adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

YALQIZ

ƏLÖVSƏT BƏŞİRLİ
69156 | 2012-11-21 10:15
Yox, sandığın kimi deyil!

Sən məni itirmədin.

Hər şeylə səslənirəm sənə

Xatirələrin ötəsindən...

Sərdar ÖZKAN

İşdən yorğun-arğın gəlib evinin qapısını açanda arxadan zillənən nəzərləri sövq-təbii hiss etdi. Cəld içəri girib qapını bağladı. Çiyinlərinə qəfil ağır yük düşmüş kimi səndələyib özünü divanın üstünə saldı. Nəfəsi təngidi, gözlərini yumub dərindən köksünü ötürdü. Sükut içində mürgüləyən soyuq otağın çoxdan alışdığı qeyri-adi səssizliyində qulaqları cingildədi. "Yalqız olanda qulağın cingildəyirsə, deməli, adını çəkir, söhbətini edirlər" - hələ uşaq vaxtı nənəsindən eşitdiyi sözlər yadına düşdü. Hə, yəqin kimsə xatırlayır. Kim olar, görəsən? Onu hədsiz istəyən atası dünyadan vaxtsız köçüb. Tez-tez yuxusuna girir. Görünür nigarandır balasından. Ahıl anası fikrini çəkir, namaz üstə dua edir, adı dilindən düşmür. Bir də xətrini çox istədiyi qardaşı. Külfət basıb onu, saçları vaxtsız ağarıb. Maşallah, elə bil ay parçasıdır qardaşı qızları. İllah da böyüyü, Ayteli. Lap körpəliyindən özü - bibisi əzizləyib onu. Ağlağan olduğundan qardaşı arvadı həzər eləyirdi doğma balasından. Amma bibisi nəfəs alırdı körpəylə, gecə-gündüz inqa-inqa eləyən əl boyda "möcüzəylə" ürəyi bir döyünürdü. Ananın bir-birinin ardınca "işığa gələn" balalarına başı elə qarışmışdı ki, əvvəllər hay-küyü, sonralar şaqraq gülüşü ev-eşiyi bürüyən İlkinin nə vaxt böyüyüb məktəbə getdiyindən xəbər tutmamışdı sanki. Və indi gülərüz, ağıllı-kamallı Aytel, onu boya-başa çatdıran bibisinə "ana" deyirdi. Fərəhindən ürəyi uçunan Çiçək aspiranturaya qəbul olunduqdan sonra Bakıya yola düşəndə güclə ovundurmuşdu onu. Söz vermişdi ki, kənddə orta məktəbi qurtaran kimi Ayteli şəhərə öz yanına aparacaq...g

İndi sükuta qərq olan, hələ işığını yandırmağa macal tapmadığı bu alaqaranlıq otaqda ona elə gəldi ki, al yanaqlı Aytelini görür, doğma, şirin-şəkər səsini eşidir: "Yayda məktəbi qurtarıb gələcəyəm yanına, ana!"

Yaşa dolsa da, hələ gənclik təravətini hifz edən Çiçək köksünü ötürdü. Gözləri doldu, yanaqları islandı. "Ana" sözü qulaqlarında səslənəndə həmişə kövrəlirdi. Və bir də onu... gözlərində ürəyi görünən, dilindən "qıfıl asılan" qonşu oğlanı xatırlayanda. On il bir məktəbdə, bir sinifdə oxumuşdular. Toğrul anadan riyaziyyatçı doğulmuşdu elə bil. Bunu müəllim də deyirdi, uşaqlar da. Ancaq elə bir danışıq qabiliyyəti, nitqi yox idi. Müəllimin suallarına cavab verəndə dili topuq vururdu. Gəl ki ən çətin misalı, məsələni az qala bir göz qırpımında həll edir, sonra da müəllimin, yoldaşlarının "gözünü oğurlayıb" əl altdan Çiçəyə ötürürdü. Qonşu qız da borclu qalmırdı, ədəbiyyatdan inşa yazanda kömək edirdi ona. Çiçək dilli-dilavər idi. Kitab əlindən düşmür, mütaliəsiz keçinmirdi. Oxuduqlarını həvəslə, maraqla, yerli-yerində Toğrula danışırdı. O da diqqətlə qulaq asır, gözlərini qıza dikib qalırdı. Çiçək evlərinə çatıb həyət qapısının kandarında sağollaşmaq istəyəndə nitqi tutulurdu elə bil. Ona nüfuz edən gözlər çaşdırırdı qızı. Tələm-tələsik qapını çəkib həyətdən şüşəbəndli eyvana qalxırdı. Və oradan, şüşəbəndin arxasına qısılıb oğrun-oğrun baxanda, hələ də dayanıb gözlərini qapıdan çəkməyən qonşu oğlanın fikrə getdiyini görürdü...

"Bilirəm nə fikirləşirsən, gözlərin deyib mənə. Bəs dilin? Danış, de də, bircə kəlmə sözə nə var ki. Kaş mən sənin yerinə olaydım. Axı, oğlan deməlidi sözünü... kişi kimi. Zarafat deyil, doqquzda oxuyuruq, gələn il qurtarırıq məktəbi. Sonra... bilirəm sən riyaziyyatçı olacaqsan, mən də ədəbiyyatçı. Oxuduqlarımı yenə sənə danışacağam, o qıfıllı dilinin açarını tapacağam. Bir dayan, gör səni necə sevə..."

Birdən cərəyan vurmuş kimi qız durduğu yerdə qıvrıldı. Ürəyindən keçənlər beynində qırılıb qaldı. Ona elə gəldi ki, düşündüklərini dilinə gətirib özü də bilmədən ucadan səsləndi və oğlan da eşitdi. Xəcalətindən qızardı... Sonra özünü toplayıb həyət qapısına sarı boylandı. Və sinədolusu köks ötürdü. Yoox, Toğrul heç nə eşitməmişdi, həmişəki kimi fikirli halda qonşu qapısından uzaqlaşmışdı...

O, ötüb-keçənləri xatırladıqca həyatının ən unudulmaz çağları gözləri önündə sanki dumana bürünürdü. Bu, xatirələrin göz yaşları idi. Nisgilli duyğulardan ürəyi köksünə sığmırdı.

Kəndlərində orta məktəbi bitirən gün necə də sevinirdi. Deyib gülür, dilboğaza qoymur, arzularından danışırdı Toğrula. O, gözlərini qızın alışıb yanan yanaqlarına zilləyib adəti üzrə dinib danışmadan sakitcə qulaq asırdı. Həmin gün özünü bəxtəvər sanan qız bilmirdi ki, "dili qıfıllı qonşu oğlan"ı bir daha görməyəcək. Ertəsi gün atası onu riyaziyyat müəlliminin məsləhətilə Moskvaya aparacaq, Toğrul ölkənin ən məşhur, nüfuzlu universitetinə qəbul olunacaq. Bir qədər sonra yer kürəsinin altıda bir hissəsini əhatə edən nəhəng ərazi sanki çalxalanacaq, zaman-dövran büsbütün dəyişəcək. Qonşu oğlanın sorağı xarici ölkələrdən, mötəbər elmi mərkəzlərdən gələcək, dəyərli riyaziyyatçı alim kimi şöhrətlənəcək o.

İnterneti müntəzəm izləyən, bayramlarda təbriklər göndərib qarşılıqlı səmimi mesajlar alan Çiçək riyaziyyatçıların beynəlxalq müsabiqəsində Toğrulun qalib gəldiyini biləndə sevincindən sanki quş kimi qanadlandı. Ancaq o qanadlar az sonra qırıldı...

"Həmyerlimiz görkəmli riyaziyyatçı alim Toğrul Azəroğlu ailəsi ilə birlikdə..."

Ardını oxuya bilmədi, göz yaşı ekranı dumana bürüdü.

"Ailəsi ilə birlikdə..." Qəlbini titrədən, ağlına gəlməyən, heç vəchlə gözləmədiyi bu xəbər onu sanki şirin yuxudan, xəyallar aləmindən ayıltdı, yalnız özünə məhrəm romantik düşüncələrinin ənginliyindən yerə endirdi. Və rəngsiz, boyasız real həyatın sərt gerçəkliyi ilə üzbəüz qoydu hədsiz sevgi dolu pak qız qəlbini.

"Demək ailəsi varmış", - düşündü və sanki qeyri-müəyyənlikdən çıxıb yüngülləşdi elə bil. Sonra ürəyindən keçənləri dilinə gətirdi: "Təki xoşbəxt olsun".

Dərin köks ötürüb, öz-özünə pıçıldadı: "Qisməti beləymiş yəqin, Allah bəxtəvər eləsin". Otağın buz sükutunu pozan pıçıltısının sonucunda anasının kövrək, məhrəm səsini eşitdi sanki: "Allah ürəyinə görə versin, qızım, sənin də bəxtinin qapısını açsın. Tay-tuşların kimi öz ev-eşiyin, ailən olsun, inşallah. Vaxtın keçir, balam, mən də qocalıb əldən düşürəm, sənin o gününü gözləyirəm".

"Vaxtın keçir..." İlahi, illər hara uçdu, nə tez yaşa doldu o, məəttəl qalmışdı lap. Bircə təsəllisi vardı: ali təhsil almışdı, müdafiə etmişdi, elmi dərəcəsi, adı-sanı, hörməti-izzəti öz yerində. Tədqiq-tədris etdiyi ixtisas fənninin bilicisi, tələbələrinin sevimlisi, ürəkdən bağlandığı sənətinin, işinin vurğunu idi. Vaxtın necə keçdiyindən xəbər tutmaz, tez-tez saatına baxıb harasa tələsənlərə pəsənd eləməz, qaş qaralanda sükut içində mürgüləyən, kitab rəflərinin sıralanıb tavana dirəndiyi soyuq otağının qapısını açardı...

Neçə illərdi beləcə davam edirdi. Elə bu gün də həmişəki kimi. Yox, bu gün elə deyildi, adət etdiyindən fərqli idi, çox fərqli. Zahirdə ətrafdakılara hiss etdirməsə də, içi qaynayırdı, ürəyi od tutub yanırdı elə bil. Özünü o ki var qınayır, sanki üstünə hücum edən suallara cavab tapa bilmirdi. Axı, niyə belədir: həmdəmi, ömür-gün yoldaşı, ailəsi yoxdur, tək-tənha, yalqız qalıb. Ona gözlərini zilləyib sözünü deyə bilməyənin dilini açmaq istəmişdi, amma bacarmamışdı, üstəlik öz bəxtinin, taleyinin açarını itirmişdi. Nə qədər "oduna yanan"ı, abırına bükülüb üstünə minnətçi göndərəni, mərdi-mərdanə sözünü şax üzünə deyəni saya salmamışdı.

İndi səssiz-səmirsiz otağında yalqızlığın buz nəfəsi üşüdürdü onu.

Birdən bayırdan səs gəldi. Deyəsən qonşular mübahisə edirdilər. Kövrək, sakit səsli Ayna arvad adəti xilafına ucadan, əsəbi danışırdı. Sonra sakitlik oldu. Qapının zəngi çalındı. Gözlükdən baxanda xətrini çox istədiyi Ayna nənəni gördu. Qapını açıb salam verdi.

- Əleyküməssalam, bala. Bıy, başına dönüm, işığını niyə yandırmamısan?

Ahıl qonşusu cavab gözləmədən elə kandardaca qanrılıb düyməni basdı. Çiçəyin alaqaranlığa öyrəşən gözləri otağa dolan gur işıqdan qamaşdı:

- İşıqlığa çıxasan, Ayna nənə!

- Bəxtin işıqlı olsun, qızım!.. Bəs evin niyə soyuqdur belə? Təzədəm çayım var, gətirim, iç, isti olsun sənə.

Həlimxasiyyət, həssas, uzaq kənddə onun fikrini çəkən qoca anasına oxşayan qonşusunun qayğıkeşliyi Çiçəyi duyğulandırdı:

- Sən heç narahat olma, Ayna nənə, - deyə əl-ayağa düşdü. Otağın böy-ründə qapısı açıq kiçik mətbəxə keçib qazı yandırdı, çaydanı odun üstünə qoydu. Sonra qayıdıb onunla üzbəüz oturdu:

- Səsin gəlirdi qonşudan, nə olmuşdu ki?

- Daha nə olacaq? - od götürdü elə bil qarını,- Elə bilirsən görmədim sənə əyri-əyri baxanı? Hövsələmi basdım, gözlədim, arvadı evə gələn kimi kəsdim qabağını, o ki var dedim sözümü, kişisini də peşman elədim. Dedim ayıbdır, qonşuya pis gözlə baxma, xanım-xatın arvadından, qız-gəlinindən abır-həya elə.

Ayna nənə birdən səsini qısıb sirr açırmış kimi başını Çiçəyə sarı əyərək az qala pıçıldadı:

- Mən bu yaşıma çatmışam, arvadından çəkən beləsini görməmişəm hələ. Kişinin üzü yumurta sarısına döndü. İstəmədim mərəkələrini eşidəm, qapılarından çəkdim ayağımı. Gəldim sənə deyim ki, narahat olmayasan.

- Qanım qaralsa da, narahat deyiləm. Çünki beləsinə nə salam verirəm, nə də salamını alıram, heç üzünə baxmıram.

- Əcəb eləyirsən, neçə ilin qonşusuyuq, özüm şahidəm. Sənin kimi əli-ayağı düz, namuslu, qeyrətlisini az görmüşəm, çox az. Mən bildiyimi deyirəm, heç kimin babalını yumuram.

Çiçək mətbəxə keçib qaynayan çaydanı odun üstündən götürdü, fincan boyda çaynikə quru çay töküb dəmə qoydu. Az sonra iki armudu stəkana süzüb düm ağ süfrə saldığı masanın üstünə düzdü.

- A qızım, nə zəhmət çəkirsən, bir az var içmişəm.

Çiçək ərklə:

- İçmisən, birini də mənimlə içərsən, özü də təzə mürəbbəynən, - dedi, mürəbbə qabını süfrəyə qoyub sözünü tamamladı, - bunu kənddən qardaşım qızı Aytel göndərib. Keçən dəfə yanıma gələndə görmüsən onu...

- Həə... yadıma düşdü, Allah saxlamış gözəl-göyçək, çox mehriban baladır. Yaman mehrini salıb, ana deyir sənə.

- Körpə vaxtı mən baxmışam ona. Yayda məktəbi qurtaran kimi yanıma gətirəcəyəm.

Ayna arvad onun dilindən heç vaxt eşitmədiyi sözləri nəmli gözlərindən oxudu: "Daha tək qalmayacağam, yalqız olmayacağam".

Həyatının dolayları üzünün qırışlarında naxışlanan Ayna nənə ömrünün qürub çağında qonşuluq etdiyi, doğması, əzizi kimi isnişdiyi Çiçəyi yaxşı tanıyırdı: ismətli, qürurlu idi, özünü sındırmırdı, dərd-sərini içində saxlayırdı. Heç vaxt bəxtindən, təkliyindən şikayətlənmirdi. Ancaq son vaxtlar ümidini itirmiş, ürəyi qırılmış kimi görünürdü. Ayna arvada belə gəlirdi. Bəlkə o, səhv edirdi. Yaşı ötmüş köhnə fikirli adamdır, indiki cavanları anlamaq onun üçün asan deyil. Odur ki, xətrini istədiyi cavan, subay qonşusu ilə ehtiyatla davranır, onun qəlbinə dəyə bilən kəlməni dilinə gətirmirdi. Həmişə həlim, mülayim danışır, söhbəti axarına salırdı.

