adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

ONLAR VƏ MƏMLƏKƏTiMiZ

TOFİQ ABDİN
21402 | 2011-02-19 07:25
Çox hörmətli baş redaktorumuz İradə xanım Tuncayın yazı manerasında və redaktorluq fəaliyyətində maarifçilik deyilən ab-havanın üstün bir cəhət olduğu çap etdirdiyi yazılarda və qəzetin əsas istiqamətində açıq-aydın görünməkdədi. Və indiki məqamda təbii ki, maariflçilik bir az bir-təhər səslənsə də, təbliğatın bir çox sahələrində bunu təkrar-təkrar eşitməkdəyik. Yeni nəslin maarifçilik həyatı bizləri son dərəcə narahat etməkdədir. Kimsə kimsəni savadsız hesab eləmir, amma qələm sahiblərinin bir üstünlüyü var ki, onlar adətən elə insanlarla görüşürlər ki, sıradan insanların o adamlarla görüşməyə imkanı olmur və bu baxımdan mənim yeni başladığım yazı dizisində, seriyasında bir vaxtlar Türkiyədə yaşadığım illərdə görüşdüyüm insanların ÖZLƏRİ və MƏMLƏKƏTİMİZ barədə fikirləri maraq doğurmaya bilməz. Təbii ki, bu yazılara bir ara versəm də, yeni ildən həmin yazıların sırasını davam etdirmək niyyətindəyəm. Onlar Kimlərdir və bizim Məmləkətimiz haqqında nə fikirləşirlər və nə düşünürlər. Və ya nə düşünüblər? Tarix üçün çox maraqlı bir məqam olan bu Tanışlıq və Tanışlar yeni nəsil üçün daha çox maraq doğura bilər fikrindəyik. Beləliklə, indiki qəzetçiliyimizin dili ilə desək, yeni proyektimiz olan ONLAR VƏ MƏMLƏKƏTİMİZ sizlərə təqdim olunur.
   
   İlk görüş...
   
   
   
   ...Ucaboylu, qapqara saçları və kişiliyilə diqqəti çəkən birisi, əlində də çətir (baxmayaraq ki, İstanbulda heç yağışlı hava da deyil, amma hər an yağa bilər deyə, insanlar pasport kimi yanlarında çətir daşıyırlar, şəmsiyə deyirlər İstanbulda çətirə, bizim zontik dediyimiz şeyə), qara kostyum geymiş birisi " mənə Tofiq bəy lazımdı" - dedi elə mənim özümə.
   
   Üz-üzə dayanırıq. Mənim susduğumu görüb, özü tanışlıq verir: "mən Mehmet Ali Karabağam"-deyir.
   
   Biz telefonla görüşüb danışmışdıq.
   
   ... görüşümüz, bugünkü görüşümüz çox qısa olur. Mehmet Ali bəy izah edir: Babam (atam) üç-dörd günlüyə İstanbulda deyil. Xahiş edirəm, izn verin, o gəlsin, sonra birlikdə söhbət eləyək. Məni qınamayın, mən bizim oraları, Azərbaycanı heç tanımıram, heç getmədim oralara. Türkiyədə doğulmuşam. Atamın danışdıqlarından ağlımda, yadımda qalanlar var. Ancaq atam gözəl xatırlayır oraları.
   
   Beş-on dəqiqəliyə görüşürük, Mehmet Ali bəylə. Ayaq üstü... Düşünürəm: belə də olmalıdı. İş-güc adamlarıdılar. Vaxtı azdır. İzn aldı və getdi...
   
   
   
   İkinci görüş
   
   
   
   ...sonra... sonra yenə gəldi.Təəccüblü idi.Bu dəfə Mehmet Ali bəylə gələn adam mənim kimi ortaboylu, hələ məndən də alçaqboylu, bir az ağır eşidən, yaşına uyğun olmayan (sonradan biləcəyəm ki, yaşı yetmişi keçmiş) bir geyimdə - svitirdə, kostyumda olan adamı... çox sakit görünən bu adamı:
   
   - Mənim atamdı, - deyə Mehmet Ali bəy tanıdır.
   
   Demək olar ki, sısqa, arıq, cansız, dediyim kimi ağır eşidən bir kişi... İlk baxışda da və sonrakı söhbətlərimizdə də sakit davranışlı bu adamın, yaşına uymayan bir adı da var.Çox gənc bir ad: Rəşad. Əslində Rəşad adında bu yaşda mən bir kimsəni tanımıram, necə ki, Anar adında yaşlı bir insan da yoxdur. Ona görə də Rəşad adının da məndə yaratdığı assosiasiya, anım bələ düşünməyə vadar edir məni.
   
