Biləcəri yolunda qatar düz gedir...

ETİBAR CƏBRAYILOĞLU
118942 | 2014-02-22 06:34
AFFA- el dilində desək, futbol nazirliyi və PFL- yəni futbol liqamızın peşəkarlığına çalışan baş idarə "Neftçi"ni çempion olmağa qoymur. Hər iki təşkilatın rəhbərləri, lap elə sıravi işçiləri də bir yerə yığışıb and içərək əhdi-peyman bağlayıblar. Deyiblər ki, bu mövsüm "Neftçi" çempion olmamalıdı. Sözün düzü, onlar əhdi-peyman bağlayanda həmin vaxt AFFA-da- el dilində desək, futbol nazirliyinin binasında olmamışam. PFL- yəni futbol liqamızın peşəkarlığına çalışan baş idarənin həmin binada yerləşən otaqlarına dinləmə aparatı-filan qoymamışam. Amma dəqiq bilirəm ki, belə bir andiçmə mərasimi olub.
Rəhmətlik Üzeyir bəy sağ olsaydı, İntellegent Həsən bəyin adından yazardı ki, bunu bilmək üçün Cənubi Afrika Respublikasına gedib televizorda "Barselona"- "Real" derbisinə baxmağa ehtiyac yoxdu. Hər şey elə buralardan da aydın görünür. Qobustan qayalarının təməlqoyma mərasimi olandan ta bu günə kimi yuxarıların əli hər yerə çatıb. İndi də futbolumuza rəhbərlik edənlər paytaxtın Nobel prospektində oturub "Neftçi"nin formasından dartır, klubun növbəti çempionluğuna mane olurlar. "Neftçi" hara gedirsə orda bir problem ortaya çıxır. Daha doğrusu, problemi ortaya çıxarırlar. "Böyük oyun"da böyük maneçilik olur, xırda-para oyunlarda xırda-para maneçilik.
"Neftçi" Lənkərana çatan kimi avtobusu Naməlum Uçan Obyekt- el dilində desək, uçan boşqabların hücumçuna məruz qalır. "Xəzər Lənkəran"la oyun başlar-başlamaz AFFA İlə PFL-in planı işə düşür-stadionu duman bürüyür. Öz aramızdı, necə olur ki, elə həmin gün Zaqatalada keçirilən "Simurq"- "Bakı" matçında stadiona duman gəlmir? Zaqatala başqa ölkənin şəhəridi?
"Bakı"- "Neftçi" oyununa nə sözünüz? Biləcəridəki oyuna televizordan baxanda nə görsəm yaxşıdı? Saşa Stamenkoviçin qoruduğu qapının arxasından qatar keçir. Özü də yük qatarı. İndi AFFA-da və PFL-də çalışan dostlarımız başlayacaqlar təkzib verməyə, etiraz eləməyə. Deyəcəklər ki, Biləcəridən qatar keçər də... Bunun nəyi təkzib oldu ki? Mən də bilirəm e Biləcəridən qatar keçər, Biləcərini tanımıram bəyəm? 1986-cı ildə hərbi xidmətə Biləcəridən getmişəm də.
Əgər həqiqətən də AFFA və PFL "Neftçi"yə qarşı birləşməyibsə, niyə həmin gün "Qarabağ" "AZAL"ı paytaxtın mərkəzində - "Gənclik" tərəfdə qəbul edir, "Neftçi" isə Biləcəriyə göndərilir? Necə olur ki, "Neftçi"nin oyununda qatar yerin üstündən "Qarabağ"ın görüşündə isə yerin altından-metrodan gedir? Buy faktın özü "Neftçi"nin futbolçularına təzyiq göstərmək anlamına gəlmir? Gəlir, əlbəttə, gəlir.
Ağdam klubunun adı bu yazıya göydən gəlib düşmədi. AFFA və PFL bu mövsüm "Qarabağ"ı çempion etmək istəyirlər. Ona görə də "Neftçi"yə mane olurlar. Xalqımız neçə aylardı ki, "Neftçi"yə xüsusi status verilməsi üçün həm AFFA- yəni futbol nazirliyimiz, həm də PFL-el dilində desək, futbol liqamızın peşəkarlığına çalışan qurum qarşısında məsələ qaldırır. "Neftçi" ötən mövsüm futbolumuzu Avroliqanın qrup mərhələsində təmsil etdiyindən ona ayrıca bir status verilməlidi. Status verilsə, hamı- hakimlər də, rəqib klublar da, elə azarkeşlər də öz işini qabaqcadan bilər. Hakimlərin nə ixtiyarı var ki, "Neftçi"nin ötən il Avroliqanın qrup mərhələsində meydana çıxmış oyunçusuna kart versin? "Simurq" komandasının nə ixtiyarı var ki, "Neftçi"nin qapısına tərəf iki forvardla hücuma keçsin? Astarada yaşayan azarkeş "Xəzər Lənkəran" "Neftçi"nin qapısından top keçirəndə hansı əsasla sevinməlidi? Birincisi, Astaranın bizim premyerliqada komandası yoxdu. İkincisi, həmin azarkeş "Xəzər Lənkəran"ı belə çox istəyirsə, elə gedib Lənkəranda yaşasın da.
Çox təəssüf ki, AFFA və PFL "Neftçi"yə belə bir status verməkdən imtina edirlər. Hamısı da "Qarabağ"a görədi. Bu üzdən də xalq komandasının təxminən 357 azarkeşi sonuncu turda "İnter"lə keçirilən matçda narahat görünürdülər.
AFFA- el dilində desək, futbol nazirliyimiz və PFL-yəni futbol liqamızın peşəkarlığına çalışan baş idarə and içərək əhdi-peyman bağlayıblar ki, bu mövsüm "Neftçi" yox, hökmən "Qarabağ" çempion olmalıdı. Mən də bu gündən and içirəm. "Neftçi"nin əleyhinə yönələn bu plan həyat keçsə AFFA və PFL yerləşən Nobel prospektinin mərkəzində özümü yandıracam...

Etibar Cəbrayıloğlu

TƏQVİM / ARXİV