İndi də onun sözünə qüvvət verib:

- Yaxşı eləyirsən, - dedi,- gətir yanına, oxutdur, öz balan kimi hayanın olsun.

Çiçəyin yanaqları qızardı, yaraşıqlı üzü işıqlandı. Ayna arvad xoşhal oldu:

- Mənim canım kiçik nəvəmdədir. O da əl çəkmir, hayan olur mənə. Hərdən öz-özümə fikirləşirəm: İlahi, qüdrətinə qurban olum, ahıl yaşımda eşq bəxş eləmisən mənə, nəvəmin məhəbbətini; yaşaya bilmirəm onsuz, nəfəs alıram onunla,- əlini quru sinəsinə qoydu, - bax, ürəyimin döyüntüsündən bilirəm ki, harda olsa gələcək, "nənə, haradasan?" - deyə haray salacaq.

Ayna nənə nəfəsini dərdi, maraqla ona qulaq asan Çiçəyə zənnlə baxıb:

- Qızım, məhəbbət nəyə deyirsən, elə belə olur da! - deyə zarafatından xoşhal kimi gülümsədi.

Ayna nənənin məzəli tərzdə dediyi sözlərə Çiçək gözləri yaşarınca gülüb uğundu.

- Allah köməyin olsun, nə yaxşı gəldin, yaman dedin ha, - deyib Ayna nənəyə baxanda onun susub fikrə getdiyini gördü. İşığı avazıyan batıq gözləri yol çəkirdi. Qadının əhvalının birdən-birə dəyişməsi Çiçəyi təəccübləndirdi. Sual dolu baxışların cavabını yayındırmaq istəyən Ayna nənə dərindən ah çəkib:

- Heç, qızım, - dedi, - elə bir şey deyil. Birdən fikir aldı məni apardı uzaqlara, olub keçənlərə.

Araya sükut çökdü. Sonra özü-özünü qınayırmış kimi başını aşağı salıb söyləndi:

- Nəyim əskikdir, öbvladlarım, nəvələrim, bu gün-sabah nəticəm olacaq inşallah.

Başını qaldırıb ona qəribə nəzərlərlə baxan Çiçəyi ilk dəfə görürmüş kimi diqqətlə süzdü:

- Sən cavansan, məni başa düşə bilməzsən hələ. Elə ki, yaşa dolub ahıllaşdın, məəttəl qalırsan: hər şeyin var, evin uşaqlarla dolub-boşalır, Tanrına şükür edirsən. Ancaq öz içində yalqızsan, görürsən yarımçıqsan elə bil, yoxdur ömür-gün sirdaşı, kişi nəfəsi... quruca nəfəs.

Eşitdiyi sözlər Çiçəyi yaman təsirləndirdi. Hiss etdi ki, Ayna arvad özündən danışsa da, onun "bostanına daş atır".

O, düm ağ, ipək kimi yumşaq əlini qarının göy damarları görünən arıq əlinin üstünə ehmalca qoydu:

- Anam da sən deyəni deyir, kəndə gedəndə əl çəkmir, and-aman eləyir.

- Düz eləyir, qızım, mən də anayam, nənəyəm, başa düşürəm onu. Böyük deyən sözü göyərt vaxtında, sonra gec olur, iş işdən keçir.

Araya ağır sükut çökdü. Çiçək günahkar kimi başını aşağı salıb, gözlərini yerə dikdi. Elə bil ağ, yaraşıqlı boynu, zərif çiyinləri gözəgörünməz yük altında gərilir, ürəyi sıxılırdı.

Gözaltı ona baxan Ayna arvad narahat oldu:

- Ağrın alım, qadan-balan gəlsin mənə. Birdən sözüm qəlbinə dəyər, inciyərsən ha...

- Yox, niyə inciyirəm ki, bilirəm xətrimi istədiyindən deyirsən. Yaxınlar, ərki çatanlar da eşitdirirlər mənə. Heç bilmirəm nə cavab verim, ürək süfrə deyil axı, açıb sərəsən, - əlini sinəsinə qoyub ürəyinin üstündə saxladı, - vallah bacara bilmirəm bununla, od tutub yanır içimdə, özüm də özümü danlayıram.

Gözləri doldu. Onun saflığı, ürəkaçıqlığı, səmimi etirafı ahıl qadını köv-rəltdi:

- Hə, könül məsələsi müşkül işdir, ürəyi məcbur eləmək olmur.

O, susub nəyisə içində götür-qoy elədi. Çaşqın halda Çiçəyə baxdı. Nə desin, necə desin ki, cavanlığı ilə vidalaşmaqda olan, ancaq dünənindən ayrıla bilməyən, hələ də gənclik təravətini itirməyən gözəl qonşusunun ürəyinə dəyməsin, sözü ağlına batsın.

- Ancaq yaş da ötür axı, - fikrində dolaşan sözlər dilindən çıxdı və qeyri-iradi olaraq onu diqqətlə süzdü. Özü də məəttəl qaldı: yaşa dolan qızın saçına düşən dəni, yaraşıqlı üzündə "gizlənən" xırdaca qırışı necə seçdi? Ona zillənən baxışlardan yanaqları allanan Çiçək Ayna arvadın sözlərini elə bil uzaqdan eşitdi:

- Adam inana bilmir vaxtın tez keçməyinə, yaşının ötməyinə. Bir də baxıb görür ki, iş işdən keçib. Hamının evi-eşiyi, ailəsi, uşaqları. Bircə o, tək qalıb, yalqız olub... Bağışla, xətrinə dəyməsin, qızım. Mən bu sözləri dünən böyük oğlumun qaynına demişəm. Səndən 3-4 yaş böyük ola-olmaya. Ağıllı, savadlı, sənin kimi dərs deyir tələbələrə. Tay-tuşları çoxdan evlənib. Bu subaydır, özünün deməyi arayıb-axtarır hələ.

Ani olaraq susub, sonra sakit, yalvarış dolu kövrək səslə Çiçəyə üz tutdu:

- Sən Allah bağışla, qızım. Bir işdi eləmişəm, sənin barəndə ona danışmışam. Özüm də məəttəl qalmışam, o səni tanıyır, bəyənir, ancaq sözünü deyə bilmir. Deyir ki, onu istəyənlər olsa da, heç kimə məhəl qoymur.

Ayna arvad elə bil təngnəfəs oldu. Dərindən köksünü ötürüb sözünü tamamladı:

- Mən də çox fikirləşmişəm, götür-qoy eləmişəm. Axır ki, özümü cəmləyib sənə deyirəm. Əgər ikinizi də tanımasaydım, bir-birinizə layiq bilməsəydim, heç üstünü vurmazdım. Ancaq insafım rəva bilmədi, dedim sözümü ona da, sənə də. İndi fikirləş, düşün-daşın, bir qərara gəl özün.

Yalqız qalanda gözləri dolub yanaqları islanan qızın indi yaraşıqlı çöhrəsi puçur-puçur tər içində idi.

Birdən ikisi də səksəndi. Qonşu qapı döyüldü. Sonra qız uşağının səsi gəldi:

- Nənə, ay nənə!..

Ayna nənənin üzü işıqlandı. Yaşına rəğmən cəld yerindən qalxdı. Çiçəklə sağollaşıb qapını açdı:

- Nənə sənə qurban, burdayam, Çiçək xalanın yanında, gözlə gəlirəm.

Otaqdan çıxıb arxasınca qapını örtmək istəyəndə qanrılıb Çiçəyə zənnlə baxdı. Və nəzərlərini ona zilləyən qızın qoşa ulduz kimi işıqlı ala gözlərində bir ümid gördü elə bil...

Əlövsət Bəşirli

TƏQVİM / ARXİV