adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

MÖCÜZƏ ADAM...

BABƏK YUSİFOĞLU
54454 | 2014-02-25 00:07
Çoxları belə hesab edir ki, Yaradan istedadı, bacarığı hamıya deyil nadir insanlara, yaxud seçilmiş şəxslərə nəsib edir. Əslində bu fikir ilk baxışdan gerçək də görünə bilir. Başqa cür necə ola bilər ki? Əlbəttə, istedadın, bacarığın yalnız Tanrı tərəfindən verildiyinə şübhə ilə yanaşmaq mümkün deyil. Amma mənə görə, Allah heç bir ayrı-seçkilik qoymadan yaratdıqlarının əşrəfi hesab olunan insan oğlunun hər birinə həmin lütfü göstərmişdir. Bu və ya digər formada...
Sadəcə olaraq əksər insanlar onlara verilən özəllikləri zamanında düzgün dəyərləndirmədikləri, özlərinin nədə, harada tapa biləcəklərini müəyyən edə bilmədikləri üçün yanlışlığa yol verirlər. Nəticədə onlara verilən özəl başarı üzə çıxmadan, zəhmət sayəsində cilalanmadan sönməyə məhkum qalır.
Əksinə, hansı səbəblə olursa-olsun insan ona bəxş edilən istedada uyğun bir çaba göstərirsə məhz o zaman bizlərin dahi və ya qeyri-adi adlandırdığımız insanlar üzə çıxırlar. Bu bəşər övladının alın təri tökə biləcəyi bütün sahələrə aiddir...
Qeyri-adi bir bənna ola biləcək birisi özündə bunu kəşf edə bilməyib şair olmaq fikrinə düşürsə və sıradan biri olaraq qalırsa (eləcə də əksinə) burada səbəbi ayrı-seçkilikdə görmək düzgün deyil. Yəni, təsəvvürümüzdə ən adi, ən sadə qəbul etdiyimiz sənətdə, peşədə, işdə... belə xariqələr yaratmaq mümkündü. Yetər ki, bəndə ona bəxş olunanı doğru təyin edə bilsin. Özü də burada söhbət heç də sırf dahilik adlandırdığımız məqamdan getmir. Və bunu elə kamillik mərtəbəsində də görmək yetərlidi. Məncə, kamillik heç də dahilikdən aşağı bir məqam deyildir.
Kim ən adi bir işlə xariqələrin yaradılmasının mümkünlüyünə inanmırsa özü bilər, amma mən buna tərəddüdsüz əminəm. Çoxlarının adını sadalamıram, məgər Antonio Stradivari fenomeni, onun yaşadığı həyat buna sübut deyilmi?.. Adi ağac hissələrinə verdiyi "həyat" möcüzənin özü deyilmi?..

