adalet.az header logo
  • Bakı 17°C

ONLARIN DüNƏNi : TüRKiYƏ və TüRKiYƏLiLƏR - 7

TOFİQ ABDİN
15385 | 2010-12-25 07:34
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz DÜNƏNdən başlayıb. Dünənimizdə Kimlər və Haralar var. Bu Kimlər oralarda nələr yaşayırdılar? Görmədiyimiz o yerlər və o yerlərin insanları necəydi? Yeni nəsl üçün ibratamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN ölkələrinin yaşam tərzi, keçdiyi yol, bu gün üçün son dərəcə gərəkli və daha qabarıq görünməkdədi.
   
   Proektimizin davamı olaraq Türkiyə haqqında yazılarımıza başlayırıq. Əslində bu mənim gördüyüm Türkiyədir. Bir qədər sadəlövh, tərtəmiz düşüncəylə görünən və yazılan Türkiyə. Eynən bu rubrikada daha nələr olacaq. İzləməyə dəyər.
   
   Amma Bursa!.. Niyə doğmadı bu ad mənə? Şəxsən mənə. Mən bu yerlərdə olmamışam. Doğulmamışam bu yerlərdə. Bəs məni bu ada bağlayan nədi? Bursa... Yaşıl şəhər...
   
   Bursa... Mən soruşuram: burada o məşhur həbsxana var. O haradadı?
   
   Baxırlar üzümə. Yəqin sözü düz demədim, deyə fikirləşdim. İzah edirəm: "Nazım... Nazım Hikmət yatan ev..." "Aaaaaa Əfəndim, Cəza evi. Bax ordadır. O dağın üstündəg Siz azəri türkümüsünüz? Bəy əfəndim, iyi günlər!"
   
   
   
   İrəliləyən aydınlığın
   
   içindəyəm,
   
   Əllərim iştahlı, dünya gözəl!
   
   Gözlərim doymayır ağaclardan
   
   ağaclar elə ümidli,
   
   elə yaşıldır kig
   
   Günəşli bir yol keçir
   
   tut bağlarının arasından,
   
   Zindan xəstəxanasının
   
   pəncərəsindəyəm.
   
   Duymuram dərmanların
   
   qorxusunu,
   
   Hardansa yəqin
   
   qərənfillər açıb:
   
   Demək belə, Laz İsmayıl,
   
   Məsələ əsir düşməkdə deyil,
   
   Təslim olmamaqdı
   
   bütün məsələ!
   
   
   
   Bursa... Yaşıl şəhər... İlahi, bu yaşıllığın içində insan cəza evində yatarmı? Yatar. Cəza evi heç nəyə baxmır. Nazim Hikmətə baxmadığı kimi...
   
   Niyə, niyə mənə doğmadı bu şəhər? Burada doğulmamışam. Burada heç kəsim yoxdur. Bəs nə üçün içimdə iri bir kədər göyərir. Bu boyda yaşıllığın içində bu kədər necə göyərə bilir, ilahi?
   
   Bələdçimiz Əfşan xanımın sözləri məni fikirdən ayırdı: "Biz bu gün günorta yeməyimizi məşhur Gülhanə parkındakı kafedə yeyəcəyik".
   
   
   
   Bursa... Gülhanə parkı...
   
   Başım köpük-köpük bulud,
   
   içim,
   
   çölüm dəniz,
   
   Mən bir ceviz ağacıyam
   
   Gülhanə parkında.
   
   Budaq-budaq, qabar-qabar
   
   qocaman bir ceviz,
   
   Nə sənin bunun fərqindəsən,
   
   nə polis fərqində.
   
   
   
   Mən bir ceviz ağacıyam
   
   Gülxanə parkında,
   
   Yarpaqlarım suda balıq kimi
   
   kıvıl-kıvıl,
   
   Yarpaqlarım ipək dəsmal kimi
   
   tırıl-tırıl.
   
   Qopararaq, gülüm,
   
   gözlərinin yaşını sil!
   
   Yarpaqlarım əllərimdir,
   
   düz yüz min əlim var,
   
   Yüz min əllə toxunuram sənə,
   
   İstanbula.
   
   Yarpaqlarım gözlərimdir,
   
   baxıram heyrətlə,
   
   Yüz min gözlə seyr edirəm
   
   səni, İstanbulu.
   
   Yüz min ürək kimi
   
   çapar-çapar yarpaqlarım.
   
   Mən bir ceviz ağacıyam
   
   Gülhanə parkında
   
   Nə sən bunun fərqindəsən,
   
   nə polis fərqində.
   