   Baş konsulun otağında söhbətə başladıq. Söhbətin ən çətin tərəfi bu idi ki, Rəşad bəy deyəsən söhbətcil adam deyildi. Elə oğlu da onun kimi. Amma söhbətimiz alınırdı, nə qədər olmasa da və bu söhbətdə körpünü salan Abbas Abdulla idi...
   
   Abbas bəyin Türkiyədə olan qohumlarını tanıdı Rəşad kişi. Şirin və aradabir göz yaşları gətirən bir söhbət alınırdı. Bu söhbət heç o biri söhbətlərə bənzəmədi.Heç bənzəmədi. Çox duyğulu və çox çətin anlar yaşandı bütün söhbət boyu. Çox ağır anlar oldu.Yəni, elə bil ki, tarixi təkrarlıq bütün yükünü üstümüzə tökmüşdü və düşünürdüm ki, nə vaxtsa o zamanlar da burada bir Konsulluq olmuş və heç şübhəsiz belə bir tanışlıq da o zamanlar da olmuş və çox-çox illər sonra bəlkə yenə də bu tarix beləcə təkrar olunacaq. Necə ki, təkrar olunurdu.
   
   Mehmet Ali bəy Azərbaycanın xəritəsini divarda görüb onun qarşısına gəlir.Qarabağı göstəririk.Və söhbət edirik.
   
   
   
   Altı yaşlı mühacir...
   
   
   
   "Türkiyəyə mühacir olunanda mən altı yaşında olmuşam."
   
   Bunu 73 yaşlı Rəşad kişi, Mehmet Ali bəy Qarabağlının atası Rəşad kişi deyir.
   
   Təbii ki, Mehmet Ali yoxmuş o zaman.
   
   "İrəvandan gəlmişik. Atam, anam İrəvanda yaşamışlar. Sonra Qarabağa köçmüşlər.Mən o zaman lap uşaq olmuşam.Belə bir şeyi xatırlayıram:Türkiyədə soy ismi məsələsinə, bu familya məsələsinə qarışdılar. (bunu mənim sualımın cavabı olaraq Rəşad kişi anladır). Atam o zaman bir az çəkinirdi.Və mən atama dedim ki, ata biz bir soy ismi almalıyıq.Bizim əsas familyamız Rəhimovdur.Atam dedi ki, sən bir əminə yaz, gör nə deyir.Mən də əmimə yazdım. Əmim dedi ki, bizim ulu babalarımız Orta Asiyada yaşamışlar.Orada bir Kolan kəndi var.
   
   (Qarabağda da bir Kolanlı kəndi var, bunu biz xatırladırıq, və mənə elə gəlir ki, Rəşad kişi Orta Asiya məsələsində bir az yanlışlıq eləyir)
   
   ...Amma biz Qarabağ doğumluyuq hamımız.Bilmirəm, bəlkə ya buradan ora getmişik, ya oradan bura gəlmişik, sərhəd yox, qadağa yox. Nə isə...O Kolan kəndi də bir zəlzələ nəticəsində dağılmışdı. Və o zəlzələdən qurtulanlar (danışıqlarda çox zaman ləhcə saxlanılır) Qarabağa, İrəvana, Qafqasiyaya dağılmışlar. Əmim dedi ki, istərsiz Kolanlı soyadını alın.Vallah, mən indi də bu sözü tələffüz edə bilmirəm - deyir Rəşad bəy. Amma sonra dedi ki, bir halda ki, kök olaraq Qarabağdanıq, yəni Orta Asiyaya da Qarabağdan getmiş oluruq, o zaman Qarabağlı soyadını alın.
   
   Sonra məlum oldu ki, Qarabağlı soyadı olan bir başqa nəsil də var. Buna görə də biz sadəcə Qarabağ sözünü soyad olaraq seçdik.
   
   Amma əmimin uşaqları Kolan olaraq familya aldılar.Bu əmimin uşaqlarından böyük və məsul vəzifələrdə çalışanlar çoxdular. Hətda birisi Türkiyə Cümhuriyyətində dövləti vəzifədə belə çalışmış və Nazir vəzifəsinə qədər yüksəlmişdir.Əmimin o oğlu Necati Kolan Paşa deyə çağırılırdı.
   
   Biz Qarabağdan gələndə əvvəlcə Qarsa getdik.1955-ci ildə Qarsdan köçdük. Qarsda bir Sərdar oğlu Mehemmed vardı.O Kəpənəkçi kəndindəndi.Mənim atamın ən yaxın dostlarından biriydi.Və onu da deyim ki, çox da iyi (yaxşı) adam idi.
   
   (Əslində bütün bunları bircə-bircə Abbas Abdulla Rəşad kişiyə xatırladır, yani Abbasın da bildiyi və onun da bildiyi adamları Abbas xatırlatmaqla Rəşad kişi də həmən yaddaşını qurcalayır və Abbas təsvir elədikdən sonra Rəşad kişi də gözləri yol çəkə-çəkə danışır.)
   
   "Xatırlayıram, -deyir Rəşad kişi, - böyük bir evimiz vardı.Ortada əmimgilin evi idi. O birisi əmimgil bir az bizdən aralı olurdular..."
   
   Söhbətin elə bu yerində Rəşad kişinin oğlu Mehmet bəy bir xatirə danışır. Yəni atasının sözünə qüvvət olaraq danışır.Deyir ki, biz bir müddət Tekirdağda da yaşadıq.O zaman bizə, yəni Azərbaycandan gələn Azərilərə bir az yabançı kimi baxırdılar. Deyirdilər: bunlar Osmanlı deyillər. Bizimkilər də deyirdilər: eləsə biz də Osmanlıdan qız almırıq.
   
   Bu arada Rəşad bəy oğlunun sözünü kəsir:
   
   -O pertol sahibi vardı Zeynalabidin Tağıyev, Moskovaya gedəndə, gələndə onunla görüşmüş atam.
   
   Bunu Rəşad bəy deyir.Rəşad bəyin atası, Mehmet Ali bəyin babası görüşərmiş Zeynalabidin Tağıyevlə.
   
   "Yadımdadı, Qarsda oxumağa gedirdik (!) məktəbdə bizim familyamız Rəhimov yazılmışdı, uşağlar bizə tez-tez sataşırdılar, alay eləyirdilər, familyamızın sonundakı "ov" sözünü OF olaraq deyib bizi lağa qoyurdular.
   
   Anam 96 yaşına qədər yaşadı. (Bunu Rəşad bəy deyir) Və uzun bir xatirənin son cümləsi olaraq anladır bunu...
   
   Gürcüstan xatırlanır....
   
   Tiflis xatırlanır...
   
   Kür çayı xatırlanır....
   
   Və elə buradaca üzrxahlıq eləyirlər. Vaxtınızı aldıq deyirlər.Amma çox məmnun olduqlarını da bildirirlər.
   
   Sonra Rəşad bəy yenə də nəyisə xatırlamış kimi durub-durub:
   
   -Abbas bəy, -deyir, -mənim bir qardaşım var. Amerikada doktordu. Getmşidim ora.Mənə dedi ki, Bakıya getdinmi? Yox, - dedim.Dedi: mən getmişdim, elə hey səni soruşurdular qohumlar.
   
   Susur və açıq-aydın gözləri yaşarır.
   
   "Amma qocaldım.Çox qocaldım"-deyir Rəşad kişi.Bütün əqrabalarım indi Bakıda yaşayır.
   
   Və birdən Rəşad bəy soruşur: neçə il olar biz gəlmişik Türkiyəyə?
   
   Və məni heyrətləndirən bu sorğunun sanki bizə verilməsidir.
   
   Köməkləşib hesablayırıq."75 ilə yaxındır"- deyirik.
   
   Rəşad bəy deyir: hələ də evimizdə Qarabağ ləhcəsylə danışırıq.
   
   Və elə söhbətin bu yerində Mehmet Ali bəy, Rəşad bəyin oğlu bayaq yarımçıq qalan xatirəni davam etdirir:
   
   - Bir gün rəhmətlik anam bizə cücə-plov hazırlamışdı. Xalis Azərbaycan plovu. Qarabağ plovu. Aşağıdan bir qonşumuz gəldi.Soruşdu ki, ay xanım, bu nə yeməkdir bişirirsən? Anam dedi ki, cücə-plovdu. Azərbaycan xörəyidir.
   
   Qonşu bir az duruxdu.Osmanlıda cücə sısqa, arıq, cılız adamlara deyilir.Elə Türkiyədə indi də belədir.
   
   Bir gün də bizim bir albay (əskəri rütbədir) dostumuz vardı, o arvadıyla gəlmişdi bizə.Söhbət yenə də bu yeməkdən düşdü. Anamdan soruşdular: nə bişirmisən? Anam yenə də cücə-plov, - dedi.
   
   Gördük ki, qonaqlar biri-birinin üzünə baxırlar.
   
   "Allah, allah, - dedilər, - necə yəni cücə-plov?"
   
   O ki, var güldük...
   
   
   
   aprel 1994

TƏQVİM / ARXİV