adalet.az header logo
  • Bakı 20°C

DƏRD ZİRVƏSİ

VƏSİLƏ USUBOVA
27333 | 2014-02-22 06:24
Keşkə, həmin axşam heç televizoru açmazdım... Nə bileydim ki, 2-3 dəqiqəlik görüntülərinlə dünyamı qaraldacaqsan mənim?! Üzünü göyə tutub ağlayırdın. Göz açandan hamımızın mərhəmət, nicat, lütf umduğumuz, gözlədiyimiz müdhiş dərinliklərə...
"Baba, kardeşlərimi öldürdülər..."
Sən nə bilirsən Ölüm nədi?!
Nə tez duydun ölüm acısını, ayrılıq yanğısını?! Hardan bilirsən ki, elə indicə itirdiyin, bəlkə hələ də canlarını tapşırmamış, cəsədləri soyumamış doğmalarının üzünü qiyamətəcən görməyəcəksən?
Nə tez bildin bu dünyada göz yaşı var, kədər var. Can yandıran Ayrılıq var...
Böyüklər kimi dil olub ağlamağı kim öyrətdi sənə:
"Baba, kardeşlərim öldü..."
Bu boyda kədər belə kiçik vücuda sığarmı, mənim balam?!...
Dünyanı bu qədər amansız, acımasız bilməzdim. Bir körpəni böyüklər kimi ağladacaq, dərd verəcək dünyaya lənətlər olsun! Elə bir cocuğun göz yaşlarını silməyə gücü çatmayan biz böyüklərə də... Bütün gözəllikləriynən, sərvətləriynən qəhr olsun! Körpə qəlbinə özü boyda dərd sığışdıran, bunca ağladan dünyanı innən belə sevmərəm mən.
Harda itib qaldı başbilənləri?! Dahisi, filosofu, igidləri yoxdumu daha? Cild-cild kitablar yazanlar, beşillik, onillik serial çəkənlər, tribunalarda ağzı köpüklənə-köpüklənə insan haqlarından danışanlar niyə səsini eşitmirlər? "Bütün müharibələr bir körpənin göz yaşına dəyməz" deyimi nə tez unuduldu?!
Heç zərrə qədər irəli getməyib, artmayıb dünyamız. Əksinə, vəhşiliyin zirvəsinə dırmanır dayanmadan. Əvvəllər kişilər vuruşardı-qılıncla, xəncərlə, oxla. Qadınlara, uşaqlara toxunmazdılar...
Mərhəmətsiz dünyada yaşamaq kədərlidi, mənim balam! Heç göz yaşları da karına gəlməz. Dənizlərin, okeanların suları da şorlaşdı, zəhərə döndü insan əzablarından, ahlarından.
Hələ ki, heç nə düzəlməyib.
İndiyədək gördüyüm dərdlər elə sönük göründü ki, mənə. Gözümdə, könlümdə gəzdirdiyim bütün acıları üstələdin sən...
Bundan sonra çətin ovunaram daha...
Hələ ailə qurmamışdan jurnalların birindən zənci uşağın şəklini kəsib götürmüşdüm. Qara muncuğa bənzər bəbəyindən bir damla yaş diyirlənib yanağında donmuşdu o zənci balasının. Və o şəkli həmişə bloknotumun arasında gəzdirirdim. Ana olandan sonra da deyirdim ki, mənim böyük uşağım budu. Bir dəfə belə deyəndə hətta oğlum pərt olmuşdu... Qısqanmışdı...
Özümə bələdəm. Səni də heç nə xəyalımdan silə bilməyəcək. Bundan sonra taleyimə xoş dəqiqələr yazılacaqsa, o da sənin surətinə qarışıb əriyəcək...
O gündən bəri uşaqların üzünə baxa bilmirəm...
Hamımız xəcalətliyik qarşında...
Hamımız günahkarıq...
Bir nəfər kimi...
Körpə ürəyin yarası sağalar, bəlkə də... Böyüklərinsə... "Mənim yaram sağalmaz, təbib gəlsə yüz yerdən." Elə bilirsən, mənim nənələrim kefindən deyib bunu?!
Daha heç təbib də yoxdu Yer üzündə. Olanları da başqa yaralarla ilgilənir...
Daha ahlar da soyutmur sinələri...
Bilirsənmi, mənim balam, bu yaşında da uşaq kimi için-için ağlamağı bacaran çox az bəxtəvərlərdənəm mən. Sənin kimi yüzlərin, minlərin fəryadını, naləsini görüb torpağım. Yaxın zamanlaradək hardasa Xocalı adlanan qədim insan məskəninin varlığından sənin Suriyanda böyüklər də xəbərsizdilər mütləq. Düz 22 il əvvəl bir gecədə sildilər Yer üzündən. Uşaqlarını da sənin, bacı-qardaşlarının, yaşıdlarının gününə saldılar. O cəhənnəm günündə sən yaşda olanlar indi yekə kişidilər. Ancaq yuxularda körpə uşaq kimi iç vura-vura ağlayırlar...
Sizin torpaqlardan dünyanın hər küncünə cənnət xülyası yayanlar hardadılar, bəs?!
Niyə dünya bu qədər yiyəsizdi?!...
İki-üç dəqiqəlik göründün. Sonra nə oldun? Hara apardılar, neynədilər səni? Yiyən, isti yuvan varmı? Yoxsa, onu da dağıtdılar?
Səni kim qoruyacaq bundan sonra?
Kim ovunduracaq səni? Bilmirəm, kimin qaldı bu dünyada? Nə əlim çatır, nə ünüm yetir sənə. Yanında olaydım- üst-başının tozunu çırpaydım, sir-sifətini yuyub təmizləyəydim. Sonra... qucağıma alıb layla deyəydim.
Uzun illərdən bəri bağrıma basa bilmədiyim, doya-doya qoxlamadığım bir göyçək oğlandan danışaydım sənə...
Dərdindən xəbər tutdum. Ona yanıram ki, taleyindən heç vaxt xəbərim olmayacaq. "Dünya çox kiçikdi" deyənlər yanılırlar. Dərdləri böyüdükcə böyüyür dünya da.
Üstəlik, əxlaqı da pozulub dünyanın...
Mən də dərdi bu qədər böyük bilməzdim, düzü. Hər türlü dərdi yendirə biləcəyimi sanırdım.
Sənin dərdin məndən güclü çıxdı... Sənsiz də dərdim ocaq-ocaqdı. Sən lap külümü qoydun...
Getdin, gözümdən itdin. Könlümdən getməyəcəksən heç zaman. Necə olacaqsan bundan sonra?!
Əgər yaşayacaqsansa, bizə oxşama!
Yazıqlar olar dünyamıza...

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV