adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

ONLARIN DüNƏNi : TüRKiYƏ və TüRKiYƏLiLƏR - 2

TOFİQ ABDİN
14804 | 2010-11-20 11:07
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİNdən başlayıb.Onlar : sənətimizin və ədəbiyyatımızın dünəni.
   
   Dünən onlar kim idi,hardaydılar və nələr yaşayırdılar?
   
   Yeni ədəbi nəsl üçün ibratamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN insanlarının keçdiyi yol, bu gün üçün son dərəcə kərəkli və daha qabarıq görünməkdədi.
   
   Proektimizin davamı olaraq unudulmaz sənətkarımız Qulu Əsgərov haqqında danışayıq. Eynən bu rubrikada daha kimlər olacaq. İzləməyə dəyər.
   
   Səfərə çıxmaq, yola çıxmaq elə bir hadisədi ki, elə bil məqamdı ki, bu səfərlərdə, bu məqamlarda ən pis adam da, ən qaraqabaq adam da və hətta ən rəsmi adam da bir qədər təbiətən dəyişir, insaniləşir, təmizləşir və açığını deyim ki, hətta bir qədər həmişəkindən daha artıq mədəni görünməyə çalışır. Bu mənim subyektiv fikrimdi. Mən belə düşünürəm. Və hər bir adam çalışır ki, o birisinin xatirinə toxunan bir şey olmasın. Və hətta belə bir şey olanda da çox zaman onun üstünü vurmurlar, çalışırlar ki, qanqaralıq olmasın. Şübhəsiz buna çalışsan da bu mümkün olan şey deyil.
   
   Moskvada Teatr Xadimləri İttifaqında Türkiyə haqqında bizə məlumat verən, bizi bəzi fikirlərlə "silahlandıran" bir qadın (adını unutmuşam) uzun-uzadı söhbətdən sonra və nəhayət səfərimizin ilk qanqaraldan məlumatını verdi. Bu başdan deyim ki, bu ilk və son qanqaraldan sözlər idi, fikirlər idi. Hətta bizimlə birgə Ermənistandan bir neçə adam getməsinə baxmayaraq təkrar edirəm ki, Moskva məlumatı bizim səfərin ən qanqaraldan anı idi. Nə idi bu məlumat: "bəri başdan deyirik, qadın yorğun-yorğun elan elədi - siz Türkiyəyə gedən ikinci dəstəsiniz. Şeylərinizdən muğayat olun. Türkiyədə oğurluq ola bilər. Şeyləriniz yoxa çıxa bilər. Çamadanlarınız maşina yığılanda, maşından götürüləndə diqqətli olun".
   
   Bu məlumat şəxsən mənim üçün, deyildiyi vaxtda çox pis təsir bağışlayan və hətta təhqiramiz bir düşüncə olsada, dediyim kimi bütün çılğınlığımı içimə sıxıb ancaq Yaqubla Məryəmin üzünə baxmalı oldum.
   
   Hər halda, gərək ki, Türkiyə ilə qiyabi tanışlıq belə başlamayaydı. Bizim üçün yox. Özgə millətlərdən olan (ümumiyyətlə, təxminən on beş respublikadan az qala nümayəndə var idi) qonaqlar üçün bu tanışlıq faydasızdı. Yersizdi.
   
   Türkiyə Türkiyədi. Bəri başdan deyim ki, ilahi, insanlıq bu ölkəyə elə şeyləri bəxş eləyib ki, oğurluq üçün imkan yeri yoxdu. İllah da ki, qonaq olasan, müsafir olasan. İndi, yəni əsrin doxsanınca illərinə ayaq basdığımız məqamda Türkiyə haqqında yazmaq çox çətindi, xüsusilə də dediyim kimi bu illərdə. Çətindi ona görə ki, artıq qadağalar götürülmüş, gediş-gəliş artmış, Türkiyəyə turist kimi, müsafir kimi, çağırışla gedənlər soxdu, artıq Türkiyə bizim üçün, bizim azəri türkləri üçün aydınlaşır, doğmalaşır, yaxınlaşır. Deyək ki, on illər bundan qabaq Türkiyəyə gedənləri barmaqla saymaq olardısa, yəni Türkiyəyə gedənlərə heyrətlə baxılırdısa, indi bu adi bir şeydi, adi bir haldı. Və hətta elə sənət adamları var ki, onlar hər il dost kimi Türkiyəyə gedir, orada bir müddət qalır və qayıdırlar.
   
