adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ONLARIN DüNƏNi: MAESTRO NiYAZi

TOFİQ ABDİN
20023 | 2010-10-30 06:27
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİNdən başlayıb.Onlar : sənətimizin və ədəbiyyatımızın dünəni.
   
   Dünən onlar kim idi,hardaydılar və nələr yaşayırdılar?
   
   Yeni ədəbi nəsl üçün ibratamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN insanlarının keçdiyi yol, bu gün üçün son dərəcə kərəkli və daha qabarıq görünməkdədi.
   
   Proektimizin davamı olaraq unudulmaz sənətkarımız maestro Niyazi haqqında danışayıq. Eynən bu rubrikada daha kimlər olacaq. İzləməyə dəyər.
   
   Maestro Niyazi təkcə özgə məmləkətlərə sənət səfərinə getmir. O, respublikamızın müxtəlif rayonlarında, sənət ocaqlarında xüsusi konsert proqramı ilə çıxış edir. Simfonik musiqinin yayılmasında, sevilməsində xidmətlərini əsirgəmir. Bu, onu ellərlə, obalarla, adamlarla bir daha yaxınlaşdırır. Niyazının rəhbərlik etdiyi Dövlət simfonik orkestri dəfələrlə Gəncədə keçirilən "Musiqi baharı"nda iştirak etmişdir. Onun bu səfəri olduqca uğurlu olur. Bu barədə görkəmli dirijor belə deyir:
   
   "Mən Azərbaycanda ilk dəfə keçirilən Respublika Mahnı Bayramının bədii rəhbəri idim. Bu, həm də Azərbaycan gənclərinin mən deyərdim ki, musiqi festivalı idi. Böyük konsertlərə rəhbərlik etdim. Orkestr, xor, rəqs kollektivlərinin çıxışlarına baxdım. Belə mahnı bayramının keçirilməsinin əhəmiyyətini danmaq olmaz. Musiqi əsərləri ifa olunarkən dinləyicilərin necə heyranlıqda qulaq asdıqlarına uzun, sürəkli alqışlarına, yaxşı mənada, coşğunluqlarına baxdım. Bu alqışlar stadionda keçirilən konsert günündə daha çox idi. Əlbəttə, Gəncədə mahnı bayramında mən rəhbər idim. Ona görə də onun dəyəri haqqında danışmaqda çətinlik çəkirdim. Ancaq mahnı bayramının uğurunu danmaq olmaz. Bu bayram bizim musiqi incəsənətimizin təntənəsi idi. Bayrama başlarkən mən Azərbaycanın qədim şəhəri Gəncənin poeziya, musiqi vətəni olduğunu xatırlatdım. Gəncə bizim gözlərimizin önündə qəşəng bir şəhər olub. Onun gözəlliyi haqda, onun uğuru haqda indi musiqi dili ilə danışmaq haqqımız çatır".
   
   El arasında belə bir misal var: deyirlər, filankəsin ayağı ağırdır, filankəsin əli yüngüldür. Bu misalların nə dərəcə yerli-yerində olduğunu deyə bilmərəm. Ancaq mənə elə gəlir ki, Niyazinin dirijorluğu ilə simfonik orkestrin uğurunu yada salanda istər-istəməz düşünürsən. Mayestro Niyazinin əli yüngüldür. Əbəs deyil ki, mayestro Niyazi Türkiyə məmləkətində səfərdə olarkən jurnalistlərdən biri onun barmaqlarını "oxuyan barmaqlar" adlandırmışdır. Bir qədər qəribə səslənməsin. Adama elə gəlir ki, mayestro Niyazinin barmaqları musiqi ilə doludur. Əgər bu barmaqları kiçik budaqlara bənzətsək, onun yaşıllığını qoruyan musiqidir. Budaq su içib yaşayırsa, Niyazinin barmaqları isə musiqi ilə yaşayır.
   
   Onun ifaçılığının pəxtələşdiyini, onun peşəkar, bilici dirijor olduğunu təkcə orkestrdəki ifaçılar bilmirlər. Qonşu məmləkətlərin ifaçıları Niyazinin dirijorluğu ilə çalmaq arzusunda olurlar. Ancaq bu, hamıya qismət olmur. Kim istəməz ki, belə böyük dirijorun idarəsiylə konsertdə iştirak eləsin? Mən nəyə güvənib deyirəm? Bu saat deyim.
   
   1960-cı ildə adı dillərdə gəzən cavan bir oğlan gəlib çıxdı Bakıya. Uzaq bir eldən gələn bu oğlan gözəl ifaçı Van Klaybern idi. Ən qərbəsi bu idi ki, Van Bakıya çatan kimi mayestro Niyazini soruşub. Onun dirijorluğu ilə çıxış etmək arzusunda olduğunu bildirib. Və onlar konsert də veriblər. Sonra Van Klaybern öz əksini mayestro Niyaziyə yadigar verib. Arxasında yazıb: "Gözəl Bakıda birgə konsert verdiyimiz günlərdə çəkilən bu əksimi sizə yadigar verirəm. İşdir bir də Sovetlər İttifaqına qayıtsam, Bakıda sizinlə birgə konsert vermək kaş mənə qismət olaydı".
   
   Təkcə Van Klaybern yox, onlarla başqaları Niyazinin sehrkar barmaqlarına baxıb, müxtəlif əsərləri çalmaq istəmişlər. Məşhur skripkaçı Leonid Koqan, tanınmış türk pianoçusu İdil Brett və başqaları Niyazinin dirijorluğu ilə müxtəlif bəstəkarların əsərlərini çalmışlar. Qəribədir, bu musiqi ifaçılarını, tanınmış sənətkarları nə qədər məsafələri qət edib Bakıya gətirən, Niyazinin rəhbərliyi ilə çalmağa vadar edən nədi? Şübhəsiz, mayestro Niyazinin sənətkarlığı, onun əvəzolunmaz dirijorluğu, bir də təkrar edirəm, əllərinin yüngüllüyü.
   
   Təkrar edirəm:
   
   O SSRİ xalq artisti Niyazi,
   
   O Sosialist Əməyi Qəhrəmanı Niyazi.
   
    SSRİ xalq artisti,
   
   Dövlət mükafatı laureatı,
   
   Sosialist Əməyi qəhrəmanı mayestro Niyazi!
   
   Bəs onun familiyası nədir?
   
   Biz onu familiya ilə çağırmağa adət etməmişik.
   
   Bu daha gözəl səslənir.
   
   
   
   MAESTRO NİYAZİ
   
   HAQQINDA
   
   DEYİMLƏRDƏN
   
   
   
   Şair-drammaturq Əjdər Olun "Canlı lətifələr,əhvalatlar,deyimlər" kitabından
   
   Maestro Niyazi arvadı Həcər xanımla Türkiyədə bir qonaqlıqda olarkən xidmətçi qadın onlar yaxınlaşıb Həcər xanıma içki təklif edir:
   
   -Madam,viski?
   
   Həcər xanım imtina edəndə o,rakı konyak,şərab -
   
    deyə soruşur.
   
   Niyazi dillənir:
   
   -Xanım,o,yalnız mənim qanımı içir!
   
   
   
   ***
   
   Bu da mənim maestro Niyazi haqqında eşitdiklərimdən:
   
   Ömrünün ən gözəl və ən yüksəlişdə olan çağlarında Türkiyədə konsert verməyə gedən maestro Niyazi bir dəfə konsertdən sonra bir restorana yeməyə düşür və qarsonu çağıraraq yemək sifariş eləyir.Və könlündən bir az şərab içmək keçir və qarsondan soruşur:
   
   -Əfəndim sizdə içməyə bir şey varmı?
   
   -Var, əfəndim. Siz nə istərsiniz.Çox gözəl fransız şərabımız var.
   
   Niyazi bir şüşə fransız şəarbı sifariş verir və ümid edir ki, cibində olan 100 dollar onun bütün sifarişi üçün bəs eləyəcək.
   
   Niyazi bəy yavaş-yavaş öz işində olur. Və hesabı vermək zamanı gələndə qarsonu çağırır.
   
   Qarson hesabı gətirir və hesab hardasa 150 dollar civarında olur.
   
   Maestronu heyrət bürüyür.
   
   -Əfəndim, bu nə deməkdi.Mən nə yedim, nə içdim ki, siz bu qədər hesab deyirsiniz.
   
   -Əfəndim,-deyə qarson çox nəvazişlə izah etməyə başlayır. - Bu içdiyiniz fransız idxalı Benidikdin şərabıdır və Türkiyəyə bu yaxınlarda gətirilib. Bunu hər gələn qonağa vermirik.
   
   Niyazi bəy gənc qarsona diqqətlə baxıb deyir:
   
   -Əfəndim bu Benidikdin şərabı deyil, məni yıkdın şərabıdır.
   
   Not:Biz Niyazi bəyin cavabını olduğu kimi vermirik.Yəni eşitdiymiz kimi vermirik.
   
   
   
   ***
   
   Niyazi (familiyası Tağızadə Zülfüqar oğlu Hacıbəyov). Doğulub 1912-ci ildə Tiflis şəhərində. Vəfat edib 1988-ciildə Bakıda. Azərbaycan Sovet dirijoru, bəstəkar, ictimai xadim. SSRİ xalq artisti (1959), Sosialist Əməyi Qəhrəmanı (1982), Dirijorların Ümumittifaq baxışının qalibi (1946), SSRİ Dövlət Mükafatı laureatı (1951-52), Ü.Hacıbəyov adına Dövlət mükafatı laureatı (1972), Beynəlxalq Nehru mükafatı laureatı (1974). Moskvada Qnesinlər adına musiqi texnikumunda, Leninqrad mərkəzi musiqi texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasının aspiranturasında təhsil almışdır. Azərbaycan Dövlət Simfonik orkestrinin təşkilində yaxından iştirak etmiş və fasilələrlə, 1938-ci ildən ona rəhbərlik etmişdir. Azərbaycan Opera və balet teatrında direktor işləmiş, 1961-ci ildə Leninqrad Opera və Balet Teatrının Baş dirijoru olmuşdur. Ömrünün son illərində Azərbaycan Dövlət filarmoniyasının direktoru işləmişdir.30-cu illərdə yaradıcılığa başlayıb. Azərbaycan dirijorluq məktəbinin formalaşmasında misilsiz xidməti var. Bəstəkarlıqda gözəl əsərlərin müəllifidir. Xarici ölkələrdə dəfələrlə çıxış etmiş və Tiflis şəhərinin fəxri vətəndaşı seçilmişdir.
   
   1972

TƏQVİM / ARXİV