adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

ONLARIN DüNƏNi: BiR DAHA HƏSƏN MƏMMƏDOV

TOFİQ ABDİN
18473 | 2010-10-09 06:15
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİNdən başlayıb.Onlar : sənətimizin və ədəbiyyatımızın dünəni.
   
   Dünən onlar kim idi,hardaydılar və nələr yaşayırdılar?
   
   Yeni ədəbi nəsl üçün ibratamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN insanlarının keçdiyi yol, bu gün üçün son dərəcə kərəkli və daha qabarıq görünməkdədi.
   
   Bu gün proektimizin davamı olaraq tapdaqlar altında qalan ŞUŞA və onun baş memarı Tofiq Zeynalovun DÜNƏNKİ KİMLİYİNDƏN söz açmaq istərdik.
   
   Eynən bu rubrikada daha kimlər olacaq. İzləməyə dəyər.
   
   02.11.1994-ci il. İstanbul Baş Konsulluğu
   
   "...ona görə haqqım var ki,
   
   Fransada Hollivud filialında
   
    sevimli aktyorumuz Həsən Məmmədovun şəklini görüb
   
    hönkür-hönkür ağalamışam.
   
   Kərbəlayı Müzəffər. "Ədalət" qəzeti
   
    Ədəbiyat və İncsənət əlvəsi. 21 sentyabr 2002-ci il.
   
   ***
   
   -Yenə də bu nədi, Tofiq müəllim, qurursan. Səsimi yazmaq istəyirsən?..
   
   -Yox, elə bir şey yoxdur, sadəcə bura bir də bizim əlimizə düşməz. Oturmuşuq, deyirəm fürsətdən istifadə eləyək. Mən nə zamandı Bakıda yoxam. Sən də hər zaman buralara gəlmirsən. Ona görə də düşünürəm ki, bir yadigar söhbət eləyək. Nə zamansa gərək olar.
   
   (Əvvəlcə mən Bakıda nə olub-olmadığını soruşuram və Həsən müəllim mənə elə bir xəbəri deyir ki, bu xəbərin sonradan yanlış olduğu anlaşılır və buna görə də söhbətmizin bu məqamını mən yazmağı düşünmədim. Həsən müəllim soyuqlamış bir az və iki də bir möhkəm öskürür...)
   
   ... keçirik söhbətimizə...
   
   ...bu sonuncu səfəriniz mən bilən, bir filmlə bağlıdır. Nəsə bir şey çəkirsiniz buralarda?
   
   -Doğrudu, bir film çəkirik, "Həm ticarət, həm ziyarət" adında. Ziyarət odur ki, bir nəfər gəlir Türkiyəyə, əmisi oğlunun yanına bu əmioğlunu mən oynayıram. Ticarət də odur ki, uşaqları çoxdu bura gələnin, böyük ailədi, gəlmişkən buralardan bir şeylər alıb aparmağı düşünür.
   
   -Siz o əski azərbaycanlını oynayırsınız demək. Siz çoxdandır buralarda yaşayırsınız. Sizi ziyarətə gəlirlər.
   
   -Bəli, atam vaxtilə Azərbaycandan buralara gəlmiş,əslən Şəkidəndir.
   
   -Demək siz buralarda çoxdan yaşayırsınız və əminiz oğlu sizi ziyarətə gəlib.
   
   -Arvadı ilə birlikdə gəlib. Arvad da kişini yoldan çıxarır ki, a balam, hamı gəlir, lüstür gətirən kim, nə bilim min cür şey alan kim. Gəl, biz də bir şeylər alaq... Onları da aldadırlar.
   
   -Necə yəni aldadırlar?
   
   -Elə özümüzkülər aldadır...burada əski azərilər çoxdu axı...rast gəlir birinə və ona deyirlər ki, gəl mən təşkil eləyim bir televiziyada çıxış elə...öz respublikanız haqqında bir şeylər danış. ( Həsən müəllim filmin məzmununu danışır və mən bu filmin tamaşaçılarımıza artıq tanış olduğunu düşünüb mətni tam verməkdən vaz keçirəm)... baxıram bu insanlarımıza... doludur bu Ağsaray, bu Laləli və onlardan soruşuram: nəyə gəlmisiniz bura? Mən bunun cavabını bilirəm, yəni onlar Rusiyadan gələn adamların qabağına düşürlər. Onlar bir şeylər alırlar və mağaza sahibi də bu satışdan artıq qalan bir neçə yüz deyək ki, türk lirəsini, üç-beş dolları verir onlara. Deyirəm: vallah, işiniz yox, gücünüz yox. Ata qalıb orda, ana qalıb orda, gəlib bu böyüklükdə ölkədə hansı ocağı isidəcəksniz, hansı yeri tutacıqsınız?
   
   -Həsən müəllim, sizin bu vaxta qədər türk kino yaradıcıları ilə tanışlığınız olmuşdumu?
   
   -Bir zamanlar çox yaxın olduğum insanlar var bu kino adamları arasında. Bura gələndən sonra onlardan bir neçəsi ilə görüşmək istədim. Qəbul eləmədilər. Burada kino texnikası bizimkilərdən fərqli olaraq inkişaf etmişdir.
   
   -Sizin o tanışlar dediyiniz adamlar arasında kimlər var, məsələn?
   
   -Bax, açığını deyim, Fatma Qrek var. (not: bu aktrisanın soyadı GİRİGdir. Amma Həsən müəllim, necə deyib eləcə də saxlayıram ona görə ki, bəlkə də QREK daha doğrudur) Mən kino festivallarda bir altı dəfə olmuşam, "Kinofestival Stran Azii i Afriki" xatırlarsınız, o zaman belə bir festival vardı. O festivallarda çox olmuşam. O zaman bildiyiniz kimi yollar bağlı idi və o zaman onlar bizdən əl çəkmirdilər.SSRİ dövrü idi, həqiqətən o istək, o arzu vardı. Həmin festivallarda bu Fatma Qreklə şəkillərimiz-zadımız var və mənə özü dəfələrlə demişdi ki, sən gözəl aktyorsan, səni bəlkə qonaq çağıraq. O zaman mən turist kimi gəlmişdim. Gəldim buralarda tapdım onu. Handan-hana qəbul elədi. Bir az koridorda durduq, dedim ki, mən gəldim sizi ziyarət eləyim. "Turist kimi gəlmişəm" - dedim. Baxdı və dedi: sən kimsən, mən səni tanımıram. Mən də Bakıdan xırdapara suvenir-zad gətirmişdim, hirsimdən onları da vermədim (yaxşı eləmisən). Dedi: mən səni tanımıram. Çıxdı getdi. Sonra burada bu İstiqlal küçəsində bir Feyzi adlı rejissor vardı, onunla görüşdük, qaçhaqaç, ayaqüstü bir görüş. Filmi də Çətin adında bir rejissor çəkirdi. O da Bakıda olmuşdu. Gözlərindən gördüm ki,o MƏSƏLƏ. Sakitcə dedim ki, bəs sizə mane olmayım. Xudahafis... Xudahafis.
   
   -Həsən müəllim, sizcə bu nə deməkdir? Nədən belə olmalıdı? Qanca biz eyni insanlar, əqraba bir millət, bunun səbəbi nədir? Bunlar Avropaya bir qədər yaxındılar ona görəmi bu soyuqluq baş verir?
   
   -Avropaya yaxın olmağına yaxındılar. Bizi çoxdan keçiblər. Biz hələ uşağıq və özü də bəlanın içindəyik. Amma Cumhuriyyətin 71 yaşı var. Mən şəxsən bunlarla ölçmürəm. Bununla ölçmürəm, ona görə ki, həyatda böyük sahələr var. Sənətin min cür sahəsi var. İnsan nə qədər ucalsa da, xalq nə qədər ucalsa da dostluq, qardaşlıq və inam. Heç kəs heç kəsə yük olmamaq şərtiylə təbii olmalıdır. Burda mən incə bir məsələni deyim: mən elə adam deyiləm ki, haçansa görmüşəm, bir tikə çörək yemişəm, elə yapışmalıyam yaxasından. Şəkillər çəkdirmişik o Fatmayla, həyatın xoşbəxt anları deyə bilərəm o anlara. Bütün bunlar məcburi olmayıb. Allah-tala bu aktyorları təmiz, pak yaratmalıdır, ona görə ki, xalq ona baxır, onu görür televiziyada, kinoda, teatrda. Deməli sənətdə möcüzəli bir paklık, bir təmizlik var ki, xalq bu aktyor deyilən kəslərə pərəstiş edir. Bu anlamda insanlıq itməməlidi. Bax, indi bizdəki vəziyyət bəllidir. Adam darıxır arada, oturub danışmaq istəyirsən biriylə, indi o da yoxdur. Adi bir şey xalqın sənətini birləşdirirsə o xalqın haqqında deyilən dostluq, qardaşlıq sözləri də düz gələr. Başqa cür olduğunda bir az inam itir onda. Artıq qarşılıqlı yaradıcılıq dünyanı başına alıb. Niyə görə Amerika kimi bir ölkə italyan aktyorlarını, Avropanın başqa ölkələrindən sənətkarları çağırır. İndi belə bir dilemma ortaya çıxa bilər, əgər sənətdən söhbət gedirsə: niyə bizim münasibətlərimiz daha da sıxlaşmasın, nədən bir-birimizi çağırmırıq? Mən bir şeyə fikir vermişəm: burada bəzi filmlərdə rus qızları çəkiliblər, onları o dəqiqə hiss eləmək olur. Rus qızları çoxdu burda. Biz çılpaqlıq sənətinin ardınca getmirik, biz əsil sənət tərəfindəyik.
   
   -Həsən müəllim, bizim kino ilə türk kinoları arasında bir araşdırma düşünmüsünüzmü. Yəni bizim kinomuz bunların kinolarından nə qədər fərqli dramaturgiyaya və ya sənət axımına malikdir. Hər halda siz bu işin mətbəxini bizdən yaxşı bilən bir sənətkarsınız.
   
   -Şəxsən bu türk kinosunun elə bir dövrü olub. Mən bir çox türk filmlərinə baxanda ağlamışam. Bir zamanlar türk filmlərində xalq problemini, xalqın dərdini əks etdirən neçə-neçə filmə baxmışam. Adları indi yadımdan çıxıb. Əsil sənət bax, Fatma Girikin sənətidir. Onun elə filmləri vardı ki, zağ-zağ əsirdim. Baxanda adamı soyuq tər basırdı. Böyük aktrisadır. İndi baxırsan, yox... indi tamam başqa bir yol var, başqa bir sənət var. O gün Feyziyə deyirəm ki, hardadır o filmlər, onlardan çəkin də. Bizdəki kimi buralarda da kino sənəti aşağıya doğru yuvarlanır. Biz rəhmətlik Ədilin vaxtında gözəl filmlər çəkdik.
   
   -Son illərdə nə işiniz olub?
   
   -Son illərdə heç nə, son illərdə heç nə... Yenə Rəsul sağ olsun (Rəsul Quluyev) dedi ki, o rol sənindir, sən o rolda çəkilməlisən. Onun bir dostu var, Əli Polad, bu əsərdə onun praobrazını yaradacam. Məni görüm olaraq ona oxşadıb. Və çəkiləcəm.
   
   -İstanbul haqqında nə fikirdəsən, neçənci dəfədi İstanbuldasan?
   
   -İkinci dəfədi. İlk dəfə turist olaraq gəldim, amma elə bildiyiniz turist yox, sənətçilər dəstəsilə gəlmişdim. O zaman bir o qədər yaxşı görə bilməmişdim İstanbulu. Turist kimi gəzdirdilər bir çox ümumi yerləri. İndi daha sərbəstəm, daha geniş baxa bilirəm hər şeyə. Baxıram ki, adamlar işgüzardılar, bolluqdur.
   
   -Həsən müəllim, bu Azərbaycan kinosənətinin və ümumiyyətlə sənətimizin gələcəyini necə görürsünüz?
   
   -İndi sizin də tanıdığınız Heydər Əliyev gəlib, həqiqətən onun sənətə böyük hörməti var. Azərbaycan xalqının sənətini yaşadan adamdır. O zamanlarda da biz görürdük ki, sənətimizi hansı zirvələrə qaldırmışdı. İndi başı qarışıqdı. Məncə daha çox şeylər eləyəcək və mənə elə gəlir ki, böyük bir xoşbəxtlikdir ki, gəldi bizim üçün. Mən Elçibəyin əleyhinə deyiləm. Kişini özü gətirdi. Gördü ki, öz ətrafı da pisdi. Gətirdi, amma nə problemə düşüb bilirsiniz? Bir az yaşlı adamdı. Respublikamızın çox dərin problemləri var. Təkcə torpaq məsələsi deyil. Daha başqa problemlər də var. Ən böyük vəzifələrdə işləyənlər də xalqı didir-dağıdır. Buna nə qədər dözmək olar. Hər şey göz qabağındadı, kişi gələndən gör nələr olub. Yazıq xalq neyləsin? Mən siyasətə qarışmaq istəmirəm. Söhbət sənətdən gedirsə, hər şey başlı-başınadı. Dağılıb, hər şey alt-üst olub. Bu adam gəlib kino çəkən deyil ki. Teatr düzəldən deyil ki...
   
   
   
   (Davam edəcək)

TƏQVİM / ARXİV