   Bax, bu aydınlaşma, bu açılışma, bu yaxınlıq baxımından indinin özündə, doxsanıncı illərin astanasında Türkiyədən yazmaq çox çətindi. Ancaq başqa cür də mümkün deyil. Bu elə bir məqamdı ki, bəlkə bir də təkrar olunmadı. Və mənə elə gəlir ki, hər yazan, hər xatirə söyləyən də elə bilir ki, başqaları onun dediklərini deməyib. Əslində belə deyil, Türkiyə elə Türkiyədi, onlar keçən küçələrdən biz də keçdik, onlar söhbət eləyən adamlarla biz də söhbət elədik, onlar dincələn otellərdə biz də dincəldik. Təbiidi ki, türklər öz məmləkətlərinin ən yaxşı yerlərini gələn qonaqlara göstərməyə can atırlar, bu hər yerdə belədi, orada da eynən, buna görə də çətindi Türkiyədən yazmaq, isti yazmaq, oxunaqlı yazmaq, məlumatlı yazmaq.
   
   Peşə sahibiyik. Bütün söhbətlərdən qırağa, Türkiyəyə böyük məhəbbətdən savayı hər bir yazanda qəribə bir ehtiyac hissi olur ki, bu da zəhmət haqqından tutmuş, o ölkədə sənə olan yaxşılıqların əvəzini çıxmaq kimi bir borcdur. Təkrar edirəm: ancaq çətindi. Çünki, son illərdə Türkiyədən çox yazılıb, bu ölkə barədə çox məlumatlar verilir və görün işin harasıdı ki, artıq televiziyanın əməkdaşları da əvvəlki kimi daha sorğularını tərcümə eləmirlər, elə birbaşa söhbətlər aparılır.
   
   Bu sevindiricidi. Bu gözəldi. Bu qiymətsizdi.
   
   Şair dostum Eldar Baxış mənə sataşmaq üçün dedi: nə gördün Türkiyədə? Nə yadında qaldı?
   
   "Bilirsən, Eldar, necə deyima sənə. Sən tarixçisən, səni qane edə biləcək bir şey söyləyə bilmərəm, ancaq məni təəccübləndirən bir şeyi, elə bu başdan deyim: dəhşətdi ki, iqtisadi, mədəni və siyasi baxımdan inkişaf etmiş bir ölkədə hər gün insan azan səsinə yuxudan oyanır. Təsəvvür edin İstanbul, Ankara, Konya, Bursa kimi adlı-sanlı bir Avropa şəhərində, yüksək zövqlü otellərdə səni çox ulu, çox qədim, çox əsrarəngiz bir səs, azan yuxudan oyadır. Bu mənim üçün nağıldır, əfsanədir".
   
   "Səni tərifləmək üçün demirəm, - dedi Eldar, - inan mən Türkiyə haqqında nə qədər xatirə oxumuşdumsa heç birində bu detala rast gəlməmişəm".
   
   Bu Eldarın şəxsi fikri idi. Mən bunu tərif kimi öz ünvanıma götürmək fikrində deyiləm. Bəlkə də kiminsə xatirəsində bu detal var, bəlkə də kimi üçünsə bu detal tamamilə dəyərsiz bir şeydir, ancaq insan xislətinin gözəlliyi də ondadır ki, sən görəni başqası görə bilmir, başqası görəni sən görə bilmirsən.
   
   Türkiyə Türkiyədi. Bu ifadədə nə isə bir canqurtarmaq istəyi var. O yerdə ki, söz çatmır, o yerdə ki, bu söz sənin qəlbindəki sevgini, məhəbbəti, vruğunluğu, heyranlığı ifadə eləyə bilmir, o zaman məhz elə bu ifadənin özü də bir fikir söyləyir.
   
   Türkiyənin 3500 kilometr - adlarını çəkdiyim şəhərləri yuxulu (buna başqa cür ad vermək olmaz, bəlkə sərməst deyim) gəzəndən sonra dünyanın ən böyük ölkələrini ən yaxşı şəhərlərini gəzən və çox vaxt həmin yerlərdə aylarla yaşayan əsrimizin təkrarsız şairi Nazim Hikmətin bu məmləkətə sevgisini təkcə elə burada doğulmağıyla, burda müəyyən yaş həddinə çatması ilə və əzizlərini qoyub gəlməsiylə izah eləmək qətiyyən düzgün deyil.
   
   Türkiyə Türkiyədi.
   
