələrimdə anlatmışam. Bu qısa yazımda Bakı günlərinin ancaq bu qədərini anlada bildim.
   
   İkinci dünya müharibəsi günlərində Rusiyanın ya bilərəkdən, ya da bilməyərəkdən dostu olan Səbihə Sərtəl Moskva xəstəxanalarında yer ala bilməmişdi. Ona yer verməmişdilər. Doktorlar mənim gözümün içinə qırmızı-qırmızı deyirdilər ki:
   
    "Sən anana evdə baxmaq istəmirsən".
   
   Bunu Moskvada deyirdilər.
   
   Biz o günlər Azərbaycanlıların yaxınlığına, dostluğuna sığınmışdıq.
   
   Anam ölümündən bir gün öncə Bakı xəstəxanalarından birində yatarkən belə sayıqlayırdı:
   
   "MƏN YAZI YAZACAQ HALDA DEYİLƏM. ABDİ İPƏKÇİNİ ÇAĞIRIN, YAZINI O BİTİRSİN. MƏN YAZI YAZACAQ HALDA DEYİLƏM... "
   
   Anam bunları dedikdə fikrən İstanbulda, mətbədəydi. Necə deyim axı, o heç bir zaman da oradan ayrılmamışdı...

TƏQVİM / ARXİV