adalet.az header logo
  • Bakı 12°C

ONLARIN DüNƏNi : TüRKiYƏ və TüRKiYƏLiLƏR - 4

TOFİQ ABDİN
15015 | 2010-12-04 07:00
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz DÜNƏNdən başlayıb. Dünənimizdə Kimlər və Haralar var. Bu Kimlər oralarda nələr yaşayırdılar? Görmədiyimiz o yerlər və o yerlərin insanları necəydi? Yeni nəsl üçün ibrətamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN ölkələrinin yaşam tərzi, keçdiyi yol, bu gün üçün son dərəcə gərəkli və daha qabarıq görünməkdədi.
   
   Proektimizin davamı olaraq Türkiyə haqqında yazılarımıza başlayırıq. Əslində bu mənim gördüyüm Türkiyədir. Bir qədər sadəlövh, tərtəmiz düşüncəylə görünən və yazılan Türkiyə. Eynən bu rubrikada daha nələr olacaq. İzləməyə dəyər.
   
   
   
   ***
   
   Bu adamlar, bu dərnəyin geniş mənada yaradıcıları və başçıları özlərinin dünya görümü və bilikləri ilə, şirin söz- söhbətləri və doğulduqları eldən ayrı düşmüş və vəziyyətləriylə adamın içində qəribə bir ovqat yaradırlar. Aydın həqiqətdir ki, onlar çox işlər görürlər, bizim Azərbaycan sənətinin yaxşı, pis nümunələrinin yayılmasında canla-başla işləyirlər.
   
   Dərnəyin rəhbərləri bu mərkəzin yaranma tarixindən, məqsədindən söhbət açdılar. Məlum oldu ki, mərkəz respublikamızla, onun gündəlik həyatıyla və burada baş verən - xüsusilə son vaxtlar baş verən hadisələrlə yaxından tanışdılar və daha fərəhləndirici idi ki, Bakıda haqq və ədalət yolunda keçirilən neçə-neçə mitinq onlara daha çox ürək-dirək verir və onların ümidini təzələyir, ovqatını durulaşdırırdı.
   
   Biz mərkəzin otaqlarının birində Bakı mitinqinin çox böyük bir şəklini gördük. Bunlardan əlavə mərkəzin otaqlarının divarlarını 1918-ci ildə elan olunmuş və bir o qədər də çox yaşamayan Azərbaycan Demokratik Respublikasının məsul işçilərinin fotoşəkilləri bəzəyir. Əlbəttə, bir azəri türkü kimi bütün bunlara baxmaq nə qədər fərəhli və sevindirici idisə, bir o qədər də içimizin havasına ağırlıq gətirirdi. Ona görə ki, biz bütün bunlardan - biz deyəndə mən bütünlüklə bizim nəsli nəzərdə tuturam, demək olar ki, xəbərsizik. Yəni ayrı-ayrılıqda bu adamların adını eşitsək də, demokratik respublikanın məsul işçilərini tanısaq da və onların fəaliyyətindən az-maz xəbərdar olsaq da, yenə də qınanmalı vəziyyətdə idik. Güman eləyirəm ki, burada işləyənlər də bizi yaxşı duyurdu və anlayırdı. Buna görə də mənə elə gəlir ki, onlar bizi bir o qədər də qınamırdılar.
   
   Mərkəzin məsul işçiləri Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Yusifbəy Nəsibbəylinin, Əbülvahab Yurdsevərin, Mirzə xanın, Mürsəl Paşanın və başqalarının fəaliyyətindən geniş söhbət açdılar. Divarın bir hissəsində M.Rəsulzadənin iri hərflərlə yazılmış "Bir kərə yüksələn bayraq, bir daha enməz" sözləri adamda istər-istəməz qürur hissi və mübarizlik yaradır.
   
   Bu mərkəzin fəaliyyətini davam etdirən müxtəlif peşə sahibləri olsalar da onları bir hiss birləşdirir - türk birliyi, azad vətən hissi. Mərkəzin rəhbəri Feyzi bəy Ağüz söhbətlərininin birində vətənpərvər şair Gültəkin təxəllüsüylə yazıb-yaratmış Emin Abidin adını ağrı və təəssüflə çəkir, onun yanıqlı taleyindən söz açır. O danışır, təəssüf eləyirsən, bu şair haqqında heç nə bilmirsən. Sən demə, minlərlə ziyalılarımız kimi Emin Abid də "pantürküzm" damğası altında represiyanın qurbanı olmuşdur.
   