   Elə ki, bu gözəl dünyanın əvvəlki mərkəzi olan Ankara şəhərində yerdən bir qədər uzaq, allaha bir qədər yaxın göylərdən enirsən, düşürsən Atatürk adına Beynəlxalq təyyarə limanına, o saat diqqəti cəlb eləyən qeyri-adi bir genişlik olur. Bu genişliyi nə Bakıda görmək mümkündü, nə də Moskvada. Bir şeyi etiraf edim və güman ki, burada heç bir epitet yoxdur, buna inanmaq üçün heç and içmək də lazım deyil: adama elə gəlir ki, səma dediyimiz, göy dediyimiz bir aləm, allah dediyimiz o müqəddəs bir şəxsin yaşadığı göy qübbəsi məhz elə bu Ankarada qurtarır. O qədər açıqlıq, o qədər genişlik və o qədər təmizlik var ki, bu hava limanında məhz bu fikrə gəlirsən.
   
   Təbii ki, bizi nə gözləyir heç birimiz bilmirik, başqalarını demirəm, Bakıdan gedən biz üç nəfər üçün bu adlar doğmadır, sözlər bizə tanışdır və hardasa elə biz özümüz də özümüzü gözə soxmaq istəyirik ki, azəri türkləriyik. Bu "gözə soxmaq" ifadəsinə görə mən oxuculardan üzr istəyirəm, ona görə ki, şəxsən mənim təbiətimə bu yaddı və ən gözəli o idi ki, mənimlə gedən Yaqub və Məryəm üçün də bu hiss çox az əhəmiyyətliydi.
   
   Təyyarə limanı ilə Ankaranın arası təxminən on yeddi kilometrlik yoldu. Bu yol elə bir məsafədi ki, onu ölçməyə və bu yolda darıxmağa heç cürə imkan yoxdu. Yəni bunu deməyə də bilərdim. Təbiidir ki, biz hələ Moskvada bilirdik ki, Ankarada düşəcəyik. Mindiyimiz təyyarə sonra İstanbula uçmalıydı. Biz hələ sonra, bir qədər sonra İstanbul şəhərinə getməliydik.
   
   Ankara! Türkiyədə səfərimizin ən gözəl anları və ən gözəl duyumları elə bu şəhərlə çox bağlıdı. Mən "çox" sözünü ona görə əlavə eləyirəm ki, sonrakı əhval-ruhiyyəmiz və ovqatımız məhz elə bu şəhərdən köklənməliydi. Burada bizi necə qarşılayacaqlar və biz Türkiyə torpağına ayaq basdığımız ilk günü necə keçirəcəyik? İnanın, bundan çox şey asılıdı. Bəxt deyilən bir şey gərək olsun. Bunu almaq, bunu kimdənsə borc götürmək mümkün deyil.
   
   Ankarada bizim üçün hər şey gözəl başladı. Nəydi bu gözəllik! Oydu ki, yorğunluq hiss eləmirdik, nahar fasiləsindən sonra biz iki böyük sənət ocaqları olan - Atatürk mövzeleyinə və Anadolu mədəniyyət muzeyinə baxmalıydıq.
   
   Ankara! Gözəl şəhər! Tünlükdən evləri, binaları bir-birinə daha mehriban olan, tünlükdən adamları bir-birinə daha çox isinişən unudulmaz ulu şəhər!
   
   Əlbəttə, bir çox ədəbiyyatlarda, təkcə rus mənbələrində yox, bir çox başqa mənbələrdə belə bir fikrə rast gəlmək olur ki, Ankara Kamal Paşa Atatürk tərəfindən yaranmış bir şəhərdir. Bütün bunları yazanlar və deyənlər bu "yaranmış" sözünün hərfi mənasını götürməyib, yəqin ki, bu şəhərin Atatrük tərəfindən dünyaya daha çox tanınmasına xidmətini nəzərdə tuturlar. Bir də bu fikrə düşənləri daha çox o cəlb eləyib ki, 1920-ci ildə burada Böyük Milli Məclis öz yığıncağını keçirib, həmin yığıncaqda Atatürk sultanlıq doğuluşun, dirçəlişin bünövrəsini qoyub. Atatrükün məhz burada məclis çığarmağı yəqin ki, elə-belə deyil, iyirminci illərdə Ankara bir qədər gözdən iraqda idi, cəmi-cümlətanı iyirmi min adamı olan şəhər idi. Belə bir fikir yarana bilər: nə üçün məhz Ankara şəhərini seçmişdi Atatürk? Bunun müxtəlif yozmaları var: Onlardan birini oxucuların nəzərinə çatdırmaq istəyirəm: "Atatrük kosmopolit İstanbul şəhərindən paytaxtı məhz buraya - Ankaraya köçürmək istəyirdi. Ancaq unutmayaq ki, Anadoluda neçə-neçə belə şəhərlər var idi ki, gözdən-könüldən uzaqda idi.

TƏQVİM / ARXİV