adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

ONLARIN DüNƏNi : TüRKiYƏ və TüRKiYƏLiLƏR - 3

TOFİQ ABDİN
16758 | 2010-11-27 06:27
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİNdən başlayıb. Onlar: sənətimizin və ədəbiyyatımızın dünəni.
   
   Dünən onlar kim idi, hardaydılar və nələr yaşayırdılar?
   
   Yeni ədəbi nəsl üçün ibrətamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN insanlarının keçdiyi yol, bu gün üçün son dərəcə gərəkli və daha qabarıq görünməkdədi.
   
   Proyektimizin davamı olaraq unudulmaz sənətkarımız Qulu Əsgərov haqqında danışaq. Eynən bu rubrikada daha kimlər olacaq. İzləməyə dəyər.
   
   Və həmin şəhərlər elə Ankara kimi paytaxt olan Bursanı seçə bilərdi. Və yaxud osmanlı - səlcuqların ilk paytaxtı qupquru qayalar və çöllər arasında yerləşən Ankaradan fərqli daha bəhrəli torpağı olan Konyanı seçə bilərdi. Heü şübhəsiz, siyasi münasibət burada möhkəm rol oynayıb. Məhz ilk siyasi etiraz buradan - Ankaradan ucalmışdı. İyirminci illərdə. Və bundan əlavə (mənə elə gəlir ki, ən böyük fakt elə budur - T.A.) Ankaranın ətraf sahillərində, bu şəhərin dörd tərəfində dörd yüz illik yaşı olan böyük bir mədəniyyətin - hetlər dövlətinin qalıqları tapılmışdı və Atatürk bu barədə sevə-sevə danışarmış. Türk xalqlarının əbədi sakinliyi və yaşarlığı barədə həmişə ürəkdən danışan Atatürk, qeyd eləyirmiş ki, hetlər türk xalqlarının əcdadları və əsilləridir. Bu da təsadüfi deyil ki, Türkiyədə bu günün özündə də hər addımda rast gəlinən iki böyük bankın adı var: Etibank (hetlər bankı) və Sumerbakdır (Şumerlər bankı).
   
   Hara yozuruqsa yozaq bir şey məlumdu: "Atatürkün niyyəti həyata keçirilib. Ankara - əsl paytaxt şəhəridi" (K.Poznanska. Köhnə və Yeni Türkiyə. "Nauka" nəşriyyatı. 1974)
   
   Bir halda ki, Atatürk özünə Ankaranı paytaxt seçibsə və bu gün biz hər addımda Türkiyə boyda bir ölkədə hər addımda Atatürkün adına və onun deyimlərinə rast gəliriksə, onda İstanbulla Ankara arasında hər cür yarışa və "mübarizəyə" haqq qazandırmaq olar. Bu yarış milli dəyanətin ən gözəl nümunəsi ola bilər. Hər kəs öz şəhərini gözəl görmək fikrindədi. Gözəl Türkiyənin bütün şəhərləri gözəldir. Əbəs yerə gözəllik yarışı keçirilmir ki? Bəlkə haçansa gözəl şəhər yarışı keçirmək daha münasib olacaq.
   
   Hələ bu bizim səfərimizin başlanğıcıdır. Və biz hər gün bir yeni şəhərə gedəcəyik. Ancaq mən istəyirəm daha çoxöz adımdan yazam, buna görə də o biri yol yoldaşlarım məni bağışlasın - daha çox heyrətləndirən. Bəlkə də bu söz bir o qədər yerində deyil. Burada "heyrətli heç bir şey yoxdu. Amma mənə elə gəlir ki, var. Əgər biz hər gün öz qəzetlərimizi əlimizə alıb açan kimi ümumi bir şeyin şahidi oluruqsa, yəni "Bütün ölkələrin proletarları, birləşin" ümumiliyi ifadə eləyən sözlərin şahidi oluruqsa, bu söz artıq öz əsl dəyərindən o qədər uzaq düşüb ki, onu həmin qəzet küncündə axtarmaq, tapmaq üçün heç bir meyl də qalmayıb. Biz bu sözləri görmürük. Ona görə ki, bu ümumiliyin ifadəsidir. Ancaq təsəvvür eləyin: hər gün Türkiyənin gözəl və oxunaqlı qəzetlərindən biri olan "Hürriyyət"i alırsan və elə birinci səhifədə bizim "proletarların" yerində Atatürkün şəklini görürsən və oxuyursan: "Türkiyə Türklərindir!".
   
   "... Bir neçə gün sonra biz Bursaya gedəcəyik. Bir çox gəlimli-gedimli hadisələriylə və bir də şəxsən mənim üçün öz məşhur və bəxtəvər cəza eviylə - həbsxanasıyla tarixə düşən Bursaya. Orada minlərlə gözəgəlimli və yaraşıqlı şeylər arasında mənim diqqətimi cəlbeləyən şeylərdən biri də bu olacaq: "Turqut Ozal: Gələcək Türkiyənindi!"
   
   Mən bu iki deyimi tutuşdurmaq və müqayisə eləmək fikirində deyiləm. Bunlardan biri artıq tarixdir. Həyata keçirilmiş və əməl olunmuş bir tarix: Türkiyə Türklərindir! Buna heç şübhə ola bilməz. Bu danılmaz həqiqətdi. Elə bir danılmaz həqiqətdi ki, Sovetlər İttifaqı bu həqiqəti danmaq iqtidarında deyil. Qonuşmaq, yaxınlaşmaq, dil tapmaq, ondan öyrənmək iqtidarında və niyyətindədir.
   
   Şübhəsiz, Ankarada gəzməli yer də çoxdu, görməli və baxmalı tarixi abidələr, sənət ocaqları var. Bizim üçün ayrılan vaxt ərzində bu yerlərin hamısına baxmaq da mümkün deyil, bəlkə elə türklərin özü də bu gözəl şəhərin elə guşələri var ki, hər gun yanından ötüb keçirlər və nəzərləri sadəcə olaraq həmin yerləri, həmin tikililərdəki detalları müşayiət eləyir.
   
   Biz bu gözəl şəhərdə iki böyük sənət abidəsinə baxdıq. Bunlardan biri dediyim kimi Atatürk mavzoleyidir, daha doğrusu, təkcə onun adını daşımır və Atatürkün məqbərəsi də burdadır. Bu məqbərəyə gələnlərin ardı-arası kəsilmir və deyim ki, turist dəstələrinin özü belə buraya növbə ilə baxmağa məcburdur. Ona görə ki, səhərdən axşamadək buranın gəlib-gedəni var. Bu məqbərə onun layiqli sahibinin xatirəsi üçün tikilib. "Türklərin atası" sayılan bu tarixi və əvəzsiz şəxsiyyətin son sözlərinə əməl edilərək, cənazəsi paytaxt şəhərinə gətirilmişdir. Əvvəllər yararlı, layiqli yer tapılmadığından cənazə Etnoqrafiya muzeyində yerləşdirilmişdir. Sonra şəhərin ən gözəl yerlərindən və guşələrindən biri olan hər tərəfdən görünən təpəlikdə türk memarı, arxitektoru Emir Onatın layihəsi əsasında məqbərə tikilmişdir. Formaca çox sərt və bir o qədər də təmtəraqlı görünməyən mavzoley sarı daşlardan inşa olunmuşdur. Əgər biz Türkiyənin başqa şəhərlərində sultanlar üçün tikililəri nəzərə alsaq, görərik ki, Atatürk mavzoleyi bir o qədər də təmtəraqlı və diqqət çəkən deyil. Burada hər şey çox diqqətlə ölçülüb biçilmiş, şəxsən Atatürkün adına və şərəfinə layiqli bir formada inşa olunmuşdur. Bir çoxları bu mavzoleyi Parfenonla müqayisə eləyir. Göz işlətdikcə uzanan bir xiyaban azad bir düşüncəni ifadə eləməklə, bu xiyabanın ətrafındakı qranit şir heykəlləri mavzoleyə ayaq basan hər müsafirdə, tamaşaçıda monumental bir ovqat yaradır. Atatürkün özünün məzarı dördkünc bir məbəddədir ki, bu da neoklassik üslubda tikilmişdir. Belə bir fakt məlumdur ki, guya Kamal Paşanın tabutunun ağırlığı 40 tondur. Bu tabut qırmızı mərmərdən, daha dəqiq desək, bu mərmərin bir parçasından düzəldilmişdir. Bu mərmər-abidədəki düz və sərt cizgilər "türklərin atası" Kamal Paşanın dahiliyinə dəlalət eləyir.
   
   Ankaranın ən görməli yerlərindən biri olan bu mavzoleydə dünyanın hansı yerindən desən turistə və müsafirə rast gəlmək olar. Müəyyən vaxt kəsiyində bu mavzoleyin gözətçiləri olan əsgərlər öz növbələrini dəyişirlər. Əlbəttə, bu cür mərasimə biz kinolarda rast gəlmişik, ancaq bu mərasimi məhz türk əsgərləri elədiyindən adama tamamilə ayrı bir anım, assosiasiya bağışlayır. Hər şeydən qabaq vuruşan türk ordusu gəlib gözlərinin önündə dayanır və həqiqətən də Kamal Paşa Atatürkün elə öz sözləri yada düşür: "Türkiyə türklərindir!"
   
   Məqbərənin üzərindəki bir yazı o saat diqqəti çəkir. Mən bu yazını hərfbəhərf köçürə bilmədim. Ancaq onun ifadəsini oxuculara çatdırmağı borc bilirəm: "Müstəqilliyini əlindən vermiş hər hansı bir millət hansı həyat şəraitində yaşayır-yaşasın mədəni bəşəriyyətin gözündə yaltaq nökərdən başqa bir şey deyildir!"
   
   Ankarada maraqla baxdığımız daha bir muzey Anadolu tarixi muzeyi idi ki, burada Türkiyə tarixinə aid müxtəlif sənədlər, əl işləri və ümumiyyətlə türk sənətiylə bağlı ululuq, qədimlik nümunələri nümayiş etdirilir. Hər addımda yeni nümunələr, hər addımda müxtəlif dillərdə səslənən sözlər və danışıqlar, maraqla baxılan eksponatlar və milli mədəniyyət nümunələri. Bütün bunları bir baxışda cəmləmək mümkün deyil və hər şeyi yadda saxlamağa imkan da yoxdur. Ancaq bir qəribə faktı deyim ki, hər addımda bu qədim muzeydə şəxsən mənə doğma, mənə əziz neçə-neçə milli sənət nümunələrini görürdüm. Bu bir də ona bənzəyirdi ki, sanki elə Azərbaycan tarixi muzeyinə baxırsan, bütün bu nümunələr sanki elə bir-birinin eynidir, doğmadır və yaxud əvəzidir ki, gəlib bura çıxıb. Soyköküylə eyni olan bir xalq, bir millətin ən qədim alətlərindən tutmuş müasir sənət nümunələrinədək heç bir ayrıseçkilik olmadan biri-birini tamamlayır.
   
   Ankarada bir gün də bizim üçün ən gözəl gün oldu. Və ümumiyyətlə, bəlkə də ən gözəl saatlardan birini biz məhz Ankarada indicə söyləyəcəyim anlarda keçirdik. Təsadüf elə gətirdi ki, Ankarada boş vaxtlarımızdan istifadə edərək tanışlardan birinə zəng eləyəndə məlum oldu ki, çox böyük sevgilərlə hörmət etdiyimiz universitetin müəllimlərindən tənqidçi-alim Kamil Vəliyev və dosent, dilçi alim İsmayıl Məmmədov də zəng elədiyimiz evin qonağıdı. Və onlar bizimlə səhər mütləq görüşməyi qərara aldılar. Kamil müəllim artıq bir neçə dəfəydi ki, Türkiyədə olurdu və açığını deyim ki, bu ölkədə harda olubsa həddən ziyadə hörməti var, özünün Bakı istiqanlılığını elə o böyük, o nəhəng şəhərdə də göstərə bilib. Mən şəxsən bir də ona görə bu günü bizim səfərin ən yaxşı günlərindən yaxşısı hesab eləyirəm ki, Kamil və İsmayıl müəllim bizi Ankaradakı Azərbaycan kultur dərnəyinin təşkilatçıları ilə tanış elədi və biz bir neçə saat bu gözəl adamlarla birgə olduq, onlarla söhbətləşdik.

TƏQVİM / ARXİV