   Feyzi bəyin yaşı altmışı keçib, yaddaşı pis deyil, çox alicənab və yaraşıqlı görkəmi var, diqqət çəkəndi və onu deyim ki, burada, bu mərkəzdə tanış olduğumuz neçə-neçə adamın, işçinin əsl ziyalı görümü və hərəkəti insanda qəribə bir razılıq və fəxr yaradır. Bu bəlkə də bizim gözlərimizin alışmadığı bir tərpəniş, bir münasibət, bir görümdür, boy-buxundur. Ən balaca boylu adam da bu söhbətlərdə bir qədər sərbəstləşir və qeyri-adiləşir. Bir qədər əvvəl yaddaşını təriflədiyim Feyzi bəy Əmin Abidin 1933-cü ildə yazdığı "Bayrağım və istiqbalım" şeirini əzbər deyir, imkan tapıb onu köçürə bilirəm:
   
   
   
   Hürr dedim kəndimə
   
    zəncir qıraraq
   
   Get də kəməndini
   
   cəhənnəmdə yağ.
   
   Bu yurd da məhəbbət
   
   nigahbanıdır,
   
   Əsrlər altından
   
   yüksələn bayraq.
   
   Bayrağım ölməz, ölürsə əgər,
   
   Torpağın altına köçər ölkələr.
   
   
   
   Azəri oğluyam,
   
   adımda şan var,
   
   Damarımda zülmə
   
   hayqıran qan var.
   
   Məni yetim sanıb kükrəmə,
   
   düşmən,
   
   Bax, arxamda
   
   haqqı sevən cahan var.
   
   Sənin də bayrağın
   
   əlbət solacaq,
   
   Azərbaycan yenə
   
   mənim olacaq!
   
   
   
   Azəri qanıyla yağlandır, yetər,
   
   Yapdığın Neronun
   
   zülmündən betər.
   
   Bir zəhər sunsa da əməl
   
   doğrudur,
   
   Türklüyün qəlbində
   
   vurduğun nəştər,
   
   Qaldıqca yadlarda
   
   diyarım mənim,
   
   İntiqam olacaq şüarım mənim!
   
   
   
   Qurtuluş, ey nazlı sevimli pəri,
   
   Vurğundu könüldən sənə azəri.
   
   Dişimlə qıraram
   
   bir gün gələndə
   
   Bağrıma saplanan
   
   qanlı xəncəri.
   
   Yaşa, ey həsrətlə
   
   doğan istiqlal!
   
   Yaşa, ey türk yaşa,
   
   ey gözəl hilal!
   
   
   
   Bu görüşün başqa bir unudulmaz cəhəti o idi ki, adama elə gəlirdi ki, Bakıdayıq və "Qobustan" incəsənət toplusunun otaqlarından birində söhbət eləyirik. Təsəvvür edin ki, "Qobustan"la daim əməkdaşlıq eləyən alim Kamil Vəliyev, toplunun sevərlərindən biri İsmayıl Məmmədov, daimi yazarlarımız Məryəm xanım Əlizadə, Yaqub Məmmədov və Türkiyəyə qonaq çağırılmış əməkdaşımız Esmira Nəzərova, onun həyat yoldaşı jurnalist Şirməmməd Nəzərov bu günün qonaqları sırasında idi. Arada bir zarafatla dedik: elə "Qobustan"ı burada da nəşr eləmək mümkündü. Artıq toplu haqqında söhbətimiz olmuşdu. Esmira Bakıdan özüylə gətirdiyi hələ çap olunacaq nömrələrimizdən birində işıq üzü görəcək Azərbaycan Demokratik Respublikasının gerbi və bayrağı haqqında Mövsüm Əliyevin məqaləsinin bir nüsxəsini və onların rəngli şəkillərini mərkəzin işçilərinə təqdim eləmişdi. Buna görə də bu görüş daha tamlı və dadlı idi.
   
   Sevinirdilər. Bizimlə birgə söhbət eləyən mərkəzin gözəl təşkilatçıları açıq deyək ki, sevinirdilər. Məncə başqa cür də ola bilməzdi.
   
   Mərkəzin işçiləri bizə kitab və qəzetlər bağışlayırlar. Biz öz növbəmizdə "Qobustan" toplusunun nömrələrini təqdim edirik. Baxırlar. Yenə də sevinirlər.
   
   Başqa bir qonaq da gəlir. Tanış oluruq. Türk müğənnisi və aktyoru. Esmira həmin qonaqla söhbət eləməyə can atır və qonaqdan sorğu alır.
   
   Getməliyik. Yola hazırlaşmalıyıq. Bu istiqanlı adamlardan, mehriban candaşlardan ayrılmaq çətindi. Ancaq başqa cür də mümkün deyil.
   
   Kamil və İsmayıl İstanbula getməlidig
   
   Esmira və Şirməmməd Bakıya uçacaqlar...
   
   Səhər biz yolumuzu davam etməliyik. Korum şəhərinə getməliyik. Çorumda qədim hettlərin abidələri bizi gözləyir.
   
   Əlbəttə, bütün səfər boyu hər şeyi qeyd eləməyə imkan yoxdu. Bəzən vaxt çatmır. Bəzən yorğunluq adamı əldən salır. Və buna görə də mən öz qeydlərimdə bir çox şəhərlərin sadəcə adını çəkməklə kifayətlənirəm.
   
   Demək olar ki, hər gecə bir şəhərdə qonaq qalırıq. Və bizim bu həyatımız istər-istəməz mənə türklərin böyük məhəllərindən birinin adını xatırladır. Bu məhəllə evlərinə biz hələ Ankaraya çatmamış rast gəldik, Türkiyə ilə bizi tanış eləyən bələdçimiz Əfşan xanım çox incə ləhcəylə, şivəylə (baxmayaraq ki, Əfşan özü bolqar türküdür, orada doğulub, orta məktəbi bitirib oxumaq üçün İstanbula gəlib. Onun Bolqarıstanda bir müddət yaşaması özünü göstərirdi. Hətta bəzən tarixi anlaşılmazlığa da yol verirdi) gördüyünüz bu evlər yaşamaq üçün bir o qədər də şəraiti olmayan "gecəqondular"dı dedi. Baxırdım mən bu gecəqondulara və bizim, şəxsən mənim özümün uzun müddət yaşadığım evlərdən qat-qat şəraitsiz komalar yadıma düşürdü. Bizdə də bu evlərdən var. Biz bu evlərə "naxolstroy", "samastroyka" deyirik.
   
   Çorumdan sonra bizim gecələyəcəyimiz şəhər (əslində Çorumda qalmadıq, gedib baxdıq və yenidən Ankaraya qayıtdıq) Ankaradan 284 km aralıda yerləşən Kappodoki şəhəri idi. Kappodokiyə bazar ertəsi gəldik və şübhəsiz bu yerlərə çatana kimi neçə-neçə bölgələrdən, uluslardan keçdik və hər dəfə dayananda istiqanlı və mehriban türklərlə söhbətləşməli olduq. Bütün yol boyu bizə veriləcək (şəxsən bizi "azəri türkü" deyib, o biri müsafirlərdən ayırırdılar və bir az da istiqanlı olurdular) sualların ən başlıcası Dağlıq Qarabağla bağlı idi. Onlar da bilirlər.
   
   Bütün günü Kappadokidə olduq. Ən gözəl və baxmalı yerlərinə Avanos abidələrinə və Səkkizmərtəbəli yeraltı şəhərə baxdıq. Şübhəsiz bu abidələrin çoxu yunanların adıyla bağlanır. Bu yerlərdə yunanlar daha çox yaşamış, milli izlərini qoyub gediblər.
   
   Kappodoki böyük bir sahədir. Daha dəqiq desək, iri bir vilayətdir. Təbiətcə bir az elə bizim Muğan tərəflərə çəkir. İstidi, gecələr bir az da isti olur.
   
   Kappodokidəki yeraltı şəhər, əlbəttə, möcüzə deyil, ancaq buna bənzər bir şeydi. Təsəvvür edin ki, adamlar öz düşmənlərindən qorunmaq üçün səkkizmərtəbəli bir dərinliyə lağımlar atmışlar və lağımlar adi lağım deyil, bütün şəraitini özündə birləşdirən yaşayış sahəsidir. İndi bu sahə həqiqətən də nağılvari bir yerdir və mənə elə gəlir ki, müsafirlərin, turistlərin çox böyük maraqla baxdığı abidələrdən hesab olunur.

TƏQVİM / ARXİV