adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Xoşbəxtliyə təhrik etmə...

SAMİRƏ ƏŞRƏF
43178 | 2014-02-22 06:46
Bir dəfə rəhmətlik Şəfiqə Axundova haqqında verlişə baxmışdım. Verliş bəstəkarın yaradıcılığından bəhs olunurdu. Sonra necə oldusa, Şəfiqə xanım oğlu Talehi təqdim etdi. Taleh xəstəhal olsa da, pianoda çox gözəl və peşəkarcasına mahnı da ifa elədi. O, pianoda çalarakən Şəfiqə xanım kövrək baxışları ilə arxası ona tərfə oturan oğlunu tumarlayırdı. Qadının gözlərindən həm sevinc, həm də kədər yaşları axırdı.
Sevinc ona görə idi ki, bu cür istedadlı bir bəstəkarın oğlu da anası kimi istedadlı idi. Kədər isə tamam başqa idi. Çünki, Taleh xəstəydi. Həm də ümidsiz xəstə...
Sonralar Şəfiqə xanımı hansı kadrda görürdümsə, Talehi və onun piano üzərində ikiqat olunmuş zəif vücudunu, bir də böyük qadının, ananın dözülməz kədərini xatırlayırdım.
Çox vaxtı sənətin içində olan qadınlar hər şeylərini səhnəyə, musiqiyə, kinoya qurban verdiklərini deyirlər. Əslində isə onlar öz ailə həyatlarını və yaxud da şəxsi həyatlarını məşhurluğa qurban verdiklərini desələr məncə daha doğru olar.
Şəfiqə xanım, isə ailəsini sənətə qurban verən qadınlardan deyildi. O, çox da gözəl olmayan, adi, evdar qadın görünüşünə malik idi. Amma bunun əvəzində çox böyük istedadı və sənəti üçün çəkdiyi zəməti vardı. Həmin zəhmətin hesabına yüzlərlə gözəl mahnılar yaranmışdı.
Sonralar bildim ki, Şəfiqə xanımın oğlu ruhi xəstəxanaların birində xərçəng xəstəliyindən dünyasını dəyişib. Taleyin Talehə qurduğu dəhşətli oyun. Xərçəng xəstəliyi və ruhi xəstəxana... Çox dəhşətli iki xəstəlik onun ömrünü yarıda qırmışdı. Talehin ölümün xeyli vaxt anasından gizlətmişdilər. Çünki o, özü də xəstə idi. Sonralar bu xəbəri ona alışdıra -alışdıra bildirmişdilər. Bir dəfə müsahibələrinin birində Şəfiqə xanım oğlu haqqında belə demişdi.
"Həyat gözəldi. Hərənin öz qisməti var. Mənim də bir oğlum vardı. Elə gözəl çalırdı ki. Çox gözəl çalırdı. Nə bilim, Talehin qisməti heç kəsdən asılı deyildi. Onun da həyatı belə imiş".
Bu iki məşhur ana və balanı mənə xeyli vaxtdı yolda rastlaşdığım gənc qadın və onun əlil olan məktəbli oğlu xatırlatmışdı.
Həmin qadını mən demək olar ki, hər gün görürəm. Otuz yaşlarında olan bu qadın olduqca gözəl və yaraşıqlıdı. Amma bütün gözəlliyi ilə də yanaşı simasında dərin kədər və çəlimsizlik var. Onun oğlu ayaqlarında və nitqində qüsuru olduğundan heç kimin köməyi olmadan sərbəst yeriməyi bacarmır, fikirlərini düzgün ifadə edə bilmir..
Qadın hər gün işə gedirmiş kimi geyinib oğlu ilə birgə məktəbə gəlir. Dərs vaxtı onunla yanaşı əyləşib, ayaqyoluna, bufetə də özüb aparıb gətirərdi. Təsəvvür edirsinizmi, bütün ömrünü, gəncliyini xəstə övladına qurban etmiş bir ana özünü bütün dünya gözəlliklərindən məhrum etməyi bacarır. Qadınlar danışırdı ki, bir dəfə müəllimələrdən kimsə ona dünyaya ikinci övlad da gətirməyi məsləhət görüblər. O, isə bu məsləhətdən bərk qəzəblənib ağlayıbmış.
Necə qəddar insanlar var ilahi. Bir ananın bütün ömrünü həsr etdiyi övladının nə vaxtsa, öləcəyini eyham vurub dəhşətli məsləhətlər vermək. Bu cür düşünülməmiş söhbətlər insanın bütün ümidlərini məhv edir. Halbuki həmin gənc qadın oğlunun gələcəyinə, onun savadlı insan olacağına inanıb min bir zəhmətə qatlaşır.
Keçmişdə müharibədən qara kağızlar gələndə belə analar öz oğullarının ölümünə inanmayıb müharibə bitdikdən sonra da illərlə oğlanlarının sağ-salamat geri qayıdacağını gözləyirmişlər. Bu cür qadınlar isə ən müqəddəs insanlardılar.
Ötən günlərdə cinsi özgürlüyü ucbatından anası tərəfindən rədd edilən, sonra isə intihar edən İsa Şahmarlının anasını isə mən heç vaxt ana alandıra bilmərəm. Hətta o qadına nifrət edirəm desəm fikrimi çatdırmaq daha asan olar. Çünki valideyn, xüsusilə ana övladını hər bir qüsurları, pisi və yaxşısı ilə qəbul etməyi bacarmalıdı. Əgər on yeddi yaşlı övlad homoseksualdırsa onu qonşuları, qohumları rahat olsun deyə övladlıqdan rədd etmək ən ağır cinayətə bərabərdi. Necə ki, həmin cinayət baş verdi...
Bir dəfə lap çoxdan "Ağır roman" adlı bir türk filminə baxmışdım. Filmdə homoseksual meyilli oğlunun əzab çəkdiyini görən ana öz əlləri ilə oğlunu qadın qılığına salır, saçlarını, dırnaqlarını boyayıb ona köməklik edir. Bununla da ana oğlunu olduğu kimi qəbul edib onun yaşamağına, kütlə tərəfindən məhv edilməməsinə kömək edir.
Bu qədər fərqli amma ortaq məramları həqiqi övlad sevgisi olan analardan söz salmaqda məqsədim bütün anaları övladlarını olduğu kimi qəbul edib sevməyə təhrik etməkdi. Əmin olun ki, bu təhrikim sizi xöşbəxtliyə çatdıracaq.

Samirə Mirəşrəf

TƏQVİM / ARXİV