AĞACI "DANIŞDIRMAQ"  İSTƏYƏN ADAM

Stradivari ağac parçasıyla danışa, dərdləşə bilirdi. Taxtaya toxunuşuyla ona təkrarsız, qeyri-adi bir "həyat" biçirdi. Təsəvvür etmək mümkündürmü?...
Bir zamanlar onun ruhunun ağac parçasıyla necə təmas etdiyi barədə belə bir səhnəni təsvir etmişdilər:
"...O bütün diqqətini cəmləyərək iki saat işlədikdən sonra birinci dərəcəli mərtəbəyə enir. Burada onun emalatxanası və laboratoriyası var. Qapı döyülür. Kandarda kök bir kişi hörmət pozasında dayanıb. Adamı görən usta tütün qutusundan çıxan şeytan kimi qalxaraq qarşısında duran verstakın üstündənki kiçik tiri qapır, inanılmaz cəldlik və yüngüllüklə qonağın qarşında bitir.
- Siz mənə nə göndərmisiz?!
Gombul geri çəkilir. O, əlindəki kiçik tiri gombulun burnuna yaxınlaşdırır:
- Əlinizlə yoxlayın. Bəli, bəli, sinyor, əlinizlə yoxlayın, - deyə təkrarlayır. Qonaq irəli əyilir. O, arıq və uzun barmaqlarıyla gombulun əlini dartaraq tirə toxundurur: - Axı, bu dəmir kimi möhkəmdir. Bu yalnız cırıldaya bilər. Siz belə ləkəli və əyilmiş ağac parçasını mənə necə göndərə bilirsiz?
Gombul susur və gözləyir:
- Çox böyük ehtimalla siz ünvanı səhv salmısız. Siz yəqin bu küknarı tabut hazırlanması üçün tabutçuya göndərmək istəmisiz. Çünki bu ağac bataqlıqda böyüyüb...
...- Hanı başqa nümunələr?!
Gombul təchizatçı heç də utanacaq kimi görünmür, o, ustanın zövqünü bildiyi üçün tirləri onun önünə sərərək yeni nümunələri göstərir:
- Baxın, bu nadir ağacdır. O, Türkiyədəndi.
- Siz onu necə əldə etmisiniz ki?
- Gəmi qəzası olub...Və mən bunu görən kimi aldım. Bazarlıq etmədən onu aldım. Çünki mən sinyor Antonionu yaxşı tanıdığım üçün ona hansı ağacların lazım olduğunu yaxşı bilirəm.
Stradivari stolun arxasına keçir, həmin ağaca çox diqqətli baxmağa başlayır. Nəzələri ilə onu ölçür, həcminə baxır, yaşını bilmək üçün qabarıqlıqlarını gözdən keçirir, tirin ən incə xətlərini müşahidə edir, lupanı götürərək ağac üzərindəki hər bir naxışı izləyir. Sonra ağacı qulağına yaxınlaşdıraraq dırnağını ağaca vurur, daha sonra isə elə dırnağıyla da bel kimi üzərini qaşıyır, yoxlayır, təkrar qulağına tutaraq kənarlarını döyəcləyib diqqətlə dinləyir. Sanki ağacın danışmasına nail olmağa çalışır..."
Bəli, bu adam - Antonio Stradivari nəinki ağac parçasının dillənməsinə, danışmasına nail olmamış, o hətta həmin ağac hissələrinə nəğmələr söylətmiş, nadir səsləri ifa edə bilməsinə nail olmuşdur. O, yalnız taxtalara verdiyi zəhmət hesabına adını dünyanın yaddaşına qızıl hərflərlə yaza bilmişdir. Amma dünyada qızılla çallaşan milyonlarla insan yaşamışdır ki, adlarını tarixə heç taxta hərflərlə də yaza bilməmişlər. Bu gün ondan qalan əl işlərindən ötrü bütöv bir sərvət verməyə hazır olan çoxlu insanlar vardır...

GƏNC BİRİSİ...

Kim idi taxta, ağac parçasına ilahi bir səs çıxara bilmə qabiliyyətini verən bu adam? Yəni, Antonio Stradivari... O, belə bir möcüzəni nə vaxt, necə göstərə bilmişdi ki?.. Ümumiyyətlə, belə bir şey həqiqət idimi?..
Gəlin bir qədər əvvəldən başlayaq...
Təxminən 500 il əvvəl İitaliyanın cənubunda qorxunc bir xəstəlik - vəba yayıldı. Həmin vaxt insanlar kütləvi şəkildə qırılır, sağ qalanlar hara gəldi qaçırdılar. Stradivarilər də bu ölüm kabusunun qurbanı olmamaq üçün yaşadıqları yeri tərk etdilər. Alessandro Stradivari və Anna Moroni çox da uzaqda olmayan Keremeno şəhərində məskunlaşdılar. Və əslən elə bu kiçicik şəhərdən olan gənc ailənin burada Antonio adlı övladları dünyaya gəldi.
İlk dövrlərdəcə zəkasıyla həmyaşlarından seçilən Antonio əslində həyatda hansı işin, hansı sənətin ardınca gedəcəyinə uzun müddət qərar verə bilməmişdi. Bioqraflar yazır ki, Antonio bir müddət rəssamlıq etmək, sonrasa musiqiçi, heykəltaraş, daha sonra skripkaçı... olmaq qərarına gəldi. Qeyd edim ki, sonuncu məsləkdə bir qədər israrlı da göründü. Hətta bununla məşğul da oldu. Lakin Antonio çox özəl bir musiqi duyumuna, yaxşı ifa qabiliyyətinə malik olsa da onda çatışmayan bir şey vardı. Antonionun barmaqları çox cəld deyildi.

