adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

ONLAR VƏ MƏMLƏKƏTiMiZ

TOFİQ ABDİN
26607 | 2011-02-12 05:13
Çox hörmətli baş redaktorumuz İradə xanım Tuncayın yazı manerasında və redaktorluq fəaliyyətində maarifçilik deyilən ab-havanın üstün bir cəhət olduğu çap etdirdiyi yazılarda və qəzetin əsas istiqamətində açıq-aydın görünməkdədi. Və indiki məqamda təbii ki, maariflçilik bir az bir-təhər səslənsə də, təbliğatın bir çox sahələrində bunu təkrar-təkrar eşitməkdəyik. Yeni nəslin maarifçilik həyatı bizləri son dərəcə narahat etməkdədir. Kimsə kimsəni savadsız hesab eləmir, amma qələm sahiblərinin bir üstünlüyü var ki, onlar adətən elə insanlarla görüşürlər ki, sıradan insanların o adamlarla görüşməyə imkanı olmur və bu baxımdan mənim yeni başladığım yazı dizisində, seriyasında bir vaxtlar Türkiyədə yaşadığım illərdə görüşdüyüm insanların ÖZLƏRİ və MƏMLƏKƏTİMİZ barədə fikirləri maraq doğurmaya bilməz. Təbii ki, bu yazılara bir ara versəm də, yeni ildən həmin yazıların sırasını davam etdirmək niyyətindəyəm. Onlar Kimlərdir və bizim Məmləkətimiz haqqında nə fikirləşirlər və nə düşünürlər. Və ya nə düşünüblər? Tarix üçün çox maraqlı bir məqam olan bu Tanışlıq və Tanışlar yeni nəsil üçün daha çox maraq doğura bilər fikrindəyik. Beləliklə, indiki qəzetçiliyimizin dili ilə desək, yeni proyektimiz olan ONLAR VƏ MƏMLƏKƏTİMİZ sizlərə təqdim olunur.
   
   
   
   
   
   İki xəbər
   
   
   
   birinci xəbər:
   
   
   
   Uzun müddətdir ki, Amerikanın Nyu-Cersi Ştatında yaşayan və erməni əsilli olan konqresmen Karapet Haytayan canfəşanlıq edərək, erməni soyqırımı mövzusunu Amerikanın orta və ali məktəblərində istifadə olunan dərs kitablarına salmaq üçün çalışmadadır. Konqresmenlərin çiddi etirazlarına baxmayaraq, təkrar-təkrar bu məsələni ortaya atan Haytayan artıq başqa millət vəkillərini də bezdirmişdir. Amerikadakı türk lobbisinin böyük bacarığı sayəsində elmi və tarixi bilgilərə əsaslanaraq sübut olundu ki, bu boş bir xəyaldır. Nyu-Cersi Ştatının yeni qanun maddələri qəbul olunarkən bu məsələ də müzakirə olunaraq, heç bir dəyər qazanmadı və müzakirələrdən də çıxarılıb, bir tərəfə atıldı. Sadəcə olaraq, bu yeni qanun maddəsində faşistlərin musəvi (yəhudi) əsilli millətin soyqırımına diqqət yetirildi və bu müddəa qəbul olundu. Sonradan da bunun kitablara salınması üçün senatda və konqresdə müzakirə ediləcəyi bildirildi. Bu hadisə türk lobbisinin qələbəsi kimi böyük dəyərlər kəsb etməkdədir.
   
   
   
   ikinci xəbər:
   
   
   
   Bir müddət əvvəl Ermənistanda rəsmi səfərdə olmuş Iğdır valisi Şəmsəddin Uzun Türkiyəyə döndükdən sonra Valiliyin toplantısında belə bir məsələ qaldırmışdır ki, Iğdırda "Aralıq yolu" deyilən yerdə Ermənilərin türklərə qarşı zülüm və işgəncələrini xatırladan bir abidə ucaldılsın. Jurnalistlərlə görüşdə Iğdır valisi demişdir ki, "Ermənistan sözdə dostluq etsə də, mənim orada gördüklərim insanın içini oyan görüntülərdir. Guya "türk zülmünü" ifadə edən abidələrin bütün Ermənistan boyunca yayılması insanı heyrətə gətirməyə bilməz. Ermənilər öz nifrətlərini imkan olduqca göstərməyə can atmış və türk xalqını öz gənclərinə bir dəhşət kimi tanıtmışlar".
   
   Şəmsəddin Uzun daha sonra demişdir:
   
   "Keçmiş tariximizdə ermənilər Türklərə çox böyük əziyyətlər, insanlığdan qırağa işgəncələr vermişlər. Xüsusilə Anadoluda Ermənilər 1.5 milyon insanımızı öldürmüşlər. Qətl etmişlər. Doğramışlar. Min cür əzablar vermişlər. Buna bütün dünya şahiddir. Amma bütün bunların əksi olaraq, ermənilər indi də həqiqətlə heç bir əlaqəsi olmayan "türklərdən çəkdiklərini" göstərən abidələr ucaldıblar. Bunun haqqında uşaqlarına məlumat verirlər. Türk düşmənçiliyini anlatmaqla ürəkləri soyumayan ermənilər Yerevan da daxil olmaqla, başqa beş böyük şəhərdə türk düşmənçiliyini ifadə edən abidələr ucaltmışlar.
   
   Valinin fikrincə, Iğdırda 80 min türkün ölümünə səbəb olan ermənilər bu dəhşətli qətliamı, soyqrımını gizlətsələr də, biz bunu unuda bilmərik. Və bu səbəbdən Iğdırda həmin qətliamı əks etdirəcək bir abidəyə böyük ehtiyac var.
   
   
   
   MEHMET ALİ KARABAĞ
   
   
   
   ... babam (yəni atam - T.A ) əslən Qarabağlıdır. Mənim bir əmim olub, atamın qardaşı, böyük qardaşı, Yerevanlıdı, Qarabağa gəlmişlər, ordan da Qarsa köçmüşlər... və ondan sonrakı nəslimiz yanılmıramsa, Qarsda doğulmuşuq, mən də Qarsda böyümüşəm... sonra Qarsdan buraya gəldik. Bir əmim Ankarada professor, doktordu, nə zamandı oradadı, indi əməklidi, pensiyadadı. TÜBİTAK deyilən bir qurum var, bilirsinizmi, orada çalışırdı, böyük əmim həmin o TÜBİTAK-ın məsul katibliyini eləmiş bir adamdı. Bir neçə il bu işdə çalışıb. Bir əmim Amerikada doktordu, bir neçə gündü ki, İstanbuldadı, vallah, bilmirəm vaxtı olsa birlikdə gələrik Konsolosluğa. Atamla bərabər gələrik. Onu da gətirərəm. Yenə bir əmim də Amerikadadı, o da kimya mühəndisidi, bunlar hamısı qarabağlıdı...
   
   "... sizin əsil familyanız... Qarabağlı, bu familya deyil" - mən soruşuram atüstü.
   
   Familya... familyamız Rəhimov, atamın familyası Rəhimov... buraya gələndən sonra dəyişmişik... Rəhimovlar demişlər bizlərə... TƏSADÜFİ TANIŞLIQ...
   
   Katibəsinin mənə verdiyi tanıtma kartının üstündə beləcə də yazılıb: Mehmet Ali Karabağ... Və yenə də həmin o tanıtma kartının, vizitka deyirlər bizlərdə, bax onun üstündə oxuyuram: Karabakreklam.
   
   Katibəsinin adı Həcərdi, Həcər xanım. Bütün bu faktları mən yüzdə-yüz bir təsadüf nəticəsində əldə edə bilirəm.Və bir az jurnalist marağı var bunun içində, bir az da hələ təzəyəm bu İstanbulda...
   
   Şübhəsiz insan həyatında çox təsadüflər ola bilər. Amma heç bir əziyyət çəkmədən qarşıma çıxan bu təsadüfi bir az açıqlamaq istəyirəm.
   
   Mən bu QARABAĞ REKLAMLA necə tanış oldum?
   
   Təbii ki, İstanbul böyük bir şəhərdi və bu böyük şəhərdə reklam deyilən şey o qədər çoxdur ki, burada "çılpaq" bir bina tapmaq qeyri-mümkündür. Hətta boş bir yer olanda da "reklam üçün satılır" - deyə bir elan asırlar. Demək olar ki, nənələrimizin qurama tumanlarını xatırladan, özü də rəngarəng parçalardan tikilən qurama tumanlarını xatırladan, İstanbul binalarının divarları reklam əlindən alışıb-yanır. Və o da var ki, bu qədər reklamlar arasında çox şey itib-batır və məni də heyrətləndirən bax bu "Qarabağ reklam" sözünün diqqətimi cəlb etməsidi.
   
   Bakıdan tütyə təbərrik kimi özümlə götürdüyüm və aktyor Arif Quliyevin mənə çox uçuz satdığı və demək olar ki, zarafatla məndən pul aldığı bir SONY markalı maqnitafonum xarab oldu. Onu düzəltmək üçün bir çox ustalara və emalatxanalara müraciət etdimsə də (zarafat eləmirəm, İstanbulda mal bol olduğundan, təmir işiylə məşğul olan usta azdı, baxır və deyir: qardaşım, get bunun bir təzəsini al, bunun təmirinə para verməyə dəyməz) iş başa gəlmədi. Tanışlar dedilər ki, bunu ancaq SONY fabrikasında təmir elətdirmək mümkünmüş. İstanbulun ən böyük səmtlərindən birində - Məcidiyəköy deyilən yerdə imiş bu fabrika. Getdim və bu başıbəlalı maqnitafonun lap axırına çıxdılar. Və üstəlik də pulumu da aldılar. Təmir pulunu.
   
   Bir az təmir pulu, gəliş-gediş taksi pulu topladım, vallah düşündüm ki, bunun yenisini almaq mümkünmüş. Amma bu bir yadigar olduğundan istərdim ki, təmir elətdirim və elə indi də bax, o maqnitafonla işləyirəm bu yazını da.
   
   İndi halıma baxın, dilxor bir vəziyyətdə geriyə döndüyümdə mərkəzi yola bitişik bir küçədə, bir binanın altında bir az görünən yerdə həmən bu "Karabakreklam" yazılmış lövhə mənim diqqətimi çəkdi.
   
   Üçüncü mərtəbəyə qalxdım. Və yuxarıda yazdığım kimi adı Həcər olan (yəni, aman Allahım elə bu ad tam Azərbaycanlı adıdır) bir xanımla görüşdüm.
   
   Əlbəttə ilk sualım bu oldu: bu reklam nə vaxtdan bu adı daşıyır?
   
   Əslində, mən bu sualı elə-belə vermədim və düşünürdüm ki, əgər bu ad bu yaxınlarda alınıbsa, yəni, bu son Qarabağ hadisələrindən sonra meydana gəlibsə, heç nə. Bakıda hər tində bir Qarabağ, bir Laçın, bir Ağdam restoranı açıb ayıbımızı örtmək hissiyatını mən heç qəbul edə bilmədim əzəldən.
   
   Bax, bu səbəbdən də əyər bu reklam da yaxınların söhbəti olsaydı, çəkib gedəcəkdim.
   
   Və bu qənaətlə bu sualı vermişdim.
   
   Həcər xanım: vallah, mən bilən, bir 40 sənəyə yaxındır. Mən elə buranı belə tanımışam. Amma buranın sahibi var. O sizə daha çox məlumat verə bilər. Və o saat da əlavə elədi:
   
   "Siz Azərisinizmi?"
   
   Açığını söyləyirəm bu xanım-xatın qızın mənə "azəri" deməsi bir az xətrimə dəydi. Mən də lovğa-lovğa "yox azəri türküyüm"- dedim.
   
   Sanki mən təhqir olunmuşdum. (Ancaq sonralar daha dəhşətli şeylər olacaq, nəinki azəri deyəcəklər və hətta ən intellektual adamları da dünyanı qarışdıracaqlar, məlum olacaq ki, burada, bu İstanbulda kimsə kimsənin kitabını oxumur. Bizə nəinki azəri deyirlər və hətta o saat da deyirlər: İRANLIMISINIZ? )
   
   Yəni, bu istanbullular burunlarından uzağı görə bilməyən biriləri kimidir.
   
   İstanbulda bizim Azərbaycan az tanınır...
   
   (Davam edəcək)
   
   

TƏQVİM / ARXİV