GÜN KEÇDİ...

FAİQ QİSMƏTOĞLU
29468 | 2014-02-22 06:30
... İllər uzunu yaşayırsan, ömrü başa vurursan və bir də görürsən ki, Əzrayıl yapışdı sənin yaxandan. Əzrayıl yaxandan yapışanda bir aşağı baxırsan, bir də yuxarı. Aşağıda keçmişin qalır, yuxarıda isə heç bir şey görmürsən. Əllərin titrəyir, dodaqların əsir, gözün səyriyir və ürəyinə qəm sel kimi gəlir. Odla su arasında qala-qala dönüb keçmişinin "yanan günlərini" xatırlayırsan...
Elə ki, keçmişində yaxşıları, xoş anları və yadda qalan məqamları yada sala bilirsənsə, onda ürəyin bir balaca toxdayır. Vay o halına ki, 60 il, 70 il və bəzən də 90 il yaşayasan, ötən günlərindən bir şey qalmaya. Bax, onda ötən günlərin və itmiş anların xatirəsi səni sümüyünə qədər, iliyinə qədər yandıracaq. Özün də bilməyəcəksən ki, yanan sümüyün və yanan iliyin nə vaxt soyuyacaq. Biz tərəflərdə ömrünü bada verən və mənasız yaşayan insanlar haqqında belə bir deyim var: "Papağı günə yandırmısan". Bu da o deməkdir ki, yaşadığın o uzun illərdən sənə bir damcı da bir şey qalmayıb. Nə iş görə bilmisən, nə ev tikmisən, nə övlad böyütmüsən, nə də nəvə-nəticə sahibi olmusan. Elə hamı sənə qabiliyyətsiz və bacarıqsız insan kimi yuxarıdan aşağı baxıb...
... Başın açılanda o dəqiqə qaçmısan ya kafeyə, ya da yeməkxanaya ki, boğazını yaşlayan, kefin kökələ. Elə ki boğazını yaşladın, elə ki yüz qram vurdun, bax, onda şirə dönürdün. Gözündə dünya fındıq boyda görünürdü. Hətta evdəki böyüklərini, ailəni, uşaqlarını belə yada salmırdın. Yadına düşən səhər-səhər Rəşidin yeməkxanasındakı xaş olurdu. Xaşla araq və badımcan şorabası sənin dediyinə görə, yaxşı gedirdi axı. 70-80 ildə başın xaşa, arağa və yeyib-içməyə o qədər qarışdı ki, artıq Əzrayıl boğazından yapışanda hər şey yadına düşdü...
İstədin yenə bir ömür yaşayasan, amma bilmədin ki, Allah-Təala insana bir dəfə ömür verib və bir dəfə də ona həyat bəxş eləyir. İnsanlar o vaxt oyanırlar və o vaxt ayılırlar ki, artıq ömürlərinin və nəfəslərinin sonudur. Artıq həyatla, doğmalarıyla və insanlarla vidalaşır. Bax, onda pis xasiyyətlərini, mərd-məzarlıqlarını, ev yıxmalarını gözlərinin qabağına gətirirlər. Fikirləşirlər ki, bəlkə ikinci dəfə dünyaya gəlsələr bir də belə işlərlə: ev yıxmaqla, baş kəsməklə, insanları bir-birinə düşmən etməklə məşğul olmayacaqlar. Bax, onda hər şey artıq gec olur, lap gec.
... Biz hər şeyə gecikirik. Daha doğrusu, yaxşı şeylərə gec gəlirik. Harda ki pis şey var ona daha tez aludə oluruq və çatırıq. Elə ki çatdıq, bax onda iç üzümüz, qəlbimizdəki pis niyyətlər üzə çıxır. Kiminsə qolundan tutmağa, kiminsə arxasında durmağa və kiməsə "qorxma" deməyə dilimiz gəlmir. Belə anlarda biz çox gecikirik. Çünki başımız həmişə pis şeylərə qarışıb. O qədər pis şeylərə qarışıb ki, bəzən adımız yadımızdan çıxıb və başlamışıq o pis-pis şeylərlə məşğul olmağa...
... Əzrayıl boğazımızdan yapışanda o pis-pis şeylərdən: ev yıxmaqdan, qeybət etməkdən, xəyanətdən, ikiüzlülükdən, çörəyi dizinin üstə olmaqdan əl çəkmək istəyirik. Əl çəkmək isə çox çətin olur. Çünki ömürə bir nöqtə qoyulur...
... Gün keçəndə sevinirik. Sevinirik ki, bir günü də belə "öldürdük". Amma ona acımırıq ki, ötən hər saniyə, hər dəqiqə, hər saat ömürdən gedər. O ömürdən ki, bir də həmin anlar, həmin dəqiqələr, həmin saatlar geri dönməyəcək. Qardaş qardaşın ətini yeyir, bacı-bacının qanına susuyur, dayıoğlu bacıoğlunun başına olmazın müsibətlərin açır; nə var-nə var dədələrindən qara yola, qara saata bir mülk qalıb. O mülkə, o ev-eşiyə sahib çıxmaq üçün bir o birisinin ürəyini partlatmaq istəyir. Biri o birisinin qəzaya düşməyini arzulayır, biri də o birisinin pis gün görməyini istəyir. Ancaq biz onu bilmirik ki, bu dünyanın mal-dövlətinin heç biri bizim deyil. Onlar Allahın, Ulu Yaradanındır. Düzdür, bu mal-dövlət, bu var biz insanlara müvəqqəti verilir. Əgər getdiyimiz yol haqq-ədalətli və işıqlı bir yoldursa, o mal-dövlətdən istifadə edə bilirik. Elə ki yolumuzu çaşırıq, Allahın dediklərindən üz döndəririk, bax, onda da qurban olduğumuz Ulu Tanrı bizdən üz çevirir...

... Gün keçdi. İllər başa çatdı. Ay Allah, görəsən biz nə qazandıq və nə itirdik?! Bunu hamımız öz-özümüzə sual etməliyik: görək qazandıqlarımız çoxdur, yoxsa itirdiklərimiz? Ötən illəri və anları elə yaşamalıyıq ki, elə başa vurmalıyıq ki, Əzrayıl boğazımızdan yapışanda özümüzü itirməyək və ötən günlər üçün dizimizə döyməyək. Ancaq biz çətin məqamda və çətin anlarda bunları düşünürük.
Elə ki kefimiz kökəldi, əlimizə pul gəldi, bax, onda yerişimiz də dəyişir, oturuşumuz da, duruşumuz da. Sanki dünyanın sahibiyik, burnumuzu dik tutub yeriyirik. Ən əziz adamlarımız, doğmalarımız can-ciyərlərimiz belə yaddan çıxır. Yaddan çıxan həm də bizə çətin gündə əl tutan, kömək eləyən və arxa duran adamlar olur. Beləcə, gün keçir və biz öz kefiyimizdəyik...

Faiq QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV