adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

ONLARIN DüNƏNi : TüRKiYƏ və TüRKiYƏLiLƏR - 6

TOFİQ ABDİN
16190 | 2010-12-18 06:07
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz DÜNƏNdən başlayıb. Dünənimizdə Kimlər və Haralar var. Bu Kimlər oralarda nələr yaşayırdılar? Görmədiyimiz o yerlər və o yerlərin insanları necəydi? Yeni nəsl üçün ibratamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN ölkələrinin yaşam tərzi, keçdiyi yol, bu gün üçün son dərəcə gərəkli və daha qabarıq görünməkdədi.
   
   Proektimizin davamı olaraq Türkiyə haqqında yazılarımıza başlayırıq. Əslində bu mənim gördüyüm Türkiyədir. Bir qədər sadəlövh, tərtəmiz düşüncəylə görünən və yazılan Türkiyə. Eynən bu rubrikada daha nələr olacaq. İzləməyə dəyər.
   
   Bax, indi oxuyuram, gör nədi:
   
   Hər soyuqda evində müsafir edər səni,
   
   Kömür, talaşla davamlı bəslər səni.
   
   Qış mövsümü boyunca baş üstündə tutarlar,
   
   Yaz gəldimi unutub, bir quyuya atarlar.
   
   - Nədir bu, əfəndim?
   
   - Vallah, bilmədim, əfəndim.
   
   - Sobadı bu
   
   Bir pəncərədir sanki, kirli donuq aynadan
   
   Xəbər verir, göstərir hər gün bütün dünyadan.
   
   Hər saniyə ayrı rəng, ayrı şəkil, ayrı səs
   
   Bil ki, ona hayrandı, onu dinləyən hər kəs.
   
   - Nədir bu?
   
   - Televizyon.
   
   Sətirləri hörülmüş Vatan və yazı ilə,
   
   Ayrı-ayrı sözləri sırayədir iziylə
   
   Parayla alsan belə hədiyyə saymalısan,
   
   Ömrün boyunca ona arkadaş olmalısan.
   
   - Nədir bu?
   
   - Kitab.
   
   İndi sizə bir şeir də oxuyum. Mən bunu oğlum Okula (məktəbə) gedərkən yazdım:
   
   
   
   Ey gənc öyrənci,
   
   sənin üçün elm nədir?
   
   Dağlarda orman nə isə,
   
   Sənin üçün elm odur.
   
   Kipçiyə harman nə isə,
   
   sənin üçün elm odur.
   
   
   
   Torpağa toxum nə isə,
   
   Dənizlərə qum nə isə,
   
   Qaranlığa mum nə isə,
   
   Sənin üçün elm odur.
   
   
   
   Sultana ordu nə isə,
   
   Kişiyə yurdu nə isə,
   
   Həyat üçün su nə isə,
   
   Sənin üçün elm odur.
   
   
   
   Çaşıq üçün yol nə isə,
   
   Çolaq üçün qol nə isə,
   
   Arı üçün bal nə isə,
   
   Sənin üçün elm odur.
   
   
   
   Göz üstünə qaş nə isə,
   
   Dağ üstünə daş nə isə,
   
   Acıqmışa aş nə isə,
   
   Sənin üçün elm odur.
   
   
   
   Yigid üçün şan nə isə,
   
   Damar üçün qan nə isə,
   
   Bədən üçün can nə isə,
   
   Sənin üçün elm odur.
   
   
   
   Bu fikir anladı, coşdu,
   
   Qırx yıl arxasından qoşdu.
   
   Tutub sıx-sıxı yapışdı,
   
   Murad üçün elm odur.
   
   
   
   - Əfəndim, mənim sizdən bir xahişim var, adınızı, isminizi bir də təkrar eləyin, mən bunu bizim dərgilərdə çap etdirə bilsəm sizə də göndərim.
   
   - İsmim Murad Qafaroğlu. Səkə qəzasının Yeni Hisar qəsəbəsi.
   
   - Deməli, məktub yazsaq bu ünvana yaza bilərik. Çox sağ olun, əfəndim. Xoş günlər.
   
   Əlbəttə, Murad Qafaroğlunun bu şeiri və bilməcələri heç şübhəsiz istər muasir türk poeziyasının, istərsə də lap elə qədim türk yazılarının yanında, müqayisəsində seçilən sətirlər deyil. Ancaq yazı yazıdı. Və xüsusiylə də uzaq Səkə qəzasında heç kəs durub bir sənət naminə uzun-uzadı danışan deyil və mənim də bu şeir nümunələrini oxuculara çatdırmaqda heç də məqsədim o olmayıb ki, elə bu şeir parçalarının nümunələriylə razıyam. Hər halda bu istiqanlı adamın mehribanlığı qarşısında mənim bu cəhdim təbii görünməlidi. Və bir də ona görə təbii görünməlidi ki, onlar bizim demək olar ki, bu günlərimiz üçün, bu sətirləri yazdığım günlərin narahatlığı üçün yanan və düşünən adamlardı. Bizim birimizdi.
   
   Yazımın müəyyən hissəsində mən qeyd eləmişdim ki, bütün uluslardakı, şəhərlərdəki abidələr və görüşlər haqqında yazmaq qeyri-mümkündür. Təkcə onu qeyd eləyim ki, mən bütün yazılı məlumatlardan savayı dörd-beş kasetlik yazı və sorğular gətirmişdim özümlə, bütün bunlar haçansa istifadə olunacaq. Ona görə də gəzintimizin, səfərimizin bəzi detalların ixtisar etməyə məcbur oluram.
   
   Və elə bu sıradan Dənizli ilə Quşadası şəhərləri arasında olan tarixi abidələr və uluslar barədə söhbətlər də bura daxildir. Qədim Didim, Miletus, Piriyen şəhərlərindəki tarixi abidələrin qalıqları və nişanələri barədə söhbətlər də elə bu sıradandır.
   
   Dənizli və Quşadası şəhərləri arasında yerləşən neçə-neçə tarixi abidədən mən ancaq biri haqqında - Türkiyənin Anadolu hissəsindəki Miletus şəhərində yerləşən qədim bir teatrın qalıqları haqqında kiçik bir məlumat vermək istəyirəm. Bu teatrın binasının yaşı yüz illiklərlə ölçülür. Əslində tarixdə yunan teatrı adıyla tanınır, ona görə ki, buranı inşa eləyənlər də məhz yunanlar olmuşlar. Bu binamı deyək, yoxsa tikintimi deyək, çətindi buranın memarlıq quruluşunu ayırd eləmək, ona görə ki, bura açıq havadadır, üstü örtülü deyil, bir növ indiki stadionları xatırladır. Ancaq dəqiq deyək ki, bura stadion deyil, əsl teatr və tamaşa üçün nəzərdə tutulmuş bir məkandı. Ona görə ki, onun səhnəsi çıxış eləmək üçün nəzərdə tutulmuş və səhnənin arxasında bir neçə giriş qapıları var. Əvvəllər bu teatr beş min adam tuturmuşsa, bərpa olunandan sonra iyirmi beş min nəfərlik olmuşdur. Olmuşdur deyirəm, ona görə ki, bütün tarixi nişanələr saxlanmaqla, dəhşətli dərəcədə akustikası, səsyayma tutumu olan bu tikilidən indi də istifadə eləyirlər.
   
   Teatrda üç ayrı-ayrı bölmələr var ki, buraya daxil olanlar öz təbəqələrindən, tutduqları mövqedən asılı olaraq keçirmişlər. Bu üç hissədən birindən indi heç bir əsər-əlamət qalmayıb. Bu hissənin dağılmasının da qəribə bir tarixi var. Hələ Vizantiya hakimiyyəti dövründə, teatrın yuxarı tərəfində tikilən bir binanın daşlarını məhz bu teatrdan götürmüşlər, daha aydın desək, onun bir hissəsini, (üçüncü hissəsini) söküb, həmin binanı inşa eləmişlər. Bu teatrın binasının da özünəməxsus, seçilən lojaları - yarusları var. Bir maraqlı faktı qeyd eləyim ki, teatrın binası tikilən zaman nəyinsə ucbatından işçilər tətil eləmişlər və o maraqlıdı ki, həmin teatrın binasının divarlarında tətili ifadə eləyən rəsmlər var.
   
   Sonra teatrın daxilində neçə-neçə barelyeflər qoyulmuşdur ki, əlbəttə, bütün bunlar teatrda əsl ab-havanı yaratmağa xidmət eləyən detallardı. Binanın başqa bir xüsusiyyəti də ondadı ki, burada təkcə tamaşalar göstərilmir, həm də qladiatorla heyvanların vuruşu nümayiş etdirilmişdir. Bütün bunlar Roma imperiyası dövrünə aiddir.
   
   Sual: - Əfşan xanım, bu teatrlarda səhnənin hansı səmtə tikilməsinin əhəmiyyəti olubmu?
   
   Əfşan xanımın məlumatı:
   
   - Çox vaxt bu nəzərə alınmayıb. Əsasən o nəzərdə tutulub ki, bu səhnə şəhəri əhatə eləməliydi. Bir çox dövlətlərdə teatr binasından başqa məqsədlərlə də istifadə olunduğu halda, Roma imperiyasının ən üstün cəhəti odur ki, binadan ancaq tamaşalar üçün istifadə olunub.
   
   Özünün yerləşdiyi coğrafi relyefi, adı və həqiqətən də gözəlləyi ilə diqqəti çəkən Quşadası şəhəri Egey dənizinin sahilində yerləşir və ən qəribəsi budu ki, bu yerlərdən baxanda sanki Egey dənizinin o üzünü görürsən, elə bil ki, bir neçə saatdan sonra Yunanıstana çatmaq olar. Bu bəlkə də dəniz genişliyinin insanda yaratdığı bir ovqatdı. Amma necə olursa-olsun, göz işlətdikcə uzanan Egey dənizi o qədər nağılvaridi, deyəsən, heç bizim Xəzərə onun qətiyyən oxşarlığı yoxdur. Bəlkə Bakıdan baxanda belə görünür. Axı dənizi nə nədər "cilovlamaq", nə qədər pis günə salmaq olar. Əgər bir dənizdə şəhər tikilirsə, bəlkə də onun dənizliyinə bir qədər toxunulur da. Nə isə, bu mənim şəxsi fikrimdi, bəlkə də başqasında bu əhval-ruhiyyə yoxdu, elə Xəzər də hardasa Egey boyda, Egey genişliyində bir dənizdi. Necə olur-olsun bu Egey dənizinin sahilində yerləşən Quşadasındakı otel elə ilk baxışdan adamın diqqətini çəkir. Dəniz ayağının altındadır. Sanki otel dənizin içində. Bəzən adama elə gəlir ki, bu dəqiqə elə öz otağından birbaşa onun sahilsiz sularına atıla bilərsən. Quşadası şəhəri iki gözəl körfəzlə əhatə olunub. Şəhərin yaşıllığı çoxdu. Biz hələ Bursaya getməmişik. Ona görə də gəzdiyimiz şəhərlər arasında ən yaşlı şəhər kimi Quşadası diqqəti çəkir. Su başının altındadır. Hər tərəf turist alaçıqları ilə doludu. Və ümumiyyətlə, Əfşan xanımın məlumatına görə Quşadası son illərdə daha genişlənmiş və şöhrət tapmışdır. Yay aylarında burada otel tapmaq çətindi, baxmayaraq ki, burada otellər də çoxdu.
   
   Quşadasında iki gün qalırıq və sonra yolumuz Bursaya olacaq. Bursag hələ Bursaya var.
   
   Taleyin işinə bax. Tərsliyə bax. Turist dəstəmiz Quşadasında yerləşən kimi müsafirlər dincəlmədən özlərini Egey dənizinin qoynuna atdılar. Çoxlarını qınamaq olmaz. Çimərliyi olmayan o qədər xalq, millət var kig Məsələ bunda deyil. Bir pribaltikalı dostum Bronius heç yüz metrlik də olmayan çimərlikdə çimib otelə qayıtdıqdan sonra gecə saat 3-də bildi ki, bəs pul qabı cibindən düşüb sahildə qalıb
   
   Sahildə adam çox. Çimərlik böyük. Kim kimədi.
   
   Broniusa dedim, səhər tezdən gedək çimdiyimiz yerə. O naümid razılıq verdi. Getdik. Pul qabı necə düşmüşdüsə, eləcə də yerindəydi.
   
   Moskvada məlumat verən qadının səsi beynimi döyəcləyirdi: "Türkiyədə oğurluq ola bilər. Çamadanlarınızı qoruyun".
   
   Hələ biz qədim Efesus şəhərinə gedəcəyik, orada tarixi abidələrə baxacağıq. Müqəddəs Mariyanın evinə təşrif buyuracağıq, Bülbüllü dağa çıxacağıq.
   
   Bütün bunlar olacaq. Bütün bunlar olurg
   
   Bursa, Bursa İlahi, bu ad necə də doğmadı. Bəlkə asan dilə yatır. Bəlkə Kappodaki, Efesus, Gieropolis sözlərinin deyimi adamda narahatlıq yaradır. Bəlkə belədi. Bəlkə yox.

TƏQVİM / ARXİV