MƏŞHUR USTANIN EMALATXANASINDA

Bəlkə də bir başqası elə həmin bacarığına görə skripkaçılığı həyatının məqsədi kimi görə bilərdi. Amma Stradivarinin böyüklüyü də bunda idi ki, sövq-təbii gerçəyi doğru dəyərləndirib özünü zorla bu sənətə bağlamadı. Çünki Tanrı ona başqa bir özəlliklər bəxş eləmişdi. Skripkaya olan marağı 18 yaşını haqlamış Antonionu dövrünün məşhur skripka ustası Nikola Amatinin emalatxanasına gətirib çıxardı. Bəlkə də burada bir məcburiyyətin də rolu olmuşdu. Çünki valideynlərini itirən gəncin yaşamaq üçün baçqa seçimi də yox idi. Özü də o burada şagird kimi pulsuz çalışmalıydı.
İlkin mərhələdə Antonio ustanın yanında ən qara, ən ağır işləri görməyə başladı. Ustasının hər bir tapşırığının ardınca usanmadan qaçan Antonio heç vaxt yoruldum demədi. Amma bütün bu yorucu işlərlə yanaşı imkan tapan kimi ustanın necə işlədiyini də diqqətindən qaçırmamağa çalışır, emalatxanada kimsənin olmadığı bəzi vaxtlarda nəsə düzəltməyi sınaqdan çıxarırdı. Günlərin birində Amati onun yararsız bir taxta parçasının üzərində necə gürzələr yonduğunu gördü. İnanılmaz idi. Hələ heç bir şey öyrədilməyən bir şagird belə dəqiqliklə bunu necə bacarırdı?..
Təcrübəli usta bununla da Antonionun qeyri-adi bir bacarığa malik olduğunu hiss etdi və o gündən ona özəl tapşırıqlar verməyə başladı. Stradivari də böyük həvəslə hər işin öhdəsindən gəlməyə, ustasının etmadını doğrulmağa çalışırdı. Amatidən ağacı seçməyi, bəzi hissələri biri-birinə necə bərkitməyi, alətin daxilindəki yayların hansı səviyyədə bərkidilməsini, ən əsası da skripkanın üzərinə çəkilmiş lakın səslənməyə necə təsir etdiyini mənimsəməyə girişdi. Həmin vaxtlar ona elə gəlirdi ki, düzəltdiyi musiqi alətinin çıxardığı səs ustasının hazırladığı skripkanın səsinə bənzəsə, demək o nəyisə bacarıb. Lakin Antonio onu da dərk edirdi ki, buna nail olmaq heç də asan başa gəlməyəcək. Həvəsdənsə düşmürdü...

İLK UĞUR...

Günlərsə bir-birini əvəz edirdi. Nəhayət Stradivarinin inadkarlığı və zəhməti ona istədiyini verdi. Belə ki, nəhayət gənc usta düzəltdiyi skripkanın səsinin usta Nikolanın əlindən çıxmış alətin səsinə oxşadığını hiss etdi. Və bu, Stradivarinin bir sənətkar kimi uğurunun başlanğıcıydı. Axı bunu hər adam bacarmamışdı. Məhz həmin hadisə Antonionu yenidən işini təkrarlamağa həvəsləndirdi. Uzun zəhmət, alın təri bir daha təsdiqlədi ki, Antonio Stradivari müstəqil şəkildə ustalığı layiqincə bacarır. Tezliklə isə onu musiqi alətində başqa məziyyətlər, keyfiyyətlə də düşündürməyə başladı. Heç ustasının da düşünmədiyi şeylər...

(Ardı qəzetin 4 mart sayında)

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV