adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ONLARIN DüNƏNi: ŞUŞA VƏ ONUN BAŞ MEMARI TOFiQ ZEYNALOV

TOFİQ ABDİN
25521 | 2010-10-02 04:06
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİNdən başlayıb.Onlar : sənətimizin və ədəbiyyatımızın dünəni.
   
   Dünən onlar kim idi,hardaydılar və nələr yaşayırdılar?
   
   Yeni ədəbi nəsl üçün ibratamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN insanlarının keçdiyi yol, bu gün üçün son dərəcə kərəkli və daha qabarıq görünməkdədi.
   
   Bu gün proektimizin davamı olaraq tapdaqlar altında qalan ŞUŞA və onun baş memarı Tofiq Zeynalovun DÜNƏNKİ KİMLİYİNDƏN söz açmaq istərdik.
   
   Eynən bu rubrikada daha kimlər olacaq. İzləməyə dəyər.
   
   ..."Vokruq sveta" jurnalına intervyü verəndə nə şair təbiətli dövlət xadimi Qəşəm Aslanov bilirdi ki, bir neçə vaxtdan sonra onu başqa rayona göndərəcəklər, nə də onun çox sevdiyi, etibar etdiyi, bəyəndiyi, əsərlərinə heyran olduğu, yaxın köməkçisi, onun fikirlərinin ifadəçisi baş memar Tofiq Zeynalova məlum idi ki, bir neçə vaxtdan sonra o, daha baş memar olmayacaq. Başını girləmək üçün ona balaca bir emalatxanada iş verəcəklər, gələn qonağının qabağına çıxmağa belə onun sadəcə imkanı olmayacaq. Hamı - doğma Şuşada məmə deyəndən pəpə yeyənə qədər hamı onun arxasınca təəssüflə baxacaq və haqlı-haqsız: "ÖZÜ-ÖZÜNƏ ELƏDİ" - deyəcəklər. Sonra da Şuşanın mərkəzi küçələrindən birində asılmış rəssamlıq əsərlərinə baxacaqlar, tərifləyəcəklər, onu görən vaxt çağıracaqlar, soruşacaqlar bu nədi belə, ay Tofiq, nə gözəl əsərdi, necə izah olunmazdı? Sonra həmin adamlar Şuşaya gələn qonaqlarına Tofiq Zeynalovun işlədiyi, bərpa etdiyi neçə-neçə sənət əsərini göstərəcəklər.
   
   Mən Şuşada istirahət elədiyim vaxtlarda Tofiq Zeynalovla çox gəzdim, çox oturdum-durdum. Birgə çox yerlərdə olduq. Ancaq mən heç cür başa düşə bilmədim ki, nəydi bu ifadə: "özü-özünə elədi!" Əslində başa düşürdüm. Anlayırdım. Bunu mənə dedilər də. Axı nə olsun? Tofiq insandı, adamdı, onun qonaqları olub, iyirmi il müddətində katibdən tutmuş neçə-neçə sənət adamına kimi onun qonaqları olub. Onlarla oturub-durub, Şuşanın gələcəyinin sağlığına, öz işlərinin, uğurlarının sağlığına söz-söhbəti olub.
   
   Və ən maraqlısı bu idi ki, əgər onlar deyən doğru idisə, əgər hər bir şuşalı onun haqqında belə düşünürdüsə, onda həmin adamlar Şuşada heç bir iş görməyə-görməyə, daşı-daş üstə qoymaya-qoymaya, hansı haqla saysız-hesabsız dövlət tapşırıqlarını sənətkarlıqla yerinə yetirən, gözəl sənət əsərləri yaradan, dəfələrlə sərgiləri olan bu adam haqqında belə insafsızcasına fikirləşirdilər. Axı Tofiq Zeynalov Şuşanın o zamankı birinci katibi Qəşəm Aslanov yoldaşla işləyəndə də qonaq qarşılayırdı, qonaq yola salırdı. Niyə bəs onda bu gözəl sənətkarın taleyi bir insan itgisiylə yoxa çıxır? Niyə? Məgər biz Tofiq Zeynalov kimi bir memarı qiymətləndirmək üçün mütləq Qəşəm Aslanov xilqətli bir ziyalının yenidən doğulmağınımı gözləyək?
   