   
   
   1957
   
   
   
   Bursa... Yaşıl şəhər... Nazim Hikmət... Cəza evi... Bütün bunlar çox söz-söhbət məqamı yarada bilər. Yaradır da. Mən bircə şeyi qeyd eləmək istəyirəm: bilmirəm, mənə ilk dəfə Nazim Hikmət adlı bir şairi oxumağı kim təklif eləyib, bilmirəm, bəlkə belə adam var, varsa da yadımda deyil kimdi. Əgər düşmənim olsa da düşmənçiliyi saxlaya-saxlaya ona minnətdaram. Minnətdaram ona görə ki, bu şair üstündə çox mübahisələrimiz olub. Bakının özündə. Lap elə Türkiyədə də oldu. Ancaq bir də ona görə minnətdaram ki, altmışıncı illərin sonlarında, həyatımızın o qəribə vaxtlarında biz bir dəstə tələbəni tutmuşdular. İdeologiya yolundan sapdığımız üçün. Onda Dövlət Təhlükəsizlik Komitəsində belə bir sual verdilər mənə:
   
   - Sən nə üçün öz şairlərimiz və yazıçılarımız dura-dura Nazim Hikməti oxuyursan?
   
   Mən o zaman bu suala cavab verə bilmədim. İndi də cavab verə bilmərəm. Ona görə ki, bu sualdan nadanlıq qoxusu gəlir!
   
   Mən əvvəl Nazim Hikməti tanımışam...
   
   Sonrag çox-çox sonrag Bursa adlı şəhəri...
   
   Efesdən sonra Bursaya getmək üçün gərək İzmirdən keçəsən. İzmir bizim oxuculara çox tanışdır. Şübhəsiz gözəl şəhərdi. İzmirdə də tarixi abidələr çoxdu. Bu şəhər bizim yolumuzun üstü olduğu üçün bələdçimiz bəzi şeyləri elə avtobus gedə-gedə deyir. Məlumat verir.
   
   İzmiri sevməmək mümkün deyil. Bunu verilən məlumatdan da eşidirik. Və o da fəxredicidir ki, Əfşan xanım söhbətinin bir yerində, bu şəhərdə BMT-nin binasının yerləşdiyini deyəndən və o yaraşıqlı binanı bizə göstərəndən sonra əlavə eləyir: bildiyiniz kimi, Türkiyənin İzmir şəhərini Sovet İttifaqının Azərbaycan ölkəsinin Bakı şəhəriylə birləşdirirlər və bir də əlavə eləyir ki, İzmir Neapol şəhərinə də çox oxşayır. Əlbəttə, İzmirin Bakı ilə "qardaşlaşma" faktını çox adam bilir. Allah başacan eləsin. Bu deyimlər bizi çox sevindirirdi və bir şeyi ürəkdən etiraf edim: bütün bu faktlardan qırağa mən İzmiri bir daha ona görə sevdim ki, bütün Türkiyə boyu bizim min cür əziyyətimizi çəkən və hətta xəstə adamlarımız üçün cibindən pul qoyub dərman alan, bizim üçün öz pulu ilə xırda olsa da, bəzi şeylər eləyən sürücümüz (ilahi, belə də sürücü olarmı, bu cür istiqanlı, bu cür yapışıqlı, mehriban insana, türkə bir də haçan rast gələcəyik?) Həsən İşgörən məhz İzmirdə yaşayırdı. Əsilləri Türkiyənin başqa ulusundan olsa da, Həsən özü İzmirdə doğulub. Məni qınamayın, İzmir gözəldi, körfəziylə, tarixi abidələriylə, gəzməli-görməli yerləriylə, BMT-nin binasının burada yerləşməsiylə, Bakıyla qardaşlaşmasıyla... Gözəldi İzmir. İzmir mənim üçün bir daha ona görə gözəl oldu ki, orada sürücü Həsən İşgörən doğulmuşdu.
   
   Məni qınamayın, mənim yerimdə hansı biriniz olsaydınız bəlkə də belə düşünərdiniz...
   
   Reklam ümumiyyətlə, Türkiyənin hər tərəfində var. Cürbəcürdü reklamlar. Bursaya gələn yolda bir reklam mənim diqqətimi çəkir: "Yanan hər orman sönən bir ümiddir!"
   
   Bu bizim "yanğından qorunun" şüarının əvəzidir. Reklam bütün Türkiyəyə gözəllik verir. Şəhərlər, uluslar, kəndlər hamısı reklam içindədi. Bu reklamlar küçələrdə, evlərdə, binalarda o qədər gözəl yerləşdirilib ki, haradasa sanki bəzəkli bir gəlin kimi görünür bütün bu yerlər.
   
   Bursa! Əvvəllərdə dediyim kimi bizə verilmiş məlumat vərəqəsində Bursa haqqında dəqiq bir ifadə var: Bursa (Osmanlı imperiyasının ilk paytaxtı).
   
   Bu ifadələrə mən polyak tarixçisi Poznanskanın da kitabında rast gəldim. Tarixçi öz əsərində əsas bölmələrdən birinə kitabının lap ilkin səhifələrində Bursa haqqında söhbətinə məhz belə başlıq seçmişdir: Bursa-Osmanlı dövlətinin ilk paytaxtı.
   
   Çox maraqlıdı ki, Bursaya yol doğrudan da elə bir yoldu ki, sanki tale özü Bursanın gözəlliyini, yaşıllığını bir daha nəzərə çarpdırmaq üçün məhz onun yolunu Anadolu tərəfdən belə bir yerdən salmışdır: təsəvvür edin ki, uzun müddət qupquru çöllərlə gedirsən. Əlbəttə, çöllər biz təsəvvür elədiyimiz kimi heç də qupquru deyil. Bu yerlərin də özünə görə bitkiləri var. Pomidor, yemiş, qarpız, "həsrətini çəkdiyimiz" pambıq və s. Bu yerlərin quruluğu bir də ona görə daha çox yadda qalır ki, məhz belə darıxdırıcı anlardan sonra Bursaya - yaşıl şəhərə gəlib çıxırsan. Bir az əvvəl söylədiyim reklamın özü də məhz elə yanmaq qorxusu olan o çölləri keçəndə yazılmışdı. "Yanan hər orman sönən bir ümiddir!"
   
   Bəli, məhz Bursanın yaşıllığı bu baxımdan daha çox gözəgəlimlidi. Bursa daha gözəl görünür. Bu şəhər əsl mənada böyük bir parkı xatırladır. Daha doğrusunu desək, elə bir parkı ki, bura Türkiyənin meyvəcatını təmin eləyəcək bir sahədir. Bu yerlərdə dəqiq məlumata görə dörd yüzə qədər bulaq və kiçik axarlıqlar qeydə alınmışdır.
   
   K.Poznanskanın kitabında oxuyuruq: "Bursa Nilufər çayının bərəkətli sahilində yerləşir. 240 mindən (bu məlumat 1974-cü ilə aiddir) bir qədər çox əhalisi olan Bursa öz təmizliyi və yaşıllığı, adamlarının mehribanlığı və qonaqsevərliyi ilə diqqəti çəkir. Mən Türkiyənin heç bir yerində bu qədər gülərüz, sevincək sifət görmədim".
   
   Şəhərin hansı tərəfindən baxırsan bax, mütləq (Uludağın ən uca yuksəkliyi 2500 km) görəcəksən. Buranın havası da çox yüngüldür, təmizdir. Xüsusilə Ankaranın o qatılıq havasından sonra bura düşəndə onu daha aydın hiss eləmək mümkündü. Bursa bir az fransızların Provans şəhərinin əyalətlərini və İtaliyanın bir sıra vilayətlərini xatırladır.
   
   Ancaq necə olursa-olsun Bursa əsl türk şəhəridir. Əlbəttə, Konyadan sonra.
   
   Bursa hələ osmanlıların bu yerlərə ayaq basmağından bir az əvvəllərdə olmuşdur. Bu şəhər bizim eradan əvvəl 3-cü əsrin sonunda Bitani şahı birinci Prussosun tərəfindən bina edilmişdir. Bursa Mitritadın Roma imperiyasına qarşı mübarizəsinin mərkəzi olmuş, eramızdan əvvəl yetmiş dördüncü ildə Roma imperiyasının ərazisinə daxil edilmişdir. Kiçik Plinin öz salnamələrində buranı "Prussias ad Olmpum" adlandırmışdır. Vizantiya imperiyası dövründə bu şəhər əldən-ələ keçmiş, burada farslar və ərəblər məskən salmış, səlcuqlar bu şəhərin ətrafında dolanmış, sonra xaçpərəstlərin əlinə keçmişdir... Bu yerlərdə vizantiyalılar daha çox hökmranlıq etmişlər.
   
   Onlar fasilələrlə 1326-cı ilə kimi bu yerlərin hakimi olmuş, bir müddət sonra türk sultanlarının başçısı və yaradıcısı Osman vizantiyalıların belini sındırmış və buranı ələ keçirmişdir. Həmin vaxtdan da Bursa Osmanlı dövlətinin paytaxtı elan olunmuşdur"... Bugünkü Bursa özünün müasir görümündən əlavə həm də çox nadir əvəzsiz tarixi abidələriylə məşhurdur. Bunların arasında Yaşıl məscid və Mavzoley daha çox diqqəti çəkir və bu da əbəs deyil ki, Bursaya gələn bütün turistlərin proqramında bu müqəddəs yerlərə getmək vacib hesab olunur.

TƏQVİM / ARXİV