   Bilmirəm, bilmirəm bu suallar nədi? Özümə də aydın deyil bu çətin suallar!
   
   Mən belə qənaətə gəldim və ola bilər düz demirəm, ancaq inanıb deyirəm: Tofiq Zeynalov bundan sonra əlini ağdan-qaraya vurmayıb ömür sürsə də (mən bunu ona arzulamıram) yaşasa da, o, Şuşanın sənət tarixində də Nəvvab kimi, Natəvan kimi və başqa neçə sənət adamı kimi yaşayacaq. Yaşamalıdır. Ya gərək onun bu gözəl Şuşada yaratdığı onlarla abidələr hər hansı bir fəlakətin, (Allah eləməsin!) qeyri-adi bir hadisənin ucbatından dağılsın, ya da görünməz bir iş olsun. O, Şuşanın sənət tarixində qalacaq!
   
   Qayıdaq qəzetlərin onun haqqında yazdıqlarına.
   
   "Şuşa" qəzeti, 25 avqust, 1977-ci il. Həmin qəzetin əməkdaşı Əli Mahmud "Memar ömrü" məqaləsində yazır, "Qarşımda bir qovluq var. Bu qovluqda saralmış qəzet və jurnallarla yanaşı, diplomlar, fəxri fərmanlar var. Bunlara illərin yaddaşı da demək olar, insan ömrünün sevincli günləri də. Həmin qovluğu vərəqləyəndə elə gəlir ki, bu ya şair, ya da bəstəkar ömrunun başlanğıcıdır. Təəssüflənirsən ki, belə bir rəssamı indiyədək yaxından tanımayıblar.
   
   Onunla on ildi ki, tanışam. 1968-ci ildə evlərinə getmişdim. O zaman divardan asılmış portreti mənə göstərib demişdi ki, dünyada bundan əziz, bundan müqəddəs heç kimi yoxdur. Odlar yurdunu da, boya-başa çatdığım Şuşanı da mənə sevdirən odur. Portretini də özüm çəkmişəm.
   
   Tofiqlə hər gün görüşürük. Ancaq bu görüşlərin ünvanı müxtəlif olur: "Gəncə qapısı", "Böyük Vətən müharibəsində həlak olmuş şuşalıların xatirəsinə ucaldılmış abidə". "M.M.Vaqifin xatirə kompleksi" yay kinoteatrı, "Yeganə bulağı" ya da asma yolları tikiləcək Cıdır düzü...
   
   Dağlar qoynunda - Qarabağın amfiteatrı olan Şuşada bir memar var. Ömrünün 36-cı baharına təzəcə qədəm qoyub. Şuşa böyüyüb gözəlləşdikcə onun da ömrü çiçəklənir".
   
   Bəli, bu sözlər: "Şuşada bir memar var. Şuşa böyüyüb gözəlləşdikcə onun da ömrü çiçəklənir" Tofiq Zeynalov haqqında deyilib. 1977-ci ildə deyilib. Tofiq 36 yaşında olanda.
   
   İndi Tofiqin 46 yaşı var. İnsan ömrü aylarla, günlərlə, saatlarla təzaddadır. Və Tofiqin özünün tez-tez dediyi, Şuşanın mərkəzi küçələrindən birində açdığı sərgidəki şəkillərin ümumi adını qoyduğu "TƏZADLIDIR DÜNYAMIZ" sözləri indi onun həyatının ən bariz devizlərindən birinə çevrilib.
   
   ... Tofiq Zeynalov ata yurdunda, geniş həyətdə öz rəsmlərini yan-yana düzüb mənə göstərir. Bu maraqlı bir sərgini xatırladır. Açıq havada açılmış bir sərgini. Bu rəsm əsərlərinə baxıram. Və onların bir memarın işləri olduğuna inana bilmirəm. Və bir də inana bilmirəm ki, Tofiq Zeynalov haçansa belə ürəkdən, belə insafla, yorulmadan işləyib sulu boya ilə, akvarel əsərlər yaratsın. Portretlər çəksin. Axı o rəssam deyildi. O, memar idi.
   
   Qardaşları da burdadı. Onlar Tofiqin işlərindən ürəkləri istədiklərini seçirlər. Tofiq dillənmir. Bu dillənməməkdə mən qəribə bir itki duyuram. O, öz işlərini elə bağışlayır ki, sanki bir də heç vaxt əlinə fırça almayacaq, heç nə çəkməyəcək. Bu işləri onlara elə bağışlayır ki, sanki həmin işlərdən intiqam alır. Təəssüf eləyir ki, bu işlər Bakının sərgi salonlarına yol tapa bilmədi. Vaxtı olmadı bu işlərlə məşğul olsun. Memarlıq qoymadı. Memar bir rəssamı məhv elədi.
   
   Bir həvəskar şair itirilməli olub, şeirləri yerli Şuşa qəzetində çap olunsa da, onu şeir məclislərinə dəvət eləsələr də mərkəzi qəzetlərə heç nə göndərməyib.
   
   Bu gün baxdığımız bu rəsm əsərlərindən və başqa işlərdən ibarət bir sərgi 1984-cü ildə Şuşa mədəniyyət evində təşkil olunub.
   
   Baxıblar, bəyənəiblər və hətta...
   
   Onun əsərlərinə heyran kəsilib aradan çıxarılanı da olub! Şuşa qəzetində şeirləri ilə tez-tez çıxış eləyən şair Nizami Səmimi Tofiq Zeynalovun memarlıq abidələrinə baxandan sonra ilhamlanmış və ona bir şeir həsr etmişdir:
   
   Gördüm yaratdığın
   
   abidələri,
   
   Sənə alqış desəm, qardaş,
   
   var yeri.
   
   Elə bil Vaqifin şux surətini,
   
   Natəvan xanımın
   
   söz-söhbətini
   
   Sənin yaratdığın lövhədə
   
   gördüm.
   
   Bəlkə, bunlar hamısı olub. İndi də var. Güman eləyirəm gələcəkdə də bunlar olacaq. Və əvvəllərdə dediyim kimi bir memar tək Şuşada Tofiq Zeynalovun həyatını, ömrünü xatırladan çox-çox sənət abidələri: Böyük Vətən müharibəsində həlak olan şuşalıların xatirəsinə həsr olunmuş abidə Şuşadan gedənləri yola salır, Vaqifin ev muzeyində, məqbərəsində olursan. Vaqifin xatirə kompleksinə (büst Həyat Abdullayevanındır), "Şuşanın Topxanadan görünüşü" rəsməsərinə, bütöv qayadan yonulmuş "Uşaq xoşbəxtliyi" abidəsinə baxırsan, Şuşa-Laçın yolunun başlanğıcındakı çox gözəl və ustalıqla işlənmiş "Həyatın cığırları" dayanacağına fikir verirsən, Şuşanın girəcəyindəki "Açar" adlı memarlıq işi və sairə və sairə əsərlər, abidələr, rəsmlər, xətlər, ayrıntılar düzümündan gözlərin yorulmur. Baxdıqca baxırsan Şuşanın bu gününə.
   
   Tofiq Zeynalovun dünəninə və gələcəyinə.
   
   Bəs bugünkü Tofiq Zeynalov?
   
   İnanın mənə, inanın! Mən bax "bugünkü Tofiq Zeynalov" sözlərini yazanda qəhərləndim.
   
   Güman edirəm ki, Tofiq Zeynalov məni daha tez unudacaq, nəinki mən onu.
   
   Güman eləyirəm!
   
   Mən Şuşaya gələndə heç kəsi tanımırdım. Və məqsədim də kimdənsə, nədənsə yazmaq deyildi. Gözəl rejissorumuz Nəsir Sadıqzadənin, onun dostu, Şuşa şəhər Sovetinin keçmiş sədri Qambay müəllimin, filologiya elmləri namizədi Namiq Babayevin, jurnalist Vasif Quliyevin şirnikləndirici qeydləriylə mən Tofiq Zeynalov adlı bir sənətkarın olduğunu bildim.
   
   Və düşdüm onun dalınca. Məni bir neçə dəfə aldatsa da, görüşə geciksə də, incimədim. Düşdüm onun dalınca .
   
   Bu pritçanı - hekayəti yazdım!
   
   Şuşa-1986

TƏQVİM / ARXİV